Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1648/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 72 saylı evin 149 saylı mənzili İddiaçı tərəfindən xx.xx.2009-cu ildə dəyəri ödənilməklə Mənzil Tikinti Kooperativindən alınmış və mülkiyyət hüququ üzrə onun adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar və tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur.
3. Nikah pozulduqdan sonra cavabdeh həmin mənzili tərk edərək başqa ünvana köçmüşdür. O, hazırda mübahisəli mənzildə yaşamır.
4. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin əmlaklarının mübahisəli mənzildən çıxarılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 149 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahda olduqları dövrdə cavabdehin həmin mənzilə qeydiyyata alınmasına icazə vermişdir. Birgə nikahlarından olan uşaqları Abdullah və Aminə də, həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehlə aralarında olan nikah pozulmuş, cavabdeh artıq neçə ildir ki, qeyd edilən mənzili tərk etmişdir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona məxsus olan bütün əşyalar da qeyd edilən mənzildən çıxarılmışdır. Lakin buna baxmayaraq, cavabdeh bu günə qədər onun mülkiyyətində olan mənzildə heç bir qanuni əsas olmadan qeydiyyatda qalmaqda davam edir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5111/24 saylı iş üzrə 13 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia təmin edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin keçmiş ailə üzvü olmaqla yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasların mövcud olması, maddi vəziyyəti və özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməyən diqqətəlayiq digər hallar barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Tərəflər arasında bağlanmış nikaha Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xitam verildiyindən, bununla da cavabdeh iddiaçının keçmiş ailə üzvü hesab edildiyindən, iddia əsaslı olduğundan təmin olunmalı və cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunvericiliyə düzgün istinad edilməməklə yanlış qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən onun istifadə hüququ olmağı nəzərə alınmamışdır. Halbuki, həmin mənzilin ödənişləri birgə nikah dövründə edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7803/2024 saylıxx.xx.2024-cü il tarixli qərarı nəzərə alınmamışdır. Hazırda Bakı İnzibati Məhkəməsinin eyni predmet barəsində qərarı mövcuddur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30.4. Yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda Plenum qeyd etmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
20. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisələndirilən mənzilin iddiaçının xüsusi mülkiyyətində olması, tərəflər arasında nikah pozulduqdan sonra cavabdehin mübahisəli mənzili tərk etməsi, cavabdehin əmlaklarının mübahisəli mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır.
21. İddiaçı məhz bu fakta, yəni mənzilə mülkiyyət hüququ olmasına əsaslanaraq hazırkı iddianı qaldırmışdır. O, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranmasını mübahisələndirmir və ailə münasibətlərinə xitam verildiyindən cavabdehin mənzildən istifadə hüququnun xitamını tələb edir.
22. 01.10.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır (maddə 30.4.). İddiaçı ilə cavabdeh arasında nikah məhkəmə qaydasında xx.xx.2019-cu il tarixdə pozulduğundan cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilmiş və həmin yaşayış sahəsindən istifadə hüququ qalmamışdır.
23. Apellyasiya şikayətinin dəlilləri cavabdehin mübahisəli mənzilə istifadə hüququnun nəzərə alınmaması üzərində qurulsa da, Kollegiya bir daha vurğulayır ki, cavabdehin mənzilə istifadə hüququnun olması mübahisəsizdir. Lakin bu hüquqa iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən son qoyulmuşdur. Mübahisəli mənzilin alınmasına görə ödənişlərin birgə nikah dövründə edilməsinə münasibətdə isə Kollegiya qeyd edir ki, bu hazırkı mübahisənin predmeti olmamaqla iddianın təmin və ya rədd edilməsi üçün əsas deyildir.
24. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7803/2024 saylıxx.xx.2024-cü il tarixli qərarının nəzərə alınmamasına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin qərarın hazırkı iş üzrə heç bir preyudisiallığı yoxdur. Belə ki, həmin qərara görə iddianın rədd edilməsinin səbəbi istifadə hüququ ilə bağlı mübahisənin inzibati icraat çərçivəsində baxılmalı olmaması olmuşdur. Məhz elə buna görə də iddiaçı inzibati məhkəmənin qərarından sonra ümumi məhkəmədə hazırkı iddianı qaldırmışdır.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 13 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.