Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1622/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1 vəkili, eyni zamanda Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6020/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı iddia ərizəsi, daha sonra MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 sonuncunun iki yetkinlik yaşına çatmayan uşaqları X10 və X8 ilə birlikdə 11000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Binəqədi küçəsi 7, 1 saylı evin 88 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və bunun əsasında pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh X5 ilə xx xxxx 1999-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 doğulmuşdur. Cavabdeh X5 nikaha daxil olduqdan sonra ona məxsus olan ünvan 1 ünvanına gəlin köçmüş və həmin dövrdən orada yaşamışdır. Mübahisə predmeti olan mənzil xx xxx 1996cı il tarixli MH seriyalı 034555 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun bacısı X6 məxsus olmuş, sonradan sonuncu bağışlama müqaviləsi əsasında həmin mənzili ona bağışlamış və bununla əlaqədar olaraq o, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarını təsdiq edən qeydiyyat vəsiqəsi almışdır. Cavabdeh X5 və birgə nikahdan anadan olmuş övladları mübahisə predmeti olan mənzilə qeydiyyata alınmışlar. 2017-ci ilin iyul ayından cavabdeh Ofelya Əliyeva uşaqları ilə birlikdə mənzildən çıxıb getmiş və bununla əlaqədar olaraq o, nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1056/2018 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş, xx.xx.1999-cu il tarixdə 771 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqlar anasının himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmuşdur. Birgə nikah dövründə həmçinin Xudat şəhəri Xudu Məmmədov küçəsi ev 15 ünvanında yerləşən həyət evini cavabdeh Ofelya Əliyevanın nənəsi vəfat etdikdən sonra onlara vermiş, onun tərəfindən əsaslı təmir edilmiş və yaşayış üçün əlverişli vəziyyətə gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6020/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərardadı ilə mülki iş üzrə iddia tələbinin pasport qeydiyyatından çıxarılması hissəsində icraata xitam verilmişdir (həmin hissədə iddiaya məhkəmədə baxılmalı olmaması əsası ilə). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 6020/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X4 və Cavabdeh1 11000 manat məbləğində kompensasiya ödənilməklə yetkinlik yaşına çatmayan uşaqları X10 və X8 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr, 7 Binəqədi küçəsi, ev 1, 88 saylı mənzilə istifadə hüququna xitam verilməsi və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsi və 30000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətində işin faktiki halları sadalanmaqla göstərilmişdir ki, qətnamə ilə müəyyən edilmiş 11.000 manat kompensasiya məbləği onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə oxşar yaşamaq imkanı vermir. Cavabdeh3 iddiaçı ilə birgə nikahdan olan övladları Cavabdeh1 artıq yetkinlik yaşına çatmış, digər uşaq K.Əliyev 16 yaşına çatmış, sonuncu uşaq N.Əliyev isə azyaşlıdır. Məhkəmə qətnamə qəbul edərkən uşaqların yaşını və şəraitlərini düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3266/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4686/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti təmin edilmiş qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Kasasiya instansiyası məhkəməsi, cavabdehlərin mənzildə istifadə hüquqlarının olmasını, həmin mənzilin 2 otaqlı, yaşayış sahəsinin 30,14 kv.metr olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Binəqədi küçəsi 7, 01 saylı evin 88-saylı ünvanında yerləşməsini, həmçinin iddiaçının Cavabdeh3 ilə ailə münasibətlərinə xitam verilməsini və bundan sonra tərəflərin eyni mənzildə birgə yaşamalarının qeyri-mümkün olmasını, sözügedən mənzilin hazırki bazar dəyərinin 75.000-80.000 manat, həmçinin oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqının isə 300-350 manat civarında olmasını nəzərə alıb hesab edir ki, cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının təklif etdiyi 15.000 manat kompensasiya məbləğinin yetərli və bazar qiymətlərinə uyğun olub-olmaması apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmayıb..” Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 vəkili, eyni zamanda Cavabdeh3 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, kassasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddiaçı tərəfin kompensasiya kimi 15 000 manat təklif etməsinə əsaslanaraq ləğv edmiş, lakin iddiaçı tərəfindən onlara elə bir təklif olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili isə apellyasiya şikayətinə etiraz edərək bildirmişlər ki, iddiaçının 12 000 manatdan daha çox məbləğdə komepnsasiya verməyə maddi imkanı yoxdur. Kassasiya şikayətində 15 000 manat təklif etdikləri qeyd olunsa da, bu bir texniki səhv olmuş, əslində onun bu məbləği ödəməyi imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının İdarəsinin ÖM seriyalı 010351 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr, 7 Binəqədi küçəsi, ev 1, 88 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1056/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.1999-cu il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X7 anası X2 yanında qalması qət edilmişdir. İş materiallarında olan Alqı-satqı mütəxəssisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Binəqədi küçəsi ərazisində yerləşən binalarda zəif təmirli iki otaqlı mənzilin aylıq kirayə haqqı təxminən 150-180 manat təşkil edir. İş materiallarında olan 2 saylı MTİİTS-nin 1216 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr, 7 Binəqədi küçəsi, ev 1, 88 saylı mənzildə X4, Cavabdeh1, X10 və X8 qeydiyyatsız yaşayırlar. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr, 7 Binəqədi küçəsi, ev 1, 88 saylı mənzilin hazırki bazar qiyməti 67000 manat və orta aylıq kirayə haqqı 300 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr, 7 Binəqədi küçəsi, ev 1, 88 saylı mənzilin orta bazar qiyməti 75000-80000 manat və orta aylıq kirayə haqqı 300-350 manat təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 1999-cu ildə birgə nikaha daxil olmuş, birgə nikahdan 3 uşaqları vardır, nikah məhkəmə qətnaməsinə əsasən 2018-ci il tarixdə pozulmuş, uşaqların ananın yanında qalması qət edilmişdir. Cavabdeh3 mübahisəli mənzilə 1999-cu ildə köçüb yaşamışdır. Digər cavabdeh mülkiyyətçinin oğlu Cavabdeh1 isə xx.xx.2000-ci ildə doğulduqdan sonra həmin mənzildə yaşamışdır. İddiaçı mübahisəli mənzilin faktiki olaraq mülkiyyətçisi olduğundan, cavabdeh X4 isə mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü kimi həmin yaşayış sahəsinə daimi yaşamaq üçün köçərək, orada yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu əldə etməsi nəticəsində mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, o cümlədən iddiaçının yetkinlik yaşına çatan oğlu Cavabdeh1 da həmin əsaslarla mənzildən istifadə hüququ əldə etdiyindən, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi həmin mənzildən istifadə hüququna malik olan cavabdehlər X4 və Cavabdeh1 və yetkinlik yaşına çatmayan uşaqları X10 və X8 ilə birlikdə kompensasiya verməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, təklif olunan 11.000 manat məbləğində kompensasiya yetərlidir, belə ki, eyni ərazidə eyni şəraitli mənzilin 1 aylıq kirayə haqqı 300 manat olduğundan, iddiaçı cavabdehlərə 11.000 manat təklif etməklə 3 ilə yaxın müddətdə oxşar yaşayış sahəsi ilə təmin olunmaq imkanı yaratmış olur. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçı, cavabdehə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Beləliklə, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təklif olunan 11000 manat kompensasiya məbləğinin cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olmadığı qənaətinə gəlməyə əsas verir. Kollegiyanın qənaətinə görə, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya məbləği də yuxarıda göstərilən meyarlar nəzərə alındığında iddianı təmin etməyə imkan verən məbləğ kimi qiymətləndirilə bilməz. Çünkü həmin məbləğin cavabdehə və uşaqlarına, davamlı surətdə və müəyyən müddət ərzində mübahisəsi gedən mənzilə xas olan şəraitlə müqayisədə oxşar şəraitli evdə yaşamaq imkanı verəcəyi ağlabatan deyildir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdehlərin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6020/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğ onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1622/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1622/2021
08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver