Məhkəmə qərarları › İş №2(103)-1631/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1631/2024

28.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1631/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi və sair) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Bakı şəhəri Kamil Əyyubov adına 12 №-li tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat fənn müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli 7 nömrəli protokolundan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun olması qərara alınmış, onun xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixdə işə gəlməməsinə müxtəlif bəhanələrlə doğrultmağa çalışaraq heç bir sənəd təqdim etməməsi və digər işçilərin də onun hərəkətini doğru hesab etmədiyini bildirmişlər. Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 148 nömrəli məktubu ilə xx.xx.2021-ci il tarixli təqdimata baxıldığını və İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin mövcud əmək qanunveriicliyinin tələblərinə uyğun olduğu bildirilmişdir. xx.xx.2021-ci il tarixli, 107 nömrəli əmr ilə Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmiş və xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmiş, həmin tarixdə də bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır.

2. xx.xx.2021-ci il tarixli, 018/2021 nömrəli “X2 İştirak Edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin Cavabdeh mediasiya sessiyası barədə xəbərdarlıq edilsə də iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması, xx.xx.2021-ci il tarixdən maaşının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Azərbaycan dili Ədəbiyyat müəlliməsi kimi çalışırdı. xx.xx.2021-ci il tarixində işlədiyi məktəbə gedib əmək məzuniyyətindən qayıtmağı barədə ərizə təqdim etmişdir. xx.xx.2021-ci il tarixində COVİD virusundan xalası, xx.xx.2021-ci il tarixində hərbiçi polkovnik qardaşı X3 vəfat etmişdir. O, bu barədə məktəbə Tədris üzrə direktor müavininə məlumat vermişdir. Başı yaslara qarışdığından psixoloji sarsıntı keçirmişdir. Bu zaman məktəb qrupunda bildirmişdirlər ki, peyvənd olunmayanlar məktəbə buraxılmırlar. Təbii olaraq, COVİD-dən yaxınlarını itirdiyi üçün qorxmuş, peyvənd olunmadığı üçün məktəbə gedə bilməmiş, xx.xx.2021-ci il tarixində Pfizer peyvəndi olunmuşdur. Bu ona pis təsir etmiş, qolu şişmiş, təzyiqi qalxmış, qızdırması olmuşdur. Müalicə olunmuş və bu barədə Tədris işləri üzrə müavinə məlumat vermişdir. xx.xx.2021-ci il tarixində işə çıxmışdır. Təbii olaraq günləri tutulmuş, əmək haqqı yazılmamış, amma o etiraz etməmişdir. Direktora işə gəlməməyini üz-üzə izah edərkən bildirmişdir ki, onu maddə ilə işdən çıxardır. Ümumiyyətlə bununla bağlı ondan nə izahat alınıb, nə də ki bununla bağlı xəbərdarlıq edilib. O, direktora bildirmişdir ki, gəlmədiyi günlərin əmək haqqı ondan tutulub, zatən dərs olmamış, ətrafda imzalanmalı tabel olmamışdır. O, bir daha vəziyyəti izah etmiş, lakin direktor Novruzov Rahim israrla ona bildirmişdir ki, onu işdən azad edir. xx.xx.2021-ci il tarixində onlayn şəkildə pedaqoji şura keçirilmiş və o, bura dəvət olunmamışdır. İclasda qeyd olunub ki, məktəbin müəlliməsi maddə ilə işdən azad olunub. 28 illik müəllimlik fəaliyyəti, qazandığı nailiyyətlər, cəmiyyətə bəxş etdiyi savadlı, nümunəvi insanlar nəzərə alınmadan onun haqsız yerə işdən azad olunması ona maddi və mənəvi təsir etmişdir.

5. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi barədə xx.xx.2021-ci il tarixli əmrdən göründüyü kimi, Bakı şəhəri 12 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva tərəfindən Bakı şəhəri 12 nömrəli tam orta məktəbin rəhbərliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər heç bir səbəb göstərmədən işə gəlmədiyi göstərilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı məktəbə gəlmiş, məktəbin direktoru məsələni araşdırmaq üçün onu iş otağına dəvət etmiş və işə gəlməməsinin səbəbini aydınlaşdırmaq üçün yazılı izahat tələb etmişdir. İddiaçı izahat yazmaqdan imtina etmiş, yüksək səslə məktəb direktorunu iş otağında təhqir etmiş “Sizi Allaha tapşırıram, pis günə düşəsiniz” deyərək iş otağının qapısını çırparaq məktəbi tərk etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 18 iş günü işə gəlməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) və 10-cu maddəsinin “f” bəndinin (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) tələblərini pozmuşdur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı məktəbin direktoru X4 qarşı qeyri-etik ifadələr işlədərək müəllim adına yaraşmayan hərəkətə yol vermiş, bununla da Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasinin 6 noyabr 2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.1, 2.1.3, 2.1.5, 3.8 və 4.3.3 bəndlərinin tələblərini pozmuşdur. Belə ki, “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.1-ci bəndinə əsasən, “müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur", 2.1.3.-cü bəndinə əsasən, “müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir”, 2.1.5-ci bəndinə əsasən, “müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır1’, 3.8-ci bəndinə əsasən, “müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir”, 4.3.3-cü bəndinə əsasən, “rəhbərin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur”. Eyni zamanda, “Müəllimlərin etik davranış Qaydaları”nın 6.1-ci və 6.2-ci bəndlərində göstərilmişdir ki, “hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür”. Həmçinin Qaydaların 6.3.6-cı bəndində etik davranış qaydalarının pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsinin təşkil edilməsi və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlərin görülməsi təhsil müəssisəsi rəhbərliyinin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq alınması üçün Baki şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2021-ci il tarixli təqdimatla müraciət olunmuşdur. Verilmiş təqdimata baxılmasının nəticəsi barədə Həmkarlar İttifaqı Komitəsindən Bakı şəhəri 12 nömrəli tam orta məktəbə xx.xx.2021-ci il tarixli, 148 nömrəli məktub daxil olmuşdur. Məktubda xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin iclasının keçirildiyi və əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, müəllim adına yaraşmayan və nüfuzuna xələl gətirən davranışlara yol verməklə əmək vəzifələrinin kobud şəkildə pozulması və “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı mövcud qanunvericiliyin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verildiyi bildirilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı iclasın keçiriləcəyi vaxt və yer haqqında rəsmi qaydada məlumatlandırılsa da, iclasda iştirak etməmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, onunla bağlanmış əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə uyğun ləğv edilmişdir.

6. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı tutduğu vəzifəyə bərpa edilməsi və dəymiş zərərə görə təzminatın ödənilməsinə dair iddia ərizəsini verərkən iddia müddəti barədə qanunvericiliyin tələblərinə riayət etməmiş və hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən olunur ki cavabdeh, Bakı şəhəri 12 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli, 107 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. İddiaçı yaranmış hal üzrə hüquqların təmin edilməsi məqsədilə yuxarıda göstərilmiş halın ona məlum olmasından 3 aydan çox vaxt keçəndən sonra irəli sürmüşdür və iddia müddəti ötürülmüşdür. Beləliklə, mülki iş üzrə iddia müddətini tətbiq edərək, İddiaçı cavabdeh Bakı şəhəri 12 nömrəli tam orta məktəbə qarşı“ işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 296.5-ci maddəsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasinin 6 noyabr 2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5, 4.3.3, 6.3.6-cı bəndinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmrdən çıxarışda məktəbin Həmkarlar Təşkilatına xx.xx.2021-ci il tarixdə müraciət etdiyi qeyd edilmiş, Həmkarlar Təşkilatı da xx.xx.2021-ci il tarixdə təcili iddiaçının iştirakı olmadan, onu xəbərdar etmədən, ona məktub göndərmədən, İddiaçı izahatı alınmadan, təqdimat və sənədlər araşdırılmadan, skayp proqramı vasitəsi ilə onlayn iclas keçirmişdir. Göründüyü kimi, Həmkarlar Təşkilatı üzərinə düşən vəzifəni yerinə yetirməmiş, məktəbin müraciətindən sonrakı gün təcili, məsələni araşdırmadan, onlayn iclas keçirmişdir. Həmkarlar Təşkilatı iddiaçının 40 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmasını, həmin məktəbdə 28 il müəllim işləməsini, indiyə qədər heç bir pozuntusu olmamasını, bütün imtahanlardan yüksək balı iddiaçının yığmasını, müəllimlərin yarısının işə gəlmədiyi halda, bəzilərinin xaricdə olduğu halda niyə yalnız iddiaçı barədə Təşkilata müraciət edildiyini araşdırmamışdır. 12 saylı orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin, məhkəmə müvafiq maddənin tələblərinin 12 saylı orta məktəb tərəfindən pozulmasını nəzərə almamaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, 12 saylı orta məktəbin direktoru və direktor müavini N.Mustafayeva iddiaçıya qarşı qərəzli olmuşlar. Direktor müavini N.Mustafayevanın xx.xx.2021-ci il tarixli səs yazısında müəllimlərin işə gəlib gəlməmələrinə nəzarət cədvəlinin ləğv olunduğunu, müəllimlərin qeydiyyatının onun tərəfindən aparıldığını, müəllimlərin yarısının məktəbə gəlmədiyini, bəzi müəllimlərin xaricdə olduğunu bildirmişdir. Buna baxmayaraq ancaq İddiaçı işə gəlməməsinə görə əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, məktəbin tədris üzrə direktor müavini N.Mustafayevanın və direktorun ona qarşı qərəzli olmaları onlar tərəfindən tərtib edilən sənədlərdən də müəyyən olunur. Belə ki,xx.xx.2021-ci il tarixli əmrdən çıxarışda qeyd edilmişdir ki, guya iddiaçı məktəb direktorunu iş otağında təhqir etmiş “Sizi Allah tapşırıram, pis günə düşəsiniz” demişdir. İddiaçı onlara “pis günə düşəsiniz” demədiyi, qapını çırpmadığı halda əmrdən çıxarışda qeyd edilmişdir. Həmçinin, “Sizi Allaha tapşırıram” sözünün təhqir olmadığını hər kəs bildiyi halda, 12 saylı orta məktəbin direktoru və direktor müavini niyəsə həmin sözü təhqir kimi qəbul etməklə, israrla hər sənəddə qeyd etmişlər. Göründüyü kimi cavabdeh iddiaçıya qarşı qərəzli olmuş digər müəllimlər və əməkdaşlar da məktəbə gəlmədikləri halda yalnız iddiaçıya qarşı qərəzli mövqe tutaraq işdən çıxarılmışdır. Qeyd edilən maddələrin tələbləri pozulmuş, məhkəmə tərəfindən həmin maddələrin tələblərinin pozulmasına diqqət yetirilməmişdir. 12 saylı orta məktəb tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2cimaddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti təqdim edilməli olduğu halda iddiaçıya əmrdən çıxarış təqdim edilmişdir. 12 saylı məktəb Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun əmr tərtib etməmişdir. Əmək Məcəlləsinin 84.1-cimaddəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Lakin, məhkəmə iddiaçıya qarşı qərəzli və əsassız qəbul edilmiş, qanunvericiliyin tələblərinə zidd tərtib edilmiş əmri etibarsız hesab etməli olduğu halda etməmişdir.

Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf nümayəndəsinin iştirakını məhkəmə kollegiyasının iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin

13. 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

14. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.

15. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır.

16. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

17. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

18. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

19. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;

20. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

21. 296.5-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 6 noyabr 2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın

22. 2.1.5-ci bəndinə əsasən mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

23. 4.3.3-cü bəndinə əsasən rəhbərin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

24. 6.3.6-cı bəndinə əsasən bu qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İş materiallarında olan Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin direktor müavini Natəvan Mustafayeva tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir səbəb göstərmədən işə gəlmədiyi, avqust ayında onun işə çıxmadığı günlərin əmək haqqının buraxılmadığını, müəllim kollektivinin işə gəlib gəlməmələrinə nəzarət etmək üçün hazırlanmış nəzarət cədvəlində həmin müddətdə İddiaçı imzası olmamağının da həmin günlərdə işə gəlmədiyini təsdiqlədiyini qeyd etmiş və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onun haqqında qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etmişdir.

38. Kamil Əyyubov adına 12 №-li tam orta məktəbi tərəfindən hazırlanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir səbəb göstərmədən işə gəlmədiyi, avqust ayında onun işə çıxmadığı günlərin əmək haqqının buraxılmadığı, xx.xx.2021-ci il tarixdə işə gəldiyi, rəhbərlik tərəfindən işə gəlmədiyi üçün izahat tələb edildiyi, onun izahat yazmaqdan imtina etdiyi və məktəbin direktorunu yüksək səslə təhqir və qarğış edərək kobudluq etdiyi, otağın qapısını möhkəm çırparaq məktəbi tərk etdiyi və bu hadisənin məktəbin işçilərinin gözü qarşısında baş verdiyi, həmçinin müəllimlərin işə gəlib gəlməmələrinə nəzarət cədvəlində həmin müəllimin imzası olmadığı qeyd edilmişdir.

39. Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli 7 nömrəli protokoldan görünür ki, məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun olması qərara alınmış, onun xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixdə işə gəlməməsinə müxtəlif bəhanələrlə doğrultmağa çalışaraq heç bir sənəd təqdim etməməsi və digər işçilərin də onun hərəkətini doğru hesab etmədiyini bildirmişlər.

40. Bakı şəhəri 12 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli, 148 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli təqdimata baxıldığını və İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun olduğu bildirilmişdir.

41. xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmiş və həmin tarixdə də bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır.

42. xx.xx.2021-ci il tarixli, 107 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 18 iş günü işə gəlməməklə Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) və 10-cu maddəsinin “f' bəndinin (əmək qanunvericiliyinin tələblərinə əməl etmək), Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı məktəbin direktoru X4 qarşı qeyri-etik ifadələr işlədərək müəllim adına yaraşmayan hərəkətə yol verərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il, 1/2 №-li qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.1, 2.1.3, 2.1.5, 3.8 və 4.3.3 bəndlərinin tələblərini pozmuşdur. Beləliklə, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, Təlim - tərbiyə işləri üzrə direktor müavini (Mustafayeva N.Ə) İddiaçı ilə bağlı maliyyə əməliyyatlarına nəzarət etmək məqsədi ilə əmrdən çıxarışı 3 saylı Xidmət və Əməliyyat Mərkəzinə göndərilməsini təmin etməsi əmr edilmişdir.

43. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh- “İşəgötürən” ilə İddiaçı-“İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və xx.xx.1986-cı il tarixdə həmin məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı “Əmək Məcəlləsinin 70- ci maddəsinin "ç" bəndini əsas götürüb onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması” tələbini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir.

45. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə gəlməmiş, gəlməməsinin üzrlü olması ilə bağlı heç bir sübut göstərməmiş, işə gəldikdən sonra işə gəlməməsi ilə bağlı qeyd etdiklərinə dair də mötəbər sübut təqdim etməmişdir. Həmçinin məktəb direktoru tərəfindən işə gəlməməsi barədə izahat yazılması tələb edilsə də, iddiaçı yazılı izahat yazmaqdan imtina etmiş, məktib direktoruna təhqir və qarğışlar etmiş və bu hala da məktəbin digər işçiləri tərəfindən şahid olunmuş və bu barədə akt tərtib edilmişdir. İddiaçı tərəfindən eyni zamanda müəllimlərin etik davranış Qaydalarını pozmuş, peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməmiş, məktib direktoruna təhqir və qarğışlar etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Göründüyü kimi İddiaçı işə məlumat vermədən gəlməməklə əmək qanunvericiliyinin tələblərinə əməl etməmişdir.

46. Məhkəmə mülki işin hallarını araşdırarkən işə götürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir.

47. Belə ki, Kamil Əyyubov adına 12 №-li tam orta məktəb “İşəgötürən” ilə İddiaçı “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir.

48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh Kamil Əyyubov adına 12 №-li tam orta məktəbin nümayəndəsi, məktəbin qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir.

49. Məhkəmə kollegiyası iddia tələbinin “xx.xx.2021-ci il tarixdən əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi irəli sürülən “cavabdehin 04 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının “onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması” tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələbin əsassız olması, təmin edilməməli olmaması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əsaslar yoxdur, ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsinə münasibətdə qeyd edir ki, xx.xx.2021-ci il tarixli əmr iddiaçının Nizami rayonunda qeyd olunan ünvanına həmin gün göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının həmin əmri nə vaxt alması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda xx.xx.2021-ci il tarixdə göndərilmiş poçt göndərişinin çatdırılması müddətinin 3-5 gün qəbul edilə bilən hal olması nəzərə alınmaqla iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edilərkən iddia müddəti ötürülməmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4405/2021 saylı, xx.xx.2021 tarixli qərardadı ilə İddiaçı məhkəmədən qabaq mediasiya prosesindən keçmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı tərəfindən qərardad rəsmi qaydada alındıqdan sonra mediasiya şurasına müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə mediasiya prosesindən keçmiş və yenidən xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi İddiaçı ilk dəfə məhkəməyə müraciət etdiyində 1 ay iddia müddətini ötürməmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

53. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

54. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

55. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).

56. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı “İddiaçı xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması,xx.xx.2021-ci il tarixdən maaşının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

57. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar