Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1635/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 4.263,01 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (Birliyə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2-də yerləşən 18 №-li evdə yaşayır. xx.xx.2017-ci il tarixdə Birlik ilə cavabdeh arasında bağlanmış 111603 №-li müqaviləyə əsasən həmin ev təbii qaz ilə təchiz olunur, Birlik tərəfindən evdə elektron qaz sayğacı qurşadılmış və ünvana **********00008 hesab nömrəsi verilmişdir. Bir müddətdən sonra sayğac bloklanmışdır (“3 E” rejiminə keçid). Bu səbəbdən həmin ünvanda yeni sayğac, yəni smart kart ilə işləyən sayğac qurşadılmışdır. Həmin ana təbii qazdan istifadəyə görə iddiaçıya 309,6 manat borc hesablanmışdır. Daha sonra, Birliyin əməkdaşları tərəfindən sayğaca və qaz xəttinə vaxtaşırı keçirilmiş baxışlar zamanı müəyyən edilmişdir ki, iddiaçı, qaz xəttinə müdaxilə edərək sayğacdan kənar olaraq təbii qazdan istifadə edir. Bununla əlaqədar olaraq Birliyin əməkdaşları xx.xx.2016-cı il tarixdə ******* №-li, xx.xx.2017-ci il tarixdə ******* №-li, xx.xx.2017-ci il tarixdə ******* №-li, xx.xx.2017-ci il tarixdə ******* №-li, xx.xx.2017-ci il tarixdə ******* №-li, xx.xx.2017-ci il tarixdə ******* №-li və xx.xx.2017-ci il tarixdə ******* №li aktlar tərtib etmişlər. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Birliyə cəmi 4.257 manat məbləğində ziyan vurulmuşdur. Həmin ziyan və əvvəlki borc ilə birlikdə cavabdehin Birliyə olan ümumi borcu 4.263,01 manat məbləğindədir. Birlik borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 11/1603 №-li müqavilə əsasında cavabdehə məxsus ev iddiaçı Birlik tərəfindən təbii qaz ilə təchiz edilir. İstifadə olunmuş təbii qazın həcmi Birlik tərəfindən quraşdırılmış qaz sayğacı vasitəsi ilə hesablanır. İddiaçı Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli ******* №li, xx.xx.2017-ci il tarixli ******* №-li, xx.xx.2017-ci il tarixli ******* №-li, xx.xx.2017-ci il tarixli ******* №-li, xx.xx.2017-ci il tarixli ******* №-li, xx.xx.2017-ci il tarixli ******* №-li və xx.xx.2017-ci il tarixli ******* №-li aktlardan görünür ki, cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı qaz xətdən və sayğacdan kənar qazdan istifadə edir. Cavabdeh həmin aktları imzalamaqdan imtina etmişdir. Buna baxmayaraq aktlarda qeyd edilən hallar işdə olan fotoşəkillər ilə təsdiq olunur. Cavabdehə aid **********00008 №-li abonent saldosundan və iddiaçı Birliyin təqdim etdiyi digər sənədlərdən görünür ki, təbii qazdan istifadə edilməsi ilə bağlı yaranmış borcun ödənilməmiş hissəsi 6,01 manat, qeyd edilmiş aktlar üzrə hesablanmış ziyanın məbləği 4.257 manat, cəmi borc isə 4.263,01 manat məbləğindədir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 №-li qərarının 1.3.-cü bəndinə görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. “Qaydaların” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi fərdi istehlakçı olan cavabdeh iddiaçı Birlik tərəfindən verilən təbii qazdan istifadənin əvəzini ödəmək vəzifəsini daşıyır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı Birliyin əməkdaşları tərəfindən xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə tərtib edilmiş aktlardan görünür ki, cavabdehin yaşadığı ünvanda qaz təchizatı və qaz sayğacına baxış keçirilmiş, sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə olunduğu müəyyən olunmuşdur. Cavabdeh həmin aktları imzalamaqdan imtina etmişdir. Rayon Məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı iddiaçı Birlik cavabdehin yaşadığı ünvanda sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunması ilə bağlı tərtib edilmiş aktlar əsasında hesablanmış cəmi 4.263,01 manat məbləğində borcun tutulması barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki, MPM-nin 77.1ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı ASC öz mövqeyini yuxarıda göstərilənlərə əsasən kifayət qədər sübuta yetirir, lakin ikinci növbədə sübutetmə yükünü daşıyan cavabdeh, aşkar edilmiş kənar xətt vasitəsi ilə təbii qazdan onun tərəfindən istifadə edilməməsini sübuta yetirə bilmir. Cavabdeh tərəfindən sübutlar məhkəmələrə təqdim edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh yuxarıda qeyd edilən aktları mübahisələndirməmiş, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki, MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsaslıdır, lakin onun təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir, işin hallarına uyğun gəlmir; apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, dəlillər əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası təmin edilsin. Təbii qazdan istifadəyə görə yaranmış 4.263 (dörd min iki yüz altmış üç) manat 01 (bir) qəpik, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 (otuz) manat, cəmi isə 4.293 (dörd min iki yüz doxsan üç) manat 01 (bir) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu cavabdehə aid edilsin və bu məqsədlə 15 (on beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Elşad Şamayev (imza) Şeyda Məhərrəmova “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1635/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1635/2020
14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver