Məhkəmə qərarları › İş №2(103)-1650/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1650/2023

12.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1650/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, 17 saylı Notariat Ofisinin xüsusi notariusu X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X18rşı iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız sayılması və miras payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X9 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh1 İddiaçı qardaşı, Cavabdeh2 xalası, Vəliyeva Tahirə isə ana tərəfdən nənəsidir. X1r. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, Döngə 4, ev 18B iddiaçının nənəsi mərhum Vəliyeva (Absalamova) Tahirə Qurbanəli qızına məxsus olmuşdur.

2. İddiaçı 09 oktyabr 1997-ci il tarixdə nənəsi X4 öldürmüş, bu əməlinə görə Sabunçu rayon xalq məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2006-cı il tarixdə müəssisədən azad olunmuşdur.

3. 2015-ci il tarixdə iddiaçının anası Mahirə Absalamova vəfat etmişdir. 28 fevral 2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 vərəsələri kimi hər biri onun miras əmlakı olan ünvan 1 ünvanında yerləşən 0,0459 ha torpaq sahəsi və ümumi sahəsi 33,6 kv.m. olan fərdi yaşayış evindən hər biri ½ hissədə miras payı almışlar.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, 17 saylı Notariat Ofisinin xüsusi notariusu X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X18rşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X5 verdiyi 28 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0,0459 ha torpaq sahəsi və ümumi sahəsi 33.6 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydiyyatın etibarsız hesab edilərək ləğv olunması, ünvan 1 ünvanında yerləşən 0.0459 ha torpaq sahəsində və onun üzərindəki ümumi sahəsi 33.6 kv.m olan fərdi yaşayış evində onun ½ hissədə miras payının müəyyən olunması, həmin ½ hissə pay üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 1982-ci ildə ailə həyatı qurması səbəbilə daimi yaşamaq üçün Qazaxıstana köçmüş və mübahisəli evdən xx.xx.1982-ci ildə qeydiyyatdan çıxmışdır. Bir müddət sonra Cavabdeh2 ailəsi ilə birlikdə Bakıya qayıdaraq, Əhmədli qəsəbəsində öz evlərində yaşamağa başlamışdır. Nənəsinin ölümünə qədər onun evində nənəsi, anası, qardaşı və özü daimi olaraq yaşamışlar. Nənəsinin ölümündən sonra həmin ünvanda anası və qardaşı daimi olaraq yaşamışlar. Cavabdeh2 anası Tahirənin ölümündən sonra bu günədək heç vaxt həmin evdə yaşamamış, evə sahiblik etməmişdir. Beləliklə, Tahirənin ölümündən sonra, faktiki olaraq ona məxsus olan əmlak onun yalnız bir qızı - anası Mahirə tərəfindən faktiki olaraq qəbul olunmuşdur. Cavabdeh2 isə anasının ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə miras əmlakı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdir. O, xx.xx.2006-cı il tarixdə cəzadan azad olunduqdan sonra, yaşamaq üçün həmin ünvana gəlmiş və həmin evdə yaşamışdır. Həbsdən azad olunduqdan sonra o, həmin ünvana təkrarən xx.xx.2006cı il tarixdən yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sonrakı illərdə o, həmin ünvanda təmir işləri görüb, ünvan üzrə olan kommunal borcları ödəmişdir. Anasının ölümündən sonra həmin ünvanda Mahirənin övladları - qardaşı və özü daimi yaşamışlar. Beləliklə, nənəsinin ölümündən sonra həmin əmlakı faktiki qəbul etmiş qızı Mahirənin ölümündən sonra isə Mahirənin miras əmlakı kimi onun övladları tərəfindən faktiki olaraq qəbul olunmuşdur. Tahirə Vəliyevanın vərəsəliyi onun öldüyü 1997-ci ildə açılmışdır. Onun vəsiyyətnaməsi olmamışdır. Həmin vaxt onun qanun üzrə 1-ci növbə 2 vərəsəsi olmuşdur: qızları Mahirə və Samirə. X14 mirasını isə onun qanun üzrə vərəsələrindən yalnız qızı Mahirə qəbul etmişdir. Belə olan halda, mirası qəbul etməmiş Cavabdeh2 həmin mirasdan pay almaq hüququ yoxdur. Ananın 2015-ci il tarixdə vəfatından sonra isə o, artıq anasıın miras əmlakı olan ünvan 1-yə qardaşı Cavabdeh1la bərabər pay hüququna malik vərəsəsidir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3676/22 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddiası rədd edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı vərəsəlik işi X3 ölümündən sonra qalan miras əmlakı ilə bağlı açılmışdır. Yəni, hazırkı mülki iş üzrə Cavabdeh2 bacısı X8 vərəsəsi deyil, anası X3 vərəsəsi kimi tanınaraq miras əmlakına haqlı olaraq 1-ci növbədən vərəsə olduğundan pay hüququ əldə etmiş və bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X5 verdiyi 28 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi halları müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Məcəlləsinin 528, 532, 552-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mərhum anası Vəliyeva (Absalamova)Tahirə Qurbanəli qızının mirasını qanunla qəbul etmədiyinə görə ona vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. İddiaçı Cavabdeh2 adının vərəsəlik şəhadətnaməsinə yazılmasına razılıq verməmişdir. Notarius bu razılığın alınmasının zəruri olmadığını göstərmək üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3386/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsini notariat işinə əlavə etmişdir. Lakin bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin yuxarda istinad etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edlmişdir. Bundan 6 gün sonra isə notarius ləğv olunmuş qətnaməyə istinad etməklə, qanunsuz vərəsəlik şəhadətnaməsini vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Digər Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun və notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Məcəlləsi

15. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

16. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

17. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni miras əmlakın ½ hissəsi üçün Cavabdeh1 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi və həmin hissə üzərində onun mülkiyyət hüququnun qeydə alınması hissəsində düzgün həll etməmişdir. Belə ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

21. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il) 552-ci maddəsinə əsasən “mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.”

22. İşin mübahisəsiz hallarından görünür ki, Tahirə Vəliyeva (Absalamova) 09 oktyabr 1997-ci ildə vəfat etmiş və bununla da miras açılmışdır. Həmin vaxt onun qanun üzrə 1-ci növbədə 2 vərəsəsi - miras qoyanın qızları Mahirə və Samirə olmuşdur.

23. Mülki işin mübahisəsiz hallarından da göründüyü kimi miras qoyan ölənədək iddiaçının anası və sonuncunun övladları ilə birlikdə yaşamış, həmin evdə vəfat etmişdir.

24. Həmçinin, birinci instansiya məhkəməsində işə baxılarkən ifadə vermiş Şahid ifadəsində həmin evdə əvvəllər İntiqam ilə anası Mahirə xalanın yaşadığını, sonradan Sevinc həbsxanadan çıxdıqdan sonra onun da onlara gələrək orada yaşadığını, Mahirənin vəfatından sonra İntiqam ilə Sevincin arasında söz-söhbət olduğunu, daha sonra İntiqamın Sevinci qovduğunu, Samirənin isə həmin evə tez-tez gəlib getdiyini, lakin Samirənin orada yaşamadığını bildirmişdir.

25. Bundan əlavə Kommunal Təsərrüfat İdarəsinin qəbzlərin surətindən görünür ki, məişət tullantılarının daşınması üçün ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir.

26. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X2 münasibətdə ləyaqətsiz vərəsə elan edilərək, vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra mübahisəli əmlaka qeydiyyata düşərək, qardaşı ilə birlikdə mütəmadi olaraq yaşamışdır. 2015-ci ildə İddiaçı anası rəhmətə getmişdir. Bundan sonra Sevinc anası tərəfindən qəbul edilmiş miras əmlakı anasından vərəsəlik qaydasında keçən əmlak kimi faktiki olaraq qəbul etmiş və idarə etmişdir.

27. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

29. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

30. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

31. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə iddiaçının anasından vərəsəlik qaydasında keçən hazırkı mübahisəli əmlak ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

32. Məhkəmə kollegiyası işin hallarını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş preyudisial əhəmiyyətli faktları, tərəflərin izahatını, şahid ifadəsini və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı mübahisəli əmlaka anasına münasibətdə birinci növbə vərəsədir və həmin əmlakdan anası Mahirə Absalamovaya çatası paya görə ¼ hissədə paya malikdir.

33. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 mirası faktiki qəbul etməməsi ilə bağlı dəlillərini əsassız sayır və qeyd edir ki, iddiaçınun bu dəlilləri araşdırılan sübutlar və işin müəyyən edilən halları ilə təkzib olunur. Cavabdeh2 miras qoyan Tahirə Vəliyevanın birinci növbə vərəsəsidir. İddiaçı isə birbaşa deyil, yalnız birinci növbə vərəsə olan anasına çatası paya görə mirasdan pay almaq hüququna malikdir. Ona görə də anası Mahirə Absalamovaya birinci növbə vərəsə kimi çatası ½ hissədə pay onun övladları olan İddiaçı və Cavabdeh1 arasında bərabər surətdə bölünməli və nəticə etibarilə miras evdə iddiaçının payı ¼ hissədə müəyyən edilməlidir.

34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı anasının ölümündən sonra ona çatası paya görə mirası faktiki olaraq qəbul etmişdir. Əslində, birinci instansiya məhkəməsi özü də xx.xx.2015-ci ildə Mahirə Abbasovanın ölümündən sonra iddiaçının və Cavabdeh1 miras evdə yaşamağa davam etdiklərini, sonradan Cavabdeh1 bacısı İddiaçı evdən qovduğunu müəyyən etmiş və bunu özünün hazırkı iş üzrə qətnaməsində göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, miras açılan vaxt və miras açıldıqdan sonra vərəsənin miras evdə yaşaması və təsərrüfatın idarə olunmasında (kommunal ödənişlərin həyata keçirilməsi və s.) iştirakı mirası faktiki olaraq qəbul etmə kimi qiymətləndirilməlidir. Sonradan iddiaçının evdən qovulması onu miras əmlakdan anasına münasibətdə pay almaq hüququndan məhrum edə bilməz.

35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı yalnız anasına münasibətdə, yəni anasına çatası paya görə mirasdan pay almaq hüququna malik olduğundan həmin hissədə mübahisəli hüquq münasibətinə Mahirə Abbasovanın vəfat etdiyi xx.xx.2015-ci il tarixə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Vərəsəliyin obyekti mülki qanunvericilikdə miras əmlak anlayışı ilə əhatə olunur. Qanunun mənasına görə miras əmlak dedikdə, ölən şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. O da qeyd edilməlidir ki, ölmüş şəxslərin vərəsələrinə yalnız əmlak xarakterli mülki hüquq və vəzifələr keçə bilər. Digər tərəfdən, vərəsəlik qaydasında o əmlak keçə bilər ki, həmin əmlak qanuni əsaslarla miras qoyana məxsus olmuş olsun.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) üsullarını müəyyən etmişdir.

40. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.

41. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur.

42. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.

43. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir.

44. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər.

45. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla, yaxud kommunal xərclərin ödənilməsi barədə mənzil istismar sahəsinin arayışı ilə təsdiq oluna bilər və s.

46. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

47. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri qeyd olunan hissədə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri), 28 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mübahisəli miras evin 1/2 hissəsi üçün Cavabdeh1 pay verilməsi və həmin pay üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində etibarsız hesab edilməli, həmin hissədə anaları Mahirə Absalamovaya çatası paya görə ¼ hissədə Cavabdeh1, ¼ hissədə İddiaçı payları müəyyən edilməlidir.

48. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Bakı şəhəri 17 saylı Notariat Ofisinin verdiyi 28 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydiyyat (çıxarış) ünvan 1 ünvanında yerləşən 0,0459 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 33.6 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 1/2 hissədə payının müəyyən olunması hissəsində etibarsız sayılsın. 09 oktyabr 1997-ci ildə vəfat etmiş X3 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0459 ha torpaq sahəsi və ümumi sahəsi 33.6 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh1 hər birinin ¼ hissədə (anaları X11 çatası ½ paya görə) payları müəyyən edilsin. İddia qalan hissədə təmin olunmasın. Bu qətnamə İddiaçı və Cavabdeh1 miras torpaq sahəsi və fərdi yaşayış evinin ¼ hissəsi (hər birinə) üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar