Məhkəmə qərarları › İş №2(103)-1649/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1649/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1649/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanəti müqaviləsi üzrə pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “bank əmanəti müqaviləsi üzrə pul vəsaitinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli «Güvən» əmanət müqaviləsinə əsasən banka yerləşdirilmiş əmanət məbləğindən hal-hazırki vaxta kimi ödənilməyən 19000 (on doqquz min) manat məbləğində vəsaitin və hazırki iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC-nin əsl cavabdeh bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini xahiş etmiş və kompensasiyanın alınması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək, banka yerləşdirilmiş əmanət məbləğindən hal-hazırkı vaxta kimi ödənilməyən 19000 (on doqquz min) manat məbləğində vəsaitin və hazırkı iddia tələbi ilə bağlı ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Həbibə Miriyeva) ilə iddia təmin edilmiş, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq qanunla müəyyən edilmiş bir illik müddət üzrlü səbəblərdən ötürülmüş hesab edilərək bərpa edilmiş, 01 oktyabr 2018-ci il tarixli PTD.132621.006 saylı əmanət müqaviləsi üzrə 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun əvəzinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçı kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində müraciət etməmiş, müraciəti qeyri-mümkün edən hallarla bağlı sənəd təqdim etməmişdir. Bundan başqa iddiaçının hesabında vəsait yoxdur, daxil olan vəsait bankın aralıq hesabında olduğu üçün o, qorunan əmanət hesab oluna bilməz, qorunan hesab edilməyən əmanətlər kreditor tələbi kimi qeydə alınır, iddiaçının kreditor tələbi də kreditorun reyestrində qeydə alınmışdır. Bundan başqa rayon məhkəməsi kompensasiyanın Əmanətlərin Sığortalanması Fondundan yox, Cavabdeh1 ASC-nin ləğvedicisi kimi Əmanətlərin Sığortalanması Fondundan tutulmasını qeyd etmişdir. Bu da qeyri-müəyyəndir, fond və bank ayrı-ayrı hüquqi şəxdir, rayon məhkəməsində fonda yox, banka qarşı tələbə baxılmış, qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi M.Xəlilzadə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi V.Hüseynov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

8. Cavabdeh1 ASC (hazırda ləğv prosesindədir) ilə İddiaçı arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli PTD.132621,006 saylı «Güvən» əmanət müqaviləsindən görünür ki, İddiaçı tərəfindən 5050 (beş min əlli) manat məbləğində vəsait Cavabdeh1 ASC-yə əmanət olaraq yerləşdirmişdir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən əmanət xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 36 ay müddətinə, illik 13 faiz dərəcəsi qoyulmuşdur.

10. X2 Sığortalanması Fonduna ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 57.8-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarlar qəbul edilmişdir (əlavə olunur). Həmin vaxtdan etibarən əmanətçilər qarşısında öhdəliklər qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirilə bilinmədiyini nəzərə alaraq qeyd olunan banklarda sığorta hadisəsinin baş verdiyi gün xx.xx.2020-ci il tarixi hesab olunur. Eyni zamanda bildirilir ki, X7 Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Atabank" Açıq Səhmdar Cəmiyyətinin və “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin lisenziyaları ləğv edilmiş, habelə onların müflis elan edilməsi və ləğvedicinin təyin edilməsi barədə Mərkəzi Bank tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq sığorta hadisəsi baş vermiş banklarda qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi xahiş olunur.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 3(103)-125/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Cavabdeh1 ASC-nin müvəqqəti inzibatçısı təyin olunduğu dövürdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəliklərin üzrə ödənişlərinə (Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvlərindən başqa bankın işçilərinin əmək haqqı üzrə ödənişlər, bankın cari təsərrüfat xərcləri üzrə ödənişlər, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlər istisna olmaqla) moratorium tətbiq edilməsi qərara alınmışdır.

12. İddiaçı LPO Cavabdeh1 ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, banka yerləşdirdiyi əmanətinin bir hissəsini, yəni 13312 manatı xx.xx.2020-ci il tarixdə almışdır, lakin qalan 19000 manat əmanətinin alnması üçün köməklik göstərilməsini xahiş etmişdir.

13. Məhkəmə sorğusu əsasında LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə ünvanladığı məktubunda bildirmişdir ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin kreditorlar reyestrinə daxil edilib-edilməməsi barədə məlumatın və Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - Fond) Himayəçilik Şurasının müvafiq qərarlarının təqdim edilməsi ilə bağlı müraciətə Fondda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 3(103)-130/2020 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və Fond Bankın ləğvedicisi təyin olunmuşdur. Bildirilir ki, İddiaçı 19.023,93 (on doqquz min iyirmi üç manat, 93 qəpik) manat məbləğində kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə qeydə alınaraq ləğv prosesində olan Bankın kreditorlar reyestrinə daxil edilmişdir.

14. LPO Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı 26 fevral və 01 aprel 2024-cü il tarixli məktublarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)- 130/2020 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır, Əmanətlərin Sığortalanması Fondu “Amrahbank" ASC-nin ləğvedicisi təyin edilmişdir. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər, tələbin hüquqi əsasını sübut edən sənədlər və digər məlumatların ləğvediciyə təqdim edilməsi əsasında yazılı şəkildə qeydə alınmalıdır. Müflis elan olunmuş bank qarşı olan kreditor tələbləri "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə müvafiq olaraq növbəlilik əsasında ödənilir.

15. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli 106 saylı protokoluna əsasən xx.xx.2019-cu il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10% müəyyən edilmişdir.

16. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2020-ci il tarixli 116 saylı protokoluna əsasən xx.xx.2020-ci il tarixindən etibarən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir. Məhkəmə xərcləri:

17. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 149 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

21. 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

22. 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin

23. 953.1-ci maddəsinə əsasən əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanunu:

24. Maddə 1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

25. Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:

26. 2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

27. 2.1.2.3. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər

28. 2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;

29. 2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər;

30. 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

31. 2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manatdan yuxarı pul vəsaitləri;

32. 2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;

33. 8.1. X3:

34. 8.1.20. qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;

35. 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.

36. 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir.

37. 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017-ci il tarixli qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

44. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

45. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

48. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

50. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il ərzində müraciət etməməsi, müraciəti qeyri-mümkün edən hallarla bağlı sənəd təqdim etməməsidir.

54. Bununla bağlı bildirilir ki, mülki iş materiallarında olan Milli Hematologiya Mərkəzi tərəfindən verilmiş iddiaçının ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020- xx.xx.2020-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar ambulator və stasionar müalicələr qəbul etmişdir və bu səbəbdən də, rayon məhkəməsi hesab etmişdir ki, iddiaçının kompensasiya almaq üçün müraciət etmə müddətinin ötürülməsi üzrlü hesab edilməlidir.

55. Bundan başqa, Əmanətlərin Sığortalanması haqqında Qanunun 28.3-cü maddəsində Fondun əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul etdiyi göstərilsə də, 28.4-cü maddədə əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadılmasının mümkün olduğu, lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanıldığı təsbit olunmuşdur.

56. Göründüyü kimi, Qanunda əmanətçinin kompensasiya almaq hüququnun bütün hallarda bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanıldığı təsbit edildiyindən cavabdehin həmin dəlili əsassızdır.

57. Cavabdehin apellyasiya şikayətinin digər dəlili iddiaçının əmanətinin qorunan əmanət sayılmaması ilə bağlıdır ki, həmin dəlil üzrə qeyd edilir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsində qeyd edilir ki, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.

58. Həmin maddədə qorunan əmanətlərə aid edilməyən əmanətlər göstərilmişdir. Qorunmayan əmanətlərdən biri də cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən (qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir) yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sayılır.

59. Hazırkı iş üzrə rayon məhkəməsi tərəfindən aparılmış müvafiq araşdırmalarla müəyyən edilmişdir ki, hazırkı iş üzrə xx.xx.2018-ci il tarixli əmanət müqaviləsində illik faiz dərəcəsi 13% razılaşdırılmışdır. Həmin vaxt qüvvədə olan normalara və müqavilənin şərtlərinə əsasən qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 15% olmuşdur. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli protokolunda da xx.xx.2019-cu il tarixədək yerləşdirilən əmanətlərin müqavilə müddəti bitənədək milli valyutada gəlirliyi 15 faizədək olduğu təqdirdə sığortalı olması göstərilmişdir.

60. Göründüyü kimi, cəlb edildiyi günə əmanətin faiz dərəcəsi 13 faiz razılaşdırılmış, həmin vaxt qüvvədə olan normalarla qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 15% olduğundan, iddiaçının əmanəti üçün razılaşdırılan faiz həmin dövr üçün müəyyən edilmiş yuxarı həddən az olduğundan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının əmanəti qorunan əmanət olmuşdur, cavabdehin həmin dəlili əsassızdır.

61. Cavabdehin apellyasiya şikayətinin digər dəlili rayon məhkəməsinin qətnaməsində kompensasiyanın “Əmanətlərin Sığortalanması Fondu”ndan yox, Cavabdeh1 ASC-nin ləğvedicisi kimi “Əmanətlərin Sığortalanması Fondu”ndan tutulmasını qeyd etməsi, bunun da qeyri-müəyyən olması ilə bağlıdır.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.

63. Cavabdeh1 ASC (hazırda ləğv prosesindədir) ilə İddiaçı arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli PTD.132621,006 saylı «Güvən» əmanət müqaviləsinin 5.3-cü bəndinə əsasən, bankın müflis elan olunması sığorta hadisəsi sayılmışdır.

64. Göründüyü kimi, hazırkı iş üzrə sığorta hadisəsi baş vermişdir, iddia tələbi də sığorta hadisəsi baş verdiyi üçün bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi üçün məhz fonda yönəlmiş, həmin kompensasiyanın da məhz fond tərəfindən ödənilməli olması şəksizdir. Bu baxımdan, cavabdehin istinad etdiyi kompensasiyanın fonddan, yoxsa bankın ləğvedicisi kimi fonddan tutulmasının qeyrimüəyyən olması barədə mövqeyi əsassızdır.

65. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

68. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar