Məhkəmə qərarları › İş №2(103)-1647/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1647/2022

19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1647/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ərizəçi “hüquqi faktların müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X3, nənəsinin anası Səkinə xanım Şahbaz qızının, nənəsinin qardaşı X8 və nənəsinin qardaşı qızı X5 ölüm faktlarının, mərhumlarla onun qohumluq münasibətlərinin və mərhumlardan miras qalmış Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı mülkün onun tərəfindən miras kimi qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, X3, Səkinə xanım Şahbaz qızının, X5 və X8 ölüm faktları, mərhumlarla Ərizəçi arasında qohumluq münasibəti və Ərizəçi tərəfindən mərhumlardan miras qalmış Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı evin vərəsə kimi qəbul etməsi faktlarının müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən maraqlarına toxunan şəxs qismində X2 prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadı ilə X1 hüquqi varisi (vərəsəsi) müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Daha sonra Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi olmasının nəzərə alınması, iş üzrə icraatın təzələnməsi, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilərək, verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə gönədirlməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsindən verilmiş prosessual müddətin bərpası barədə vəsatətə dair mülki iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi və qətnamə ilə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli, 2-1709/2005 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi Ərizəçi hüquqi faktların müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edən zaman eyni zamanda nənəsinin qardaşı X8 da ölüm faktlarının, mərhumlarla onun qohumluq münasibətlərinin və mərhumlardan miras qalmış Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı mülkün onun tərəfindən miras kimi qəbul edilməsi faktlarının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarından həmçinin görünür ki, ilk olaraq qətnamə ilə maraqlarına toxunan şəxs qismində X2 ərizə ilə məhkəməyə müraciət edərək, X8 atası olmasını və doğulduğu vaxtdan Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı mənzildə qeydiyyatda olmaqla yaşamasını bildirərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası xahiş etsə də, onun vəfat etməsindən sonra icraat dayandırılmış və sonuncunun vərəsəsi müəyyən edildikdən sonra işə baxılmış və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi və qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli, 2-1709/2005 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Lakin iş materiallarında X1 qətnamə ilə ölüm faktı müəyyən edilmiş X8 qızı olması barədə doğum haqqında şəhadətnamə və ya digər mötəbər sübutlar əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsi isə yanlış olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli, 2-1709/2005 saylı qətnaməsinin X1 vərəsəsi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasının açıq-aşkar mülki iş materialları ilə təsdiq olunmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli, 2-1709/2005 saylı qətnaməsinin X1 hüquq və vəzifələrinə toxunması barədə mötəbər sübutlar təqdim edilmədiyindən qətnamənin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilmədiyindən, qətnamənin sonuncunun vərəsəsi kimi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması müəyyən edilmədiyindən onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi “hüquqi faktların müəyyən edilməsi” barədə ərizəsinə dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsindən qətnamə ilə maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Maraqlı şəxs geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar