Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1627/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasına qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasına qarşı “ işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2005-ci il tarixdə müddətsiz əmək müqaviləsi imzalanmaqla İddiaçı Azərbaycan Respublikası Milli Konservatoriyasında “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim, elmiş işçi vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı ərizə verərək 06 may 2022-ci il tarixdən “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında 1 illik dosent vəzifəsində çalışmağına icazə verilməsi xahiş etmişdir.
3. 06 may 2022-ci il tarixli 038/k1 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə xx.xx.2022-ci il tarixinədək “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti müddətli müqaviləyə keçirilmişdir.
4. İddiaçı ərizə verərək 05 sentyabr 2022-ci il tarixdən etibarən müqaviləsinin vaxtının uzadılmasını xahiş etmişdir. 05 sentyabr 2022-ci il tarixli 117k 1 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
5. xx.xx.2023-cü il tarixli, 109/k nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı - cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasına qarşı “ işə bərpa və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi, cavabdehdən 5000 manat mənəvi ziyanın və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2005-ci ildən etibarən müddətsiz əmək müqaviləsi bağlamaqla Azərbaycan Milli Konservatoriyasında işləməyə başlamışdır. Lakin, bu müddət ərzində bağladığı əmək müqaviləsinin surətini əldə etməmişdir. Bu səbəbdən də həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Qeyd etmək istəyir ki, işlədiyi müddət ərzində heç vaxt əmək intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb edilməmişdir. Təxminən 2022-ci ilin may ayında çalışdığı müəssisənin müdiriyyəti tərəfindən ona və digər həmkarlarına əmək müqaviləsində müqavilənin müddəti ilə bağlı dəyişiklik edilməsi barədə müraciət edilsə də, iddiaçı həmin dəyişikliklərin edilməsi ilə razılaşmadı. Lakin, 2023-cü ilin sentyabr ayının 12-də onun əmək müqaviləsinə heç bir əsas olmadan xitam verilməsi barədə ona məlumat verilmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 109/k nömrəli əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, yəni, əmək müqaviləsinin müddətinin qurtarması əsas götürülmüşdür. Lakin bir daha qeyd etmək istəyir ki, onun 2005-ci ildə bağladığı əmək müqaviləsi müddətsiz olmuş, sonradan isə əmək müqaviləsinə onun razılığı ilə heç bir dəyişiklik edilməmişdir. İddiaçı adı çəkilən əmri əldə etmək istədikdə isə ona əmək müqaviləsinə dəyişiklik edilməsinə dair razılıq verməyi barədə müqaviləyə imza atmayacağı təqdirdə təqdim etməyəcəklərini bildirdilər. İlkin mediasiya prosesində iştirakla bağlı mediasiya xərcləri qismində tərəfindən 50 manat məbləğində rüsum ödənilmiş və xx.xx.2023-cü il tarixindən etibarən işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyi üçün həmin tarixdən xx.xx.2023-cü il tarixinədək 850 manat məbləğində, eləcə də həmin tarixdən indiyədək orta aylıq əməkhaqqından məhrum olmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, 18 ildən artıq işlədiyi əmək kollektivi arasında ona qarşı bu cür qanunsuzluğun, ədalətsizliyin edilməsi onun həmin əmək kollektivi və tələbələri arasında işgüzar nüfuzuna, iddiaçıya qarşı duyulan inama, hörmətə əhəmiyyətli dərəcədə mənfi təsir göstərmişdir. 18 il müddətində əmək verdiyi bir müəssisənin ona çəkdiyi əziyyətin qarşılığında bu cür “təşəkkür etməsi” iddiaçını mənəvi cəhətdən sarsıtmışdır. Bütün bu müddət ərzində bir çox dövlət qurumlarına, vəzifəli şəxslərə müraciətlər ünvanlayaraq ona qarşı edilən haqsızlıqlara son qoyulmasını xahiş etmiş və hər dəfə belə müraciətləri zamanı əsəb, stress keçirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan maddənin qeydinə əsasən isə bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, həmçinin vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin kollektiv arasında gözdən salınması məqsədi ilə əməllər və hərəkətlər başa düşülməlidir. Qeyd olunanlar əsasında hesab edir ki, onun əmək müqaviləsinə razılığı olmadan dəyişikliyin edilməsi nəticəsində əsassız olaraq işdən çıxarılmağına və bununla da yuxarıda sadalanan hallarla bağlı ona dəymiş mənəvi zərər 5000 (beş min) manat məbləğində hesablanmalı və bu məbləğ məhkəmə tərəfindən ədalətli hesab edilməlidir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasına qarşı “işə bərpa və s.” tələbinə dair iddiasının təmin edilməməsi, mediasiya xərci qismində ödənilmiş rüsumun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçi ilə sonuncu dəfə 05 sentyabr 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti 01 sentyabr 2023-cü il tarixinədək uzadılmışdır. Həmin əmək müqaviləsi müddətli olmaqla 01 sentyabr 2023-cü il tarixinədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti 05 sentyabr 2023-cü il tarixdə uzadıldığından və müddətli olduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müddət bitdikdən sonra 01 sentyabr 2023-cü il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. İddiaçı ərizəsində onunla bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edildiyinin birtərəfli qaydada onun razılığı olmadan həyata keçirildiyini göstərsə də, iş materiallarında olan iddiaçı tərəfindən yazılmış ərizənin surətindən və cavabdehin məhkəmə iclasında izahatından görünür ki, onunla bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsi zamanı işçinin razılığı alınmışdır. Belə olan halda iddiaçının Əmək Məcəlləsinin 45.3-cü maddəsinə istinadən qeyd etdikləri əsassızdır. Məhkəmə iddia tələbinin mənəvi zərər ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin bu hissəsi iddiaçının işə bərpa olunması tələbindən yarandığından və iddia həmin hissədə təmin edilmədiyindən mənəvi zərər hissəsində də əsassız hesab edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2, 45.1, 45.3, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-2215/2023 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, o xx.xx.2005-ci ildən etibarən müddətsiz əmək müqaviləsi bağlamaqla Azərbaycan Milli Konservatoriyasında işləməyə başlayıb. 2022-ci ilin əvvəllərindən etibarən Konservatoriyanın rəhbər işçiləri ilə müəllimlər arasında narazılıqlar yaranmağa başlamışdır. Belə narazılıqlar səbəbindən rəhbərlik tərəfindən müəllimlərə hədəqorxu gəlməklə, onları sıxışdırmaqla əmək müqavilələrini müddətli əmək müqaviləsinə çevirməyə cəhd edilmişdir. Belə hədə-qorxular ona qarşı da törədilmişdir. Belə ki, 2022-ci ilin aprel ayında Konservatoriyanın prorektoru Malik Quliyev tələbələr adından saxta ərizə hazırladaraq güya onun tələbələrdən rüşvət tələb etməyi ilə bağlı onların müraciət etdiklərini ona bildirmiş, həmin ərizəni prokurorluğa təqdim etməmək üçün onun istədiyi məzmunda ərizə yazmağını tələb etmişdir. O heç vaxt tələbələrindən rüşvət tələb etməyib və həmin ərizəyə çəkilən imzalar da saxta olmuşdur. Lakin hüquqi sahədə kifayət qədər məlumatlı olmadığından və adının prokurorluqda hallanmasını istəmədiyindən məcbur qalaraq xx.xx.2022-ci il tarixində Malik Quliyevin ondan tələb etdiyi ərizə formasını doldurub. Lakin həmin ərizənin əsasında onun əmək müqaviləmdə dəyişiklik edilərək müddətsiz əmək müqaviləmin müddətli əmək müqaviləsinə keçiriləcəyini düşünməyib. Qeyd olunan ərizəyə diqqət yetirilsə də orada onun əmək müqaviləmə dəyişiklik edilməsinə razılıq veribverməməyi ilə bağlı heç bir müddəa yoxdur. O sadəcə həmin anda işdən çıxarılmamaq üçün müəyyən müddətə işləyə bilmək üçün Malik Quliyevin ona icazə verməsini xahiş edib. Hadisəyə məntiqi yöndən nəzər salınsa həmin dövrdə onun yeganə iş yerinin Konservatoriyada olduğu, əlavə heç bir gəlir mənbəyinin olmadığı, eləcə də müddətsiz əmək müqaviləsi olduğu halda həmin işəgötürənlə müddətli əmək müqaviləsi bağlamağı üçün heç bir əsas mövcud deyildi. Həmçinin onun faktiki olaraq müddətsiz əmək müqaviləsi olduğu halda işəgötürəndən ona daha 1 il müddətində işləmək üçün icazə verilməsini xahiş etməyi aşkar surətdə həmin ərizəni işdən çıxarılmağına dair təzyiq altında yazdığını təsdiq edir. Bundan başqa iddia ərizəsində də qeyd etdiyi kimi, o 2005-ci ildə əmək müqaviləsini imzaladıqdan sonra həmin əmək müqaviləsinin surəti ona təqdim edilməmiş, həmin dövrdən hazırki məhkəmə mübahisələrinədək də o əmək müqaviləmi görməyib. Belə olan halda əmək müqaviləsinin 8-ci bəndinə edilmiş dəyişikliklərdən də məlumatlı olmamış və həmin dəyişiklikləri öz imzası ilə təsdiq etməyib. Buna görə də kiminsə onun əvəzindən əmək müqaviləsinə imza atmaqla ona dəyişiklik etməsi qanunsuzdur və bu səbəbdən də heç bir hüquqi qüvvəyə malik deyildir. Qeyd edilən imzanın onun imzasından aydın şəkildə seçilməsini isə müşahidə etmək heç də çətin deyildir. Lakin birinci instansiya məhkəməsi tərəfindən cəmi 1 baxış iclasında işin yekunlaşdırılması səbəbindən o cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla tanış ola bilməmiş və həmin imzanın ona məxsus olmamasını təsdiq etmək üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini tələb edə bilməyib. Həmin vaxt işdən çıxarılmamaq məqsədilə ona işləmək üçün 1 illik icazə verilməsinə dair ərizə yazsa da, həmin ərizədə aşkar surətdə əmək müqaviləsinə dəyişiklik edilməsinə razlıq verdiyi barədə heç nə qeyd etməmiş və əmək müqaviləmə edilmiş dəyişiklik barədə məlumatlı olmayıb. Bu səbəbdən də həmin dəyişikliyin altına atılmış imzanın ona məxsus olmamasının sübut edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət vardır. Cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinin müddətli əmək müqaviləsinə keçirilməsinin qarşılıqlı razılıq əsasında baş verməsi əsas gətirilsə də bu hal aşkar şəkildə həmin maddənin tələbini pozmaqdadır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, o əmək müqaviləsinə dəyişiklik edilməsinə razılıq verməyib. Məhkəmə tərəfindən güya onun razılığının sübutu kimi qəbul edilən ərizə isə tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun gəlməməkdədir. Belə ki, o həmin ərizəni prokurorluqda adına cinayət işinin açılması və işdən çıxarılmağına dair hədə-qorxunun təsiri altında yazıb. Bununla belə həmin ərizədə sadəcə onun daha 1 il işləməyi üçün icazə verilməsini xahiş etmiş, əmək müqaviləsinə dəyişiklik edilməsinə razılıq verdiyinə dair heç bir müddəa qeyd etməyib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyası tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində əsassız olaraq hüquqlarının pozulmasını iddia etməsinə baxmayaraq bu pozuntuların nədən ibarət olmasını əsaslandırmamışdır. Çünki onun əmək hüquqlarının pozulması ilə bağlı yazdığı ərizə əsasında Əmək Müfəttişlyi tərəfindən yoxlama da aparılmış və heç bir fakt aşkar edilməmişdir.Cavabdeh tərəfindən işçi İddiaçı rəsmi ərizəsi əsasında onun əmək müqaviləsində dəyişiklik edilmiş və əmək müqaviləsinin müddəti müddətli olaraq uzadılmışdır. Sonradan işçi tərəfindən təşəbbüs göstərilmədiyinə görə əmək müqaviləsinin müddəti uzadılmamışdır.
Proses iştirakçılarının izahatı
14. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o, 2005-ci ildə müddətsiz Əmək müqaviləsi əsasında işə qəbul olub, lakin sonradan bütün müəllimlərə müqaviləni bir illiyə keçmək üçün təzyiq edildi. Orada iclas toplanılaraq hansı qanunla belə bir hala keçirildiyini soruşduqda rektor belə istədiyinə görə belə etdiyini və kimsə razı olmadığı halda işdən çıxıb gedə biləcəyini dedi. Kim işləmək istəyirsə, müqaviləyə imza çəkilməsini dedi. Bü bütün müəllimlərə şamil edildi, onlardan 10 nəfəri imza çəkmədi, onlardan biri də o idi. Onlar müvafiq qurumlara şikayət etdilər, müqavilələrini vaxtında tələb edərək götürə bildilər. O, amma gedib götürməyib. Orada 18 ildir ki, işləyir. Onun tək qadın olduğumu bilirlər. Atası xəstədir. Anası 15 ildir ki, müalicə alır. 2 xəstə valideynlərinə baxır. O, burada çalışmağa icazə vermələrini istəyib. Ona təzyiqlər göstərilmişdir. Onun heç xəbəri olmayıb ki, onun müqaviləsinə özbaşına imza çəkiblər. O, sentyabr ayından işə gəlib-gedir, sonradan ona işdən çıxarıldığımı deyirlər. Səbəbini soruşduqda müqaviləmin vaxtının bitdiyini dedilər. O, təzyiq altında yazıb ki,sadəcə onun müqaviləsinin müddəti uzadılsın ki, dosent vəzifəsində çalışa bilsin. Onlar orada olanda müəllimələrlə səsi yazıblar. Birinci instansiya məhkəməsində heç onun müqaviləsi vermədilər, o müqaviləni görməyib. Müqaviləyə onun yerinə saxta imza çəkiblər. Bütün hüquqları pozulub, Əmək Məcəlləsində göstərilən hüquqları pozulub. Onun əmək müqaviləsini vermədilər. Birinci instansiya məhkəməsində onun sözünə heç əhəmiyyət verilmədi. O yazıb ki, ona dosent vəzifəsində çalışmağa icazə verin, o başqa nəsə yazmayıb. Onun orada imzası saxtalaşdırılıb. Ekspertiza keçirilməsini xahiş edir, onda bu imzanın ona aid olmadığı aydın olacaq. O Elm və Təhsil Nazirliyinin qəbulunda olduqda bunun qeyri-qanuni olduğunu bildiriblər. O imza etməyib. Müddətli müqaviləyə keçmək haqqında ərizəni təzyiq altında yazıb. İkinci ərizəni də o yazıb, müqaviləni uzatmaqlarını istəyib. 2023-cü ilin sentyabr ayında əmək müqaviləsinin müddətinin uzaldılması üçün ərizə yazmayıb. İmzanın müəyyən edilməsi üçün əmək müqaviləsində imzanın yoxlanılmasını xahiş edir. Onun işə gəlməməyi barədə nümayəndənin keçən məhkəmə iclasında verdiyi izahatı ilə razı deyil. Hər kəs oradan qaçıb gedir. Bütün müəllim kollektivini stressə salıblar. Bütün müəllim, kafedra müdirləri 5 illik müqavilə bağlayırlar. Bu qaydadan kənara çıxılmasına yol verilmir.
15. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Vəfa xanımla Azərbaycan Respublikası Milli Konservatoriyası arasında heç bir mübahisə olmayıb. Hər şey Əmək qanunvericliyinin normalarına uyğun olaraq həyata keçirilmişdir. Ona izah edib ki, əmək müqaviləsini 1 il uzatmaq qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Orada 10-15 nəfər işçi müddətli müqaviləyə keçmədiklərini hesab ediblər. Oranın maaşı az olduğuna görə onları müddəti müqaviləyə keçiriblər ki, gələcəkdə kimsə işləmək istəmədiyi halda çıxıb başqa yerdə işləsin. Bir çox müəllimlərə ehtiyac olmadığından ərizə verməyiblər, amma xanım ərizə verib. Ərizə qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınıb. Elektron qaydada qeydiyyata alınıb, çıxarışını iş materiallarına əlavə edib. Xanım 2 dəfə ərizə verib. 2023-cü ilin sentyabr ayında kafedranın bütün müəllimləri rəsmi ərizə ilə müraciət edib ki, əmək müqaviləsinin müddəti 1 il uzadılsın. Vəfa xanım isə ərizə ilə müraciət etmədi. Əmək qanunvericiliyinə uyğun olaraq onlar 1 həftə gözlədilər ki, Vəfa xanım müraciət etsin və onlar onu sitemə daxil etsinlər. Ona görə də məcburiyyət qarşısında qalaraq əmək müqaviləsinə xitam verildi. Dəfələrlə əmək kitabçasını götürmək üçün müraciət olunub. O götürməkdən imtina etdi, tərəflərindən rəsmiləşdirildi. Sonra gəlib götürməsi üçün məktub yazıldı,axırda kuryer vasitəsi ilə rəsmi qaydada göndərildi. Kuryer zəng edərək sənəddən imtina edildiyini bildirdi, onlar qaytarılmasını istədilər. Xanıma qarşı qərəz olunmayıb. Xanım əmək müqaviləsini uzatmaq üçün müraciət etməyib. Orada heç kəs işdən çıxarılmayıb, əksinə rəhbərlik hər kəsə qayğı ilə yanaşıb. Bütün imzalar xanımın özünə məxsusdur. Xanım KlV-də əsassız olaraq faktlar irəli sürüb, prokurorluğa müraciət edib, hamının səsini yazıb. Apellyasiya şikayətində göstərilən hallar əsassızdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın əsaslı olduğunu hesab edir.Apellyasiya şikayətinin rədd edilməsini və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Bütün Ali Təhsil müəssisələrində müəllimlər müddətli müqavilə ilə çalışır. Vəfa xanım rəsmi olaraq ərizəni rektorluğa təqdim edib. 10 nəfər müəllim ərizə verməyib. 2022-ci ilin sentyabr ayında ayında özü rəsmi olaraq ərizə verib ki,müqavilə 1 il uzadılsın. Xanım 12 sentyabra qədər işə gəldiyini tamamilə yalan deyir. Onlarda hansısa əmək müqaviləsi uzaldıldıqda siyahı verilir və orada müəlimlərin əmək fəaliyyəti başlayır.O da sentyabrın 15-dən sonra başlanılır. Yəni, müəllimlər 1 sentyabr gələrək dərs saatları götürürlər, bölgüdə iştirak edirlər. Kafedranın özünün rəsmi ərizəsi var ki, bütün müəllimlər ərizə ilə müraciət edərək müddəti uzadıblar,amma Vəfa xanım bundan imtina edib. Rəsmi ərizə verdiyi halda xanımın əmək müqaviləsinin müddətini uzada bilərdilər. İddiaçının müqavilədə imzası var.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 45. 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Maddə 46. 6-cı hissə. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Maddə 73. 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Maddə 290. 3-cü bənd. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüququq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
23. İşin halları ilə müəyyən olunur ki, xx.xx.2005-ci il tarixdə müddətsiz əmək müqaviləsi imzalanmaqla İddiaçı Azərbaycan Respublikası Milli Konservatoriyasında “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim, elmiş işçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ərizə verərək 06 may 2022-ci il tarixdən “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında 1 illik dosent vəzifəsində çalışmağına icazə verilməsi xahiş etmişdir. 06 may 2022-ci il tarixli 038/k1 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə xx.xx.2022-ci il tarixinədək “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının dosenti müddətli müqaviləyə keçirilmişdir. İddiaçı ərizə verərək 05 sentyabr 2022-ci il tarixdən etibarən müqaviləsinin vaxtının uzadılmasını xahiş etmişdir. 05 sentyabr 2022-ci il tarixli 117k 1 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli, 109/k nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilmişdir.
24. Göründüyü kimi iddiaçı 2005-ci ildən Azərbaycan Respublikası Milli Konservatoriyasında müəllim vəzifəsinə qəbul edilmişdir. 06 may 2022-ci il tarixdən “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında 1 illik dosent vəzifəsində çalışmasına icazə verilməsi barədə ərizəsi əsasında müddətli əmək müqaviləsinə keçirilmişdir.
25. İşdə olan əmək müqaviləsinin təsdiq edilmiş sürətindən müəyyən olunur ki, müqavilənin 8.2-ci bəndində dəyişiklik və əlavələr bundan ibarətdir:15.09.08 tarixdən tam ştat müəllim vəzifəsinə keçirilsin. xx.xx.2022-ci il müddətli müqaviləyə keçirilsin. xx.xx.2022xx.xx.2023-cü il müddətli müqavilə uzadılsın.
26. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə qeyd edilən dəyişiklik müqavilənin üçüncü vərəqində qeyd edilmişdir. Müqavilənin dördüncü vərəqində isə imza və möhür əks olunmuşdur.
27. İddiaçı əmək müqavilənin surətinin onda olmadığını, əmək müqaviləsinin müddətli müqaviləyə keçirilməsinə dair razılıq vermədiyini bildirmişdir. Bununla əlaqədar olaraq imzanın ona məxsus olub-olmamasının yoxlanılmasını xahiş etsə də vəsatəti təmin edilmədi. Çünki, məhkəmə kollegiyası hesab etdi ki, imza mavafiq dəyişikliklərin qeyd edildiyi vərəqdə əks olunmadığına görə imzanın yoxlanılmasına zərurət yoxdur.
28. İddiaçı o cümlədən bildirir ki, 06 may 2022-ci il tarixli ərizəni hədə qorxu nəticəsində yazmışdır. Buna dair tələbələrin xx.xx.2022-ci il tarixli müraciətini və səs yazısından ibarət disk təqdim etmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, tələbələrin müraciəti ksero surət olduğundan və səs yazısının hansı şəraitdə yazılması müəyyən olunmadığından sübut kimi qiymətləndirilmir.
30. O cümlədən qeyd olunmalıdır ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.§17
31. Məhkəmə kollegiyası qeyd edir ki, 06 may 2022-ci il tarixli ərizədə İddiaçı “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasında 1 illik dosent vəzifəsində çalışmasına icazə verilməsini xahiş etsə də bu ərizə əsasında işəgötürən müqavilənin müddətli müqaviləyə keçirilməsi barədə əmr vermişdir.
32. Halbuki, əmək kitabçasının surətindən görünür ki, İddiaçı 2011 və 2016-cı illərdə də 5 il müddətinə dosent vəzifəsinə seçilmişdir.
33. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, orada 10-15 nəfər işçi müddətli müqaviləyə keçmədiklərini hesab ediblər. Oranın maaşı az olduğuna görə onları müddəti müqaviləyə keçiriblər ki, gələcəkdə kimsə işləmək istəmədiyi halda çıxıb başqa yerdə işləsin. Bir çox müəllimlərə ehtiyac olmadığından ərizə verməyiblər, amma xanım ərizə verib. .... 2023-cü ilin sentyabr ayında kafedranın bütün müəllimləri rəsmi ərizə ilə müraciət edib ki, əmək müqaviləsinin müddəti 1 il uzadılsın. Vəfa xanım isə ərizə ilə müraciət etmədi. ... Ona görə də məcburiyyət qarşısında qalaraq əmək müqaviləsinə xitam verildi. ... Xanım əmək müqaviləsini uzatmaq üçün müraciət etməyib. ... Bütün Ali Təhsil müəssisələrində müəllimlər müddətli müqavilə ilə çalışır. ... 10 nəfər müəllim ərizə verməyib.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyindən belə müəyyən olunur ki, işçilərlə bağlanmış müqavilələrin müddətli müqaviləyə keçirilməsi işəgötürənin təşəbbüsündən irəli gəlib. Belə ki, nümayəndə bildirir ki, oranın maaşı az olduğuna görə onları müddəti müqaviləyə keçiriblər ki, gələcəkdə kimsə işləmək istəmədiyi halda çıxıb başqa yerdə işləsin. 10-15 nəfər müəllim ərizə verməyib.
35. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xaraketrikdir. İşçi ilə əmək müqaviləsinin bağlanması zamanı işə qəbul prosesinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla sənədləşdirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
36. Bununla bağlı Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. 37.Məhkəmə kollegiyasının qənaətinə görə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. İddiaçı 1 illik dosent vəzifəsinə keçirilməsinə razılıq vermişdir. Lakin bu razılığı onun əmək müqabiləsinin müddətli əmək müqaviləsinə keçirilməsinə razılıq kimi qəbul edilmişdir. Halbu ki, iddiaçı əvvəllər də müddətli dosent vəzifəsində çalışmışdır. 38.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Sorğu və müraciətdən də göründüyü kimi, son zamanlar müddətli əmək müqaviləsi ilə bağlı məhkəmə mübahisələrinin sayı artmışdır. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir; - məhkəmələr Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.
39. Bundan əlavə, 05 sentyabr 2022-ci il tarixli 117k 1 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli, 109/k nömrəli əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilmişdir.
40. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı tərəfindən təşəbbüs göstərilmədiyinə görə əmək müqaviləsinin müddəti uzadılmamışdır.
41. O cümlədən, cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, 2023-cü ilin sentyabr ayında kafedranın bütün müəllimləri rəsmi ərizə ilə müraciət edib ki, əmək müqaviləsinin müddəti 1 il uzadılsın. Vəfa xanım isə ərizə ilə müraciət etmədi. Əmək qanunvericiliyinə uyğun olaraq onlar 1 həftə gözlədilər ki, Vəfa xanım müraciət etsin və onlar onu sitemə daxil etsinlər. Ona görə də məcburiyyət qarşısında qalaraq əmək müqaviləsinə xitam verildi.
42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır.
43. Belə ki, əmək qanunvericiliyinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. §17
44. Göründüyü kimi, müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə uzadılmış hesab edilir. Cavabdeh isə yanlışlığa yol verərək qeyd edir ki, işçi müqavilənin uzadılması barədə ərizə verməli idi ki, müqavilə uzadıla bilsin.
45. Bundan əlavə, 05 sentyabr 2022-ci il tarixli 117k 1 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Elə həmin gün müqaviləyə xitam verilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə işin hallarını araşdırmadan, işdə olan sübutlara qiymət vermədən maddi və posessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etdiyindən qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilərək xx.xx.2023-cü il tarixli, 109/k nömrəli əmri ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır.
47. İddiaçının digər tələbi - məcburi işburaxma müddəti üçün dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işə bərpa tələbi əsaslı olduğundan ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
48. İddiaçı, həmçinin mənəvi zərərin ödənilməsini tələb edir. Hazırki işin halları, habelə hazırda iddiaçının işə və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi barədə iddiasının təmin olunmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin tutulması barədə iddia təmin olunmamalıdır.
49. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
50. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Milli Konservatoriyasının “İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli, 109/k nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı dosent vəzifəsinə bərpa olunmalı, mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasından İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Milli Konservatoriyasının “İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli, 109/k nömrəli əmri ləğv edilsin, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı dosent vəzifəsinə bərpa olunsun, mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyasından İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev