Məhkəmə qərarları › İş №2(103)-1641/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1641/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1641/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4647/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından iki uşaq - xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 doğulmuşdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 4724/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 3446 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları X2 yanında qalmaları, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2019cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 450/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh pay hüquqlarının tanınması qət edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzil üzərində xx.xx.2024-cü il tarixdə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı payları müəyyən edilmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 364/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2019-cu ilin avqust ayından hal-hazıra kimi iddiaçı Cavabdeh ödədiyi 18919.88 manat pulun yarısı, 9459.94 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi, cavabdeh İddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə xidmətinə görə 300 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. . İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən azyaşlı uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 anadan olmuşdur. Sonra hər iki uşaq onun yanında saxlanılmaqla Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4724/2019 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-450/2023 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1/2 hissədə onunla cavabdeh arasında payları müəyyən olunmuşdur. Hal-hazırda onun başqa yaşayış yeri yoxdur. Məcburiyyət qarşısında qalaraq, azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət yaşadığı evdən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum olmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq həmin evə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4647/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməs, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödəniməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 43cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 213.1, 213.2, 215.1, 215.2, 215.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 185.5, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin hallarına, sübut qismində təqdim edilmiş məhkəmə aktına, qanunvericiliyin tələblərinə adekvat deyil. Belə ki, heç kim iddiaçını evdən uzaqlaşdırmamış, məhz öz istəyi ilə könüllü şəkildə evdən getmiş, hətta birgə nikah dövründə əldə edilmiş əşyaları da özü ilə apararaq evi boşaltmış və artıq uzun müddətdir ki, məhz öz istəyi ilə başqa evdə yaşamışdır. İddiaçıya qarşı pul tələbi və kreditlərin bölgüsü tələbi ilə məhkəməyə müraciət etdikdən və tələb təmin edildikdən sonra o, əsassız halları qeyd edərək məhkəməyə müraciət edərək bildirmişdir ki, guya onun başqa yaşayış yeri yoxdur. İşdəki fakt və sübutlar göstərir ki, iddiaçı tərəf evə dair tanıtdığı ½ pay hüququndan istifadə edərək əsl həqiqətdə cavabdehin yeni qurduğu ailəsini dağıtmaq, yaşayışına maneə olmaq niyyətindədir. Bunun əksi olsa idi, o, ilk olaraq evi boşaldan, evi tərk edən insan olmazdı və əgər onun başqa yerdə yaşayışı olmasa idi, o, hazırki iddia ilə çoxdan məhkəməyə və həmçinin hüquq mühafizə orqanlarına müraciət etməli idi. Qeyd edilən hallar məhkəmənin qanunvericiliyin tələblərini pozduğunu göstərir, bu da məhkəmənin qətnaməsinin ləğv edilməli olduğunu göstərir. İddiaçının hazırki iddiasının təmin edilməsinin icrası işin hallarına, şərait’ uyğun icra edilə bilməz. Çünki, iddiaçı mənzilə dair ½ hissədə hüquqlarını tanıtsa da o üzərinə düşən öhdəlikləri icra etməmiş, belə ki, kredit borclarını və eləcə də cavabdeh tərəfindən ödənilmiş vəsaitləri geri qaytarmamışdır. Belə olan halda tərəfin ½ hüququ formaldır, nə vaxt üzərinə düşən öhdəlikləri icra edər, pulları ödəyər, ondan sonra mənzilə dair bu kimi iddialar qaldıra bilər. Bildirir ki, məhkəməyə ərizə ilə əvvəlcədən müraciət edərək baxış iclasının təxirə salınmasını, iştirakının vacib olduğunu qeyd etsə də, məhkəmə əsassız şəkildə qeyd edir ki, üzürlü halları sübut qismində əlavə etməmişdir. Bildirir ki, məhkəmənin əvvəlki hazırlıq iclasındakı prosesə baxılarsa işi ilə əlaqədar ölkədə olan tədbirin nəzərə alınması məqsədilə xx.xx.2024 tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, vaxtını dəyişməyini xahiş etsə də, məhkəmə bunu nəzərə almayaraq prosessual qanunvericiliklə nəzərdə tutulan hüquqlarını, çəkişmə prinsipinin tələbini pozmuşdur. Qeyd edilənlər bir daha sübut edir ki, hakimin mötəbər əsaslandırma aparmadan, işin hallarına adekvat olmayan mövqe bildirməsi hüquqlarının pozulmasına, əlavə vaxt itkisinə səbəb olur. Odur ki, qeyd edilənlər, maddi və prosessual hissədə əks olunanlar məhkəmənin sözügedən qətnaməsinin əsassız olduğu səbəbindən ləğv edilməli olduğunu göstərir. İşin materiallarından da göründüyü kimi, İddiaçı ilə xx.xx.2007-ci ildə ailə qurub. 2019-cu ilin iyul ayına kimi birlikdə yaşasalar da həmin vaxtdan sonra aralarında anlaşılmazlıqlar, ailə münasibətlərini sarsıdan əsaslı səbəblər olduğundan, buna görə də ayrı yaşadıqlarından, birgə təsərrüfat aparmadıqlarından, ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkün olduğundan cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları anasının himayəsinə verilmiş və hər uşaq üçün aliment müəyyənləşdirilmişdir. Bildirir ki, iddiaçı ilə ailə həyatı qurduqdan sonra birgə nikah dövründə şəxsi vəsaiti hesabına ev üçün istifadə edəcəkləri əşyalar da almışdır. Nikah pozulduqdan sonra iddiaçı onun xəbəri olmadan gizlin şəkildə evdən həmin əşyaları aparmış, bir sözlə, evi tamamilə boşaltmışdır. Birgə nikah dövründə aldığı əşyaların dəyərinin yarısının verilməsini tələb etsə də, iddiaçı bundan imtina etmiş və bununla da hüquqları pozulmuşdur. Bununla yanaşı qeyd edir ki, birgə nikah dövründə ev almaq, eləcə də əşyalar üçün adına kreditə pullar götürülmüşdür. Hazırda nikah pozulsa da, hətta nikah pozulmamışdan əvvəl ayrı yaşasalar da həmin kreditlər üzrə ödənişləri məcburən cavabdeh ödəyir. İddiaçı bu günə kimi bir manat belə kreditin pulunu ödəməmişdir. Odur ki, iddiaçı əmlak hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, iddiaçı əmlak tələbi ilə 2022-ci ilin sonunda iddia ilə məhkəməyə müraciət edərək nikah dövründə alınmış və ipoteka ilə yüklü edilmiş əmlaka ½ pay hüququnun tanınması tələb etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 450/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh pay hüquqlarının tanınması qət edilmişdir. Cavabdeh də hüquqlarının müdafiəsi üçün aidiyyəti qaydada əmlak tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və tələbi təmin edilmişdir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(010)-364/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2019-cu ilin avqust ayından hal-hazıra kimi iddiaçı Cavabdeh ödədiyi 18919.88 manat pulun yarısı, 9459.94 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi, cavabdeh İddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədətəmin edilməməsi, qiymətləndirmə xidmətinə görə 300 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh tutularaq "xxxx"MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Onu da qeyd edir ki, sözügedən qətnamədə o da təsdiqini tapmışdır ki, “Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əşyaların dəyərinin yarısının ona ödənilməsini istəyir. Cavabdeh yəni İddiaçının tələb etdiyi əşyalardan əksəriyyətini cehiz gətirdiyini, tozsoran, soyuducu, soba, qabyuyan, noutbuk, LG markalı televizorun birgə nikah dövründə əldə edildiyini bildirir. Lakin, iddianı bu hissədə ona görə qəbul etmir ki, həmin əşyalardan qonaq otağı və mətbəx üçün stol-stulu, 2 ədəd çılçırağı, şirəçəkəni, Samsung markalı qabyuyan maşını, Bosch markalı şirəçəkən maşını, Siemens markalı paltaryuyan maşını, Samsung markalı mikrodalğalı sobanı mütəmadi olaraq kirayə qaldıqları evi dəyişdikləri üçün satmış, Siemens markalı soba, Siemens markalı soyuducu, Apple markalı noutbuk uşaqlarının istifadəsindədir. Şirəçəkən maşın və paltaryuyan maşın işlək vəziyyətdə deyildi. LG markalı televizoru, tozsoran maşını və qab-qacağı, qazan dəstini götürməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının iddia tələbində irəli sürdüyü əşyaların birgə nikah dövründə mövcud olduğunu mübahisələndirmir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh həmin əşyalardan bir qisminin onun tərəfindən cehiz gətirildiyini bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə cavabdehin iddiaçı ilə birgə yaşadıqları dövrdə həmin əşyaların mövcudluğunu etiraf etməsini, onların bir qismini cehiz qismində gətirməsini məhkəmədəsübuta yetirə bilməməsini nəzərə alaraq hesab edir ki, həmin əşyalar birgə nikah dövründə əldə edilmiş əşyalardır. İddiaçının tələb etdiyi əşyalardan LG markalı televizor, tozsoran maşın, qab-qacaq, və qazan dəstinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin əşyaların cavabdehdə olmasını sübuta yetirə bilməmişdir. Samsung markalı televizorun isə iddiaçıda olmasını o, özü etiraf etmişdir. Məhkəməcavabdehin izahatına əsasən müəyyən edir ki, o, qonaq otağının stolstulunu 100 manata, mətbəx üçün stol-stulu 50 manata, 2 ədəd çılçırağı 25 manata, Samsung markalı qabyuyan maşını 300 manata, Bosch markalı şirəçəkən maşını 10 manata, Siemens markalı paltaryuyan maşını 30 manata, Samsung markalı mikrodalğalı sobanı 30 manata satmışdır. Yəni, birgə nikah dövründə əldə edilən həmin əşyalar da, cavabdeh tərəfindən götürülmüş və onun istifadəsində olmuşdur.” Bununla yanaşı sözügedən qətnamədə İddiaçı bildirmişdir ki, “Ramil artıq iki ildir ki, evlidir və birgə nikah dövründə aldıqları mənzildə arvadı ilə birgə yaşayır. o, əşyaları 2020-ci ilin əvvəlində cavabdehin yaşadığı evdən götürmüşdür.” Qeyd olunan qətnamə qanuni qüvvəsini aldığından 14 noyabr 2024cü il tarixli icra vərəqəsi verilmişdir, lakin buna baxmayaraq İddiaçı üzərinə düşən öhdəlikləri icra etməyərək pozuntulara yol verir, icradan yayınır, hələ bu azmış kimi əsassız fikirlərlə hazırda evə köçməyə dair iddia da qaldırır. Sual olunur, İddiaçı pulu ödəmirsə, köçmək istədiyi ev üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə, bu günki günə bir manat da pul ödəməyibsə və icradan da yayınırsa o zaman onun evə hansı hüququ tanına bilər ki? Hazırki iddiası hüquqdan sui-istifadə deyilmi? Vicdansız davranma, cavabdehin hüquqlarının pozulması deyilmi? Göründüyü kimi, İddiaçı 2020-ci ilin əvvəlindən artıq ayrı yaşadıqlarını, özünün evi tərk etdiyini və əşyaları götürdüyünü və artıq iki ildir ki, cavabdehin yeni ailə həyatı qurduğunu və ailəsi ilə orada yaşadığını etiraf etmişdir. Bu da sübut edir ki, İddiaçı qarşı əmlak tələbi ilə iddia qaldırdığından o prinsipə düşərək artıq iki ildir ki, öz istəyi ilə yaşamadığı evə məqsədli şəkildə köçmək niyyətindədir və onun bu iki il ərzində yaşadığı evi olmuş, yəni onu kimsə qovmamış, o öz könüllü istəyi ilə evdən çıxıb getmişdir və onun hazırda cavabdehin yaşadığı evə heç bir ehtiyacı yoxdur. Bu səbəblərdən də bildirir ki, hazırki əsaslı şikayətinin təmin edilməsi, məhkəmənin qanunsuz və əsassız qətnaməsinin ləğv edilməsi zəruridir. Məhkəmə tərəfindən prosessual normaların da tələbləri pozulmuş, obyektiv araşdırma aparılmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının iddiasının təmini barədə qətnamə qəbul edilərkən mötəbər hallar nəzərə alınmamışdır, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, düzgün tətbiq edilməmiş, həmçinin iclasda iştirak hüququ, çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Belə ki, baxış iclasının üzürlü səbəblərdən təxirə salınmasını, iştirakının vacibliyini qeyd etsə də məhkəmə işi elə bir baxış iclası ilə yekunlaşdırmışdır. Qanunvericilikdə qeyd olunur ki, tərəflərin təqdim etdikləri sübutlar məhkəmə tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir. O cümlədən, qətnamənin nəticə hissəsi qətnamənin məzmununa, işin hallarına adekvat olmalıdır. Lakin göründüyü kimi, mötəbər hallara hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri nəzərə alınmamış, gəlinmiş nəticə işin halları, qətnamənin məzmunu, təsviri, əsaslandırıcı hissəsi ilə uzlaşmamış və bununla da hüquqları, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bu isə qanunvericiliyin işin düzgün, obyektiv və ədalətli şəkildə araşdırılması üzrə müəyyənləşdirilmiş prosessual tələblərini də kobud şəkildə pozur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh teleqramla müraciət edərək səhhətində yaranmış problem səbəbilə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyinin nəzərə alınaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

18. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

19. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

20. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

21. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

22. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4647/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

33. Kollegiya bildirir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

34. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər.

35. İşin mübahisəsiz halıdır ki, iddiaçının uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzil onun cavabdehlə birgə nikahı dövründə əldə edilmiş və məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə cavabdehin payı müəyyən edilmişdir. Yəni iddiaçı həmin mənzilin 1/2 hissəsi üzərində mülkiyyət hüququna malikdir.

36. Tərəflərin mənzil üzərində payları müəyyən edilsə də, bu paylar ayrılmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının ümumi paylı mülkiyyətdə olan həmin mənzil üzərində sahiblik və istifadə hüququ ümumi qaydada – cavabdehlə bərabər həcmdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bu baxımdan mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin mənzildən istifadə və sahiblik etməsi iddiaçının bu hüquqlarını məhdudlaşdırmamalıdır.

37. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulan hər iki uşağın iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı ilə birlikdə onun yetkinlik yaşına çatmayan uşaqlarının da mübahisəli mənzilə köçürülməsi təmin edilməlidir.

38. Kollegiya qeyd edir ki, qanun paylı mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onların öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Mülkiyyətçinin, buna kifayət qədər zəruri və qanuni əsaslar olmadan öz mənzilindən məhrum edilməməsi onun konstitusion hüququ kimi təsbit edilmişdir. Mülkiyyət hüququnun müdafiəsinə dair “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində isə yalnız qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər imkan verdiyi halda, cəmiyyətin maraqları naminə, yaxud dövlətin ümumi maraqlara müvafiq olaraq müəyyən hərəkətlərin (mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etməklə bağlı) yerinə yetirilməsi zamanı mülkiyyət hüququnun məhdudlaşdırılmasını və ya məhrum etməni nəzərdə tutmuşdur.

39. Kollegiya hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı mülkiyyətindən istifadə etməsinə, yaxud mənzilə köçürülməsinin məhdudlaşdırılmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir.

40. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillər iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilən yetərli əsas sayıla bilməz.

41. Odur ki, birinci instansiya məhkəməsi doğru olaraq İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 ilə birlikdə mənzilə köçürülməsini qət etmişdir.

42. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

43. Hazırki işlə bağlı iddiaçının mənzilə hüquqlarının olduğu, lakin onun həmin mənzildə yaşamaq hüququnun məhdudlaşdırıldığı məlumdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun, eyni zamanda məhrumetmə tətbiq olunan şəxslərin hüququ olmasın.

44. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə bildirir ki, cavabdehin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirakı təmin edilmiş, izahatı dinlənilmişdir. Eyni zamanda iş üçün əhəmiyyətli olan sənədlər və digər sübutlar təqdim edilmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4647/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar