Məhkəmə qərarları › İş №2(103)-1639/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1639/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1639/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-161/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı – Cavabdeh (3-cü şəxslər X14 və Müslüm-zadə Cahangir Mövsüm oğlu qeyd edilən) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 228500 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-161/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 190695 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, 5 manat hissəsinin İddiaçı aid edilməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 manatın 50 manat hissəsinin İddiaçı, 450 manat hissəsinin Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamə ilə razılaşmış onu mübahisələndirməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(009)-161/2020 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin bütünlüklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5416/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(009)-161/2020 nömrəli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, Cavabdeh 190695 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, qətnamənin məhkəmə xərclərinin tutulması hissəsində dəyişdirilməməsi qərara alınmışdır. Cavabdeh Möhsüm qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5416/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-5493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5416/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçıya icarəyə verilmiş Bakı şəhəri, Səbail rayonu, Böyük Qala-4 döngəsi, 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hazırkı mülkiyyətçiləri X9, X25 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və şikayəti müdafiə edərək göstərdi ki, iddiaçı tərəf cavabdehə məxsus olmuş obyektdə quraşdırılmış yüngül inşaat konstruksiyalarına görə çəkilmiş xərclərin ödənilməsi tələbində əsas kimi tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə istinad edir.Halbuki həmin müqavilənin 12-ci bəndinin tələbinə əsasən (şərtinə görə) icarəçi öz təşəbbüsü ilə müqavilə müddəti başa çatmazdan qabaq və yaxud sonra fəaliyyətini dayandırdıqda ödənilmiş icarə haqqı və obyektdə çəkdiyi xərcləri tələb edə bilməz, düzdür, müqavilənin 13-cü bəndində zərurət olacağı təqdirdə icarəçinin icarə obyektində yüngül inşaat konstruksiyalarından qapalı ərazi yarada biləcəyinin mümkünlüyü nəzərdə tutulmuşdur, lakin bunun həyata keçirilməsi də icarəyə verənin qabaqcadan razılaşdırılması şərtinə bağlanılmışdır, müqavilənin 14-cü bəndi də açıq şəkildə icarəyə verənin qabaqcadan, həm də yazılı razılığı olmadan icarəçi tərəfindən icarə obyektində heç bir dəyişiklik və təmir-tikinti işlərinin aparmaq səlahiyyətinin olmadığı təsbit olunmuşdur, müqavilənin 23-cü bəndində isə nəzərdə tutulmuşdur ki, icarəyə verənlə qabaqcadan yazılı şəkildə razılaşdırılmadan obyektdə çəkilmiş hər hansı xərclər icarəyə verən tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti icarəçinin üzərinə düşür.Həmçinin də nəzərə almaq lazımdır ki, cavabdeh həmin obyekti satdıqdan sonra da iddiaçı obyektdəki fəaliyyətini xeyli müddət davam etdirmiş, iddiaçı obyektdə fəaliyyətini özü dayandırmışdır, cavabdeh onu çıxarmamış, o, fəaliyyətini dayandırarkən cavabdeh obyektin mülkiyyətçisi olmamışdır, həmin obyekt cavabdeh tərəfindən özgəninkiləşdirilsə də, əldə etdikləri məlumata əsasən həmin obyekt bu gün də iddiaçıların istifadəsindədir, belə olan halda bəlli olur ki, həmin müqavilə etibarlı sayılacağı halda, müqavilənin istinad olunan şərtlərinə görə iddiaçının tələbi aşkar əsassız olmuşdur. Buna baxmayaraq, işə baxmış rayon məhkəməsi bütün bunları nəzərə almamış, qətnaməsində tərəflər arasında bağlanmış icarə müqaviləsinə istinad etsə də, müqavilənin şərtlərinin düzgün təfsir etməmiş, həmin müqavilənin daşınmaz əmlakla bağlı olduğunu, buna görə də müvafiq qaydada rəsmi reyestrdə qeydə alınmalı olmasına dair qanunun tələbini, eləcə də işə baxmış rayon məhkəməsi (məhkəmələrin heç biri) həmin obyektin xüsusi statuslu Qoruğun ərazisində yerləşməsini, Qoruğun müvafiq qaydada razılığı(icazəsi) alınmadan həmin ərazidə hər hənsı tikinti, yenidənqurma, eləcə də təmirbərpa işlərinin aparılmasına dair (hər hansı) müqavilənin əhəmiyyətsiz olmasını nəzərə almamış, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, rayon məhkəməsi həm də iddia tələbindən kənara çıxmış, iddiaçı həmin tikililərə görə 180.000 manat tələb etdiyi halda, rayon məhkəməsi cavabdehdən 190.695 manat tutmuşdur,bu pozuntu iş üzrə Ali Məhkəmənin qərarında da təsbit olunmuşdur. Beləliklə də müəyyən olunur ki, iddiaçının tələbinin qanuni əsası mövcud deyil, çünki iddiaçının istinad etdiyi müqavilə etibarsızdır, əsassız varlanmanın olmadığı Ali Məhkəmənin iş üzrə qərarında müəyyən olunmuşdur, işin halları ilə də müəyyən olunur ki, iddiaçının Qoruğun ərazisində inşa etdiyi yüngül inşaat konstruksiyalarına görə məhz Qoruqla müqavilə bağlanılmış və müvafiq olaraq da Qoruğa ödəmələr edilmişdir, həmin artırmalara görə iddiaçı cavabdehə əlavə icarə haqqı ödəməmiş, cavabdeh həmin obyekti satarkən də onu ilkin qeydiyyat sənədlərində olan ölçüdə satmışdır, ekspertizanın rəyi ilə də müəyyən olunur ki, obyekt satılarkən onun qiyməti məhz rəsmi qeydə alınmış sahəsinin qiymətinə uyğun olmuşdur. İddiaçının inşa etdiyi sahələr alğı-satqının predmeti olmamışdır, eləcə də hazırkı halda özgə işlərinin tapşırıqsız aparılmasından da söhbət gedə bilməz, çünki bu halda da cavabdehin varlanması şərti tələb olunur, bunun isə baş vermədiyi yuxarıda qeyd olunmuşdur, hesab edir ki, hazırkı halda, əgər iddiaçı özü, həqiqətən də, həmin obyekti idarə etmirsə, onda obyektdə əlavə etdiyi, əsasən plastik materialdan olan yüngül inşaat konstruksiyalarını söküb aparmaq hüququ və imkanı var, “İcarə haqqında” Qanunun 5-ci maddəsinin 7-ci bəndinə əsasən də iddiaçı bu hüququnu həyata keçirə bilər. Qeyd olunanlara əsasən şikayətin təmin olunaraq, rayon məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunan hissədə ləğv edilməsi və həmin hissədə də tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsinin xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, tərəflər arasında daşınmaz əmlakın icarə müqaviləsi notariat qaydasında bağlanmış, düzdür, həmin müqavilə reystrdə qeydə alınmamışdır, lakin tərəflərin könüllü iradəsinə uyğun olmuşdur, hesab edir ki, müqavilə etibarlıdır və onların tələbi də məhz müqavilədən irəli gələn tələbdir və müqavilə şərtlərinə uyğun olaraq da cavabdeh icarə obyektində iddiaçı tərəfindən qarşılıqlı razılıq əsasında əlavə olaraq inşa edilmiş tikililərə görə çəkdiyi xərci ödəməyə borcludur, müqavilənin 13 və 22-ci bəndləri ilə müqavilənin 14 və 23 bəndləri başqa-başqa məsələləri tənzimləyir, müqavilənin 22-ci bəndi xsüusi şərtdir və müqavilənin digər şərtlərindən asılı deyil, ona görə də həmin əlavə inşa edilməş sahələrin tikilisinə cavabdehin yazılı razılığı təlb olunmur, tərəflər arasında buna dair ümumi razılıq olmuşdur, ona görə də hesab edir ki, rayon məhkəməsi müqaviləyə istinad etməkdə və onun şərtlərini cavabdehin əlavə tikiliyə görə çəkilən xərclərə münasibətdə cavabdehin ödəmək öhdəliyinin olması kimi təfsir etməkdə tam haqlı olmuşdur. Bununla belə, iddiaçının nümayəndəsi cavabdeh tərəfindən həmin obyekt satıldıqdan xeyli müddət sonra da iddiaçının orada fəaliyyət göstərməsini, həmçinin də Qoruqla həmin obyektin yerləşdiyi ünvanda 100 kv.m. sahənin (əlavə tikilinin olduğu) ayrılmasına dair bağlanmış müqavilələrin (müqavilədə onların tərəfindən S.Ələsgərov göstərilmişdir) tərəfi olduqlarını, buna müvafiq olaraq Qoruğa hər ay ödənişlər etdiyini təsdiq edərək, həmin tikililərə görə cavabdehə icarə müqaviləsində müəyyən olunandan əlavə ödənişin edilməsi, iddiaçının fəaliyyətini hansı səbəbdən dayandırmasını, eləcə də hal-hazırda iddiaçının həmin obyektdə sahiblik edib-etməməsi kimi məsələlərə izah verə bilmədi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi E.Bayramova qeyd etdi ki, Qoruğun xüsusi statusu ölkə Prezidentinin müvafiq Fərmanlarına əsasən müəyyən olunmuşdur, Qoruq hal-hazırda “icra hakimiyyəti orqanı” hüquqi statusuna malik publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq etdiyi ““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında” Əsasnaməyə görə Qoruğun ərazisində yerləşən tarixi abidələr mülkiyyət formasından asılı olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada icarəyə verilə bilər, habelə Qoruğun ərazisində hər hansı tikinti işlərinin aparılması qadağan edilmişdir, təmir işlərinin də yalnız Qoruğun razılığı əsasında aparılması nəzərdə tutulmuşdur, Prezidentin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş ““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nidə nəzərdə tutulmuşdur ki, Qoruq onun ərazisində yerləşən, o cümlədən də xüsusi mülkiyyətdə olan abidələrlə bağlı təmir, bərpa və s. işlərin həyata keçirilməsinə razılıq verir və buna nəzarət edir, bu cür layihələri təsdiq edir, Qoruğun ərazisində abadlıq və yenidənqurma işlərinin aparılmasına razılıq verir, Qoruğun ərazisində yerləşən obyektlər icarəyə verilərkən müəyyən olunmuş rejimə əməl olunmasına nəzarət edir, həmçinin də Qoruq ərazidə hər hansı işlərin aparılmasına qadağa qoymaq və icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir, bütün qeyd olunanları nəzərə almaqla hazırkı mübahisınin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 552,8 kv/metr olan, 3 mərtəbədən ibarət Bakı şəhəri, Səbail Rayonu, Böyük Qala-4 döngəsi, 3 ünvanında yerləşən qeyri yaşayış binası xx.xx.2011-ci il tarixdə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli sadə yazılı razılaşmadan görünür ki, icraçı X14 ilə icarədar Müslüm-zadə Cahangir Mövsüm oğlu arasında Bakı şəhəri, Səbail Rayonu, Böyük Qala-4 döngəsi, 3 ünvanında yerləşən qeyri-yaşayış binasının icarəyə verilməsi razılaşdırılmışdır. Razılaşmanın 6-cı və 7-ci bəndlərinə görə icarəçi icarə predmeti olan binanın damında və həyətində "cam balkon" konstruksiyası qurulması hüququna malikdir. Razılaşmanın 10-cu bəndinə görə icarə predmeti satıldığı halda, icarəyə verən həmin konstruksiyaların qurulması ilə əlaqədar icarəçi tərəfindən çəkilmiş xərcləri, yəni 180000 manat məbləğində pul vəsaitinin icarəçiyə ödənilməsi barədə öhdəlik götürmüşdür. Müslüm-zadə Cahangir Möhsüm oğlu (Müslüm-zadə Leyla Möhsün qızının əvəzinə) ilə X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli İcarə Müqaviləsindən görünür ki, icarəyə verən Müslüm-zadə Leyla Möhsün qızı (tam hissə, 552.8 kv/m, 3 mərtəbəli, zirzəmi, o cümlədən 305.3 kv/m əsas sahə və 247.5 kv/m köməkçi sahə, mətbəx avadanlığı ilə birlikdə) icarəçi X3 çay evi və restoran məqsədi ilə icarəyə vermişdir. Müqavilə ilə icarə müddəti üç il, xx.xx.2019-cu ilədək müəyyən edilmişdir.Həmin müqavilə Bakı ş. 46 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, lakin müqavilə daşınmaz əmlakın reyestrində qeydə alınmamışdır. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən icarə müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflərin həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədiyi halda icarə müddətinin daha bir il müddətinə uzadılması razılaşdırılmışdır. Müqavilənin 6-cı bəndinə əsasən aylıq icarə haqqı 1500 manat, onun ödənilməsi isə hər ayın 10-dan gec olmayaraq müəyyən edilmişdir. Müqavilənin 13-cü bəndinə təsbit olunmuşdur ki, zərurət olarsa, “İcarəçi” icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazi yarada bilər. “İcarəçi” bu xərclərin məbləğini “İcarəyə verən”lə əvvəlcədən razılaşdırmalıdır. Müqaviləni 14-cü bəndinə əsasən isə “İcarəçi” “İcarəyə verən”in yazılı razılığı olmadan icarə obyektində heç bir dəyişiklik edə bilməz və icarəyə götürülən sahədə təmirtikinti işləri apara bilməz. Həmin müqavilənin 22-ci bəndinə əsasən obyekt “İcarəyə verən” tərəfindən satıldığı halda, binanın damında və həyətində “İcarəçi” tərəfindən qurulmuş örtülü ərazilərə çəkilmiş xərclər Tərəflərin qarşılıqlı razılığı əsasında “İcarəyə verən” tərəfindən “İcarəçi”yə ödəniləcəkdir. Müqavilənin 23-cü bəndinə isə təsbit olunmuşdur ki, “İcarəyə verən”lə qabaqcadan yazılı şəkildə razılaşdırılmadan Obyektə çəkilmiş hər hansı xərclər “İcarəyə verən” tərəfindən qarşılanmayacaqdır və onun bütün məsuliyyəti “İcarəçi”nin üzərinə düşəcəkdir. X4 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Müslüm-zadə Cahangir Mövsüm oğlu X7 İçəri Şəhərdə yerləşən Çay Bağı adlanan obyektin 2020-ci oktybara qədər olan dövr üçün oktyabr 2020- ci il üçün nəzərdə tutulmuş icarə haqqını 80.000 manat müəyyən etmişlər. Həmin icarə haqqının 25.000 manatını 12 mart 2019-cu il tarixdə almış, qalan 55.000 manatının 2019- cu ilin oktyabr ayında ödənilməsinə razılaşmışlar. X4 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X1 Əliyevdən 10.000 manat almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən vəkil sorğusuna əsasən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, ünvan ünvanda yerləşən qeyri-yaşayış binası 53 saylı NKnun xx.xx.2019-cu il tarixli 4Ə-818 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X17 (1/4 hissə, 138,2 kv/metr) və X2 (3/4 hissə, 414.6 kv/metr) adlarına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. ünvan ünvanda yerləşən qeyri-yaşayış binasının 53 saylı NK-nun xx.xx.2019-cu il tarixli 4Ə-818 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan həmin 552.8 kv/m sahəsi olan binanı X19 (1/4 hissə, 138,2 kv/metr) və X5 (3/4 hissə, 414.6 kv/metr) ümumilikdə ******* manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Haquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 552.80 kv/metr, hüquq sahibləri (1/4 hissə, 138,2 kv/metr) X17, (3/4 hissə, 414.6 kv/metr) X2 adlarına qeydiyyatdan keçmişdir. X10 və X25 ilə X21 arasında bağlanmış xx.xx.2019-cu il tarixli İcarə Müqaviləsindən görünür ki, ünvan ünvanda yerləşən ümumi sahəsi 552.8 kv/metr olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən X10 (3/4 hissə, 414.6 kv/metr), X25 (1/4 hissə, 138,2 kv/metr) hissəsini icarəçi X15 icarəyə vermişlər. İcarəçinin nümayəndəsi Müslüm-zadə Cahangir Mövsüm oğlu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bildirişə əsasən oktyabr 2019-oktyabr 2020-ci il tarixləri əhatə edən dövr üçün icarə haqqı 80000 manat müəyyən edilmiş və həmin məbləğin 25000 manat məbləğində olan hissəsi xx.xx.2019-cu ildə Elçin Əliyev tərəfindən icarəyə verənə ödənilmiş, bildirişdə həmçinin yerdə qalan 55 min manatın oktyabr 2019-cu ilə qədər ödənilməsi qeyd edilmişdir. X4 tərəfindən xx.xx.2019-cu il tarixdə daha bir bildiriş təsdiq edilmiş və bu bildirişə əsasən o İbadət Əliyev adlı şəxsdən 10000 manat məbləğində pul almışdır. “İçəri şəhər” DTMQ İdarəsi ilə fiziki şəxs S.Ələsgərov arasında 31 avqust 2018-ci il tarixli BFA-47/18 saylı “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, müvafiq xidmətlərin göstərilməsi üçün Böyük Qala 4-cü döngə 3 (“Çay bağı145” kafesinin qarşısı) ünvanında yerləşən 97 kv./m. açıq sahənin iaşə obyekti ayrılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən həmin sahənin ayrılması müqabilində istifadəçi Qoruğa hər ay 1000 manat həcimində pul ödəyir.Ödəmənin hər ayın 5-dən gec olmayaraq nəğd və ya köçürmə yolu ilə həyata keçirilməsi müəyyən olunmuşdur. Müqvilənin 6.5-ci bəndində nəzərdə tutulmuşdur ki,istifadəçi turizm infrastrukturu obyekti kimi istifadə olunan ərazinin qorunub saxlanma qaydalarını pozduqda, həmçinin də ondan birbaşa təyinatı üzrə istifadə etmədiyi hər bir hal üçün Qoruğa 1000 manat cərimə ödəməli və dəymiş ziyanı öz hesabına aradan qaldırmalıdır. Həmin müqavilənin 6.6-cı bəndinin tələbinə görə isə müqaviləyə xitam verildikdən sonra turizm infrastrukturu obyekti Qoruğa təhvil verilmədikdə istifadəçi gecikdirilən hər gün üçün 500 manat cərimə ödəməlidir. “İçərişəhər” DTMQ İdarəsi ilə fiziki şəxs S.Ələsgərov arasında xx.xx.2019-cu il tarixli BFA-13/19 saylı “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, müvafiq xidmətlərin göstərilməsi üçün Böyük Qala 4-cü döngə 3 (“Çay bağı145” kafesinin qarşısı) ünvanında yerləşən 100 kv./m. açıq sahənin ayrılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən həmin sahənin ayrılması müqabilində istifadəçi Qoruğa hər ay 4000 manat həcimində pul ödəyir.Ödəmənin hər ayın 5-dən gec olmayaraq nəğd və ya köçürmə yolu ilə həyata keçirilməsi müəyyən olunmuşdur. Müqvilənin 6.5-ci bəndində nəzərdə tutulmuşdur ki,istifadəçi turizm infrastrukturu obyekti kimi istifadə olunan ərazinin qorunub saxlanma qaydalarını pozduqda, həmçinin də ondan birbaşa təyinatı üzrə istifadə etmədiyi hər bir hal üçün Qoruğa 1000 manat cərimə ödəməli və dəymiş ziyanı öz hesabına aradan qaldırmalıdır. Həmin müqavilənin 6.6-cı bəndinin tələbinə görə isə müqaviləyə xitam verildikdən sonra turizm infrastrukturu obyekti Qoruğa təhvil verilmədikdə istifadəçi gecikdirilən hər gün üçün 500 manat cərimə ödəməlidir. "xxxx" MMC-nin verdiyi hesabatından görünür ki, yay bağçasının quraşdırılmasına çəkilən xərc 71172 manat və mansardın quraşdırılmasına çəkilən xərc 119523 manat məbləğində hesablanaraq, onları müvafiq olaraq yuvarlaq qiymət kimi 71000 və 119500 manat kimi göstərilməklə qeyd edilən qeyri-yaşayış binasının damında və həyətində qurulmuş örtülü ərazilərə çəkilmiş xərcin 190500 manat məbləğində müəyyən olunması nəticəsinə gəlinmişdir. "xxxx" MMC Qiymətləndirmə şirkətinin MB 15/0428 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən məlum olur ki, ünvan ünvanda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 552.8 kv/metr bazar dəyəri 6 600.000 manat, ümumi sahəsi 783,8 kv/metr bazar dəyəri 7 754.000 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında təkrar baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Apellyasiya Məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)- 5493/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...ilk olaraq qeyd olunmalıdır ki, iddia ərizəsinin nəticə hissəsində cavabdehdən ümumilikdə 228500 manat məbləğində pul vəsaitinin tutulması məhkəmədən xahiş olunsa da, iddianın məzmunundan müəyyən edilir ki, həmin məbləğ iki hissədən ibarət olmuşdur: 1. 180000 manat olmaqla, icarə predmetinin damında və həyətində “Cambalkon” konstruksiyalarının qurulması ilə əlaqədar iddiaçının çəkdiyi xərcin əvəzi, 2. 48500 manat (ayrı-ayrılıqda 13500 manat və 35000 manat) olmaqla, artıq ödənilməsi iddia olunan icarə haqqı. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi ikinci tələbi əsassız hesab etməklə iddianı həmin hissədə rədd etmiş, lakin iddianın birinci hissəsinə hüquqi qiymət verməklə, cavabdehdən iddiaçının xeyrinə 190695 manat məbləğində pul tutmuşdur. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. Lakin cavabdehin apellyasiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual qanunvericiliyin həmin pozuntusu aradan qaldırılmamış, əksinə qətnamə ləğv edilərək, iddia mübahisələndirilən hissədə yeni əsasla təmin edilərkən də eyni səhvə yol verilmiş və yenidən iddia tələbinin hədlərindən kənara çıxmaqla, 190695 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Belə olduqda isə tərəflər arasında olan mübahisəyə əsassız varlanmaya dair müddəalar MM-in 1091.2-ci maddəsinə əsasən tətbiq edilə bilməz. Həmin maddəyə əsasən isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Məhkəmə kollegiyasının mövqeyinə görə hazırki mübahisə tərəflər arasında imzalanmış müqavilənin şərtləri, habelə kirayə (icarə) müqaviləsinə dair maddi hüquq normaları tətbiq olunmaqla, həll olunmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin mübahisənin həlli üçün tətbiq edilməsinin qeyri-mümkünlüyünə dair mövqeyini müqavilənin 23-cü bəndi ilə əsaslandırmışdır. Lakin müqavilənin həmin bəndindən görünür ki, obyektə çəkiləcək “hər hansı” xərclər “İcarəçi” tərəfindən “İcarəyə verən”lə qabaqcadan yazılı şəkildə razılaşdırmalıdır. Məhkəmə kollegiyası izah edir ki, iddianın ədalətli həlli üçün ilk olaraq Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq 03 oktyabr 2016-cı il tarixli İcarə müqaviləsinin müvafiq olaraq 13, 14, 22 və 23-cü bəndlərinə qarşılıqlı olaraq hüquqi qiymət verilməlidir. Belə ki, həmin müqavilənin 13 və 22-ci bəndlərində icarə obyektinin damında, alt qapısının və pəncərəsinin qarşısında yüngül inşaat konstruksiyalarından qapalı ərazinin yaradılması və həmin konstruksiyaların inşası üçün çəkilmiş xərclərin ödənilməsindən söhbət getdiyi halda, müqavilənin 14 və 23-cü bəndlərində ümumi olaraq icarə obyektində dəyişiklik və təmir-tikinti işlərinin mülkiyyətçinin yazılı razılığı olmadan görülməsinin qadağan edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmələr tərəfindən araşdırmalı olan hal ondan ibarət olmalı idi ki, müqavilənin 14-cü bəndində qeyd olunan “icarə obyektində heç bir dəyişiklik edə bilməz və icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz” ifadəsi həmin müqavilənin 13cü bəndində göstərilən işlərin də görülməsini əhatə edir, ya da ki, 13-cü bənddə qeyd olunan icarə obyektinin damında, həmçinin onun alt qapısının və 3 pəncərəsinin qarşısındakı ərazidə yağışdan və küləkdən qorunmaq məqsədilə yüngül inşaat konstruksiyalarından qapalı ərazinin yaradılması imkanı müqavilənin xüsusi şərti olmaqla, artıq müqavilə ilə razılaşdırılmış hesab olunmalıdır. Təsadüfi deyil ki, “İcarəçi”yə yüngül inşaat konstruksiyalarından qapalı ərazinin inşasına imkan verən müqavilənin 13-cü bəndində və həmin ərazinin inşası üçün çəkilən xərclərin ödənilməsini nəzərdə tutan müqavilənin 22-ci bəndində “qabaqcadan yazılı razılıq” barədə müddəa qeyd olunmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən müqavilənin 13 və 14-cü bəndlərinin və müvafiq olaraq 22 və 23-cü bəndlərinin müstəqil məna daşımalarına, yoxsa bir-birilərini əhatə etmələrinə hüquqi qiymət verilməmişdir. ...apellyasiya instansiyası məhkəməsi müqavilənin 13 və 22-ci bəndlərinin müvafiq olaraq 14 və 23-cü bəndlərindən asılı olmadığı qənaətinə gəldiyi halda, müqavilənin həmin şərtlərini nəzərə almaqla iddiaya hüquqi qiymət verməlidir. Bu halda nəzərə alınmalıdır ki, müqavilənin 22-ci bəndində yüngül inşaat konstruksiyalarının tam dəyərinin qaytarılmasından deyil, çəkilmiş xərclərin “Tərəflərin qarşılıqlı razılığı əsasında” ödənilməsindən söhbət gedir. Hazırda isə tərəflər arasında razılıq olmadığı üçün, məhkəmə kollegiyasının qənaətinə görə, icarə obyektinin və müvafiq olaraq yüngül inşaat konstruksiyadan inşa edilmiş ərazinin müəyyən müddətdə iddiaçının istifadəsində olması, həmin konstruksiyanın aşınması nəzərə alınmalıdır. Məhkəmə müqavilənin 14-cü bəndinin 13-cü bəndini və müvafiq olaraq 23-cü bəndinin 22-ci bəndini əhatə etdiyi qənaətinə gəldiyi halda, mübahisə artıq icarə (kirayə) hüququnun ümumi normaları və müvafiq olaraq (MM-in 680.2-ci maddəsinə əsasən) özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları tətbiq edilməklə həll olunmalıdır. Bu halda artıq cavabdehin MM-in 1090.2-ci maddəsinə uyğun olaraq görülmüş işlər nəticəsində varlanıb-varlanmaması məsələsi araşdırılmalıdır…..” Məhkəmə kollegiyası qeyd edir ki, hazırda rayon məhkəməsinin qətnaməsi cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin olunmuş hissəsində, həm də Ali Məhkəmənin iş üzrə qərarında şərh olunmuş göstərişlərə əsasən yoxlanılır. Yuxarıda da qeyd olunduğu kimi, rayon məhkəməsi iddia tələblərini qismən təmin etmiş, iddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının tələbinin mahiyyəti ilə rayon məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissələrinin məcmu halda nəzərdən keçirilməsi zəruridir. Belə ki, iddiaçının tələbindən aydın şəkildə bəlli olur ki, o, cavabdehə qarşı hazırkı iddia ərizəsində iki müstəqil tələb irəli sürmüşdür: - birincisi, cavabdehə icarə haqqı kimi qabaqcadan ödənilmiş 48.500 (13.500 bir və 35.000 bir) manat pulun qeri qaytarılması; - ikincisi, cavabdehə məxsus icarə obektində inşa etdiyi əlavə tikililərə görə çəkdiyi xərclərin əvəz olaraq 180.000 manatın alınıb ona verilməsi. Rayon məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçının birinci tələbinə aid hissədə məhkəmə müəyyən etmişdir ki, qabaqcadan icarə haqqı kimi ödənilmiş və tələb oluna 48.500 manat alınıb-verilməsi hazırkı iş üzrə icarə müqaviləsinin tərəfləri arasında deyil, başqa şəxslər- Elçin Əliyev ilə Cahangir Müslümzadənin arasında olmuşdur, onların isə icarə müqaviləsi üzrə tərəf olan hazırkı mülki iş üzrə iddiaçı və cavabdehi təmsil etmələri üçün qanunla müəyyən olunmuş sılahiyyəti olmamışdır, rayon məhkəməsi eyni zamanda E.Əliyevlə C.Müslümzadə arasında Cavabdeh məxsus ünvan ünvanda yerləşən qeyri-yaşayış binasının icarəsi ilə bağlı olan xx.xx.2016-cı il tarixli “Razılaşma”nı sübutu əhəmiyyəti olmayan sənəd (əslində,əhəmiyyətsizlik səbəbi ilə etibarsız olan əqd) olduğunu müəyyən etmişdir. Artıq qeyd olunduğu kimi, iddiaçı bu tələbi ilə bağlı hissədə rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır. Belə olan halda məlum olur ki, iddiaçının yalnız ikinci tələbi açıq qalır ki, onun bu tələbinin həcmi isə konkret olaraq 180.000 manat olmuşdur(bax, iddia ərizəsi, beşinci abzsasın birinci cümləsi.i/v.4). Prosessual qanunvericiliyin tələbinə görə hakim verilmiş tələb üzrə qətnamə çıxarmalıdır, lakin hakim qanunda göstərilmiş müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər(MPM, maddə 218.3). Rayon məhkəməsi iddiaçının ikinci tələbini təmin edərkən həmin tələbdən kənara çıxaraq iddiaçının cavabdehdən tələb edilən 180.000 manatdan artıq, yəni 190695 manat tutsa da, bu kənaraçıxmanının hansı qanunda göstərilmiş müstəsna hal olmasına istinad etməmiş və bununla da prossesual pozuntuya yol vermişdir. Demək ki, Ali Məhkəmənin hazırkı mülki iş üzrə qərarında həmin prossesual pozuntuya dair şərh edilən göstərişi əsaslıdır və məhkəmə kollegiyası da onunla razılaşır. Məhkəmə kollegiyası Ali Məhkəmənin həmin qərarında şərh olunan digər göstərişlərlə bağlı aparılmış araşdırmaların nəticəsi olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, işə yenidən apellyasiya qaydasında baxılması zamanı Ali Məhkəmənin qərarında şərh olunan göstərişlər öyrənilərkən müəyyən olunmuşdur ki, həmin göstərişlər şərti olaraq əsasən iki istiqamət üzrə araşdırmaların aparılması ilə bağlıdir. Ali Məhkəmənin qərarında həmin istiqamətlər aşağıdakı kimi müəyyən olunmuşdur: Birincisi, həmin qərarda “...apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Belə olduqda isə tərəflər arasında olan mübahisəyə əsassız varlanmaya dair müddəalar MM-in 1091.2-ci maddəsinə əsasən tətbiq edilə bilməz. Həmin maddəyə əsasən isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Məhkəmə kollegiyasının mövqeyinə görə hazırki mübahisə tərəflər arasında imzalanmış müqavilənin şərtləri, habelə kirayə (icarə) müqaviləsinə dair maddi hüquq normaları tətbiq olunmaqla, həll olunmalıdır...” məzmunlu göstəriş şərh olunmuşdur. Başqa sözlə, həmin göstəriş tərəflər arasında bağlanmış icarə müqaviləsinin ayrıayrı bəndlərini qarşılıqlı təhlil etməklə araşdırılmaların aparılmasını nəzərdə tutur. İkincisi, həmin qərarda “...məhkəmə müqavilənin 14-cü bəndinin 13-cü bəndini və müvafiq olaraq 23-cü bəndinin 22-ci bəndini əhatə etdiyi qənaətinə gəldiyi halda, mübahisə artıq icarə (kirayə) hüququnun ümumi normaları və müvafiq olaraq (MM-in 680.2-ci maddəsinə əsasən) özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları tətbiq edilməklə həll olunmalıdır. Bu halda artıq cavabdehin MM-in 1090.2-ci maddəsinə uyğun olaraq görülmüş işlər nəticəsində varlanıb-varlanmaması məsələsi araşdırılmalıdır” məzmunlu göstəriş şərh olunmuşdur. Başqa sözlə, şərh olunan bu göstəriş icarəyə verilmiş obyektin iddiaçı tərəfindən inşa edilmiş əlavə tikililərin hesabına yaxşılaşdırılması və müvafiq olaraq da özgə işlərinin tapşırıqsız görülməsi nəticəsində cavabdehin varlanıb-varlanmaması məsələsinin araşdırılmasını nəzərdə tutmur. Birinci göstəriş-tərəflər arasında bağlanmış icarə müqaviləsinin (onun ayrı-ayrı bəndlərinin) araşdırılması zamanı aşağıdakılar müəyyən olunmuşdur. Cavabdeh tərəf şikayətində, eləcə də məhkəmə iclasındakı izahatlarında tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi iki əsasa görə- icarə müqaviləsi daşınmaz əmlakla bağlı olduğundan və həmin müqavilə müvafiq qaydada reyestrdə qeydə alınmalı olduğu halda, belə bir qeydiyyatın aparılmaması, eyni zamanda da həmin daşınmaz əmlak “İçəri şəhər” Qoruğunun ərazisində yerləşdiyindən, həmin ərazidə hər hansı tikilinin aparılması barədə müqavilənin bağlanmasının yolverilməz olması səbəblərindən etibarsız olduğunu bildirmişdir. Cavabdehin şikayətinin icarə müqaviləsinin qeydə alınmaması səbəbindən etibarsız olması ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, tərəflər arasında icarə müqaviləsinin bağlanması, müqavilənin daşınmaz əmlakla bağlı olması, müqavilə müddətinin 3 (üç) il müəyyən olunması, müqavilənin notariat qaydasında təsdiqlənməsi, həmin müqavilənin müvafiq qaydada reyestrdə qeydiyyatdan keçməməsi, eləcə də icarəyə verilmiş qeyr-yaşayış sahəsinin “İşəri şəhər” Qoruğunun ərazisində yerləşməsi hazırkı işin mübahisələndirilmiyən halları kimi müəyyən olunmuşdur. MM-in 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka dair digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qqanununn 19-cu maddəsinə əsasən ( Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı) daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 19.1). Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır (maddə 19.3.). Belə olan halda məlum olur ki, hazırkı iş üzrə tərəflər arasında əmlakın icarəyə verilməsi barədə bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin daşınmaz əmlakla bağlı, müddəti isə 11 (on bir ) aydan artıq olduğundan, həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair qanunvericiliyin imperativ olan tələbinə əməl olunmamışdır. Bunula belə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda həmin müqavilənin dövlət reyestrində qeydə alınmaması öz-özlüyündə onun etibarsızlığına səbəb deyildir. Cavabdehin tərəflər arasında bağlanmış icarə müqaviləsinin etibarsız olmasının digər dəlili isə icarəyə verilmiş daşınmaz əmlakın fəaliyyəti xüsusi normativ aktlarla tənzimlənən “İçəri şəhər” DTMQ İdarəsinin ərazisində yerləşməsi ilə bağlı olmuşdur. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, işə baxmış rayon məhkəməsi işin bu halını tamamən diqqətdən kənarda qoymuşdur. Halbuki, Qoruğun fəaliyyətini tənzimləyən normativ aktlardan bəlli olur ki, bu xüsusatın araşdırılması, yəni Qoruğun statusunun, onun səlahiyyətlərinin, ərazisindəki əmlaklarla bağlı müqavilələrin bağlanması, eləcə də həmin ərazidə tikinti, təmir-bərpa və s. işlərinin aparılmasının hansı qaydada tənzimlənməsinin müəyyən olunması hazırkı mübahisənin düzgün həlli üçün həlledici əhəmiyyətə malikdir. Belə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılmasını,onun xüsusi statusunu və fəliyyət istiqamətləri müəyyən edən bir sıra normativ akt qəbul olunmuşdur. Müəyyən olunur ki, Qoruq Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli 629 nömrəli Sərəncamı ilə yaradılmış, 28 fevral 2005-ci il tarixli №200 saylı Fərmanla isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında ƏSASNAMƏ təsdiq edilmişdir. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24.11. 2016-cı il Fərmanı ilə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Fərmanı ilə İdarənin Nizamnaməsi təsdiq edilmişdir. Qoruğun Əsasnaməsinə görə:

1. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu (bundan sonra - Qoruq) "Bakı şəhərində "İçərişəhər"in, Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 10 avqust tarixli 280 nömrəli qərarına əsasən təşkil edilmişdir.

2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş qaydada Qoruq və onun ərazisində olan tarix, memarlıq və mədəniyyət abidələri (bundan sonra - abidələr) əhəmiyyət dərəcələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahılarına daxil edilmişdir.

3. Qoruğa daxil olan Şirvanşahlar sarayı kompleksi və Qız qalası 2000-ci il 2 dekabr tarixində YUNESKO-nun X27 daxil edilmişdir.

4. Qoruğun ərazisi 22,1 ha olmaqla, sərhədləri İçərişəhərin mövcud qala divarı, Neftçilər prospekti (№ 77-105) və Ə. Əliyev küçəsi (№1-9) hüdudlarında müəyyən edilmişdir.

5. Qoruq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 fevral tarixli 629 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra - İdarə) tərəfindən idarə edilir. [1] Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış fonduna daxil olan tikililər idarənin balansındadır. Əsasnamənin 6-cı bəndində əsasən Qoruğun əsas məqsədi onun ərazisində yerləşən abidələrin elm və mədəniyyətin inkişafı üçün öyrənilməsini, onların məqsədyönlü istifadə olunmasını, habelə onların həcm-planlaşma quruluşunun qorunmasını, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin etməkdən ibarət olduğu müəyyən olunmuşdur. Əsasnamənin 8-ci bəndinin tələbinə görə Qoruğun ərazisində yerləşən abidələrdən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər. Əsasnaməni 9-cu bəndinin tələbidə isə Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan bütün abidələr dövlət tərəfindən qorunur, onların bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağan edilir. Əsasnamənin 10- cu bəndənə əsasən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə müvafiq olaraq Qoruğun ərazisində yerləşən və dövlət və bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır. Dövlət və bələdiyyə mülkiyyətində olan yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri müqavilə əsasında elmi, mədəni, dini xidmət və turizm məqsədləri üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Qoruğun ərazisində yerləşən abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına İdarənin və mütəxəssislərin nəzarəti ilə aparıla bilər. Həmin Əsasnamənin 13-cü bəndində Qoruğun ərazisində bərpa və təmir işləri istisna olmaqla hər hansı tikinti işlərinin aparəlması qadağan olunmuşdur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 1.1-ci bəndində göstərilir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra – İdarə) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasında yaradılmış, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının (bundan sonra – Qoruqlar) ərazisində yerləşən tarix və memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Nizamnaməni 3.1.6-cı bəndinə əsasən Qoruq qanuna uyğun olaraq, mühafizə məqsədi ilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün dövlət mülkiyyətində olan abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında qərar qəbul etmək, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlərin həyata keçirilməsinə razılıq vermək və gedişinə nəzarət etmək; 3.1.7-ci bəndinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin layihələrini təsdiq etmək; 3.1.8-ci bəndinə əsasən Qoruqların ərazisində abadlıq və yenidənqurma işlərinin aparılmasına razılıq vermək; 3.1.12-ci bəndə əsasən Qoruqların mühəndiskommunikasiya sistemlərinə cavabdeh olan müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirmək, yaşayış və qeyri-yaşayış fondlarının qeydiyyatını təşkil etmək, abidələrin və tikililərin bərpa və təmirini planlaşdırmaq, təşkil etmək və bu işlərin həyata keçirilməsinə nəzarət etmək; 3.1.15-ci bəndinə əsasən Qoruqların ərazisində yerləşən obyektlər icarəyə verilərkən və özəlləşdirilərkən Qoruqlar üçün müəyyənləşdirilmiş rejimə riayət olunmasına nəzarət etmək, İdarənin balansına verilmiş abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə, icarəyə və istifadəyə verilməsinə razılıq vermək və qoruma öhdəliklərinə dair müqavilələr bağlamaq, qanunvericiliyə uyğun olaraq, İdarənin razılığı olmadan abidələrin istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırmaq; 3.2.6-cı bəndinə əsasən isə Qoruqların ərazisində İdarənin razılığı olmadan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və inşaat-təmir işlərinin aparılmasına qadağa qoymaq, icrası məcburi olan göstərişlər vermək səlahiyyətlərinə malikdir. Beləliklə də, icarəyə verilmiş daşınmaz əmlakın yerləşdiyi Qoruğun ərazisində xüsusi rejimi müəyyən edən həmin normativ aktların məcburi tələblərindən də aydın olur ki, tərəflər icarəyə verilmiş qeyri-yaşayış sahəsinin nə damında, nə də qarşısında hər hansı tikinti işlərinin, o cümlədən yüngül inşaat konstruksiyalı tikintinin aparılmasına dair şərtlərin olduğu icarə müqaviləsi bağlaya bilməzdilər. Ona görə ki, Qoruğun Əsasnaməsinin 13-cü bəndində onun ərazisində hər hansı tikinti işlərinin aparılması imperativ olaraq qadağan edilmişdir. Demək ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin icarəyə verilmiş qeyri-yaşayış sahəsinin damında və qarşısında yüngül inşaat konstruksiyalardan qapalı ərazilərin tikilməsi ilə bağlı münasibətlərə aid 13-cü, 14-cü və 22-ci bəndlər elə müqavilə bağlandığı andan etibarsız olmuşdur. (MM-in 352-ci maddəsinin tələblərinə uyğun olaraq). MM-in 337.4-cü maddəsinin tələbinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 sayli Qərardadında da eyni hüquqi mövqe müəyyən olunmuşdur. Həmin Qərardada qeyd olunan məsələ belə müəyyən olunmuşdur: “ 30. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.

31. Bir daha qeyd edilməlidir ki, mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf , təbii ki, məhkəmə tərəfindən həll olunur.

32. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür.

33. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir”. Belə olan halda müəyyən olunur ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi müqavilə şərtləri etibarsız olduğundan, onun tələbi müqaviləsinə əsasən təmin edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı işin halları baxımından etibarsız olan müqavilə şərtlərinə MM-in 337.5-ci maddəsinin tətbiqi mümkün olmur. Ali Məhkəmənin qərarında şərh olunan digər göstəriş isə MM-nin birlikdə götürülmüş 680.2 və 1090.2-ci maddələrinin iddiaçının tələbinin qanuni əsası kimi çıxış edib-etməməsinin yoxlanılması ilə bağlı olmuşdur. Bu göstərişə əsasən aparılmış araşdırmalar zamanı aşağıdakılar müəyyən olunmuşdur. Belə ki, MM-in istinad olunan 680-ci maddəsi kirayəçinin zəruri məsrəfləri ilə bağlı münasibətləri tənzimləyir. Normanın tələbinə görə kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanılması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur (maddə 680.1.) 680.2-ci maddədə isə kirayə verənin digər xəclərinin, o cümlədən də kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödənilməsi vəzifəsinin bu Məcəllənin özgə işlərinin tapşırıqsız aparılması haqqında müddəaları ilə müəyyənləşdirilməsi əks olunmuşdur. Göstərişdə istinad olunan MM-in 1090.2-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin maddə Məcəllənin “Özgə işlərini tapşırıqsız aparma” fəslində “icraçının hüquqları” adlı 1090-cı maddənin təkibinə aiddir. Həmin fəsilə daxil olan normaların sistematik təhlilindən müəyyən olunur ki, özgə işlərini tapşırıqsız aparmanın ilkin dispozitiv şərti həmin işlərin tapşırıq və ya hər hansı digər əsas olmadan aparılmasıdır. Əks halda özgə işlərini tapşırıqsız aparma baş vermir. Məcəllənin 1090.2-ci maddəsinin tələbinə görə isə, ilkin şərtin təmin olduğu halda belə, icraçı xərclərin əvəzinin ödənilməsini yalnız sahibkarın varlandığı halda tələb edə bilər. Məhkəmə kollegiyası qənaəti ondan ibarətdir ki, iddiaçının icarəyə götürdüyü qeyriyaşayış obyektinin damı və qarşısında apardığı tikinti işləri özgə işlərini tapşırıqsız aparma münasibətlərini tənzimləyən normaların dispozitiv şərtlərinə uyğun gəlmir. MM-in 1088.1 və 1088.2-ci maddələrinin tələbləri də bu qənaətin əsaslı olmasına dəlalət edir. Eyni zamanda, iddiaçı tərəfindən həmin tikinti işlərin görülməsi nəticəsində cavabdehin hər hansı formada, nə özgə işlərini tapşırıqsız aparma, nə də əsassız varlanma əsasında varlanması baş verməmişdir. Qüvvədə olan mülki qanunvericilikdə əsassız varlanmanın anlayışı verilmişdir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, iddiaçı həmin tikililərə görə cavabdehə əlavə icarə haqqı ödəməmiş, həmin tikililər cavabdehin əmlakının tərkib hissəsi olmamış (əslində, olması heç mümkün də deyildir), cavabdeh öz mülkiyyətində olan qeyri-yaşayış sahəsini satarkən onun ilkin ölçüləri həddində satmış, satış qiyməti də məhz ilkin sənədlərdə olan tikilinin qiymətinə uyğun olmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı icarəyə götürdüyü obyektin önündə tikdiyi sahəyə dair Qoruq İdarəsi ilə müqavilə bağlamış, həmin müqaviləyə əsasən Qoruğa ilkin müqavilə üzrə hər ay 1000 manat, sonrakı müqavilə üzrə isə hər 4000 manat pul ödəmişdir (bax, Qoruqla bağlanmış xx.xx.2018-ci il tarixli və 22.04 2019-cu il tarixli müqavilələr). Başlıcası isə həmin müqavilələrin hər ikisinin 6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, istifadəçi turizm infrastrukturu obyekti kimi istifadə olunan ərazinin qorunub saxlanma qaydalarını pozduqda, həmçinin də ondan birbaşa təyinatı üzrə istifadə etmədiyi hər bir hal üçün Qoruğa 1000 manat cərimə ödəməli və dəymiş ziyanı öz hesabına aradan qaldırmalıdır. Həmçin də hər iki müqaviləinin 6.6-cı bəndinin tələbinə görə müqavilıəyə xitam verildikdən sonra turizim infrastrukturu obyekti Qoruğa təhvil verilmədikdə istifadəçi gecikdirilən hər gün üçün 500 manat cərimə ödəməlidir. Belə olan halda müəyyən olunur ki, iddiaçının inşa etdiyi həmin tikililərə nəzarət Qoruq tərəfindən həyata keçirilir, həmin tikililərə görə iddiaçı hər ay məhz Qoruğa ödənişlər etmiş, başlıcası isə müqaviləyə xitam veridikdən sonra 3(üç) gün müddətində iddiaçı həmin tikililəri Qoruğa təhvil verməlidir. Demək ki, iddiaçının inşa etdiyi həmin tikililərə görə cavabdeh varlanmamışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yoxlanıldıqda da, iddiaçının hazırkı tələblərinin əsassız olduğu müəyyən edilir. Belə ki, Qanunun 9-cu maddəsinə əsasən icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir.İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər (maddə 9, 6 və 7-ci bəndlər). Həmin qanunun 13-cü maddəsinin üçüncü bəndinə əsasən icarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. Beləliklə də müəyyən olunur ki, işə baxmış rayon məhkəməsi işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 385-ci maddəsində məhkəm aktlarının apellyasiya qaydasında ləğv olunmasının əsasları müəyyən olunmuşdur. Maddi və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, eləcə də işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması həmin əsaslardandır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə yoxlanılan - iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-161/2020 saylı, 06 mart 2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilsin. Ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına İddiaçı tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar