Məhkəmə qərarları › İş №2(103)-1635/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1635/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1635/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçının istifadəsinə verilmiş sayğacdan kənar təbii qazdan qeyri-qanuni kənar istifadə etməsi qeyd edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlar tərtib olunmuşdur. ******* nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qaz sərfiyyatının 15120 m3 , ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qaz sərfiyyatının 34560 m3 olması hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki,İddiaçı 2021-ci ilin dekabr ayında qalıq 6,42 manat, 2022-ci ilin dekabr ayında qalıq sərfiyyat üzrə 5,16 manat borc, akt üzrə 1814,40 manat borc, 2023-cü ilin sentyabr ayında qalıq sərfiyyat üzrə 0,12 manat, akt üzrə 4148,04 manat borc hesablanmışdır. Cəmi 11,7 manat sərfiyat üzrə qalıq, 5962,44 manat akt üzrə borc hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2010-cu ilin dekabr ayında qalıq 45,20 manat, 2011-ci ilin dekabr ayında qalıq 11,50 manat, 2018-ci ilin dekabr ayında qalıq akt üzrə 388,80 manat, 2021-ci ilin dekabr ayında qalıq 6,42 manat, 2022-ci ilin dekabr ayında qalıq sərfiyyat üzrə 5,16 manat borc, akt üzrə 1814,40 manat borc, 2023-cü ilin sentyabr ayında qalıq sərfiyyat üzrə 0,12 manat, akt üzrə 4148,04 manat borc hesablanmışdır. Cəmi 68,4 manat sərfiyat üzrə qalıq, 6351,24 manat akt üzrə borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının hesab koduna yazılmış 6240.74 manat məbləğin hesab kodundan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. İddiaçı tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair cavabdehin heç bir sübutu yoxdur.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, 2(008)-623/2024) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlara əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 6351,24 manat olan borcun silinməsi, 65 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Birinci instansiya məhkəməsi ekspert rəyində İddiaçı məxsus evdə yerləşdirilmiş sayğaca müdaxilə olunmadığının qeyd edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imzalamaqdan imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin, həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (yeni redaksiyada):

Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir.

17. Həmin qaydaların tələblərinə əsasən, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. “Qaz paylayıcısı” dedikdə isə alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.

19. Göründüyü kimi, qanunvericiliklə qaz paylayıcısının, yəni Cavabdeh üzərinə sayğaca müdaxilə halları aşkar edildikdə tərtib etdiyi aktı adıkeçən orqanlara təqdim etməsi vəzifəsi qoyulmuş və konkret olaraq müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.

20. Lakin iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin aktlar tərtib edilərkən onun bir nüsxəsinin nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), nə də cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.

21. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir.

22. Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.

23. Apellyasiya şikayətinin dəlillərində sadəcə sayğacın saldolarının, aktların, tələbnamələrin və fotoşəkillərin sübut qismində araşdırlmaması qeyd edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən qeyd olunan bu hallar iddia tələbinin əsaslılığını təkzib edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki, abonentin saldosu hesablanmış və ödənilmiş borcları, tərtib olunmuş akt keçirilmiş yoxlamanın nəticələrini, tələbnamə dəymiş ziyanı göstərir. Həmin sənədlər onsuz da iddiaçı tərəfindən mübahisələndirilir və onların qanuniliyi şübhə altındadır. Cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdə isə mübahisənin nəticəsi üçün kifayət qədər əhəmiyyət kəsb edəcək hallara rast gəlinmir.

24. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).

25. Belə olan halda, həmin sənədlərin mötəbərliyi şübhə altında olduğundan istehlakçının, yəni iddiaçının adına hesablanmış borcun əsaslı olmasını təsdiq etmir.

26. Yuxarıda göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, aşağıdakılara görə qətnamə silinməli olan borcun məbləği hissəsində dəyişdirilməlidir.

27. İşə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2024-cü il tarixli 3-16- 16/2-3/356 nömrəli rəyi ilə, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyi müəyyən edilmişdir.

28. Birinci instansiya məhkəməsi ekspert rəyi və aktlar üzrə hesablanmış borcu nəzərə alaraq silinməli olan borcun məbləğini 6351,24 manat qət etmişdir.

29. Apellyator ekspertizanın rəyini mübahisələndirsə də, ekspert rəyinin mötəbərliyini şübhə altına almaq üçün ilkin sübutları təqdim etməmiş, yalnız ümumi sözlərlə kifayətlənmişdir.

30. Kollegiya qeyd olunanlarla yanaşı hesab edir ki, birinci instansiya məhkəməsi silinməli olan borcun məbləği ilə bağlı qənaəti düzgün olmamışdır.

31. Belə ki, MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

32. İddiaçının tələbi cavabdeh tərəfindən onun hesab koduna yazılmış 6240.74 manat məbləğin silinməsi barədədir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq 6351,24 manat borcun silinməsi barədə nəticəyə gəlmişdir. Halbuki, məhkəmə baxışının predmeti yalnız irəli sürülən iddia üzrə 6240.74 manat məbləğin silinməsi tələbi ilə məhdudlaşmalı idi.

33. Digər tərəfdən, iddiaçı iki akt üzrə hesablanmış 6240.74 manat borcun silinməsini tələb etsə də, onun istinad etdiyi həmin aktlar üzrə hesablanan borcların məbləği 6240.74 manat təşkil etmir. Belə ki, abonent saldosundan da göründüyü kimi, xx.xx.2022-ci il tarixli akt üzrə 1814,40 manat, xx.xx.2023-cü il tarixli akt üzrə isə 4147,20 manat borc hesablanmışdır. Onların cəmi isə 6240.74 manat yox, 5961,6 manat təşkil edir.

34. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsində işə baxılarkən MPM-in 218.3-cü maddəsinin tələbi pozulduğundan və aktlar üzrə yazılan borcların cəmi düzgün hesablanmadığından apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 6351,24 manat borcun silinməsi hissəsində dəyişdirilməli və həmin məbləğ 5961,6 manat müəyyən edilməlidir.

35. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qaz xəttinə kənar qoşulma, qaz sayğacından kənar xətdən istifadə və s. barədəki dəlillərini əsassız sayır və hesab edir ki, həmin dəlillər təsdiq olunmadığından hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi 6351,24 manat əsassız hesablanmış borcun silinməsi hissəsində dəyişdirilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlara əsasən **********00000 saylı abonent İddiaçı abonent hesabından silinməli olan borcun məbləği 5961,6 (beş min doqquz yüz altmış bir manat, altmış qəpik) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar