Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1635/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3424/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında xx.xx.2007-ci il tarixdə 005 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanı alıcıya satır. Satıcı əmlakı standart, təmirsiz halda layihənin təsdqi olunduğu tarixdən 18 ay müddətində təhvil verilməlidir. Müqavilənin 2.3-cü maddəsinə əsasən villanın ümumi qiyməti 445.500 ABŞ dolları müəyyən edilmiş və həmin məbləğin alıcı tərəfindən xx.xx.2008-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndində göstərilir ki, alıcı müqaviləni birtərəfli qaydada ləğv etmək istədikdə ödədiyi pul yalnız villa başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarılır.
2. Kassa mədaxil qəbzlərinin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı 005 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nə xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2007-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2007-ci ildə 25.000 ABŞ dollarına ekvivalent olaraq 21.260 manat, xx.xx.2007-ci ildə 100.000 ABŞ dollarına ekvivalent olaraq 86.510 manat, xx.xx.2007-ci ildə 20.000 ABŞ dollarına ekvivalent olaraq 16.970 manat pul vəsaitləri ödəmişdir.
3. xx.xx.2007-ci il tarixli, 005 saylı müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə 100.000 ABŞ dolları ödəmişdir və borc 345.500 ABŞ dolları idi, xx.xx.2007-ci il tarixdə 19.993 ABŞ dolları ödəmişdir və borc 325.507 ABŞ dolları idi, xx.xx.2007-ci il tarixdə 20.000 ABŞ dolları ödəmişdir və borc 305.507 ABŞ dolları idi, xx.xx.2007-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 280.507 ABŞ dolları idi, xx.xx.2007-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 255.507 ABŞ dolları idi, xx.xx.2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 230.507 ABŞ dolları idi, xx.xx.2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 205.507 ABŞ dolları idi, xx.xx.2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 180.507 ABŞ dolları idi, xx.xx.2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 155.507 ABŞ dolları idi. Cəmi ödəniş 289.993 ABŞ dolları, borc 155.507 ABŞ dollarıdır. Villanın qiyməti 445.500 ABŞ dolları, ödəniş müddəti 18 ay, aylıq ödəniş 100.000 ABŞ dollarıdır.
4. xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmadan görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər. X6 da razılaşmanı imzalamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya 259.992 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 441.988 manat məbləğinin və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 168.995 ABŞ dollarının, həmin pulun bu günə olan məzənnəsi ilə 287,292 manat məbləğinin əldən çıxmış fayda kimi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov ilə xx.xx.2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 nömrəli satış müqaviləsi bağlamışdır. İddiaçıya satılan həmin villa Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyində yerləşir. Satıcı ümumi layihəyə uyğun olaraq “Villa Badam” şəhərciyinin salınması, onun müasir standartlara və bu müqavilədə göstərilən şərtlərə uyğun tikilməsini təşkil edir və alıcı ilə əvvəlcədən razılaşdırılmış villanı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verir. Onunla satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov arasında bağlanan xx.xx.2007ci il tarixli 005 nömrəli satış müqaviləsinin 2.3-cü bəndinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın ümumi qiyməti 445.500 ABŞ dollarıdır. Həmin müqaviləyə görə, ödəniş, depozit ödəniləndən sonra, 18 ay müddətində hər ayın 15-nə qədər ödənilməsi şərti ilə alıcı “FİP" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 nömrəli satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bugünə qədər yerinə yetirməmiş, B26 tipli 105 nömrəli villanı tikib ona təhvil verməmişdir. Buna baxmayaraq iddiaçı həmin villanın tikilib ona təhvil verilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 289.993 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 492.988 manat pul ödəmişdir. Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərinin qeyd edildiyi kassa mədaxil orderinin qəbzləri də təsdiq edir. Həmin puldan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 2021-ci il tarixdə 51.000 manat pul geri qaytarmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 259.992 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 441.988 manat pul borcludur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168.995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287.292 manat əldən çıxmış fayda formasında pul ödəməlidir. Bu işlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırılmış, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılıq əldə edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 200.000 manat pulu İddiaçı geri qaytaracaqdır. Buna görə də iş Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmamış saxlanılmışdır. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti verdiyi vədə əməl etməyərək bu günə qədər də həmin 200.000 manat pulu İddiaçı geri qaytarmamışdır.
7. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olaraq göstərilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli 005 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Ş.Novruzvun iddia ərizəsində özünün də qeyd etdiyi kimi onun tərəfindən Saray qəsəbəsi, “Villa Badam” şəhərciyində 297 kv.m olan villaya görə 18 ay müddətində, yəni xx.xx.2008-ci il tarixə qədər (müqavilədə səhvən xx.xx.2008-ci il qeyd edilmişdir) 445.500 ABŞ dolları məbləğində pul ödənilməli idi. Lakin İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu günə qədər icra etməməkdə davam edir. Cavabdeh MMC tərəfindən isə müqavilə üzrə öhdəliklər uzun müddətdir ki, icra edilmişdir və villa təhvil verilməsi üçün tam hazır vəziyyətdədir. Lakin dəfələrlə həm şifahi qaydada, həm telefon vasitəsi ilə İddiaçı müqavilə üzrə öhdəliklərin icra edilməsi xahiş olunsa da, o öhdəliklərini icra etməmişdir. İddiaçı tərəfindən hazırki vaxtadək hissə-hissə Cavabdeh MMC-yə villaya görə cəmi 289.993 ABŞ dolları pul ödənilmişdir. Yerdə qalan məbləğ, yəni 155.507 ABŞ dolları məbləğində pul hazırki vaxtadək ödənilməmişdir. Bu hal onu göstərir ki, alqı-satqı müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyən şəxs İddiaçı özüdür. Bu səbəbdən hesab edir ki, müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən deyil, əksinə İddiaçı tərəfindən yerinə yetirilmədiyi üçün, Cavabdeh MMC tərəfindən isə villa tam tikilib təhvil verilməsi üçün hazır olduğu üçün, İddiaçı irəli sürdüyü tələb tam əsassızdır. Digər tərəfdən İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2022-ci ildə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh MMC tərəfindən İddiaçı mübahisəli villiaya görə xx.xx.2007-ci ildə bağlanmış müqaviləyə əsasən İddiaçı ödədiyi 289.993 ABŞ dolları məbləğində pulun əvəzində 200.000 manat pul ödəyir. Yəni faktiki olaraq tərəflər belə razılığa gəlmişdilər ki, İddiaçı müqavilə üzrə öhdəliklərinə tam və vaxtında icra edə bilmədiyi üçün “F.İ.P" MMC onun ödədiyi pulu əvəzinə 200.000 manat ödəyir, Ş.Noruzov isə həmin şərtlə razılaşır. Göründüyü kimi İddiaçı özü müqavilə tərəf kimi götürülmüş öhdəliyi icra etmək qabiliyyətində olmadığından Cavabdeh MMC ilə razılaşmış və faktiki olaraq vililadan imtina etmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2007-ci il tarixli satış müqaviləsinin 5.4-cü bəndinə əsasən əgər Alıcı bu müqavilə ilə öhdəsinə götürdüyü müddət ərzində vaxtı- vaxtında villanın dəyərini ödəmədikdə və bu ödəniş 30 gündən artıq gecikdikdə “Satıcı” müqavilənin birtərəfli qaydada ləğv edilməsi hüququna malikdir. Həmçinin Alıcı gecikdirdiyi ödənişin hər gün üçün 0,1% məbləğdə penya ödəməlidir. Nəzərə alsaq ki, İddiaçı tərəfindən hazırki vaxtadək müqavilə üzrə 289.993 ABŞ dolları ödəniş edilmiş, ödənilməmiş qalmış öhdəliyi isə 155.507 ABŞ dolları təşkil edir, bu halda penya borcu ödənilməmiş borca mütənasib olaraq hesablanmalıdır. Cavabdeh axırıncı dəfə xx.xx.2008-ci ildə ödəniş etmişdir. Həmin vaxtdan hazırki vaxtadək isə onun tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Həmin vaxtdan hazırki vaxtadək olan dövr 156 ay təşkil edir. Nəzərə alsaq ki, gecikdirilən hər gün üçün cavabdehin ödəməli olduğu penya borcu 155 ABŞ dolları təşkil edir (ödənilməyən 155.507 ABŞ dolları borcun 0,1 faizi), bu halda cavabdehin ödəməli olduğu penya borcu - 155 ABŞ dolları vurulmalıdır 156 ayın gününə. Yəni (156 ay *365 gün) üçün ümumi penya məbləği əslində 8.825.700 ABŞ dolları təşkil etməlidir. Bununla belə Cavabdeh MMC humanistlik göstərərək ondan öhdəliklərini vaxtında yerinə yetirilməməsinə görə qeyd edilən pul məbləğini tələb etmir.
8. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı FİP MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş və məhkəmədən onun xeyrinə 441988 manat və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 287292 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya FİP MMC xx.xx.2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli villanın satıcı tərəfindən ona satılması ilə bağlı satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirməmiş, həmin villanı tikib İddiaçı təhvil verməmişdir. Bu səbəbdən iddiaçı ödənilmiş pulun və əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə verilən etiraza da göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1.-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 aprel 2007ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 №li villanın satıcı tərəfindən mənə satılması ilə bağlı 005 №li Satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bugünə qədər yerinə yetirməmiş, B26 tipli 105 №li villanı tikib mənə təhvil verməmişdir. Buna baxmayaraq mən həmin villanın tikilib mənə təhvil verilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 289.993 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 492.988 AZN pul ödəmişəm. Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərimin qeyd edildiyi kassa mədaxil orderinin qəbzləri də təsdiq edir. Həmin puldan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mənə 2021-ci il tarixdə 51.000 AZN pulu X6 vasitəsilə geri qaytarmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mənə 259.992 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 441.988 AZN pul borcludur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mənə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168.995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287.292 AZN əldən çıxmış fayda formasında pul ödəməlidir. Bundan başqa, 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 №li villanın satıcı tərəfindən mənə satılması ilə bağlı 005 №li Satış müqaviləsində müqavilənin etibarlılığını nəzərdə tutan 8-ci maddədə qeyd edilir ki, Alıcıya satılmış villa Daşınmaz əmlakın Dövlət reyestri xidmətində qeydiyyata alındıqdan sonra bu müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş hesab olunur və müqavilə öz qüvvəsini itirir. 26 aprel 2007-ci il tarixli 005 №li Satış müqaviləsində müqavilənin etibarlılığını nəzərdə tutan 8-ci maddəsindən də göründüyü kimi müqavilə hələ də qüvvədədir və müddətin tətbiqi məsələsindən söhbət gedə bilməz.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3424/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, 200.000 manat pul məbləğinin və 250,50 dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X3).
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Tərəflər arasında 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, iddia tələbləri həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bağlanılmış xx.xx.2022-ci il tarixli razılaşmanın müddəaları tətbiq edilməklə yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, sözügedən razılaşmanın şərtlərinə görə cavabdehdən iddiaçının xeyrinə cəmi 200.000 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə, həmçinin cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsinə hüquqi qiymət verərək, hesab etmişdir ki, tərəflər arasında 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 2022-ci ildə tərəflər arasında razılaşma əldə edildiyindən, iddia müddəti ötürülməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380-ci, 385.1-ci, 442-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək iddia tələblərinin tam şəkildə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə verilən etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə razılaşma imzalanmış və həmin razılaşmaya əsasən Cavabdeh MMC İddiaçı mübahisəli villiaya görə xx.xx.2007-ci ildə bağlanmış müqaviləyə əsasən İddiaçı ödədiyi 289.993 ABŞ dolları məbləğində pulun əvəzində 200.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Faktiki olaraq tərəflər xx.xx.2022-ci il tarixli razılaşmanı imzalamaqla xx.xx.2007-ci il tarixli müqaviləyə xitam vermişlər. 14. İşə baxan birinci instansiya məhkəməsi irəli sürülmüş tələb üzrə düzgün dəyərləndirmə aparmamış və belə qənaətə gəlmişdir ki, Cavabdeh MMC xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən öhdəliyi yerinə yetirməmişdir. Halbuki iddiaçı tərəfindən irəli sürülmüş tələb xx.xx.2007-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi olmuşdur. Yəni birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. 15. Belə ki, iddia tələbindən də göründüyü kimi iddiaçı xx.xx.2007-ci il tarixli müqavilə üzrə ödənilmiş 259.992 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 441.988 manat məbləğin və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 168.995 ABŞ dollarının, həmin pulun bu günə olan məzənnəsi ilə 287,292 manat məbləğinin əldən çıxmış fayda kimi ödənilməsi barədə tələb irəli sürmüşdür. xx.xx.2022-ci il tarixli razılaşma ilə müəyyən edilmiş öhdəliklər hazırki mübahisənin predmeti olmamışdır. İddiaçı xx.xx.2007-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar ödənilmiş pulun hazırki günə olan məzənnə ilə, həmçinin əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə irəli sürülmüş tələbin qanuni əsasını müəyyən etmədən və işin faktiki hallarını araşdırmadan tərəflər arasında mübahisə predmeti olmayan xx.xx.2022-ci il tarixli razılaşmaya istinad edərək və həmin müqavilədə müəyyən edilən müddəaları tətbiq edərək mübahisəni həll etmişdir. Halbuki iddiaçının irəli sürüdüyü tələbin hüquqi əsası tamamilə başqa olmuşdur. Yəni iddiaçının tələbi xx.xx.2022-ci il tarixli razılaşma üzrə deyil, xx.xx.2007-ci il tarixli müqavilə üzrə pul tələb olmuşdur. Bu səbəbdən məhkəmə xx.xx.2022ci il tarixli öhdəliklərin iddiaçının özü tərəfindən pozulmasını müəyyən etdiyi halda irəli sürülmüş iddianı rədd etməli idi. xx.xx.2007-ci il tarixli müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliklərin onun tərəfindən pozulmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Nə qədər ki, iddiaçı müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən pozulmasını iddia edir, həmin halı sübut etmə yükü onun üzərinə düşür. Digər tərəfdən cavabdehin müqavilə üzrə öz öhdəliklərini icra etməsi məqamı pulun iddiaçı tərəfindən tam ödənilməsi başa çatdıqdan sonra başlayır. Bununla belə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, villianın inşasını başa çatdıraraq istifadə üçün tam hazır etmişdir. Bundan əlavə iddiaçı xx.xx.2007-ci il tarixli müqavilə üzrə pulun tutulması ilə bağlı tələb irəli sürmək üçün iddia müddətini də ötürülmüşdür. Bununla bağlı etiraz ərizəmizdə bildirilmişik və məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişik. Lakin məhkəmə iddia müddətinin tətbiqi barədə məsələyə də düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm işin faktiki hallarına və irəli sürülmüş tələblərə uyğun olmamışdır. Belə ki, iddiaçıxx.xx.2007-ci il tarixli 005 saylı müqavilə üzrə öhdəliklərin Satıcı Cavabdeh MMC tərəfindən yerinə yetirilməməsinə istinad edərək pul tələb edir. İşə baxan məhkəmə isə əksinə mübahisə predmeti olmayan müqavilə üzrə hüquqi dəyərləndirmə apararaq mübahisəni həll etmişdir.
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 və 386.2-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətlərində qətnamənin tam ləğv olunmasını xahiş edildiyindən, qətnamə bütövlüklə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd etməyi zəruri hsab edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC (bundan sonra MMC) arasında xx.xx.2007-ci il tarixdə satış müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı 18 ay müddətinə Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanı tikərək təhvil verir və alıcı villanın dəyəri olan 445.500 ABŞ dolları pul vəsaitini xx.xx.2008-ci ilə qədər ödəməlidir. İddiaçı həmin məbləğdən xx.xx.2008-ci il tarixədək 289.993 ABŞ dolları pul vəsaiti ödəmişdir. 289.993 ABŞ dolları məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı iddia ərizəsində göstərir ki, ödədiyi məbləğdən 51.000 manat pulu cavabdeh MMC 2021-ci ildə ona qaytarmışdır.
27. İş materiallarından isə göründüyü kimi, tərəflər arasında bağlanmış satış müqaviləsi üzrə öhdəliklər sonadək icra edilməmişdir. Belə ki, təhvil verilməsi nəzərdə tutulan villa faktiki olaraq iddiaçıya təhvil verilməmiş, alıcı isə nəzərdə tutulan müddətdə ödəməli olduğu pulu tam şəkildə cavabdehə ödəməmişdir. Nəticədə tərəflər arasında mübahisə yaranmışdır və bununla bağlı tərəflər arasında danışıqlar aparılaraq xx.xx.2022-ci il tarixdə yazılı razılaşma bağlanılmışdır. Razılaşmaya görə iddiaçının ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat cavabdeh tərəfindən ona geri ödənilməsi ilə razı olduğunu bildirmişdir. Ödənişin icra müddəti razılaşmada qeyd edilməmişdir. İddiaçının izahatı və şahidin ifadəsinə görə həmin müddət 2 ay kimi razılaşdırılmışdır. İddiaçının ödədiyi məbləğlərin qarşılığında iddiaçıya 200.000 manat məbləğinin qaytarılması ilə bağlı razılaşmanın əldə edilməsi məhkəmə iclasında verilmiş şahid ifadəsində də öz təsdiqini tapır.
28. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı etibarnamə üzrə nümayəndəsi olmuşdur, ona daşınmaz əmlak alqı-satqısında köməklik etmişdir. Hüquqşunas kimi fəaliyyət göstərir. O, həmçinin, Cavabdeh MMC bağlanılmış müqavilə üzrə ödənilmiş pulun iddiaçıya geri qaytarılmasında sonuncuya yardım göstərirdi. İddiaçının Cavabdeh MMC-yə ödədiyi pullardan 51.000 manat hissəsi iddiaçıya qiymətli daşlar şəklində geri qaytarılmışdır. Hər iki tərəf həmin qiymətli daşların 51.000 manat məbləğinə olması barədə razılaşmışlar. Tərəflərin razılaşmasına görə qalan məbləğ aralarında bağlanılmış yazılı razılaşmaya əsasən 200.000 manat məbləğində olmaqla iddiaçıya ödənilməli idi. Həmin məbləğ oktyabr-noyabr aylarında ödənilməlidi idi və razılaşmaya əsasən bununla da 200.000 manat məbləğinin ödənilməsi ilə mübahisə bitməli idi. O, özü şəxsən qeyd edilmiş razılaşmanın imzalanmasında iştirak edib.
29. Digər tərəfdən, tərəflər arasında 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, iddia tələbləri həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bağlanılmış xx.xx.2022-ci il tarixli razılaşmanın müddəaları tətbiq edilməklə yoxlanılmalıdır.
30. xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmaya əsasən, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər.
31. İddiaçıya pulun alınıb verilməsi ilə bağlı iddiaçı tərəfindən vəkil edilmiş X5 (eyni zamanda razşılaşmada iştirak etməklə tərəflər arasında bağlanan razışalmanın təsdiqi ilə bağlı imza etmişdir) ifadəsindən müəyyən edilir ki, həmin razılaşmaya əsasən tərəflərin iradə ifadəsi məhz 200000 manatın iddiaçıya ödənilməsi ilə aralarında olan mübahisə bitməli idi. Tərəflərin bir biri qarşısında hər hansı bir öhdəliyi qalmamalı idi. Bu baxımdan kollegiya hesab edir ki, razılaşmanın mətnindəki İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsinə razı olması barədə cümlə tərəflərin iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olmaqla bu konteksdə qiymətləndirilməlidir. Yəni bu konsteksdə yanaşıldıqda və şahid ifadəsi ilə də təsdiqini tapdığı kimi bu formada razılaşma yəni 200000 manatın ödənilməsi tərəflərin bir-biri qarşısında öhdəliklərinə xitam verilməsi qəbul edilməklə qiymətləndirilməlidir. (Əlavə olaraq qeyd edilməlidir ki, bunun əksi olacağa halda tərəflər aralarında qalıq məbləği də razılaşmada göstərməklə hansı məbləğdə pul qaytarılmalı olduğunu, yəni öhdəliyin hansı həcmdə qaldığını müəyyən edərdilər.)
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
33. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
34. Göründüyü kimi xx.xx.2022-ci il tarixli razılaşmada tərəflərin iradə ifadələri yalnız 200.000 manat pulun Cavabdeh MMC tərəfindən iddiaçıya geri ödənilməsi ilə aralarında olan öhdəliklərə xitam verilməli olmasına yönəlmişdir.
35. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3424/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.