Məhkəmə qərarları › İş №2(103)-1640/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1640/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1640/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X14 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili X7, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4463/2024 saylı, 9 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 329630 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və Vİddiaçı arasında 07 iyul 2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 775 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir.

2. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2962 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük (O.Şabanov) küçəsində yerləşən 20/15 saylı evdə qeydiyyatsız yaşayır.

3. Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X10 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 20/15 saylı evdə 16 aprel 2016-cı il tarixindən qeydiyyatdadır. Onunla birlikdə Cavabdeh1, X11, X12 həmin ünvanda qeydiyyatdadırlar.

4. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli AR-İİİ № 394665 nömrəli etibarnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov (keçmiş Çöllük küçəsi) ünvanı ərazisində yerləşən yaşayış evi ilə bağlı hərəkətləri həyata keçirmək üçün Cavabdeh2 tərəfindən xx.xx.2014-cü il tarixədək X4 etibarnamə vermişdir. Y

5. 2013-cü il tarixli Dövlət Neft Şirkəti “Azəriqaz” İB X16 Sahəsinin abonent kitabçasından görünür ki, Hövsan qəsəbəsi, O. Şabanov küçəsi ünvanında Cavabdeh1 qaz istehlakçısı olaraq qeyd edilmişdir.

6. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 3/1021 saylı, 21 iyun 2013-cü il tarixli Müqavilədən görünür ki, Paylayıcı – Suraxanı QİS bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçı – Cavabdeh1 keyfiyyətli qazla təmin edir. İstehlakçı – Cavabdeh1 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı – Suraxanı QİS tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

7. 17.01.2007-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13-cü Sahil küçəsi, ev 10, mənzil 155-də yerləşən 2 otaqlı, yaşayış sahəsi 28.88 kv.m olan mənzili alıcının, yəni X8 mülkiyyətinə verir. Həmin müqavilənin 4cü bəndinə əsasən, satıcı mənzili 16557 manata satdı, alıcı isə həmin qiymətə aldı. Müqavilənin 11-ci bəndinə əsasən, Satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 2007-ci ilin mart ayının axırınadək onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 13-cü bəndinə əsasən, Satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən üç ay müddətinə ailəsi ilə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

8. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı 134054 nömrəli xx.xx.1997-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, 13-cü Sahil küçəsi, 10 №-li yaşayış evinin 155-ci mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur.

9. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 20 iyun 2024-cü il tarixli Müqavilədən görünür ki, Paylayıcı – “Azəriqaz” İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçı – X1 qazla təmin edir. İstehlakçı – X9 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı – “Azəriqaz” İB tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2024-cü il tarixli Qaz paylacısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktdan görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional qazın Satışı Departamenti ilə istehlakçı X9 arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılmışdır. 10.Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “İri şəhərlərin X17 Xidməti” publik hüquqi şəxsi ilə X9 arasında su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə Dövlət Standartlarının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edən Müqavilə bağlanmışdır.

11. Cavabdeh2 tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, o, onun faktiki istifadəsində və ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 100 kv/m torpaq sahəsi və 3 otaqlı mənzillə əlaqədar X9 tərəfindən ona 59000 manat tam şəkildə verilmişdir və o, həmin pulu tam almışdır. Həmin torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə qarşı gələcəkdə X4 qarşı heç bir maddi və mənəvi iddiası olmayacaq və heç bir şəxsin bu torpaq sahəsinə və evə qarşı iddiası olmayacağına zərurət verir. Bütün məsuliyyəti öz üzərinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onun azyaşlı uşağı – 15 aprel 2010-cu il təvəllüdlü Cavabdeh2 Ceyhun qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 20/15 saylı fərdi yaşayış evinə (qanunsuz tikiliyə) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2006-cı ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, həmin zamanlar onun anasının yaşadığı evə gəlin köçmüş, 7 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar rəsmi nikaha daxil olan zamanda artıq bir övladları – 30 sentyabr 2006-cı il təvəllüdlü X11 var idi. Rəsmi nikaha daxil olduqdan sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evini alıb, ora köçmüş, 15 aprel 2010-cu ildə isə balaca qızları X10 həmin evdə anadan olmuşdur. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evini alan zaman həmin ev 2 otaqlı ev idi. Onlar evi aldıqdan sonra evdə əlavə tikili tikərək, evi 3 otaqlı etdilər. Evi tam təmir edib, evdə hər şəraiti yaratdılar. Həmin evdə özləri, yəni Cavabdeh1, onun anası Cavabdeh2, o və uşaqları qalırdılar. Onlar həmin evdə 2024-cü ilin mart ayınadək yaşadılar, sonra isə cavabdehlə aralarında olan nikah münasibətləri korlandı. 2024-cü ilin mart ayında qayınanası onu evdən qovdu, o uşaqlarını da götürüb evdən getməyə məcbur oldu, lakin o, evdən gedərkən bütün əmlakı həmin evdə qaldı. Evdən gedəndən sonra uşaqlarla kirayədə yaşamağa başladılar. Bildirmək istəyir ki, onkoloji xəstədir, daimi müalicəyə ehtiyacı var, İİ qrup əlildir. Artıq iki uşaqla kirayədə yaşamaq onun üçün xüsusi çətinlik yaradır. Kirayə haqqı vermək, uşaqlara baxmaq, işləmək, müalicə olmaq həyatını dözülməz həddə çatdırıb. 2024-cü ilin mart ayından cavabdehlər onları öz evinə buraxmır, onun bütün əmlakları da həmin evdə qalıb. Məhkəmədə iddia qaldırmazdan əvvəl onun qızı həmin evə gedərkən evdən onun əmlaklarının qablaşdırılmasını görüb, bunu videoya çəkmişdir. Bundan sonra o bildi ki, cavabdeh onun öz evinə köçüb yaşamağının qarşısını almaq üçün onun əmlaklarını həmin evdən çıxarıb, evi satmaq istəyir. Sonradan bildi ki, hətta cavabdehlər evi 60.000 manata satılması üçün elan da veriblər. Belə ki, həmin ev qanunsuz tikilidir, heç bir müəyyənedici sənədi yoxdur, sadəcə evi boşaldıb başqa şəxsə verməklə evi satacaq, bununla da onu bütün əmlakından məhrum edəcəkdir. O, hal-hazırda onun azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evinə köçürülmək istəyir. Bunun üçün isə o, onlara mediasiya təklifi göndərmiş, lakin onlar mediasiyada iştirak etməmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, onun bütün cehiz əmlakları hal-hazırda da həmin evdədir. Bərabərlik prinsipinə uyğun olaraq onun da azyaşlı uşaqları ilə birlikdə cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni onun tikiliyə köçürülməyindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmənin nəzərinə çatdırılır ki, onlara məxsus həmin yaşayış evi qanunla müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən, yaşamaq üçün hər cür şəraiti olan yaşayış evidir və həmin evə köçüb yaşamağı üçün heç bir texniki maneə yoxdur. O həmin evdən çıxsa da bütün əmlakı həmin evdə qalmış, daimi yaşayış yeri hesab edilən həmin mənzildən məhrum edilmişdir. Hal-hazırda həmin mənzil onun daimi yaşayış yeri hesab edilsə də, cavabdeh onu azyaşlı uşaqları ilə daimi yaşayış yerindən məhrum etdiyindən o, başqa yerdə yaşamağa məcbur olmuşdur. Onun yaşamağa başqa yeri olmadığına görə cavabdehə qarşı məhkəmədə iddia qaldırmalı, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, onların 7 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaqları və birgə nikahda olduqları dövrdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evini alıb və həmin evdə yaşamaları rəsmi sənədlərlə sübuta yetir.

14. Yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində yerləşən 20/15 saylı fərdi yaşayış evinə baxış zamanı müəyyən edilir ki, ev 3 otaqdan ibarətdir. Həmin evdə hal-hazırda 3-cü şəxs qismində işə cəlb olunmuş X9 ailəsi ilə birlikdə qalır. Evin qapısını da X2 yoldaşı açmışdır.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli 2(010)- 4463/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun mülkiyyətində olan dövlət qeydiyyatına alınmış 2 otaqlı mənzili 17 yanvar 2007-ci il tarixində 16577 manata satmışdır. Həmin daşınmaz əmlakın alğı-satqısı müqaviləsindən görünür ki, o, evdən 2007-ci ilin mart ayının axırınadək sahiblik və istifadə edə bilərdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, o, mülkiyyətində olan mənzili satdıqdan 1 ay sonra həmin vəsait hesabına qanunsuz tikili hesab edilən mübahisəli evi almışdır. İddiaçı Cavabdeh1 ilə 7 iyul 2007-ci il tarixində rəsmi nikah bağlamışdırlar. Həmin vaxt üçün özbaşına tikili artıq alınmış və cavabdehlərlə iddiaçı ora köçmüşdürlər. Bu halın müəyyənləşdirilməsi onun üçün zəruridir ki, mübahisəli hesab edilən ev özbaşına tikili olduğu üçün onunla bağlı Mülki və/və ya Mənzil Məcəlləsinin istifadə hüququnun yaranması ilə bağlı müddəaları tətbiq edilə bilməz.

17. Ev özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması, evin kimin vəsaiti hesabına alınmasının müəyyən edilməsindən birbaşa asılıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) həmin evdən istifadə və evə köçürülmək hüququ yoxdur.

18. Bundan başqa məhkəmə, İddiaçı ilə Cavabdeh1 birgə nikahdan olan azyaşlı övladı – 15 aprel 2010-cu il təvəllüdlü X6 mübahisəli evə köçürülməsi ilə bağlı qeyd etmişdir ki, ev qanunsuz tikili olduğundan, onunla bağlı Mənzil Məcəlləsinin müddəaları tətbiq edilə bilməz, çünki belə olan halda özbaşına tikiliyə daşınmaz əmlakın statusu verilmiş olardı.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28, 30.1, 135, 139, 152, 180 və 225-ci maddələrinə; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31, 32 və 33-cü maddələrinə; M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqeyinə; “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

20. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli e-2(010)-4463/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işin ən ədalətsiz halı ondan ibarətdir ki, o, 2007-ci ildə ailəsi ilə birlikdə qanunsuz tikilidə yaşamağa başlayır, iki uşaq dünyaya gətirib həmin evdə böyüdür, həmin evdə birgə təsərrüfat aparıb evi tam təmir edir, yeni əmlaklar alır, evi yaşamaq üçün arzuladığı hala gətirir, 17 il ərzində uşaqları böyüdüb başa çatdırır, bu dövrdə onkoloji xəsətəliyə düçar olur, sağlamlığı baxımından çarəsiz qaldığı bir zamanda isə cavabdehlər tərəfindən evindən çıxarılır, yaşadığı evinə buraxılmır, bütün bu hallar tam sübut edildiyi halda isə, məhkəmə bir əsasa – evin Cavabdeh2 vəsaiti hesabına əldə edilməsi əsasına – istinad etməklə iddiaçını azyaşlı uşağı ilə birlikdə öz evinə köçürülməsindən imtina edir. Onlar məhkəmənin qərəzsizliyinə şübhə etməsələr də, bu işdən görünür ki, məhkəmə bu işdə ədalətli olmamış, işə tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmamışdır. Burada fakt tərəflərin 2007-ci ildən qanunsuz tikilidə yaşaması, birgə təsərrüfat aparması və hal-hazıradək tərəflərin əmlakının həmin evdə olması, evin hər hansı bir hüquqla heç kimə məxsus olmamasıdır ki, bu hallar sübuta yetib, evin kimin tərəfindən əldə edilməsi isə bu iş üçün xüsusi əhəmiyyət kəsb etmir. Göründüyü kimi hazırki iddia tələbi üzrə mübahisə predmeti olan, fərdi yaşayış evi Azərbaycan RespublikasıMülki Məcəlləsinin 180.1-ci maddəsinin tələblərinə uyğun olaraq özbaşına tikili olsa da və həmin tikilini əldə etmiş şəxslər kimi onlar ona mülkiyyət hüququ əldə edə bilməsələr də, qanunverici özbaşına tikinti aparmış şəxslərin həmin tikilidə yaşamasını qadağan etməmişdir. Bu baxımdan da, onun özbaşına tikili olan həmin fərdi yaşayış evinə köçürülməsini mümkünsüz edən heç bir hal yoxdur. Belə ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmə öz qətnaməsində “ev qanunsuz tikili olduğundan, onunla bağlı Mənzil Məcəlləsinin müddəaları tətbiq edilə bilməz, çünki belə olan halda özbaşına tikiliyə daşınmaz əmlakın statusu verilmiş olardı” halına əsaslanmaqda haqlı olmamışdır. Avropa Məhkəməsinin mövqeyindən də görünür ki, insanın yaşadığı yerin mənzil hesab edilməsi üçün onun həmin yerlə yetərli və davamlı əlaqələrinin olmasının sübut edilməsi kifayət edir. Yəni iddia predmeti olan evin qanunsuz tikili olması, həmin evə heç kimin hüququnun olmaması baxımından həmin evdə davamlı surətdə yaşayan şəxslər həmin evə yaşayış yeri kimi istinad edə bilər və onların yaşayış yerindən məhrum edilməsi məsələsi yalnız həmin evə, evin yerləşdiyi torpaq sahəsinə hüququ olan şəxslər (məsələn dövlət, bələdiyyə və s) tərəfindən mübahisələndirilə bilər. Hazırki halda isə heç kimin onu həmin evdən məhrum etmək, həmin evi satmaq kimi üstün hüquqları yoxdur. Hal-hazıradək isə istər dövlət, istərsə də bələdiyyə tərəfindən həmin evin qanunsuz olması və ya sökülməsi barədə heç bir pretenziya bildirilməmişdir. İnsanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Cavabdehlərin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda birgə təsərrüfat apardıqları dövrdə yaşadıqları evlə bağlı iddiaçını evdən istifadə etməkdən məhrum etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı 2007-ci ildən artıq 17 ildir həmin evdə yaşayır, uşaqlarını orada böyüdür, bütün əmlakları alır və evi təmir edir. Amma bir qaşıq belə götürmədən həmin evi qarşı tərəf satır. Burada hüquqları pozulan şəxs iddiaçıdır. Məhkəmə iddianı təmin etsə idi, üçüncü şəxsin hüquqları pozulmayacaqdır. Ev iddiaçının birgə nikahı dövründə birgə vəsait hesabına alınmışdır. Faktiki ailə münasibətləri yarandığı tarixdə iddiaçı qayınanasının evinə köçmüşdür, hansıkı həmin ev 2007-ci ilin yanvar ayında satılmışdır. Cavabdeh tərəf bildirir ki, həmin ev satıldıqdan sonra həmin vəsait hesabına başqa ev alınmışdır. Lakin iddiaçı evin həmin vəsait hesabına alınmadığı demişdir. İddiaçı bildirir ki, cavabdeh ilə evin alındığı Məhəmməd adlı şəxslə aralarında əlyazma olmuşdur. Dollarla ödəniş olunmuşdu. Həmin dolların bütün seriya nömrəsi yazılmışdı, son günədək həmin sənəd evdə idi, lakin indi o sənədi ortaya çıxarmırlar. Evi bir yerdə alıblar. Evi faktiki olaraq Cavabdeh1 almışdır. İddiaçı bildirir ki, qayınanası ilə mübahisəsi düşdüyü üçün evdən çıxmışdır, qayınanası qovmuşdur, hazırda kirayədə qalır. Onlar qazla bağlı sənədləri təqdim etmişlər, həmin qazla bağlı müqavilə Cavabdeh1 adına olmuşdur. Konstitusiya Məhkəmənin sonuncu qərarında qeyd edilmişdir ki, əgər pul vəsaiti bağışlanmamışdırsa, artıq rəsmi sübutlar olmalıdır ki, həmin ev digər evin satışından əldə olunan pul vəsaiti hesabına alınmışdır. Lakin yeni ev almaqları ilə bağlı sübut yoxdur. Düşünür ki, həmin həyət evi satılmamışdır. Evin satılması görüntüsü yaradılmışdır. Hətta satıblarsa belə yeni alınan ev 500-600 m aralıda eyni formada alınmışdır, bunun fərqi nədə idi?

24. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçnin bildirmişdir ki, oğlu ilə iddiaçı evlənən zaman onun yanında, Hövsandakı evdə yaşamağa başlayıblar. Həmin evi nə zaman aldığını xatırlamır. Həmin ev onun mülkiyyətində idi. Nəvələrindən biri həmin evdə doğulmuşdur. Həmin vaxt onlarla bir yerdə yaşayırdı. Hövsandakı ev iki otaqlı idi. Daha sonra həmin evi satdı, 2007-ci ildə həyət evini aldı. Həyət evi uç otaqlı idi. Oğlu da ailəsi ilə birgə onunla həmin evə köçdülər. İkinci nəvəsi bu evdə dünyaya gəldi. Gəlnini 20 ildir gətirmişdir, lakin onlarla yola getmirdi. Daha sonra 2023-ci ildə iddiaçı evdən çıxdı, il yarım sonra isə məhkəməyə verdi. Hələ rəsmi boşanma olmamışdır. İkinci ev, 3 otaqlı alınan zaman təqribi 30 min verildi. Oğlu ev almaqda köməklik etməmişdir. O, əvvəlki evi sataraq bu evi aldı. Evin pulu ilə onları saxlamışdır. Evi əşyalı almamışdır, evi alandan sonra evi təmir etdirmişdir. Əvvəlki evi 37 minə satdı, daha sonra həmin pulla ev almış, evin təmirini etmiş və oğlunun ailəsinə baxmışdır. Hazırda həyət evini satmışdır. Onu satandan sonra ikiotaqlı ev almışdır. Oğlu onunla yaşayır. İkinci dəfə aldığı, hansı ki iddiaçının köçmək istədiyi evin pulunu o vermişdir, öz evini sataraq almışdır.

25. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçnin bildirmişdir ki, 2006-cı ildə Suraxanı rayonu, Hövsan qəsəbəsində, bina evinə atası ilə anasının şəxsi evinə iddiaçını gəlin gətirmişlər. Həmin evdə iki il yaşamışlar, qızı Əliyev Mədinə həmin evdə dünyaya gəlmişdir. Daha sonra anası həmin bina evini sataraq həyət evini almışdır. Həmin evi anası təmir etdirdi, bəzi əşyalar aldı. Daha sonra Cavabdeh2 həmin evdə dünyaya gəlmişdir. Bina evi çıxarışlı olmuş, həyət evinin isə Bələdiyyə sənədi olmuşdur. Hazır tikili idi, sadəcə qarşısı bağlandı, təyinatı dəyişdirildi. Həyət evində 16 il yaşamışlar. Həmin həyət evi hazırda satılmışdır. Onun adına o evdə heç nə olmamışdır. Həyət evi şəraitsiz idi, kanalizsiya sistemində problem var idi, ev bir daş idi, ona görə də həmin evi satdılar. Onların həmin həyət evindəki əmlaklar birgə nikah dövründə alınmışdır. Həmin ev satılan ərəfədə o, iddiaçıya zəng vurdu, evin satılması barədə məlumat verdi ki, gəlsin əşyaları götürsün, lakin istəmədi. Ona görə də ev əşya qarışıq satıldı. Evin əşyalarının çoxusu yararsız vəziyyətdə idi, ona görə də çoxunu götürmədi. Evin su, işıq müqavilələri anasının adına idi. Qaz sayğacı ilə bağlı bildirmişdir ki, sayğac dəyişdirilən zaman anası evdə yox idi, onda oğlu olduğunu bildirdi, ona görə də qaz sayğacı onun adına keçirildi.

26. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini dəlillərini qəbul etməyərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman uzun araşdırma aparmışdır. Onlar birinci instansiya məhkəməsində keçirilən yerli baxışda iştirak etmişlər, həqiqətən aralıda ev alınmışdır. Həmin mübahisələndirmədən qabaq satılıb alınan ev, hansıkı iddiaçı köçmək istədiyi ev sənədsiz evdir. Həmin evə ana mülkiyyətçi kimi yalnız oğluna və gəlininə sığınacaq kimi vermişdir. Elektron Sistem vasitsilə tərəflərin gəlirləri müəyyən oluna bilər. Eyni zamanda evin satıldığı şəxslər də məhkəmə iclasında izahat verərək evin satıldığını təsdiq etdilər.

Apellyasiya baxışının hədləri

27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 28.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 30.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

31.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 32.139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icrahakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 33.146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdinnotariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 34.146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakındaşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 35.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 36.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 37.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 38.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahibpozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 39.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Mülki-Prosessual Məcəlləsinin 40.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 41.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 42.81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 45.Belə ki, hazırkı iddia tələbi özbaşına tikiliyə köçürülmə barədədir. İddiaçının istinad etdiyi hallara görə, o, Cavabdeh1 ilə 2006-cı ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, həmin zaman cavabdehin anasının yaşadığı evə gəlin köçmüş, 7 iyul 2007-ci il tarixdə isə nikah münasibətlərini rəsmiləşdirərək əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evini əldə etməklə həmin ünvana köçmüşlər.

46. Cavabdehlər isə Cavabdeh2 xüsusi mülkiyyətində olan 2 otaqlı mənzili 17 yanvar 2007-ci il tarixində satdığını, sonuncunun həmin mənzilin satışından əldə etdiyi pula (16.577 manata) mübahisə predmeti olan tikilini aldığını, İddiaçı Cavabdeh1 ilə 7 iyul 2007-ci il tarixində rəsmi nikah bağladıqlarını, bunun mübahisəli tikili alındıqdan sonra baş verdiyini bildirmişlər.

47. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri ki, özbaşına tikili olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çollük küçəsində 20/15 saylı fərdi yaşayış evi cavabdehlərin faktiki sahibliyindən çıxsa da, iddiaçının mübahisəli özbaşına tikliyə aidiyyəti müəyyən edilməlidir. Belə ki, mübahisəli özbaşına tikiliyə münasibətdə iddiaçının statusunun müəyyən edilməsi, aidiyyəti müəyyən edildiyi təqdirdə əmlakından məhrum edildiyi üçün sahibliyinin müdafiəsi, habelə dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir.

48. Belə ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

49. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan ev - özbaşına tikilidir. Cavabdehlər iddiaçının keçmiş əri və qayınanasıdır. İddiaçı qayınanasının vəsaiti hesabına əldə olunmuş evə köçərək onunla birlikdə yaşamışdır. Mübahisəli ev iddiaçı ilə əri-cavabdehin birgə nikah dövründə əldə olunmamış, həmin evin onların birgə vəsaitləri hesabına əldə edildiyi müəyyən edilməmişdir.

50. Apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi bu halları mübahisələndirmir. İddiaçı, onun da eyni şərtlər daxilində həmin evdə yaşamaq hüququnun olduğunu, əks halda, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulması, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsi və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsi ilə nəticələnəcəyini qeyd etmişdir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəni həll edən zaman iddiaçının yaşayış evinin əldə olunmasında iştirak etməməsinə, tikiliyə sərf edilmiş vəsaitin ona və ərinə məxsus olmamasına əhəmiyyət vermişdir.

52. Beləliklə də, mübahisəli özbaşına tikilinin iddiaçının qayınanasına məxsus pul vəsaiti hesabına əldə edildiyi, sonuncunun xüsusi mülkiyyətində olan mənzili satdıqdan sonra həmin evə köçdüyü, iddiaçının da bu evə cavabdehlər - qayınanası və əri ilə birlikdə satılmış mənzildən çıxaraq köçdüyü işin müəyyən olunmuş hallarına aiddir. İddiaçı istinad etdiyi halların (uşaqların həmin evdə doğulduğu, əmlakların həmin evdə olduğu, kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin Cavabdeh1 ilə bağlandığı və s.) onun mübahisəli tikiliyə münasibətdə hər-hansı hüququnun yaranması anlamına gəlmir. Məhkəmə kollegiyası azyaşlı uşağı – 15 aprel 2010-cu il təvəllüdlü Cavabdeh2 Ceyhun qızına münasibətdə də eyni qənaətə gəlir.

53. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

54. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması ilk öncə həmin hallara istinad edən iddiaçının birbaşa vəzifəsidir. Onun istinad etdiyi hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı olmayan kimi məhkəmə tərəfindən rədd edilməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

56. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 57.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4463/2024 saylı 09 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar