Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1645/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Adıgözəl oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3683/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi 0.00785 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlətə məxsus olmaqla iddiaçının istifadədir. (Qeydiyyat tarixi – xx.xx.2018-ci il).
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Fərdi yaşayış evinin yerləşdiyi 0,0394 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. (Qeydiyyat tarixi – xx.xx.2022-ci il)
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh Adıgözəl oğluna qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında zəbt edilmiş 200 m2 torpaq sahəsinin cavabdehdən alınıb ona verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı 16 saylı Dövlət Notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci ildə yüklü edilmiş və borcun təminatı olaraq ipoteka edilmişdir. Azərbaycan Respublikası ƏMDKY DƏDRXİ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə RX Seriyalı ******* saylı çıxarış almışdır. Çıxarışı aldıqdan sonra 2-3 il məhkəmədə cavabdehin evi boşaltması barəsində iddia ərizəsinə baxılmışdı. Bu ilin iyun ayında Əmlak Komitəsinin 1 saylı ərazi idarəsinə ərizə ilə müraciət etmişdir ki, mülkiyyətçinin istifadəsində olan 0.05472 ha torpaq sahəsinə mülkiyyət sənədi alsın. Müəyyən olunmuşdur ki, onun istifadəsində olan 0.05472 ha torpaqdan 200 m2 azalma var, istifadəsində olan torpağın 200 m2 hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq hasarlanaraq zəbt edilmişdir. O, həmin şəxsdən mülkiyyətiçinin istifadəsində olan torpaq sahəsini boşaltmasını tələb etmiş, lakin bir faydası olmamışdir. 200 m2 torpaq sahəsini alıb, lakin heç bir sənədi yoxdur. Aralarında tez-tez münaqişələr olur. O da qanuni yolla məhkəməyə müraciət edəcəyini bildirmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün müvafiq dövlət orqanına müraciət etmiş, istifadəsində olan 0,0394 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, 0,0200 ha nəzərə alınmamışdır. İddiaçı bildirdi ki, iddiaçının hazırda daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında dövlət reyestrində aparılmış qeydlə faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri eynidir.
6. Məhkəmə iclasında Cavabdeh Adıgözəl oğlu iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, həmin torpağı 2019-cu ildə Saleh adlı şəxsdən almışdır. Saleh ona torpağının olduğunu demiş və köhnə texpasportu gətirərək, 10000 ABŞ dollara satmışdır. Razılaşmışlar ki, ilkin olaraq 5000-6000 manat versin, qalanını hissə-hissə versin. Öz aralarında qeyri notarial müqavilə bağlamışdır. Salehlə razılaşmış, 5000 vermiş, qalan pulu hissə-hissə vermişdir. Ona göstəriləndə və o, torpaq sahəsini alanda hasar var idi. O, məhkəmədən bildiriş gələndə Salehlə danışmış, sonuncu ona demişdir ki, onu aldatmamışdır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3683/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qeyd olunmalıdır ki, cavabdehin özbaşına zəbt etdiyi həmin torpaq sahəsi onun qanuni istifadəsində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinə dair cavabdehin heç bir hüquqverici sənədi yoxdur. Lakin, buna baxmayaraq məhkəmə onun qanuni istifadəsində olan 200 kv.m torpaq sahəsinin cavabdehdən alınmasına dair iddia tələbini əsassız olaraq rədd etmişdir. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlar uyğun əsaslandırılmamışdır. Məhkəmə işdəki sübutlara deyil, cavabdehin öz mənafeyinə uyğun verdiyi izahatına əsasən mübahisələndirilən torpaq sahəsinə onun istifadə hüququnun olmadığı və həmin torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınıb ona verilməsini tələb etmək hüququmun olmadığı qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Adıgözəl oğlu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə Cavabdeh Adıgözəl oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. Maddə 140 reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
16. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3683/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. İşin mübahisəsiz halından biri ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Cavabdeh Ə.Xudadadatovun faktiki istifadəsində olan 0,0200 ha torpaq sahəsi iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşir və onların arasında hasar mövcuddur. Cavabdehin istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir.
29. Hazırda iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşən cavabdehin faktiki istifadəsində olan 0,0200 ha torpaq sahəsinin cavabdehdən alınıb ona verilməsini tələb edir.
30. İddiaçı qeyd edir ki, fərdi yaşayış evini həmin evin yerləşdiyi 0,0594 ha torpaq sahəsi ilə birlikdə X2 almış, lakin mübahisəli torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alınarkən istifadəsində olan torpaq sahəsindən 0,0200 ha ölçüdə sahə nəzərə alınmamışdır və hazırda həmin sahə cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh isə iddia tələbinə etirazinin dəlili olaraq onu göstərir ki, o, sözügedən torpaq sahəsini Saleh adlı şəxsdən 10 000 ABŞ dolları müqabilində əldə etmişdir.
31. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edir ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.00785 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlətə məxsus olmaqla iddiaçının istifadəsində olmuşdur.
32. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edir ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.0394 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.
33. Həmçinin xüsusilə qeyd edilməlidir ki, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı vermiş olduğu izahatına əsasən müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqla iddiaçıya məxsus olan torpaq sahəsinin ölçüləri hazırda faktiki istifadəsində olan torpaq sahəsi ilə eynidir.
34. İşin mübahisəsiz hallarından, iş materiallarında olan sənədlərdən belə nəticəyə gəlinir ki, iddiaçının hazırkı vindikasiya barədə tələbi (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi) əsassızdır. Belə ki, vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.
35. Hazırki mülki iş üzrə İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşən 0,0200 ha torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüququnun olması iş materialları ilə öz təsdiqini tapmır. Bununla da iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququnun olmadığı tam sübuta yetirilir. Belə ki, iddiaçı mülkiyyətində və ya qanuni sahibliyində olmayan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb edə bilməz.
36. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi kimi məsələləri araşdırmalıdır.
37. Qeyd edilməlidir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı)
38. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, mübahisəli 0,0200 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı üzərində hər hansı bir hüququ tanınmayan torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ yoxdur.
39. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının oan məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 2 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik yerləşən 0,0200 ha torpaq sahəsinin cavabdehdən alınıb ona verilməsi ilə bağlı məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququnun olmaması müəyyən edildiyindən onun hazırki iddiası rədd edilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3683/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.