Məhkəmə qərarları › İş №2(103)-1639/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1639/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1639/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: podrat müqaviləsi üzrə pulun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(010)-4958/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (sifarişçi) Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən sifarişçi Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,02 ha torpaq sahəsində ümumi sahəsi 50 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini sifariş etmiş, podratçı isə “Sifarişçi”nin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürmüşdür. Tərəflər layihə üzrə görüləcək işlər haqqında ödənilməsi aralarında razılaşdırıldıqdan sonra müqaviləyə əlavə olunan ödəniş cədvəlində göstərilməsi barədə razılığa gəlmişdilər. Həmin müqaviləyə uyğun olaraq görülən işlərin siyahısı (28 növ (adda) iş görülməlidir) tərtib edilmiş və siyahını hər iki tərəf imzalamışdır.

2. İddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən podratçı ilə sifarişçi arasında tikintiyə dair bağlanan müqavilə ilə əlaqədar olaraq sifarişçi podratçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənə qədər zamin sifarişçi ilə birlikdə podratçının qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

3. İddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (sifarişçi) Cavabdeh2 arasında bağlanmış ödəniş cədvəlinə əsasən Cavabdeh2 İddiaçı ilkin ödəniş olaraq 04 noyabr 2019-cu il tarixdə 3.000 manat, aylıq ödənişlər olaraq 08 dekabr 2019-cu il tarixdə 700 manat, 12 yanvar 2020-ci il tarixdə 1.000 manat, 07 fevral 2020-ci il tarixdə 1.000 manat, 11 mart 2020-ci il tarixdə 900 manat, 16 may 2020-ci il tarixdə 900 manat, 05 iyun 2020-ci il tarixdə 900 manat, 10 iyul 2020-ci il tarixdə 900 manat, 05 avqust 2020-ci il tarixdə 900 manat və 600 manat, 09 sentyabr 2020-ci il tarixdə 300 manat, 15 oktyabr 2020-ci il tarixdə 900 manat və 700 manat, 11 dekabr 2020-ci il tarixdə 900 manat, 12 yanvar 2021-ci il tarixdə 900 manat, 08 fevral 2021-ci il tarixdə 1.000 manat, 09 mart 2021-ci il tarixdə 1.000 manat, 15 aprel 2021-ci il tarixdə 1.000 manat, 07 may 2021-ci il tarixdə 600 manat, 12 iyun 2021-ci il tarixdə 800 manat, 03 iyul 2021-ci il tarixdə 800 manat, 09 avqust 2021-ci il tarixdə 500 manat və 1500 manat, 15 sentyabr 2021-ci il tarixdə 2.900 manat, cəmi 24.600 manat məbləğində ödəniş etmişdir.

4. Podratçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh2 oluna ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişə əsasən 04 noyabr 2019-cu il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən ödəniş cədvəlində 15 noyabr 2020-ci ildə göstərilən ödənişi gecikdirdiyi üçün 5.5-ci bəndinə icra olunacaq. (6.1-ci bəndini nəzərə alaraq) ona təklif olunan ev 1 ay gec təhvil veriləcək.

5. xx.xx.2021-ci il tarixdə əlyazma ilə tərtib edilmiş və Cavabdeh2 tərəfindən imzalanmış yazıda Cavabdeh2 qeyd etmişdir ki, “Mən, Cavabdeh2 04 noyabr 2019-cu il il tarixli Podrat müqaviləsinə əsasən yazıb sizə bildirirəm ki, avqust ayının 15-nə qədər 2 min manat ödəyəcəyimi öhdəliyimə götürürəm. Avqustun 20-si evi təhvil aldıqdan sonra Avqustun 30-na qədər daha 2 min manat ödəyəcəyimi öhdəliyimə götürürəm və imzamla təsdiq edirəm”.

6. İddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (sifarişçi) Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən “Podratçı” İddiaçı və sifarişçi Cavabdeh2 arasında 04 noyabr 2019-cu il tarixində podrat müqaviləsi bağlanmışdır. Sifarişçi Cavabdeh2 04 noyabr 2019-cu il tarixində bağlanmış podrat müqaviləsinə əlavə olunan ödəniş cədvəli üzrə 09 avqust 2021-ci il tarixində 2000 manat məbləğ odədi. Ev xx.xx.2021-ci il tarixində təhvil veriləcək və evin təhvil alındıqdan sonra 30 avqust 2021-ci il tarixinə qədər 2000 manat məbləğ ödənilməlidir. “Sifarişçi” Cavabdeh2 podrat müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq aylıq ödəniş ödəməlidir.

7. xx.xx.2022-ci il tarixdə əlyazma ilə tərtib edilmiş və Cavabdeh2 tərəfindən imzalanmış yazıda qeyd edilmişdir ki, “04 noyabr 2019-cu il tarixində İddiaçı ilə Cavabdeh2 arasında Podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə əlavə olunan görülən işlər siyahısında işlər tam görülmüş, sifarişçi Cavabdeh2 təhvil verilmişdir.Tərəflərin bir-birinə qarşı heç bir iddiası yoxdur, gələcəkdə də olmayacaq. Cavabdeh2 evini görülən işlər siyahısında göstərilən işləri tam təhvil aldı və imzası ilə təsdiqləyir, heç bir iddiası da yoxdur”.

8. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişə əsasən Cavabdeh2 və Cavabdeh1 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 12.050 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 127 manat pulun, ümumilikdə 12.177 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, Abşeron Quşçuluq sovxozu ərazisində Cavabdeh2 məxsus 0.02 ha torpaq sahəsi üzərində 50 kv.m sahəsi olan fərdi yaşayış evinin tikintisi ilə əlaqədar onunla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, həmin yaşayış evinin tikintisini başa çatdırıb Cavabdeh2 təhvil verməli idi. Qeyd edilən müqavilə ilə əlaqədar onların arasında ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən Cavabdeh2 ilkin olaraq 3.000 manat ödəməklə, sonradan isə 48 ay müddətinə 600 manatdan aşağı olmamaq şərtilə qalan məbləği, yəni ümumilikdə 33.750 manat məbləğində pul vəsaitini ona ödəməli idi. O, öz öhdəliyini vaxtında yerinə yetirərək, yaşayış sahəsini hazır edib, yaşayış üçün yararlı hala gətirmiş və cavabdehə təhvil vermişdir. Buna baxmayaraq, Cavabdeh2 yaşayış sahəsini təhvil aldıqdan sonra ödənişləri gecikdirmiş, xx.xx.2021-ci il tarixdən isə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 Cavabdeh2 evin tikintisi üçün ödəməli olduğu məbləği ona ödənilməsinə zaminliyi öz öhdəsinə götürmüş, bu barədə ərizə verərək və müqavilə bağlayaraq Cavabdeh2 öhdəliyinə zamin olmasını bildirmişdir. Belə ki, Cavabdeh1 ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixlli zaminlik müqaviləsinə əsasən podratçı ilə sifarişçi arasında tikintiyə dair bağlanan müqavilə ilə əlaqədar olaraq, sifarişçi podratçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənə qədər zamin “sifarişçi” ilə birlikdə podratçının qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər xx.xx.2021-ci il tarixdən öz öhdəliyini yerinə yetirmədiyindən o, bu barədə onlara bildiriş göndərib, onlara qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. Buna baxmayaraq, cavabdehlər müqavilə üzrə heç bir məbləğdə pul ödəməmişdir. Yəni onun tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq, xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehin ona 12.050 manat məbləğində borcu qalmışdır. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etmədiyinə görə o, dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ödənişi etməsinin müddəti artıq ötmüşdür. İşin hallarından da görünür ki, Cavabdeh1 və Cavabdeh2 öhdəliklərini yazılı surətdə öz üzərinə götürmüş, bu barədə müqavilə də imzalamışdır. O, podrat müqaviləsi əsasında işə işçilər cəlb etmiş, müqavilənin icrası ilə əlaqədar tikinti materialları almış, işi tam olaraq bitirmiş və öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4958/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X8)

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində evin sifarişçinin sifariş etdiyi layihəyə uyğun tikiləcəyi göstərilsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, belə bir layihə hazırlanmamış, sifarişçiyə təqdim edilməmiş, ümumiyyətlə podratçı və sifarişçi arasında evin layihəsi ilə bağlı hər hansı razılığa gəlinməmişdir. Eləcə də məhkəmə iclasında məhkəməyə hər hansı layihə təqdim edilməmişdir. Belə olan halda, podratçı müqavilə üzrə öhdəliklərini pozmuş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, podrat müqaviləsi üzrə tikiləcək evin layihəsi, evin məhz hansı koordinatlarda, hansı ölçülərdə tikiləcəyi sifarişçi ilə razılaşdırılmayıbsa gələcəkdə sifarişçinin tikiləcək evin yerləşəcəyi ərazinin konkret ünvanının koordinatları ilə bağlı istənilən etirazına görə məsuliyyəti bu cür layihəni hazırlayaraq sifarişçi ilə razılaşdırmağa borclu olan podratçı daşımalıdır. Göründüyü kimi, İddiaçı Cavabdeh2 ilə aralarında bağlanılmış podrat müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bundan başqa, cavabdeh tərəfin izahatından müəyyən olunur ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsinin şərtləri iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və tikinti işləri görülən işlərin siyahısına uyğun aparılmamışdır. Belə ki, müqavilənin şərtinə əsasən iddiaçı tərəfindən görülən işlərin tam qaydasında olması barədə təhvil-təslim aktı tərtib olunmalı olduğundan, lakin həmin təhvil-təslim aktı tərtib olunmamış və həmin aktı nə cavabdeh, nə də ki, zamin imzalamamışdır. Bu səbəbdən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan iddaçı olduğundan cavabdeh bununla bağlı yazılı qeyd verərək işi təhvil aldığını və gələcəkdə tərəflərin bir-birinə qarşı hər hansı iddia tələbinin olmacayağı barədə qeyd vermişdir. Göstərilənlərə əsasən də məhkəmə hesab etmişdir ki, podrat müqaviləsinin şərtləri podratçı tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və iddiaçı tərəf görülən işlərin tam qaydasında olması və təhvil verilməsi barədə sübut təqdim etmədiyindən onun podrat müqaviləsi üzrə ödənilməyən pul vəsaitinin tutulması barədə iddia tələbi təmin oluna bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 390.1-ci, 390.5-ci, 421.2-ci, 425.1-ci, 752.1-ci, 753.4-cü, 759-cu, 762-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4958/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin müəyyən etdiyi hallara - tikintinin layihəyə uyğun tikilməməsi, tikinti ilə əlaqədar layihənin tərtib edilməməsi və ona təqdim edilməməsi kimi hallara öz etirazını bildirməmiş, bu halları mübahisələndirməmişdir. Çünki tərəflər arasında belə bir mübahisə olmamış, tikintinin layihəsi tərtib edilmiş və sifarişçi ilə razılaşdırılmışdır. Yəni məhkəmənin mübahisəli hal kimi müəyyən etdiyi bu hal əslində işin mübahisə edilməyən halıdır. Cavabdeh iddiaya etirazının əsası kimi “tərəflər arasında podrat müqaviləsi bağlansa da, iddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsini, podratçı tərəfindən görüləcək işlərin yarımçıq qalmasını, həmin evdə yaşamaq üçün şərait olmamasını, dəfələrlə iddiaçıya evin təhvil verilməsi ilə bağlı xəbərdarlıq olunsa da, iddiaçının görüləcək işləri gecikdirməsini ona görə də xx.xx.2022-ci il tarixdə əlyazma ilə yazaraq, güya işlərin tam olaraq, görüldüyünü və buna görə təhvil aldığını” göstərmişdir. Bununla belə, cavabdehin iddiaya etirazının yeganə əsası tikinti işlərinin podratçı tərəfindən sifarişçiyə təhvil verilməməsidir. Məhkəmə araşdırması zamanı tərəflər arasında başqa mübahisə olmamışdır. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdə öz xətti ilə ərizə yazaraq görülən işlər siyahısında göstərilən işləri tam təhvil aldığını təsdiq etmişdir. Cavabdeh məhkəmədə bunu təkzib edərək, əslində evi tam təhvil almamasını, sonradan özü təmir etməsini göstərsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Hətta məhkəmə iclasında hakimin iş üzrə ekspertiza təyin edilməsinə dair təklifinə münasibətdə də cavabdehin nümayəndəsi artıq evin təmirli olmasını, cavabdehin oğlunun ailə quraraq, ailəsinin həmin evə köçürməsini bildirərək, iş üzrə ekspertizanın keçirilməsindən imtina etmişdir. Beləliklə də o, öz iddia tələbinin əsaslandığı halları məhkəməyə təqdim etsə də, cavabdeh etirazının əsaslandığı halları məhkəməyə təqdim etməmiş, buna baxmayaraq, məhkəmə cavabdehin nümayəndəsinin izahatını əsas götürərək, iddianı rədd etmişdir. Cavabdeh tikintinin keyfiyyətinə pretenziya bildirməmiş, belə olduqda isə podrat müqaviləsi üzrə podratçının öz öhdəliklərini pozmasından söhbət gedə bilməz. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, cavabdeh öz etirazının əsası kimi evi tam təmirli formada təhvil almadığını göstərsə də, bu halı sübut etməmişdir. Qeyd edilənlərlə yanaşı, podrat müqaviləsindən və ödəniş cədvəlindən də göründüyü kimi cavabdeh müqavilə üzrə 33.750 manat məbləğində pul vəsaiti ödəməli olduğu halda, cavabdeh cəmi 21.700 manat məbləğində ödəniş etmişdir. Yəni cavabdehin podrat müqaviləsi üzrə 12.050 manat məbləğində borcunun qalması işin mübahisə edilməyən halıdır. Bu zaman məhkəmə iş üçün xüsusi əhəmiyyətli olan bu halı – niyə cavabdeh qalan pul məbləğini ödəməməlidir? – sualını aydınlaşdırmalı idi. Belə ki, əgər cavabdeh tikilini tam təhvil alıbsa, niyə borclu qaldığı pulu ödəmir və ya əgər tikintini tam təhvil almayıbsa niyə müqavilə qüvvədə olduğu halda podratçını tikilini tam təhvil verməyə məcbur etmir. Tərəflər arasında tikilini yarımçıq təhvil verilməsi barədə razılıq olubmu? Eyni zamanda cavabdeh iddiaya verdiyi etirazının əsası kimi - iddiaçı evi ona təhvil verən zaman evin hansı formada olduğunu və xx.xx.2022-ci il tarixli ərizədə öz xətti ilə göstərdiklərini təkzib edən halı nə ilə sübut yetirdiyini əsaslandırmalıydı. Göründüyü kimi, məhkəmə iş üçün xüsusi əhəmiyyəti olan bu halları aydınlaşdırmamış, sadəcə cavabdeh tərəfin izahatına əsaslanaraq, podratçının müqavilə şərtlərinə əməl etməməsini göstərmişdir. Tərəflər arasında imzalanmış podrat müqaviləsinə əsasən tikinti ödənişin 50- 70% ödənildikdən sonra təhvil verilir. Lakin cavabdeh öz öhdəliyini dəfələrlə gecikdirmiş, razılaşdırılmış ödəniş cədvəlinə əməl etməmiş, o da tikintini buna uyğun aparmış, 2022-ci ilin may ayında isə cavabdeh öz oğlu üçün toy edəcəyini və həmin evə gəlin gətirəcəyini bildirərək evi təhvil verilməsini xahiş etdikdən sonra o, ödənişin 70 faizi ödənilmədən evi təhvil vermişdir. Əgər cavabdeh öz öhdəliyni lazımınca yerinə yetirsəydi, ödənişin 50 faizi ödənildikdən sonra o, tikintini cavabdehə təhvil verəcəkdir. Lakin cavabdeh ödənişi gecikdirdiyinə görə o, da evi ona təhvil verməmiş, lakin cavabdeh təkid etdikdən sonra cavabdehə inanaraq, ödənişin 70 faizi ödənilmədən evi ona təhvil versə də, cavabdehin sonradan heç bir ödəniş etməməsinə məhkəmə qiymət verməyərək, əksinə öz qətnaməsində tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinin onun tərəfindən əhəmiyyətli dərəcədə pozulmasını göstərmişdir. Halbuki, o, podrat müqaviləsinin hər hansı bir şərtini pozmamışdır. Müqavilədə nəzərdə tutulan formada təhvil-təslim aktının imzalanmaması isə müqavilənin pozulması kimi nəzərə alına bilməz. Yəni hər hansı bir prosedur qaydalarının pozulması müqavilə üzrə öhdəliklərin pozulması demək deyildir. Təhvil-təslim aktının imzalanmaması məhz cavabdehin evi təhvil alması və tikinti ilə əlaqədar heç bir tələbinin olmaması barədə verdiyi ərizə olmuşdur. İddiaçı isə öz işini keyfiyyətli formada yerinə yetirdiyinə görə, cavabdehin ona qarşı bu hissədə hər hansı bir etirazı olmamışdır. Məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, əksinə cavabdeh öz öhdəliyini dəfələrlə pozmuş, müqavilə üzrə ödəməli olduğu pulları vaxtında ödəməmişdir. Podrat müqaviləsində nəzərdə tutulmuş tikintinin layihəsinin onun tərəfindən məhkəməyə təqdim edilməməsinin əsası isə ondan ibarət olmuşdur ki, tərəflər arasında bununla əlaqədar mübahisə olmamış, cavabdeh ona təhvil verilmiş tikilinin layihəyə uyğun olmamasını mübahisələndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə ki, podratçı tərəfindən görüləcək işlər yarımçıq qalmış, otaqların qapıları qoyulmamış, divar kağızı vurulmamış, döşəmə yonulmamış, sanitar qovşağın kafel-metlax işləri, evin seyf qapısı, giriş dilləkəninin üzərində kolizok elektrik sistemi (kondisioner daxil deyil), su sistemi (mətbəxə və sanitar qovşağa çəkiliş), dəmir darvaza (sadə) quraşdırılmamış, qısacası həmin evdə yaşamaq üçün şərait olmamışdır. Dəfələrlə iddiaçıya evin təhvil verilməsi ilə bağlı xəbərdarlıq olunsa da, iddiaçı görüləcək işləri gecikdirmiş və nəticədə Cavabdeh2 xx.xx.2022-ci il tarixdə əlyazma ilə yazaraq güya işlərin tam olaraq götürüldüyünü və buna görə də təhvil aldığını, həmçinin, tərəflərin bir-birinə qarşı heç bir iddiasının olmayacağı barədə qeyd verilmişdir. Reallıqda isə podratçı tərəfindən görülmüş işlər yarımçıq qalmış və podratçı gecikmələrə yol verdiyindən cavabdeh məcbur olaraq bu formada qeyd vermiş və tərəflər bir-birinə qarşı gələcəkdə heç bir iddiasının olmayacağı ilə bağlı razılığa gəlmişdilər. Əgər həqiqətən də iddiaçı tərəfindən podrat müqaviləsinin tələbləri yerinə yetirilmişsə hansı səbəbdən müqavilənin 2.1.8 və 2.1.9-cu maddələrinin tələblərinə də riayət olunmaması sual doğurur. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı yüzlərlə belə ev tikərək, təhvil vermişdir. Halbuki, yüzlərlə ev tikib təhvil verən iddiaçının belə bir texniki səhvə yol verməsi inanılmazdır. Eyni zamanda, sifarişçi evini təhvil aldığı zaman onun keyfiyyətini, standartlara uyğun olması və görülən işlər siyahısındakı işlərin tam qaydasında olduğunu təhvil aldıqdan sonra təhvil-təslim aktını zaminlə birlikdə imzalamalıdır. Bundan başqa, görülən işlər təhvil alındıqdan sonra ödəniş cədvəli üzrə qalan ödənişlər ödəniş cədvəlində göstərilən qaydada ödəməyi zaminlə birlikdə tam öhdəsinə götürür və ödənişlərin ödənilməsi üçün öhdəçilik müqaviləsi bağlanır. Lakin müqavilənin bu şərtlərinə əməl olunmamışdır. Digər tərəfdən apellyasiya instansiya məhkəməsində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edilməklə nəinki prossesual pozuntuya yol verilmiş, həmçinin bununla iddianın formal olaraq verilməsi təsdiq olunmuşdur. Əgər hesablanma düzgün aparılmamışdırsa, nəyə görə birinci instansiya məhkəməsində keçirilmiş iclas zamanı iddianın məbləğinin necə hesablanılması izah olunmuşdur. Bu o deməkdir ki, iddia tələbi formaldır. Hazırki mülki iş üzrə iddia tələbinin dəlillərindən göründüyü kimi, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf onlar tərəfindən mübahisələndirilən təmir işlərini həyata keçirməmişdir. Belə olan halda pulun tələb edilməsi yalnız ədalətsizlikdir. Göstərilənləri nəzərə alınmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsi tərtib edilən zaman texniki səhvə yol verilmiş və müqavilə üzrə borc məbləği düzgün hesablanmamış, bu səbəbdən cavabdehlərdən 12.050 manat məbləğində pul vəsaiti tələb edilmişdir. Halbuki, müqavilə üzrə ödənilməyən 9.150 manat məbləğində pul qalmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin edərək, qeyd edilən podrat müqaviləsi üzrə ödənilməyən 9.150 manat məbləğində pul vəsaitinin və ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9.277 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda verilən suallara cavab olaraq bildirmişdir ki, ödəniş edilmədiyindən iddiaçının yalnız divar kağızının yapışdırılması ilə bağlı işləri yarımçıq qalmışdır.

18. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinə əsasən görülmüş işlərə görə ödənişin 50-70 faiz hissəsi ödənildikdən sonra ev ona təhvil verilməli idi. Lakin bununla bağlı o, İddiaçı yazılı müraciət edəndə onun təsəbbüsü ilə aralarında əlavə razılaşma bağlanaraq evin xx.xx.2021-ci il tarixdə təhvil veriləcəyi bildirildi. Ev ona İddiaçı tərəfindən tam yararsız vəziyyətdə təhvil verilmişdir. Belə ki, evdə otaqların giriş qapıları, seyf qapı, dəmir darvaza, giriş pilləkəninə kolizok qoyulmamış, döşəmə və oboy işləri görülməmişdir. Elektrik və su sistemini o, öz vəsaiti hesabına sonradan icra etmişdir. Bundan əlavə, görülən işlər də çox keyfiyyətsiz icra edilmişdir. Nümunə olaraq qeyd etmişdir ki, hamamda metlax düzgün vurulmadığı üçün axıdılan su gölməçə formasında yığılıb qalır. Qeyd etdiyi halları nəzərə alaraq o, İddiaçı ödəməli olduğu vəsaiti evin təmirtikinti işlərinin davam etdirilməsinə xərcləmiş və hətta İddiaçı ustalarına əlavə ödəniş edərək, müəyyən işləri də onlara gördürmüşdür. Bu səbəbdən birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, verilən suallara cavab olaraq bildirmişdir ki, o, təmir-tikinti işlərinin qüsurlu icrası barədə heç bir irad bildirməmişdir. İddiaçı ona bildiriş göndərən zaman o, Xüsusi Təyinatlı Qüvvələrin təlimində olmuş, qayıdanda İddiaçı yanına getmiş, ancaq o, artıq məhkəməyə müraciət etdiyini bildirmişdir.

19. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə verdiyi etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

28. Məhkəmə kollegiyası işin halları baxımından qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh2 sifarişi əsasında sonuncuya məxsus olmaqla Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evini inşa və tam şəkildə təmir etməklə Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə verdiyi sifarişə uyğun olaraq görülməli işlərin razılaşdırılmış ümumi dəyərini təşkil edən 33.750 manat məbləğində pulu, hissə-hissə, yəni 48 ay ərzində ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Müqaviləyə uyğun olaraq görülən işlərin siyahısı (28 növ (adda) iş görülməlidir) tərtib edilmiş və siyahını hər iki tərəf imzalamışdır. Hazırda iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etdiyini və müqavilə üzrə razılaşdırılmış fərdi yaşayış evini inşa və təmir edərək, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə təhvil verdiyini, lakin cavabdeh tərəfindən sifarişin müqavilə üzrə müəyyən edilmiş dəyərinin ödənilmədiyini, cavabdeh isə əksinə sifarişin müqavilə üzrə müəyyən edilmiş keyfiyyətdə və kəmiyyətdə icra edilmədiyini, yəni qüsurlu icra edildiyini, bu səbəbdən məcbur olaraq xx.xx.2022-ci il tarixdə yazılı formada qeyd tərtib edərək, bir-birinə qarşı gələcəkdə heç bir iddialarının olmayacağı barədə razılığa gəldiklərini, bundan sonra təmir işlərini öz hesabına davam etdirdiyini bildirir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin layihəsinin tərtib edilməməsi iddianın rədd edilməsi əsaslarından biri olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi belə bir layihənin tərtib edilməsinin müqavilənin şərtlərindən irəli gəldiyini qeyd etmiş və layihənin olmamasını podrat müqaviləsinin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirmişdir. Halbuki, tərəflər, xüsusilə də cavabdeh nə birinci, nədə ki, apellyasiya instansiya məhkəməsində bu məsələyə toxunmamış, belə bir layihənin olmaması onun iddiaya və apellyasiya şikayətinə etirazının dəlilini təşkil etməmişdir. Bu da öz növbəsində cavabdehin inşa edilən fərdi yaşayış evinin yerləşmə yeri, onun görünüşü, texniki quruluşu, o cümlədən hündürlüyü, otaqların sayı, yerləşməsi və sair barədə məlumatlı olmasını və qeyd edilənlərlə razılaşaraq, bəyəndiyini təsdiq edir (cavabdeh bu məsələləri mübahisələndirmir), eyni zamanda, bu əsasla iddianın rədd edilməsini istisna edir.

30. Bununla yanaşı birinci instansiya məhkəməsi podrat müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulması qənaətinə gələrkən, məhz cavabdehin izahatına və müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən görülən işlərin tam qaydasında olması barədə təhvil-təslim aktının tərtib olunmamasına əsaslanmışdır. Belə ki, birinci instansiya məhkəməsinin qənaətinə əsasən müqavilənin şərtlərinin iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulması ilə bağlı cavabdeh xx.xx.2022-ci il tarixdə yazılı qeyd verərək, işi təhvil almış və gələcəkdə tərəflərin biri-birinə qarşı hər hansı iddia tələbinin olmayacağı barədə qeyd vermişdir. Cavabdeh də öz izahatında iddiaçı tərəfindən işlərin icrasının gecikdirilməsi səbəbindən xx.xx.2022-ci il tarixdə yazılı qeyd yazmağa məcbur olduğunu və orada güya işlərin tam olaraq görüldüyünü və buna görə də təhvil aldığını qeyd etdiyini bildirir.

31. Hə bir halda cavabdeh də iddiaçı kimi öz mövqeyini sübut etməli və izahatında göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin cavabdeh ona iddiaçı tərəfindən işlərin keyfiyyətsiz icra edildiyini, evin tam yararsız vəziyyətdə təhvil verildiyini, o cümlədən evdə otaqların giriş, evin seyf qapısının, habelə dəmir darvazanın, giriş pilləkəninə kolizokun qoyulmadığını, döşəmə və oboy işlərinin görülmədiyini, bu işlərin, habelə elektrik və su sisteminin çəkilməsinin sonradan öz vəsaiti hesabına icra etdirdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin mobil telefonunda saxlanılmaqla həmin evdə, o cümlədən evin sanitar qovşağında qusurların olmasını təsdiq edən video görüntülər (nümayəndə və vəkil inam yaratmaq üçün görüntüləri məhkəmə iclasında məhkəmə kollegiyasına göstərmişdir) isə hazırki mərhələdə ümumiyyətlə sübut kimi nəzərdən keçirilə bilməz. Bununla belə, yalnız cavabdehin izahatı podrat müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulması qənaətinə gəlmək üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası təhvil-təslim aktının tərtib edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu məsələ tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.1.8-ci bəndində öz əksini tapmışdır. Həmin bəndə əsasən “Sifarişçi” evini təhvil aldığı zaman: onun keyfiyyətini, standartlara uyğun olduğunu, görülən işlər siyahısındakı işlərin tam qaydasında olduğunu təhvil aldıqdan sonra təhvil-təslim aktını zaminlə birlikdə imzalayır”.

33. Nəzərə alınmalıdır ki, bu sahəni tənzimləyən qanunvericilik podratçı tərəfindən podradın nəticələrinin qüsursuz icra edilməsi vəzifəsini təsbit etmiş, eyni zamanda, qüsurlara bərabər tutulan və qusurlardan azad hesab edilən podratın nəticələrini ayırd etməklə, həmin nəticəyə uyğun olaraq tərəflərin mümkün davranışlarını, habelə hüquq və vəzifələrini müəyyən etmişdir. Bu münasibətlər çərçivəsində sifarişçinin məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edilməsinin mümkünlüyü də təsbit edilmiş və bu davranışın yaratdığı nəticələr açıqlanmışdır (MM 773-cü maddəsi).

34. Həm iddiaçının, həm də cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli yazı (sənəd) hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən fərdi yaşayış evinin qəbul edilməsini təsdiq edən aktdır (təhvil-təslim aktı da adlandırıla bilər). Həmin sənədin sadə yazılı formada olması, podrat müqaviləsinin 2.1.8-ci bəndinin tələblərinə uyğun tərtib edilməməsi, o cümlədən yalnız Cavabdeh2 tərəfindən imzalanması onun hüquqi mahiyyətinə, habelə doğurduğu hüquqi nəticələrə hər hansı formada təsir etmir.

35. Cavabdeh özü də dəfələrlə evin təhvil verilməsi ilə bağlı iddiaçıya xəbərdarlıq edildiyini, lakin iddiaçının görüləcək işləri gecikdirdiyini və məhz bu səbəbdən xx.xx.2022ci il tarixdə əlyazma ilə yazaraq güya işlərin tam olaraq götürüldüyünü və buna görə də evi təhvil aldığını, həmçinin, tərəflərin bir-birinə qarşı heç bir iddiasının olmayacağını qeyd etdiyini, reallıqda isə iddiaçı tərəfindən işlərin yarımçıq görüldüyünü və gecikmələrə yol verildiyindən məcbur olaraq bu formada qeyd verdiyini bildirir, hətta görülməmiş işləri sadalayır. Başqa sözlə, cavabdeh xx.xx.2022-ci il tarixli aktı imzalayan zaman sifarişin qüsurlu icra edilməsi, o cümlədən fərdi yaşayış evinin inşası ilə bağlı bir sıra işlərin yerinə yetirilməməsi barədə tam məlumatlı olmuşdur.

36. Lakin cavabdehin evin təhvil verilməsi ilə bağlı iddiaçıya xəbərdarlıq etməsi və ya işlərin görülməsi ilə bağlı ona qarşı hər hansı formada pretenziya irəli sürməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Cavabdehin istinad etdiyi və onun təsəbbüsü ilə bağlandığını iddia etdiyi xx.xx.2021-ci il tarixli razılaşma da pretensiya xarakterli deyil, sadəcə olaraq tərəflər evin xx.xx.2021-ci il tarixdə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdilər. Razılaşmanın sonunda isə ödəniş cədvəlinə uyğun aylıq ödənişlərin aparılması bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildiriş və xx.xx.2021ci il tarixli yazı da evin təhvil verilməsi müddəti və ödənişlərin aparılması ilə bağlı məsələləri tənzimləyir.

37. xx.xx.2022-ci il tarixli aktda iddiaçı tərəfindən podrat müqaviləsinə əlavə edilmiş siyahıda göstərilən işlərin tam görüldüyü və cavabdehə təhvil verildiyi, cavabdehin siyahıda göstərilən işləri tam təhvil aldığı və bunu imzası ilə təsdiq etdiyi göstərilmişdir. Həmin akt da məhz cavabdeh tərəfindən imzalanmışdır. Qüsurlar barədə tam məlumatlı olmasına baxmayaraq, cavabdehin bu aktı məhz bu məzmunda imzalamağa məcbur edən hər hansı hal aşkar edilməmişdir. Həmin vaxt evin cavabdeh tərəfindən təhvil alınmasına zərurət yaranmış olsa belə, akta evlə bağlı qüsurlar barədə məlumatın da qeyd edilməsinə maneə olan hər hansı hal müəyyən edilməmişdir. Həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. Belə olan halda, aktda qeyd edilən “tərəflərin biri-birinə qarşı heç bir iddiası yoxdur, gələcəkdə olmayacaq” cümləsi iddiaçının hər hansı məsuliyyətini yaratmır. Cavabdeh də onun əvəzinə belə bir öhdəlik götürə bilməzdi. Bu aktda olan bütün qeyrimüəyyənliklər də aktı imzalayan tərəf olaraq məhz cavabdehin ziyanına təfsir edilir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəflər arasında təhvil-təslim aktının bağlanmaması və iddiaçı tərəfindən müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması qənaətinə gəlməkdə səhvə yol vermişdir.

38. Bununla belə, məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış akta istinadən vurğulayır ki, xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən işlər qüsurlu icra edilsə belə, cavabdeh bunu bilə-bilə və buna qarşı hər hansı pretenziya irəli sürmədən, əksinə işlərin tam görülməsini təsdiq edərək, iddiaçı tərəfindən inşa edilmiş evi təhvil almışdır. Bununla da qüsurlarla bağlı tələb hüququnu itirmişdir. Belə olan halda, divar kağızının yapışdırılması ilə bağlı işlərin yarımçıq qalması da artıq öz əhəmiyyətini itirmiş olur. Lakin evin təhvil verilməsi tərəflər arasında bağlanmış həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən cavabdeh evin təhvil alınmasına istinad edib podrat müqaviləsi üzrə razılaşdırılmış sifariş məbləğinin təhvil gününə ödənilməmiş qalan hissəsinin ödənilməsindən imtina edə bilməz.

39. Belə ki, evin təhvil verildiyi tarixə cavabdeh müqavilə üzrə razılaşdırılmış sifariş məbləğinin tam ödənilməsini təmin etməmişdir. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, podrat müaviləsi üzrə yaranmış borcunu razılaşdığı kimi iddiaçıya tam ödəməlidir.

40. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən məbləği, habelə təqdim edilmiş ödəniş cədvəli üzrə ümumilikdə ödənilmiş məbləğin cəminin 24.600 manat, sifarişin ümumi qiymətinin isə 33.750 manat təşkil etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı əsassız olaraq cavabdehdən 12.050 manat məbləğində pul tələb edir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdə ilkin ödəniş qismində 3.000 manat, xx.xx.2019-cu il – xx.xx.2021-ci il tarixlərdə ümumilikdə 21.600 manat, cəmi isə (3.000 + 21.600) 24.600 manat məbləğində ödəniş etmişdir. Bu baxımdan onun xx.xx.2019-cu il tarixli müqavilə üzrə (33.750 – 24.600 = 9.150) 9.150 manat məbləğində borcu qalmış olur. Məhz həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyasının bu qənaəti iddiaçının təqdim etdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə (həmin ərizə qəbul edilməmişdir) deyil, aparılmış araşdırmaya əsaslanır.

41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 sifarişçi X5 xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilməklə podrat müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 zamin kimi cavabdeh X5 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, müəyyən edilmiş borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2019-cu il tarixli müqavilənin 2.1.9-cu bəndi isə həm mahiyyəti, həm məzmunu, həm daşıdığı məna baxımından, xüsusilə də zaminlik müqaviləsinin mövcud olduğu bir halda ümumiyyətlə tərəflər üçün hər hansı öhdəlik yarada bilməz.

43. Eyni zamanda, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ümumilikdə 9.150 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehlərdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 111,50 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni 15,50 manat hissəsi iddiaçıya aid edilməlidir.

44. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4958/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 9.150 manat pul və ödənilmiş dövlət rüsumunun 111,50 manat hissəsinin əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4958/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 9.150 (doqquz min bir yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 111,50 (bir yüz on bir manat, əlli qəpik) manat hissəsinin əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar