Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1645/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(004)-4913/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək abunə müqaviləsi üzrə xidmət müqabilində 2438,77 manat məbləğində borcun və 45 manat dövlət rüsumunun, ümumilikdə cəmi 2483,77 manat vəsaitinin məbləğində pul vəsaitinin cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(004)- 4913/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Qətnamənin əsaslarına görə, məhkəmə hesab etmişdir ki, abunə müqaviləsi üzrə xidmət müqabilində 2438,77 manat məbləğində borc yaranmışdır və həmin pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün əsaslar mövcuddr.
4. Cavabdeh Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.1. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
6. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “... Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
8. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
9. MPM-nin 24-cü maddəsinə işlərin məhkəmə aidiyyatı müəyyən edilərkən 3 meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalıdır.
10. İşdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hər 2 subyekt hüquqi şəxs olmaqla iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə publik hüquqi şəxsdir. Publik hüquqi şəxs kimi cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarının mövcud olub – olmamasını aydınlaşdırmaq üçün həmin publik hüquqi şəxsin nizamnaməsinə diqqət yetirilməlidir.
11. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 1.5-ci bəndinə əsasən DƏDKR ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur, bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
12. Nizamnamənin 5.4-cü bəndinə əsasən DƏDKR qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra DƏDKR-in, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsaitdən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 446 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq Xidmətlə razılaşdırmaqla istifadə edir.
13. Nizamnamədə qeyd olunan bu xüsusatlar həmçinin, hüquq münasibətlərinin xarakterini də müəyyyən edir. Hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən tərəflər arasında bağlanmış 13 aprel 2010-cu il tarixli, telekommunikasiya xidmətlərinin yerinə yetirilməsinə dair 00301 saylı sazişin 1-ci bəndinə də diqqət yetirilməlidir. Həmin bənddə qeyd olunur ki, “Bu saziş ilə “Azercell” tərəfindən “Abunə”yə telekommunikasiya xidmətlərinin göstərilməsi, “Abunə” tərəfindən isə bunun müqabilində haqqın ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir”.
14. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri mübahisə kommersiya mübahisəsidir və buna görə də, birinci instansiya məhkəməsi hazırkı tələbə baxaraq mahiyyəti üzrə qətnamə çıxarmaqda haqlı olmamışdır.
15. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qismən təsdiq edilməklə qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(004)- 4913/2023 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(004)- 4913/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev