Məhkəmə qərarları › İş №2(103)-1652/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1652/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1652/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1094/2023 saylı, 31 oktyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 66000 (altmış altı min) manat məbləğində kredit verilmişdir.

2. Həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2018-ci il tarixli 1107/ağ saylı İpoteka müqaviləsi bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 64604.29 (altmış dörd min altı yüz dörd manat, iyirmi doqquz qəpik) manat - bundan 43599.03 (qırx üç min beş yüz doxsan doqquz manat, üç qəpik) manat əsas borc, 17260.73 (on yeddi min iki yüz altmış manat, yetmiş üç qəpik) manat faiz, 84.29 (səksən dörd manat, iyirmi doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 3660.24 (üç min altı yüz altmış manat, iyirmi qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 283.81 (iki yüz səksən üç manat, səksən bir qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın həmin kreditin ipoteka predmeti olan “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, BanJTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borclarına yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait kredit borclarının tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğlərinin Cavabdeh tutularaq, Ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1094/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh xx.xx.2018-ci il tarixli 1107/A saylı Kredit müqaviləsinə əsasən 43599.03 manat əsas borcun, 16693.20 manat faizin, 84.29 manat cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 3660.24 manat faiz borcunun LPO İddiaçı1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması; tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban-JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac vasitəsi ilə satılaraq əldə edilən vəsait hesabına LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borcun ödənilməsi; avtomobilin hərracda ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda Cavabdeh verilməsi; ipoteka predmetinin satışından əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; ödənilmiş 283.81 manat dövlət rüsumunun 281.05 manatının Cavabdeh, 2.76 manatının iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi; məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 198 manatının cavabdehdən, 2 manatın iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənətində göstərib ki, məhkəmə-mühasibatlıq ekspertizasının 19 iyun 2023-cü il tarixli rəyindən isə görünür ki, cavabdehin müqavilənin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 43775.87 manat, faiz borcu üzrə 16693.20 manat təşkil edir. Tutulmalı əsas borcun məbləği iddia ərizəsində qeyd edilən 43599.03 manat əsas, faiz borcunun məbləği məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 iyun 2023-cü saylı rəyində göstərilmiş 16693.20 manat faiz müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. İddia tələbi 19 mart 2018-ci il tarixli 1107/A nömrəli kredit müqaviləsi üzrə 43599.03 manat əsas borca münasibətdə 84.29 manat dəbbə pulu hissəsində əsaslıdır və iddia tələbi bu hissədə təmin edilməli, 84.29 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınar əmlaka yönəldilməlidir. Tərəflər müqavilə ilə ipoteka predmetinin ilkin satış qiyməti barədə razılığa gəldiklərindən, ipoteka predmetinin ilkin satış qiyməti 110000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınar əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnaməsini qismən - avtomobilin ilkin satış qiymətinin 110 000 AZN (bir yüz on min manat) məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etmiş və şikayətində göstərib ki, nəqliyyat vasitəsinin likvid satış qiyməti müəyyən edilmədən ipotekaya tutmanın yönəldilməsi qanunvericiliyin məqsədləri və tərəflərin mənafeləri baxımından əsaslı deyildir. Hətta, daşınmaz əmlakdan fərqli olaraq avtomobillərin real bazar qiymətinin müəyyən edilməsini məhkəmə qətnaməsinin icra mərhələsində müəyyən edilməsi daha məntiqli və qanununa uyğun olardı. Çünki nəqliyyat vasitəsi ipoteka qoyanın sərəncamında olduğu müddətdə onun qərəzli istismarı səbəbindən daha çox dəyər itirə bilər ki, bu da iddiaçının qanuni maraqlarına cavab verməyə bilər. Həmçinin, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Mülki Məcəllənin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətinin təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

11. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 34.1, 34.1.1 və 34.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), yəni iddia tələbinin təmin edildiyi hissə predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, avtomobilin ilkin satış qiymətinin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmır.

20. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunduğu kimi iddiaçı ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin yüksək müəyyən edildiyini mübahisələndirmiş və bu dəlillər də əsaslı hesab edilməlidir. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur: tərəflərin razılaşması və qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi Qanunun imperativ tələbidir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il qərardadında qeyd edilir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. .....Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır.

22. Birinci instansiya məhkəməsi tərəflərin müqavilə ilə ipoteka predmetinin ilkin satış qiyməti barədə razılığa gəldiklərini və ilkin satış qiymətinin 110000(yüz on min) manat müəyyən edilməklə açıq hərracdan satılması qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə ipoteka predmetinin qiyməti ilə, ilkin satış qiymətini qarışdıraraq müqavilədə göstərilən ipoteka predmetinin qiymətini ilkin satış qiyməti kimi qəbul etmişdir.

23. Şikayətin dəlillərinin yoxlanılması ilə əlaqədar mülki iş apellyasiya icraatında olarkən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, BanJTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırda real bazar və likvid dəyərinin nə qədər təşkil etməsi müəyyən edilməlidir. Çünki iddiaçı ipoteka predmetinin likvid dəyərinin yüksək, cavabdeh isə aşağı müəyyən edilməsindən narazıdır.

24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1652/2024 saylı, 26 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və verilmiş 05 iyun 2024-cü il tarixli 9/2034 nömrəli rəydə qeyd edilmişdir ki, “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, BanJTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırda real bazar dəyəri 73500 manat məbləğində və likvid dəyəri isə 66150 manat məbləğində müəyyən edilir.

25. Göründüyü kimi, avtomobilin likvid dəyəri 66150 (altmış altı min, yüz əlli) manat ilkin satış qiyməti kimi göstərilməlidir. Çünki bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan avtomobilin buraxılış ili, istismarda olduğu müddət, avtomobil bazarında qiymətlər və s. halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. İddiaçı isə likvid dəyərin daha aşağı olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilərdi, ancaq etməmişdir.

26. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1094/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməli; ipoteka predmeti olan “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban- JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 66.150 (altmış altı min yüz əlli) manat müəyyən edilməli; ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1094/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilsin. İpoteka predmeti olan “Lexus LX 570” minik markalı (Buraxılış ili-2012, Ban- JTJHY00W4C4087735), rəngi qara, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 66.150 (altmış altı min yüz əlli) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar