Məhkəmə qərarları › İş №2(103)-1637/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1637/2022

24.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1637/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 24 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "SİLK WAY Aviaşirkəti” MMC ilə İddiaçı arasında 15.12.2006-cı il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı həmin Aviaşirkətdə “Uçuş dəstəsinə İL-76 tipli HG-nin naviqatoru” vəzifəsinə işə qəbul edilmiş, 01.11.2011-ci il tarixdə “Uçuş dəstəsinə İL-76 tipli HG-nin təlimatçı-naviqatoru” vəzifəsinə keçirilmişdir.

2. "SİLK WAY Aviaşirkəti” MMC-nin Uçuşların Təhlükəsizliyi üzrə Direktorun müşaviri S.Yermak tərəfindən tərtib olunmuş 09 sentyabr 2020-ci il tarixli raportda qeyd edilmişdir ki, 22 iyul 2020-ci il tarixdə şirkətin Prezidenti tərəfindən şirkətin təlimatçınaviqatoru İddiaçı 05 sentyabr 2019-cu il tarixli Məlumat vərəqəsi əsasında araşdırma aparılması tapşırılmış, aparılan xidməti araşdırmada aşağıdakılar müəyyən edilmişdir: X1 edilməsi üzrə Təlimata əsasən "Mütləq məlumat blankı” UT üzrə sənədlərin aparılmasına, o cümlədən informasiyanın təhlilinə və risklərin qiymətləndirilməsinə, əldə edilmiş informasiyanın auditinin nəticələri üzrə tədbirlərin görülməsinə görə məsuliyyət daşıyan UTİ-nin rəhbərinə vaxtında təqdim edilməmişdir. Bununla da "Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 4-cü Bölməsinin h) bəndi ("Bütün aviasiya heyəti”), 7-ci Bölməsinin 3-cü bəndi ("UTİS-in məqsəd və vəzifələri”) pozulmuşdur. UT üzrə faktiki və ya potensial təhlükə mövcud olduqda uçuşların təhlükəsizliyi ilə bağlı faktlar "Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 16-cı Bölməsinin 2-ci bəndində qeyd edilmiş müddəalara uyğun olaraq UT Şöbəsinə dərhal bildirilməlidir: təlimatçı-naviqator İddiaçı "Silk Way” Aviaşirkətinin X1 edilməsi üzrə Təlimatının 14-cü Bölməsinin c) və d) bəndləri ("UT üzrə informasiyanın mühafizəsi”), 15-ci Bölməsi ("Məlumatların məxfilik prosedurları”) ilə nəzərdə tutulan informasiyanın toplanması, qeydiyyatı və yayılmasının qaydaları və metodikası baxımından xüsusi prosedurları pozmuşdur. Bununla da İddiaçı məlumatların məxfilik prosedurlarını və məlumatların məxfilik sistemini pozmuşdur.

3. "SİLK WAY Aviaşirkəti” MMC-nin Həmkarlar ittifaqı təşkilatına ünvanlanmış 23 sentyabr 2020-ci il tarixli, 908/1-ÇS/SWA/HR nömrəli təqdimatla İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilməsi üçün qərar verilməsi xahiş olunmuş, MMC-nin həmkarlar ittifaqı komitəsinin 23 sentyabr 2020-ci il tarixli 01/HİK/ nömrəli məktubu ilə Hİ-nın üzvü olan İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin qərar qəbul olunması mümkün hesab edilmişdir.

4. "SİLK WAY Aviaşirkəti” MMC-nin 24 sentyabr 2020-ci il tarixli, 72-A nömrəli əmri ilə MMC-nin uçuş dəstəsinin İL-76 HG üzrə təlimatçısı İddiaçı əmək müqaviləsi 24 sentyabr 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəzifəsinə bərpa olunması, qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh MMC-nin direktoru X4 tərəfindən imzalanmış 24 sentyabr 2020-ci il tarixli 72-A saylı əmr əsaslandırılmamış, tutarlı səbəb olmadan guya əmək müqaviləsinin öhdəliklərini və şərtlərini (Əmək müqaviləsinin 10-cu bəndinin "e” bəndi), əmək intizamı və aviaşirkətin daxili intizam qaydalarını kobud şəkildə pozduğu qeyd olunmaqla işdən azad edilmişdir. Şirkətdə 14 il qüsursuz işləmiş, bir dəfə olsun belə əmək fəaliyyəti dövründə əmək şərtlərini pozmamış, verilən tapşırıqları icra etmişdir. Rəhbərliyə onun haqqında yanlış məlumatın çatdırılması nəticəsində Əmək Məcəlləsinin "xxxx" bəndi ilə işdən çıxarılması barədə əmr verilmiş, bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmiş, Əmək Məcəlləsinin normaları və tələbləri gözlənilmişdir.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2021-ci il i tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətində istinad etdiyi dəlilləri sübut edə bilmədiyindən, həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin mübahisələndirilən 24 sentyabr 2020-ci il tarixli əmri aşağıdakı qaydada əsaslandırılmışdır (əmrdə yazıldığı kimi): Cavabdeh MMC-nin Uçuşların təhlükəsizliyi üzrə direktorun müşaviri X3 09 sentyabr 2020-ci il tarixli raportuna əsasən uçuşların təhlükəsizliyi ilə bağlı konkret faktların araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh MMC və Uçuş dəstəsinin İL-76 HG üzrə təlimatçı naviqatoru İddiaçı arasında bağlanan 22.01.2019 tarixli 104-19 N-li əmək müqaviləsinin öhdəlikləri və şərtləri (Əmək Məcəlləsinin 10-cu bəndinin “e” bəndi), əmək intizamı və aviaşirkətin daxili intizam qaydaları İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur”. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə hüquq verən 2 əlaqəli, lakin müstəqil əsasları nəzərdə tutmuşdur: 1. işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Mübahisələndirilən əmrdə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə istinad olunmuş, Məcəllənin 72-ci maddəsinin konkret əsaslarına istinad edilməmişdir. Əmrdə iddiaçının əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri və şərtləri, əmək intizamını və aviaşirkətin daxili intizam qaydalarını kobud şəkildə pozması qeyd olunmuşdur. Lakin əmrdə ƏM-nin 71-ci maddəsinin 2 və 3-cü bəndlərinin tələbləri pozulmaqla, iddiaçının qeyd olunan pozuntularının konkret nədə ifadə olunması, nə vaxt və hansı şəraitdə törədilməsi, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulubpozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulması göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şirkətin əmrdə istinad etdiyi MMC-nin təhlükəsizliyi üzrə direktorunun müşaviri X3 09 sentyabr 2020-ci il tarixli raportunda da iddiaçı tərəfindən X1 edilməsi üzrə Təlimatın bir-neçə bəndlərinin pozulması nəticəsində məlumatların məxfilik prosedurlarının və məlumatların məxfilik sisteminin pozulması qeyd olunsa da, yuxarıda qeyd olunan məsələlər açıqlanmamışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan halları məhkəmələrin nəzərinə çatdırsa da, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlamış və bir cümlə ilə apellyasiya şikayətini əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə heç bir hüquqi qiymət verilməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, cavabdeh MMC 23 sentyabr 2020-ci il tarixdə təqdimatla Cavabdeh MMC-nin həmkarlar ittifaqı təşkilatının sədrinə təqdimat ünvanlayaraq direktorun müşaviri X3 09 sentyabr 2020-ci il tarixli raportu və İddiaçı 23 sentyabr 2020-ci il tarixli izahatları əlavə edilməklə, iddiaçı ilə əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edilməsinin planlaşdırıldığını qeyd etmiş və bununla bağlı qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri Fərrux Sultanovun eyni tarixli məktubu ilə MMC-yə göndərilmiş qərarla işəgötürənin və ona əlavə olunan əsaslandırıcı sənədlərin əmək qanunvericiliyin tələblərinə uyğun hesab olunmaqla, əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmkarlar ittifaqı təşkilatının həmin qərarının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq əsaslandırılmaması, o cümlədən işəgötürənin müraciət edildiyi gündə komitə üzvlərinin toplanaraq təqdimat üzrə obyektiv qərarın qəbul edilməsinin mümkünlüyü araşdırılmamış, bununla bağlı həmkarlar ittifaqının iclas protokolunun məhkəməyə təqdim edilməsi təklif olunmamışdır. Bundan əlavə iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş mümkün pozuntunun nə vaxt törədilməsi və nədən ibarət olması konkret olaraq əmrdə göstərilməsə də, həmin əmrin qəbul edilməsi üçün əsas olmuş raportda iddiaçının tərtib etdiyi 05 sentyabr 2019-cu il tarixli məlumat vərəqəsinə istinad olunmuşdur. Yəni belə nəticəyə gəlmək olar ki, iddiaçının törətdiyi mümkün pozuntu azı 05 sentyabr 2019-cu il tarixdə, ya da ki, ondan əvvəlki tarixlərdə baş vermiş, bununla bağlı şirkətin prezidenti tərəfindən 22 iyul 2020-ci il tarixdə araşdırmanın aparılması tapşırılmış, 09 sentyabr 2020-ci il tarixdə araşdırmanın nəticəsində raport və nəhayət 24 sentyabr 2020-ci il tarixdə işəgötürənin mübahisələndirilən əmri qəbul edilmişdir. Lakin məhkəmələr tərəfindən iddiaçı barəsində həmin əmr qəbul edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsi ilə müəyyən olunmuş müddətlərə riayət olunubolunmaması məsələsi araşdırılmamış və bu hallara hüquqi qiymət verilməmişdir”.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası

13. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh Şirkətin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

14. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

15. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

16. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

17. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

18. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

19. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

20. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.

21. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

31. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

32. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır.

33. Digər tərəfdən kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir.

34. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır.

35. Kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, mübahisələndirilən əmrin qəbul edilməsi üçün əsas olmuş raportda iddiaçının tərtib etdiyi 05 sentyabr 2019-cu il tarixli məlumat vərəqəsinə istinad olunmuşdur və bu o deməkdir ki, onun törətdiyi irəli sürülən pozuntu 05 sentyabr 2019-cu il tarixdə, ya da bundan əvvəlki tarixlərdə baş vermişdir. Başqa sözlə, mübahisələndirilən əmr verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi də pozulmuşdur.

36. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh MMC-nin həmkarlar ittifaqı təşkilatının sədrinə ünvanladığı 23 sentyabr 2020-ci il tarixdə təqdimat əsasında komitə üzvlərinin eyni gündə toplanaraq qəbul edilməsinin mümkünlüyü araşdırılmış, bununla bağlı həmkarlar ittifaqının iclas protokolunun məhkəməyə təqdim edilməsi təklif olunmuş, 23.09.2020-ci il tarixli 9 saylı protokol təqdim edilsə də, nə həmin sənədin hansı səbəblə 2020-ci ilin oktyabr ayından başlayan məhkəmə prosesləri ərzində təqdim edilmədiyinin, nə də təqdimatda göstərilən məsələlərin bir-neçə saat ərzində necə araşdırıldığının ağlabatan izahı verilməmişdir.

37. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, Cavabdeh MMC-nin 72-A saylı 24.09.2020-ci il tarixli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin MMC-nin “Uçuş dəstəsinə İL-76 tipli HG-nin təlimatçı-naviqatoru” vəzifəsinə bərpa olunmalıdır.

39. Bununla belə kollegiya, iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etmir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir.

40. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.

41. Həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.

42. “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X5 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir.

43. Kollegiya cavabdeh MMC-nin iddiaçı barəsində verdiyi əmrin ləğv edilərək onun vəzifəsinə bərpa olunmasını və məcburi işburaxmaya görə əmək haqqının xeyrinə tutulmasını ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3369/2020 saylı iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. Cavabdeh MMC-nin 72-A saylı 24.09.2020-ci il tarixli əmri ləğv edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin MMC-nin “Uçuş dəstəsinə İL-76 tipli HG-nin təlimatçı-naviqatoru” vəzifəsinə bərpa edilsin. 24 sentyabr 2020-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar