Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1647/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə (sahəsinə) köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3466/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə xx xxxxxx 2003-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri Xətai Rayon VVADQ Şöbəsi tərəfindən nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1086 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı adlı üç övladları doğulmuşdur. 2004-cü ilin aprel ayından Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evinə köçərək 2020-ci ilin iyul ayının 25-dək həmin ünvanda yaşamışlar. Qeyd olunan yaşayış evində o, cavabdeh, cavabdehin atası mərhum X1, cavabdehin qardaşı mərhum X2 ilə birlikdə uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşamışlar. X1 və X2 2011-ci ildə rəhmətə getmişlər. 2020-ci ilin iyul ayının 25-də cavabdeh onu döyüb təhqir edərək azyaşlı uşaqları ilə biriikdə evdən çıxıb getməyə məcbur etmiş, həmin vaxtdan evə yaxınlaşmağa imkan verməyərək qapıların açarını da dəyişmişdir. O, məcbur qalıb müvəqqəti başqa ünvanda azyaşlı uşaqları ilə birlikdə yaşayır. Onun hər üç övladı həmin ünvanda anadan olmuş, oradan Hövsan qəsəbə 280 saylı tam orta məktəbinə gedirlər, həmin ünvan üzrə 16 saylı uşaq poliklinikasında tibbi qeydiyyatdadırlar. Ona və uşaqlara məxsus geyim əşyaları halhazırda həmin evdə qalmışdır. Odur ki, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməkləri barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun hazırda yaşamağa başqa yeri olmadığından iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3466/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı azyaşlı övladları xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində yerləşən (25 saylı) fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3466/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində cavabdehin izahatı təhrif olunmuşdur. O həmin mənzildə yaşadıqlarını bildirsə də, həmin mənzili onun yox, atasının aldığını bildirmişdir. Atası və qardaşı da onlarla yaşamışlar. İddiaçının evdən çıxıb getməsinə səbəb əxlaqa zidd hərəkətləri olmuşdur. Bu faktı qonşular da təsdiq edir. Onlar münaqişəli ailə kimi polis idarəsində qeydiyyatdadırlar. Hesab edir ki, iddiaçının həmin mənzilə köçürülməsi gələcəkdə pis nəticələrə gətirib çıxaracaqdır. Bundan əlavə, iddiaçı tərəfindən mənzilə xüsusi hüququnun olmasını təsdiq edən hər hansı sənəd təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, o, iddiaçının və üç azyaşlı uşağının həmin ünvana qayıdıb yaşamasına etiraz etmir. Qeyd edilən ünvanda iki yaşayış evi vardır. Onlardan birində mərhum valideynləri, digərində isə o, cavabdehlə və üşaqları ilə birgə yaşamışdır. Hazırda o, iddiaçının uşaqlarla birlikdə həmin ünvanda mərhum valideynlərinin yaşamış olduqları evin bir otağında yerləşməsinə etiraz etmir, lakin iddiaçı onların əvvəllər yaşadıqları evin bütünlüklə ona verilməsinə israr edir. Bu səbəbdən də, birinji instansiya məhkəməsinin qətnaməsini əsassız hesab etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2003-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “İbrahimov”, arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahimli Samiyə Rövşən qızı xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Abşeron RPİ tərəfindən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahimli Aysel Rövşən qızı xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Abşeron RPİ tərəfindən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahimli Zümrüd Rövşən qızı xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Asan-Sumaqayıt tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 2 A ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 3 mənzil 29 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi X7 üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı üç övladı xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsində nömrəsiz evdə qeydiyyatsız yaşayırlar. Birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar və verilmiş izahatlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2003-cü ildə rəsmi olaraq nikaha daxil olmuş və ünvan 5 mənzil 29 ünvanına gəlin köçmüş və sonradan həmin mənzil satılaraq əvəzinə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evi alınmışdır. Həmin fərdi yaşayış evində tərəflər 2004-cü ildən yaşayırlar. Tərəflərin birgə nikahdan üç övladları - xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı anadan olmuşdur. Mübahisəli fərdi yaşayış evi qanunsuz tikilidir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar iddiaçının mübahisəli mənzilə köçürülməsinə mane olan hallar deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ var. Bu yanaşmanın əksi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3466/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1647/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1647/2021
28.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver