Məhkəmə qərarları › İş №2(103)-1654/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1654/2021

04.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1654/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh Bakı Dövlət Universitetin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə və üçüncü şəxs Azərbaycan Respublikası Prezident Admnistrasiyasına qarşı yeni xasiyyətnamənin verilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3358/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Dövlət Universiteti və üçüncü şəxs Azərbaycan Respublikasının Prezident Administrasiyasına qarşı yeni xasiyyətnamənin verilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Bakı Dövlət Universitetinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xasiyyətnamənin məzmununa daxil edilmiş yalan və saxta məlumatların ləğv edilərək konkret faktlar və rəsmi sənədlər əsasında yeni xasiyyətnamənin tərtib olunması və təhrif olunmuş yalan məlumatlardan ibarət xidməti xasiyyətnamənin tərtibi nəticəsində bu günə qədər digər qurumlarda işə düzələ bilməməsi səbəbind ən vurulmuş minimum əmək haqqı miqdarında aylıq 250 AZN olmaqla 36 ay müddətində cəmi 9000 AZN məbləğində maddi ziyanın cavabdehdən alınaraq onun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci ildən xx.xx.2017-ci il tarixədək 37 illik əmək fəaliyyəti dövründə Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə qüsursuz xidmət etmiş, dəfələrlə universitet rəhbərliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin mükafatlarına layiq görülmüş, gərgin əməyinin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi Medalı” ilə təltif olunmuşdur. İşlədiyi müddət ərzində intizam məsuliyyətinə cəlb olunmamış, öz işinə vicdanla yanaşmış və üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir. xx.xx.2017-ci il tarixli ərizə ilə Bakı Dövlət Universitetinin rektoruna müraciət edərək öz hesabına 2 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsini xahiş etmiş, məzuniyyətə buraxmamış və 3 gün üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı xx.xx.2017-ci il tarixli 1/156 saylı əmrlə tutduğu vəzifədən azad edilməklə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmrin surətini əldə etdikdən sonra digər qurumlarda işə qəbul edilməklə bağlı rəsmi müraciətlər etmiş və işə qəbulla bağlı ondan xidməti xasiyyətnamə tələb olunmuşdur. Bununla bağlı Bakı Dövlət Universitetinə xx.xx.2019-cu il tarixli müraciət ünvanlanmış və xasiyyətnamənin təqdim olunması xahiş edilmişdir. Bakı Dövlət Universitetinin xx.xx.2019-cu il tarixli məktubu ilə xasiyyətnamə aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunmuş xasiyyətnamə ilə tanışlıq nəticəsində məlum olmuşdur ki, bu sənədin mətninə daxil edilmiş məlumatlar yalnız anket məlumatlarından ibarətdir və Əmək Məcəlləsinin 88-ci maddəsinin tələblərinə cavab vermir. Yenidən Bakı Dövlət Universitetinə xx.xx.2019-cu il tarixli müraciət ünvanlayaraq xidməti xasiyyətnamənin tərtib edilərək aidiyyəti üzrə təqdim olunması xahiş edilmiş, Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva yenidən əvvəlki xasiyyətnamənin mətninə bir neçə əlavələr etməklə barəsində yeni məzmunlu xasiyyətnamə tərtib etmiş xx.xx.2019-cu il tarixli məktubla aidiyyəti üzrə ünvanlamışdır. Tərtib edilmiş xasiyyətnamənin mətninə daxil edilmiş məlumatlarla tanışlıq nəticəsində məlum olmuşdur ki, guya o 2005-2017-ci illər ərzində öz vəzifə funksiyalanın yerinə yetirilməsi zamanı bir sıra nöqsanlara yol vermiş, şifahi xəbərdarlıqlara baxmayaraq dəfələrlə Kimyanın tədrisi metodikası kafedrası üzrə ona ayrılmış dərs yükünün yerinə yetirilməsinə məsuliyyətsiz yanaşmış, bir çox hallarda dərsləri kafedranın digər müəllimləri tərəfindən əvəz edilmiş, rəhbərlik etdiyi Tədris hissəsinin işinə nəzarəti də lazımi səviyyədə həyata keçirməmiş, 8-xx xxx 2017-ci il tarixlərdə isə üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı rektorluğa Kimya fakültəsinin dekanı və Kimyanın tədrisi metodikası kafedrasının müdiri tərəfindən verilmiş təqdimatlar əsasında, BDU üzrə verilmiş xx.xx.2017-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Xasiyyətnamədə qeyd olunan məlumatların həqiqiliyinin yoxlanılması məqsədilə Bakı Dövlət Universitetinə xx.xx.2019-cu il tarixli müraciət ünvanlanaraq ona verildiyi iddia olunan şifahi xəbərdarlıqlarla bağlı toplanmış inzibati icraat materiallarının təqdim olunması xahiş olunmuş, tələb olunan materiallar təqdim olunmamış və işəgötürən ona şifahi xəbərdarlıqların verilməsi faktını sübut edə bilməmişdir. Konkret faktların mövcudluğu sübut etmişdir ki, tərtib edilmiş xasiyyətnamə onun şəxsi və peşəkarlıq keyfıyyətlərinin aşağı səviyyədə olması barədə flkir formalaşdırmış, bu fıkirlər əsasında bu günə qədər də digərqurumlarda işə düzələ bilməmiş, işsiz qalması nəticəsində isə ona maddi və mənəvi ziyanlar vurulmuşdur. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, cavabdeh Bakı Dövlət Universiteti tərəfindən AR Əmək Məcəlləsinin 88-ci maddəsinin tələblərinə müvafiq qaydada yeni xasiyyətnamə tərtib olunaraq, İddiaçı rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinə 1-ci hissəsinə görə işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq, iddianın xasiyyətnamənin verilməsi hissəsində təmin olunmasının mübahsiləndirilməsini məqbul saymır. Habelə, iddiaçının vurulmuş maddi ziyanın ödənilməsinə dair gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar