Məhkəmə qərarları › İş №2(103)-1625/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1625/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1625/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Ağahəsən oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1 və azyaşlı qızı Cavabdeh2 xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəsi əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirmiş hesab edilməsi barədə qətnamə çıxarılması və qətnamədə “bu qətnamə cavabdehlərin sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır” barədə qeydin göstərilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan, lakin hazırda orada yaşamayan keçmiş gəlini Cavabdeh1 və onun azyaşlı övladının pasport qediyyatında qalmaları iddiaçının artıq kommunal xərclər ödəməsinə, evə dair sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb olur. Ona görə də, sözügedən evdə cavabdehlərin pasporta qeydiyyatında qalmasına heç bir hüquqi əsas yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 16b saylı fərdi yaşayış evindən Cavabdeh1 istifadə hüququ olmamasının müəyyən edilməsi, Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi, qətnamənin cavabdehlərin həmin fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Cavabdeh1, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh öz istəyi ilə yox, qovularaq mübahisəli evdən çıxarılmış və məcbur olub atasının evində yerləşmişdir. Onun evdən istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı isə, apelyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, cavabdeh 2008-ci ildə iddiaçının oğlu ilə ailə quraraq ona məxsus fərdi yaşayış evinə gəlin köçmüş və pasport qeydiyyatına alınmışdır. O, cavabdehin həmin evdə yaşamasına və qeydiyyata alınmasına icazə vermişdir. Lakin 2020-ci ildə oğlu ilə aralarındakı nikah pozulduğundan cavabdeh azyaşlı uşağı ilə birlikdə həmin evdən çıxmış və hazıra kimi valideynlərinə məxsus evdə yaşayır. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya vurğulayır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, kommersiya, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Hazırda iddiaçı, Cavabdeh1 və azyaşlı uşağının ona məxsus mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün onların həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. Kollegiya hesab edir ki, bu, məhkəmə (mülki mühakimə icraatı) qaydasında baxılmalı olan tələb olmayıb inzibati xarakterlidir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə iddiaçının oğlu ilə nikaha girərək, mübahisəli fərdi yaşayış evinə gəlin köçümüş və onların bu nikahdan xx.xx.2009-ci il tarixdə Cavabdeh2 alı uşaqları doğulmuşdur. Cavabdeh1 və azyaşlı qızı Cavabdeh2 iddiaçının razılığı əsasında sözügedən evə qeydiyyata alınmışlar. Sonradan ailə münasibətləri pisləşmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin vaxtdan hazıradək Cavabdeh1, azyaşlı övladı ilə birlikdə valideynlərinə məxsus başqa evdə yaşayır. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh1 mübahisə predmeti ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyətçinin razılıq ərizəsi əsasında qeydiyyata alınmış, lakin hazırda faktiki olaraq orada yaşamayan, eyni zamanda həmin evə istifadə hüququ olmayan şəxsdir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir (Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarı). Hazırkı iddianın (istifadə hüququnun itirilmiş hesab edilməsi) əsası, yəni iddiaçının bu iddianı qaldırmaqla çatmaq istədiyi məqsəd isə, Cavabdeh1 və onu azyaşlı övladının sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasından ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarına əsasən isə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Odur ki, hazırkı iddia tələbi inzibati xarakterli olduğundan ona mülki mühakimə icraatında baxılması mümkün deyil. Ona görə də, hazırkı mülki işin icraatına xitam verilməli və iddiaçıya bu tələblə bağlı aidiyyəti inzibati orqana, imtina aldıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3596/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbilə aidiyyəti inzibati orqana müraciət edə, bundan imtina edildikdə isə müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar