Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1632/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi “sənədlərin şəxsə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-4319/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “sənədlərin şəxsə məxsus olması” barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalı tərəfindən verilən xx.xx.1993-cü il tarixli 296 saylı arayışın və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 126 saylı arayışın ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4319/2024 saylı qərardadı ilə ərizə, ona əlavə edilmiş sənədlərin qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ərizəçi tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-4319/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6539/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(005)- 4319/2024 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) ərizənin icraata qəbulundan imtina olunmuşdur. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, ərizənin icraata qəbul edilməli olması, hazırkı işə aidiyyatı olmayan başqa tərəflərin də iştirak etdiyi qətnaməyə istinad edilməsi, iddianın yolverilməzliyinə dair prosessual qanunvericliyin tələblərinin düzgün tətbiq olunmaması, məhkəmə tərəfindən şikayətə baxılarkən qərəz nümayiş etdirilməsi, ərizənin icraata götürülüb araşdrıma aparılması əvəzinə ona əsassız olaraq qaytarılması, hakimə etiraz etməsi və s. kimi əsaslandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 4319/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi, iddia ərizəsini qəbul etməkdən imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırda ərizəçinin “sənədlərin şəxsə məxsusluğu” barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsində göstərilən (Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalı tərəfindən verilən xx.xx.1993-cü il tarixli 296 saylı arayışın və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilən xx.xx.2013cü il tarixli, 126 saylı arayışın ərizəçiyə məxsus olması barədə) məsələyə artıq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mahiyyəti üzrə baxılmış, ərizə təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. MPM-nin 153.2.4-cü maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, işdə olan məhkəmə aktlarına əsasən, ərizəçi eyni sənədlərin (Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalı tərəfindən verilən xx.xx.1993-cü il tarixli 296 saylı arayışın və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 126 saylı arayışın), eyni faktiki əsaslardan çıxış edərək ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı daha əvvəl də məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxılmış, nəticədə ərizəsi təmin olunmamışdır. Ərizəçi şikayətində qeyd olunan işlərdə tərəflərin başqa şəxslər olduğunu qeyd etsə də nəzərə alınmalıdır ki, hər iki iş xüsusi icraat qaydasında olmaqla, iddia icraatına aid deyildir. Tərəflər (iddiaçı və cavabdeh) yalnız iddia icraatında iştirak edirlər, xüsusi icraat məhz ərizəçilər tərəfindən başlanılır. Xüsusi icraatda imaraqlı şəxslərin dairəsinin fərqli olması isə vəziyyəti dəyişdirmir. Məhkəmələr hər bir halda ərizəçinin istədiyi müvafiq hüquqi əhəmiyyəti olan faktın mövcud olub-olmamasına mahiyyəti üzrə hüquqi qiymət vermişlər. İşdən görünür ki, ərizəçinin əvvəlki ərizəsi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almamışdır (ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılır). İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik - res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Ərizəçi şikayətin dəlillərində həmçinin birinci instansiya məhkəməsinin hakiminə etiraz verilməsini qeyd etsə də, işdən görünür ki, etiraz baxılmamış saxlanılmışdır. Bununla yanaşı şikayətin digər dəlilləri (ərizənin icraata qəbul edilməli olması və s.) də əsassız olmaqla, işdə olan sənədlərlə müəyyən edilmir. Belə ki, ərizə ilk dəfə birinci intansiya məhkəməsi tərəfindən başqa əsaslarla (ərizənin ərazi aidiyyəti üzrə düzgün verilməməsi və s.) qaytarılmış, lakin həmin qərardad ərizəçinin şikayəti üzrə apellyasiya qaydasında ləğv olunaraq ərizənin icraata qəbul məsələsinin yenidən yoxlanılması iş materialları birinci instansiya məhkəməsinə qaytarılmış, yalnız bundan sonra ərizəçinin eyni tələblə daha əvvəl məhkəməyə müraciət etməsi halı müəyyən olunmuş (müvafiq qətnamələr işə əlavə edilmiş), bu səbəbdən də ərizənin qəbulundan imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəsini icraata qəbul etməkdən imtinası əsaslıdır, şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas təşkil etmir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “sənədlərin şəxsə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-4319/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-4319/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1632/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1632/2025
11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver