Məhkəmə qərarları › İş №2(103)-1625/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1625/2022

17.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1625/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)-5415/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)- 5415/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Hazırda qətnamədən iddiaçılar tərəfindən, həmçinin iddiaçıların nümayəndə-vəkili tərəfindən apelyasiya şikayəti verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, qətnamənin surəti məhkəmənin 12.10.2021-ci il tarixli məktubu ilə tərəflərin ünvanı üzrə göndərilmiş, iddiaçıların hər birinin ünvanı üzrə göndərilmiş məktub 19.10.2021-ci il tarixdə “Mustafayev” soyadı qeyd edilməklə poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Daha sonra iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 tərəfindən 29.11.2021-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə qətnamənin surəti götürülmüşdür. İddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti 15.12.2021-ci il tarixdə poçt xidmətinə təqdim edilmiş, 20.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 21.12.2021-ci il tarixdə isə iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 tərəfindən elektron kabinet vasitəsi ilə elektron qaydada apelyasiya şikayəti verilmişdir. Əvvəla Kollegiya qeyd edir ki, iddiaçılar tərəfindən apelyasiya şikayəti verilərkən qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçıların ünvanı üzrə göndərilmiş məhkəmə qətnaməsinin surəti 19.10.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Belə olan halda müəyyən edilir ki, apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət buraxılmışdır. “Müddətin bərpası barədə vəsatət” isə verilməmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçılar isə apelyasiya şikayətini qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişlər. Daha sonra isə nümayəndə-vəkil tərəfindən elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilsə də, yenə də qanunverilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür və müddətin bərpası barədə vəsatət təqdim edilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, qətnamədən apelyasiya şikayəti vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)- 5415/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətləri üzrə apelyasiya qeyrimümkün hesab edilsin və apelyasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar