Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1649/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair 2(006)-5902/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən yaşayış mənzilinə azyaşlı uşaqları ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X5 ikinci cavabdeh qismində qeyd etməklə, onun ünvan 2 ünvanda yerləşən yaşayış mənzilinə azyaşlı uşaqları ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27.04.2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə girmişlər və 10.07.2007-ci il təvəllüdlü X13 və 18.10.2010-cu il təvəllüdlü X14 adlı iki uşaqları doğulmuşdur. 11.05.2012-ci il tarixdən ünvan 1 ünvanda yerləşən mənzilə qeydiyyatdadır. Cavabdehla ilk uşağı doğulmamışdan əvvəl ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra ünvan 2 ünvanda yerləşən mənzildə yaşamağa başlamışdır və uzun illər ailəsi tərəfindən onun üçün hazırlanmış cehiz əşyalarını həmin mənzilə aparmışdır. Hal-hazırda Cavabdeh onu həmin evdə yaşamağa imkan vermir və o, yaşadığı mənzildən zorla və heç bir səbəb olmadan çıxarılmış və azyaşlı uşağları ilə kirayələrdə qalmağa məcbur olmuşdur. O, həmin mənzildən məcburi qaydada çıxarıldığı anadək orada yaşamışdır. Hazırki ana qədər də ona məxsus bütün cehiz əşyaları həmin mənzildədir. Əlavə olaraq bildirir ki, o, cavabdehlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmaqla cavabdehlə bərabər hüquqlar, yəni həmin yaşayış sahəsində yaşayaraq ondan istifadə etmək hüququ əldə etmişdir. Cavabdeh bu hərəkətləri ilə onun və uşaqlarının hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, azyaşlı uşağları ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmalıdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı qeyd etmişdir ki, 2 il 5 aydır ki, o, qeydiyyatda olduğu mənzildə yaşaya bilmir. 2 il 5 ay bundan əvvəl həyat yoldaşı Həmidov X11 Dispanserdə müalicə almağa göndəriləndən sonra onu həmin mənzildən məcburi qaydada qayınanası X6 çıxarmışdır. Onlarla yaşamaq istəmədiyini bildirmişdir. Çünki həmin mənzil qayınanasının adına qeydiyyatdadır. Qayınanası özü də həmin mənzildə qeydiyyatdadır və orada yaşayır. Mənzilin dövlət reyestrindən çıxarışı qayınanasındadır. Qayınanası onu və iki uşağını məcburi evdən çıxaranda o, qardaşına bildirmiş, qardaşı gəlib onu aparmışdır. Həmin vaxtdan da hal hazıradək onun cehiz əşyaları həmin mənzildədir. Onlar məcbur olub mənzildən çıxdıqdan sonra ilk öncə Göyçay rayonu Çayarxı kəndində atası və anasının yanına getmişlər, sonradan Bakıya qayıdaraq Sulutəpə qəsəbəsi (Çiçək qəsəbəsi) 2-ci sıra deyilən ərazidə yerləşən həyət evində o, iki uşağı, anası və atası kirayədə yaşamağa başlamışlar. Kirayədə yaşadığı həyət evi iki mərtəbəli evdir. Birinci mərtəbədə onlar kirayədə qalırlar, ikinci mərtəbədə ev sahibi özü yaşayır. Hal-hazırda da həmin mənzildə kirayədə qalırlar və 150 manat kirayə haqqı verir, maddi imkanları aşağıdır. Qeydiyyatda olduğu mənzildə yaşayana qədər uşaqları 42 nömrəli orta məktəbdə oxumuşlar. Mənzildən çıxarılandan sonra məcbur qalıb uşaqlarını Xırdalan şəhəri 1 saylı orta məktəbə adlarını yazdırmışdır, hal-hazırda da orada oxuyurlar. Çünki həyat yoldaşı müalicə alırdı. Təxminən 7-8 ay müalicə alıb dispanserdən çıxdıqdan sonra ona mənzillərinə qayıtmaq istədiyini bildirsə də, nə həyat yoldaşı, nə də qayınanası onu həmin mənzilə qayıtmağa imkan vermirlər. Həyat yoldaşını da qayınanası öyrədir. Bir dəfə həyat yoldaşı gələrək onu kirayədə yaşadığı evin həyətində təhqir edərək, onu mənzilə buraxmayacağını bildirmişdir. Bunu hal-hazırda kirayədə yaşadığı evin sahibi X9 da təsdiq edə bilər. Bundan başqa, o, iddia ərizəsinə qayınanasının onu zorla evdən çıxarması barədə səs yazısını və Vüsalın ona 17 iyun 2021-ci il tarixdə göndərdiyi səs yazılarını ərizəsinə əlavə edir. Qayınanasının səs yazısını o özü evdən çıxardığı vaxt yazmışdır ki, sübut kimi saxlayıb gələcək həyat yoldaşı Cavabdeh qulaq asdırım. Cavabdeh səs yazısını isə özü whatsapp vasitəsi ilə ona göndərmişdir. Onları qayınanası evdən çıxaran zaman qonşular özü də buna şahid olmuşlar. Əlavə olaraq bildirir ki, o, kirayədə qalmaqla iki uşağına baxır, onları böyüdür, maddi imkanı aşağıdır, həm uşaqlara baxmaq və həm də kirayə pulu vermək onun üçün çətindir. O, Sahil metrostansiyasının yaxınlığında yerləşən Azərbaycan Dövlət Pedoqoji Universitetində işləyir. Hər gün işə gedib gəlmək onun üçün çətindir, həm yol uzaq olur, həm xərcləri çox olur, həm də uşaqlarını məktəbə aparıb gətirmək çətindir. Bundan başqa, uşaqları böyüyür, onların bu problemlərlə böyüməmələri, atalarından ayrı yaşamamaları, onların təhsili ilə daha yaxşı məşğul olması, eləcə də yola və kirayəyə çox vəsait xərcləməməsi üçün öz qeydiyyatda olduğu mənzilə köçmək istəyir. Mənzilə köçsə uşaqlarını yenidən 42 nömrəli orta məktəbə adlarını yazdırar, onlar rahat məktəbə gedib-gələrlər. O isə yola və kirayəyə xərclədiyi pulları ailəsinə, uşaqlarının təhsilinə xərcləyər. Əgər o, öz qeydiyyatda olduğu ünvanda yaşaya bilsə, atası və anası qardaşı X10 ilə birlikdə yaşayacaqlar. Qardaşı hal-hazırda Bakıxanov qəsəbəsində yaşayır. Qeyd etdiyi mənzil həyət evi olmaqla, iki ayrı otaqdan ibarətdir. Bir otaqda qayınanası və bir otaqda o ailəsi ilə yaşamışdır. O, öz ailəsindən ayrılmaq və həyat yoldaşından boşanmaq istəmir. O, uşaqlarının gələcəyini düşünərək bunu istəyir. İstəyir ki, uşaqları ailə qayğısı ilə böyüsünlər, məktəb yaxında olsun, məktəbə rahat getsinlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah münasibəti 27.04.2011-ci il tarixdə rəsmiləşdirilsədə, onlar 2007-ci il tarixdə ailə həyatı qurublar və həmin ildə iddiaçı qaynanasına məxsus mübahisəli evə gəlin köçmüşdür. X12 adlı uşağı 10.07.2007-ci il tarixdə doğulmuşdur. İddiaçı 11.05.2012-ci il tarixdən ünvan 1 ünvanda yerləşən mənzilə qeydiyyatdadır. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, İddiaçı ilə nikahı 27.04.2011-ci il tarixdə rəsmiləşdirilsədə, onlar 2007-ci il tarixdə ailə həyatı qurublar və həmin ildə iddiaçı onun anasının mülkiyyətində olan mübahisəli evə gəlin köçmüşdür. Onların nikahı rəsmən pozulmayıbdır. İddiaçı xeyli müddətdir ki, çıxıb gedibdir, onlar ayrı yaşayırlar. Cavabdeh X6 apellyasiya şikyətinə etiraz edərək, İddiaçı onun mülkiyyətində olan evə köçürülməsinə razı olmadığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdeh X2 ailə üzvü olmadığına görə onun yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə həmin mənzilin tərkib hissəsindən istifadə etmək hüququ yaranmamışdır. Məhkəmə bu nəticəyə gələrkən maddi hüquq norması olaraq Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mülki mübahisəyə baxan zaman maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Belə olan halda isə qətnamə ləğv edilməlidir. Belə ki, X1 cavabdeh qismində qeyd edilsə də, ona məhkəmə iclasları barədə məlumat verilməsini təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə sənədlərini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 387.2, 387.2.2.2-ci maddələrinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə 27.04.2011-ci il tarixdə rəsmi nikah daxil olmuşdur. Onların 10.07.2007-ci il təvəllüdlü X13 və 18.10.2010cu il təvəllüdlü X14 adlı iki uşaqları var. İddiaçı qayınanası X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 35 saylı evə 2007-ci ildə köçmüş, 11.05.2012-ci il tarixdə həmin yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH serialı, 126937 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 35 saylı ev X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş, bu barədə 14 fevral 1998-ci il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası İddiaçı mübahisəli yaşayış evinə 2007-ci ildə köçdüyünü nəzərə alaraq hesab edir ki, hazırki mülki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08.10.2013cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228.1-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyı hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(006)- 5902/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1649/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1649/2022
12.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver