Məhkəmə qərarları › İş №2(103)-1633/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1633/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1633/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X8 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əməkdaşlıq sazişi, birgə fəaliyyət, gəlirin bölüşdürülməsi, məhkəmə aidiyyətı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X10, təsisçisi X1, cavabdeh X7 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı MMC-nin X8 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı (MMC) ilə X12 arasında xx.xx.2018-ci il tarixdə əməkdaşlıq sazişi bağlanmış, müqaviləyə görə MMC, məhsulların satışının genişləndirilməsi, müştəri bazasının artırılması məqsədilə 2 il müddətinə MMC-yə məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kvadratmetr sahəli 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında müqavilənin 6.1-ci bəndində göstərilən şərtlərlə bölüşdürülməsi üçün Yavuz Keşkekçiyə verməyi öhdəsinə götürmüşdür.

2. Sazişin 3.2-ci bəndinə əsasən, bütün idarəçiliyi Yavuz Keşkekçi aparır: işçiləri qəbul edir, onların əmək haqqını müəyyən edir, gəliri, mədaxili, məxarici müəyyənləşdirir. Restoranın bütün xərcləri gəlirdən çıxıldıqdan sonra təmiz gəlir müəyyən olunur və yalnız bu məbləğ tərəflər arasında bölünür. Restoranda həyata keçirilən təmir və tikinti işlərini MMC-nin nəzarəti altında Yavuz Keşkekçi həyata keçirir, Dövlət orqanları ilə münasibətləri o həyata keçirir. Azərbaycan Respublikasının qanunveriicliyində tələb olunan Dövlət Miqrasiya Xidmətində lazım olan sənədləşmə və rüsumların ödənilməsini MMC öz öhdəsinə götürür. Yavuz Keşkekçi Azərbaycan Respublikası ərazisində yaşamaq və onun ərazisində işləmək hüququndan məhrum olduqda bu müqavilə ilə bağlı öhdəliklərini hər hansı ölkədə olsa da yerinə yetirir. Yavuz Keşkekçi hər hansı qanunsuzluq törətdiyi halda, şəxsi məsuliyyət daşıyır.

3. Sazişin 6.1-ci bəndinə görə, restoranın gəlirindən 67% pay MMC-nə, 33% pay isə Yavuz Keşkekçiyə düşür.

4. Sazişin 6.2-ci bəndinə görə müqavilə üzrə MMC, Yavuz Keşkekçiyə buraxılış ili 2013-cü il olan, ağ rəngli, "Brilliance V5” modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşını (qiyməti 15 000 manat) və 3 min manat nağd şəklində ödəniş edir.

5. Sazişin 6.3-cü bəndinə görə, 6.2-ci bənddə göstərilən ümumi məbləğ 18 000 manat restoranın mənfəətindən Yavuz Keşkekçiyə məxsus olan 33%-dan borc olaraq MMC-nin xeyrinə tutulur.

6. Sazişin 6.4-cü bəndinə əsasən, müqavilənin müddəti bitdikdən sonra Yavuz Keşkekçinin ödənilməmiş borcu qalarsa, MMC həmin borcun ödənilməsini birbaşa tələb edə bilər.

7. Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin X8 qarşı “əməkdaşlıq sazişinin ləğv edilməsi, əsas məbləğin, vurulmuş zərər məbləğinin və avtomobilin geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı MMC ilə X12 arasında 01 dekabr 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, X5 cəmi 1300 (min üç yüz) manatın alınaraq İddiaçı MMC-nin nümayəndəsi X3 verilməsi, iddianın X7 Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manatın, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27 000 manatın, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan fayda qismində 16 440 manatın, qiyməti 21 500 manat olan “Brilliance V5" modelli avtomobilin geri qaytarılmasına dair hissəsinin, habelə iddia tələbinin cavabdehdən tələb edilən 6300 manat pul vəsaitinin 5000 manat hissəsinin təmin edilməməsi qət olunmuşdur.

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi, qətnamənin iddiaçının kassasiya şikayətinə əsasən ona aid qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli qətnaməsi qismən - “3000 manat məbləğində pulun təmin edilməməsi” - hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbinin bu hissədə təmin edilməsi, X5 3000 (üç min) manat məbləğində pulun alınaraq “Şəki Tikinti-4 MMC-nin nümayəndəsi X3 verilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələnidirlən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı X8 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, X5 22 500 (iyirmi iki min beş yüz) manat məbləğində borcun və 157,5 (yüz əlli yeddi manat əlli qəpik) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı MMC iddia tələbini belə əsaslandırmışdır ki, təsisçisi olan X4 2018-ci ildə Şəki şəhərində restoran açaraq işlətmək qərarına gəlmiş, bununla əlaqədar Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/m-lik 2 mərtəbəli binanı təmir etdirməyə başlamış, restoranı işə salmaq üçün Muharrem Aydəmir adlı Türkiyə vətəndaşı tanışı ilə məsləhətləşmələr etmiş, Muharrem Aydəmir ona X9 məsləhət bilmiş, Yavuzun Qəbələ şəhərində restoran işlətdiyini və restoran işindən yaxşı anladığını demişdir. Muharrem vasitəsilə Yavuzla görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmış, söhbət əsnasında ona aydın olmuşdur ki, Yavuzun Qəbələ şəhərindəki “Köşəm” restoranı ilə müqaviləsi başa çatmaq üzrədir. 2018ci ilin sonlarında Yavuzla görüşmüş, öz aralarında restoranın işlədilməsi şərtlərini danışmışlar. Yavuz əvvəlcədən ona 20 000 manat pul verməsini istəmiş, bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Yavuz isə o zaman ona avtomobil və 3000 manat da pul verməsini istəmişdir. Bu şərtlə razılaşmış, başqa şirkətə məxsus 21 000 manat dəyərində, buraxılış ili 2013-cü il olan ağ rəngli “Brilliance V5” modelli avtomobili X7 adına rəsmiləşdirmiş, bununla yanaşı ona əvvəlcə 2500 manat, 2019-cu ilin yanvarın sonunda isə razılaşdırılmış 3000 manat pulun qalıq məbləği olan 500 manatı vermişdir. Beləliklə, Yavuza müqavilə üzrə nəzərdə tutulmuş 3000 manatı tamamilə ödəmişdir. Yavuz Keşkekçi ilə arasında 01 dekabr 2018-ci il tarixdə Əməkdaşlıq Sazişi (tərəfdaşlıq) bağlanmış, müqavilənin müddəti 2 il müəyyən olunmuşdur. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i Yavuzun, 33 %i onun, 33 %-i isə şirkətin olmalı idi. Müqavilə imzalandıqdan sonra Yavuz bir neçə dəfə restorana gəlib tikinti-təmirlə bağlı müəyyən göstərişlər, dizaynlar vermiş və Türkiyəyə getmişdir. Təmir-tikinti işləri onun (yəni Nizami Düııyamalıyevin) nəzarəti altında həyata keçirilmiş, bütün tikinti materialları və bunun üçün sərf edilən bütün vəsaitlər tərəfindən qarşılanmışdır. Əvvəlcə avtomobili Yavuza etibarnamə əsasında vermək istəmiş, lakin Yavuz avtomobil rəsmi olaraq onun adında olmasa sərhədi keçərək Türkiyəyə gedə bilməyəcəyini dediyi üçün ona etibar etdiyindən avtomobilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Cavabdeh Türkiyədən 2019-cu ilin fevral ayında qayıtmiş, 2019-cu ilin mart ayında Yavuza oturum almış və bunun üçün 1300 manat xərci çıxmışdır. Təxminən mart ayında restoranın mətbəxində olarkən görmüşdür ki, mətbəxə isti su çəkilməmişdir. Bundan sonra Yavuzun iş bacarmadığı ona məlum olmuşdur. Restoranın açılışı gecikdiyindən Yavuza müvəqqəti olaraq Oğuz rayonunun Xal-Xal kəndində olan obyektini işlətməsini təklif etmiş, o da təklifi qəbul etmiş və 2019-cu ilin aprel-may aylarında həmin obyekti işlətməyə başlamışdır. Cavabdeh may ayında ona demişdir ki, ailəsini də Türkiyədən Azərbaycana gətirmək istəyir, bunun üçün ona 900 manat pul lazımdır. Buna görə də Yavuza 900 manat pul vermişdir. Ümumiyyətlə, Yavuz onun yanında işlədiyi müddətdə ona 300-500, digər xırda və böyük məbləğlər olmaqla toplam 6300 manat borc pul vermişdir. Bundan başqa, Yavuz 2019-cu ilin iyun ayında ondan 2000 manat borc pul istəmiş, o da 2000 manatı cavabdehə vermişdir. 06 iyun 2019-cu il tarixdə ailəsində toy olmuş, cavabdeh də həmin toyda iştirak etmişdir. Toydan sonra Yavuzu tapa bilməmişdir. Belə ki, cavabdehin yerini bilməmiş, zəng etdikdə isə zənginə cavab verməmişdir. Nəhayət 2019-cu ilin iyul ayında onu Bakı şəhərində dəniz kənarında tapmışdır. Cavabdehlə aralarında olan müqavilənin müddəti başa çatmamışdır, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyibdir. Buna görə də müqavilənin şərtləri üzrə ona maddi ziyan dəymişdir. Cavabdehə həddən çox inanmış, ona etibar etmişdir. Buna görə də cavabdehlə hər hansı əmək müqaviləsi bağlamamış, ümumiyyətlə aralarında əmək haqqı ilə bağlı söhbət belə olmamışdır.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, X6 İddiaçı MMC-nin xeyrinə 15 000 (on beş min) manatın və dövlət rüsumunun 135 manat hissəsinin tutulması qət edilmişdir.

15. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

15.1. Tərəflər arasında qeyd edilən əməkdaşlıq sazişi ilə bağlı əvvəllər də məhkəmə mübahisələri olmuş və məhkəmələr məsələyə belə hüquqi qiymət vermişlər ki, tərəflər arasında birgə fəaliyyətlə bağlı saziş olmuş, bu saziş əsnasında 18 000 manat pul (pulun 15 000 manat hissəsi avtomobilin verilməsi şəklində nəzərdə tutulur) iddiaçı tərəfindən cavabdehə verilmişdir. Əvvəlki məhkəmə aktları ilə qeyd edilən məbləğ üzrə 3000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Hazırkı tələbdə iddiaçı 15 000 manat pulu avtomobilin dəyəri kimi tələb edir. Tələb edilən qalan məbləğ isə iddia tələbində əsaslandırılmasa da, iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, bu müqavilə şərtinə əsasən cərimə məbləği kimi tələb edilir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarda iddia tələbini qəbul etməmiş, əksinə ididaçının onu ziyana saldığını bildirmiş, eyni zamanda avtomobilin ona müqavilə şərti olaraq verildiyini, hazırda da onda olduğunu, bildirmişdir. 15.2. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 15.3. MPM-nin qeyd edilən maddəsinə əsaslanaraq məhkəmə bildirir ki, yuxarıda qeyd edilən məhkəmə aktları hazırkı iş üzrə preyudisial xarakter daşıyır. 15.4. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, 15 000 manatın qaytarılması hissəsində əsaslıdır. 15.5. Tərəflər arasında bağlanmış sazişin 6.3-cü bəndində qeyd edilir ki, bu müqavilənin 6.2-ci bəndində göstərilən ümumi məbləğ 18 000 (on səkkiz min) manat restoranın gəlirindən olan mənfəətin əldə edilməsindən Yavuz Keşkekçiyə məxsus 33%dan borc olaraq MMC-nin xeyrinə tutulur. Göründüyü kimi, müqavilənin bu şərtinə görə restoran işə düşəndən sonra 18 000 manat pul cavabdeh tərəfindən onun restoranın gəlirindəki payının hesabına iddiaçıya qaytarılmalı idi. 18 000 manatın 15 000 manatı avtomobilin verilməsi şəklində, qalan 3000 manatı isə nağd pul şəklində verilmişdir. Lakin iş materiallarından göründüyü kimi restoran işə düşməmiş və tərəflərin iş birliyi uğurlu olmamışdır. Tərəflər arasında daha əvvəl olmuş məhkəmə mübahisəsi zamanı işə baxan apellyasiya instansiyası məhkəməsi də müqavilənin qeyd edilən bu şərtinə hüquqi qiymət verərkən bildirmişdir ki, hətta tərəflər arasında müqavilə öhdəlikləri yerinə yetirilmiş olsaydı belə, qeyd olunan vəsaitin (yəni 18 000 manatın) cavabdeh tərəfindən iddiaçıya qaytarılması əvvəlcədən şərtləndirilmişdir. Daha sonra qeyd edilmişdir ki, 18000 manatın cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Bu məbləğin 3000 manatı məhkəmə qaydasında tutulmuşdur.

16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 404.1-ci, 421.3-cü, 442-ci, 443.1-ci, 448.2-ci maddələrinə istinad etmişdir.

17. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh (nümayəndəsi) onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuş halı, eləcə də mübahisənin kommersiya məhkəməsinə aid olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

18. X7 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı MMC-nin təsisçisi X4 və nümayəndəsi X14 isə şikayətin əsassız olduğunu bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

20. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

21. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

22. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı

23. “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir”.

Apellyasiya baxışının həddi

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

27. Prosessual qanunvericiliyin müddəalarını (§ 19-22) rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla biriinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.

28. Belə ki, işin bilavasitə iddiaçının özünün bildirdikləri ilə müəyyən olunmuş halına görə, onunla cavabdeh arasında sahibkarlıq (kommersiya) fəaliyyətinin həyata keçirilməsi və əldə olunacaq gəlirin bölüşdürülməsi üçün müqavilə bağlanmış, hazırkı mübahisə də məhz həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi iddiası əsasında yaranmışdır.

29. Elektron məhkəmə sistemindən əldə olunan məlumata görə, cavabdeh Yavuz Keşkekçi həm fərdi sahibkar olaraq **********2 saylı xx.xx.2018-ci il tarixli VÖEN-lə vergi ödəyicisi olaraq qeydiyyata alınmışdır, həm də "xxxx" MMC-nin (restoran) sərəncamverici direktorudur.

30. Kollegiya hesab edir ki, mübahisə, hüquqi şəxs olan iddiaçı şirkətlə (VÖEN: **********) fərdi sahibkar statusu olan cavabdeh arasında onların sahibkarlıq fəaliyyətindən yaranmaqla kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2729/2022 saylı iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar