Məhkəmə qərarları › İş №2(103)-1635/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1635/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1635/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh Müsənnif oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(010)- 1450/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Müsənnif oğluna qarşı pul tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh Müsənnif oğlundan 23000 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Cavabdeh Müsənnif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti 01 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti elektron qaydaya əməl olunmadığına görə qeyri-mümkün hesab edilmiş, mülki iş mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh Müsənnif oğlu xx.xx.2022-ci il tarixində yenidən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadı ilə prosessual müddətin bəpası barədə ərizəyə münasibət bildirilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadına əsasən müddətin bərpası barədə ərizə əsassız olduğundan rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh Müsənnif oğlu şikayət vermiş, Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehə onun ərizəsi əsasında və elektron portalda qeydə alınmaqla xx.xx.2022-ci il tarixdə təqdim olunub. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, iş müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (128.1.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (130.1.). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (130.3.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.3). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (360). İş materialları ilə müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsinin Cavabdeh göndərilməsi barədə xx.xx.2021-ci il tarixli məktub əlavə edilsə də, onun ünvan sahibinə göndərilməsi və çatdırılması araşdırılmamışdır. Apellyator özü də bu faktı mübahisələndirmiş, qətnaməni özünün müraciətinə əsasən xx.xx.2022-ci ildə əldə etdiyini bildirmişdir. Məhkəmə isə cavabdehin qətnamənin surətini vaxtında aldığı və yalnız 9 aydan sonra apellyasiya şikayəti verdiyi qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında qətnamənin surətinin rəsmi qaydada cavabdehə göndərilməsini (poçt reyestrindən çıxarış) və təqdim olunmasını (rəsmi qaydada çatdırılmanı təsdiq edən bildiriş) təsdiq edən mötəbər sübut yoxdur. Hərçənd, işə baxan məhkəmə bunu rabitə müəssisəsinə müvafiq sorğu göndərməklə aydınlaşdıra bilərdi. Sadalananlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmadan prosessual müddətin üzürsüz səbəbdən buraxıldığı barədə qənaətə gəlmişdir. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını, sadalanan prosessual hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizənin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qətnamənin surətinin cavabdehə rəsmi qaydada çatdırılıb-çatdırılmadığını, çatdırılmışdırsa, nə vaxt çatdırıldığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq prosessual müddətin üzrlü səbəbdən buraxılıb-buraxılmadığına qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənləri nəzərə alan və MPM-in yuxarıda qeyd olunan maddəsində təsbit edilmiş səlahiyyətlərə əsaslanan Kollegiya qeyd edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və cavabdeh tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Müsənnif oğlunun şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Müsənnif oğlunun buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar