Məhkəmə qərarları › İş №2(103)-1657/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1657/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1657/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(002)-1048/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 126a saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 anasıdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 126 a saylı mənzil onun valideynlərinə məxsus olmaqla, o da ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Bir müddət yaşadıqdan sonra mübahisə yarandığına görə valideynləri onu ailəsi ilə birlikdə evdən çıxarmış, atası X3 vəfat edəndən sonra anası onları həmin evdə yaşamağa qoymamış və onlar müvəqqəti olaraq evdən çıxmaq məcburiyyətində qalmışlar. Mübahisəli ev özbaşına inşa edilmiş ev olmaqla rəsmi qeydiyyata alınmamışdır. Özbaşına inşa edilmiş mübahisəli ev onların yaşayış yeri olmuş, hazırda cavabdeh olan anası həmin evdə yaşamaqla istifadə edir. Lakin onların evdə yaşamaqlarına imkan vermir. Belə ki, cavabdeh də mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Onun hazırda köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olmaqla onun başqa yaşayış evi yoxdur. Bu səbəbdən də cavabdehin onun evdə yaşamağına mane olması əsassız və qanunsuzdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(002)- 1048/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 126a saylı evə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qeyriobyketivdir. Onların Beyləqanda evləri olmuş, həmin evi birgə nikah dövründə tikmişlər və mərhum ərinin adına qeydiyyatdan keçmişdir. İddiaçı1 2011-ci ildə ailə qurmuş, iki uşağı olmuşdur, iddiaçı onlardan tələb etmişdir ki, Beyləqanda olan evi satsınlar və onun payına düşən hissəni versinlər, məcburiyyət qarşısında qalaraq həmin evi sataraq İddiaçı1 5000 manat pul vermişlər, bundan sonra Bakıya köçmüşlər və torpaq sahəsi alaraq hazırki mübahisəli evi tikmişdir. İddiaçı1 mübahisəli evdə yaşamamış, arvadı və uşaqları ilə birlikdə kirayədə yaşamışdır, həmin evdə qeydiyyatda da deyildir. İddiaçı1 digər İddiaçı2 ilə nikahları 2018-ci il tarixdə ləğv edilmiş, uşaqların anaları İddiaçı2 yanında saxlanılması müəyyən edilmişdir, buna baxmayaraq məhkəmə uşaqları mübahisəli evə köçürmüşdür. Mübahisəli ev özbaşına tikilidir, İddiaçı1 onun ailə üzvü deyil, Beyləqanda olan ev satılanda sonuncuya 5000 manat kompensasiya verilmiş və istifadə hüququna xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh bildirdi ki, Beyləqanda yerləşən evi 2012ci ildə 40000 manata satmışlar, 5000 manat İddiaçı1 vermişlər, 2017-ci ildə isə Lökbatanda hazırkı mübahisəli evi hazır vəziyyətdə 24000 manata almış, 22000 manatını nağd ödəmiş, 2000 manat isə ev sahibinə borclu qalmışlar, sonra həmin pulu mərhum əri ilə birgə pensiyaları ilə ödəmişlər, evin təmirini də özü etdirmişdir və həmin evdə mərhum əri ilə birlikdə yaşamışdır. Hazırda isə nəvəsi ilə birlikdə yaşayır. Beyləqanda yerləşən evi satdıqdan sonra bir müddət digər oğlunun evində yaşamış, həmin vaxt İddiaçı1 kirayədə yaşamışdır. Vəkili Şəfiqə Nağıyeva bildirdi ki, İddiaçı1 Beyləqanda yerləşən ata evini satmağa məcbur edib və həmin evin satılmasından 5000 manat kompensasiya almışdır. Cavabdeh Lökbatanda yerləşən evi hazır vəziyyətdə almış, iddiaçıların heç biri evin alınmasında və ya təmirində iştirak etməmişdir, iddiaçılar həmin evdə yaşamamışlar. İddiaçılar formal olaraq boşanmışlar. İddiaçılar apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı1 bildirdi ki, Beyləqanda olan ev satılandan sonra müxtəlif yerlərdə kirayədə yaşamışdır. Lökbatanda yerləşən evi 2017-ci ildə 24000 manata almışlar, 22000 manat valideynləri vermiş, 2000 manat isə borclu qalaraq, sonradan valideynləri pensiyalarından ödəmişlər. Valideynlərinin aldığı ev natamam olduğundan, valideynlərinin isə evi təmir etmək üçün vəsatləri olmadığından, evi o, şəxsi vəsaiti ilə təmir etdirmişdir, yəni materialları almış, təmir işlərini isə qardaşı Ülfət görmüş, evin təmirinə 2200 manat xərcləmişdir. Ona pul verilməmişdir. Həmin evdə 3 ay yaşamışdır. Hazırda həmin evdə ona aid hər hansı əşya yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, İddiaçı1 qardaşı, Cavabdeh isə anasıdır. Beyləqanda yerləşən ata evi 40000 manata satılmış və 6 uşaq arasında bölünmüşdür, 5000 manat Eminə verilmişdir. Ev satılandan sonra valideynləri təxminən 2 ilə yaxın onunla birlikdə yaşamış, sonra isə birləşib Lökbatanda ata və anası üçün hazırda mübahisəsi gedən evi almışlar. Həmin evdə sanitar qovşaq hazır vəziyyətdə olmuş, evdə yüngül kosmetik-tamamlama işləri görülmüşdür. Təmir üçün bacısı 700 manat vermiş, təmir işlərini isə o, aparmışdır. Qardaşı Emin nə evin alınmasında, nə də təmirində iştirak etməmiş, pul verməmişdir. Emin və arvadı Tünzalə həmin evdə yaşamamış, yalnız təxminən 2018-ci ildə Eminlə Tünzalə boşanan ərəfədə Emin təxminən 10-15 gün həmin evdə qalmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, iddia İddiaçı2 aid hissədə təmin olunmamış və o, qətnamədən şikayət verməmişdir. Ona görə də qətnamə ona aid hissədə yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - mübahisələndirilən hissədə (İddiaçı1 azyaşlı uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 126a saylı evə köçürülməsi hissəsində) ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2000ci il tarixli 1001 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 13/713 saylı qərarına müvafiq olaraq, Lökbatan qəsəbə sakini X7 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır. xx xxx 2017-ci il tarixli etibarnamədən görünür ki, X2 rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2000-ci il tarixli 1001 nömrəli sərəncamına əsasən Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinin yalnız 0,01 ha hissəsinin özəlləşməsinə lazım olan sənədləri toplamağı, DT və Kadastr planı almağı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adınqdan ərizə verməyi və digər hərəkətlər etməyi Cavabdeh etibar etmişdir. Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 150 saylı MKİS-nin xx.xx.2020ci il tarixli arayışından görünür ki, İddiaçı1, İddiaçı2 və uşaqları Qaradağ rayonu Lökbatan qəsəbəsi Bünyad-Zadə küçəsi ev 9 mənzil 42 ünvanında qeydiyyatsız yaşayırlar. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh mərhum əri ilə Beyləqan rayonunda yaşamış, həmin ev satılmış və bu zaman İddiaçı1 5000 manat pul verilmiş, bundan sonra tərəflər ayrı ünvanlarda yaşamış, özbaşına tikili olan hazırki mübahisəli ev 2017-ci ildə cavabdeh və mərhum əri tərəfindən 24000 manata alınmış, 22000 manat ev sahibinə nağd verilmiş, qalan 2000 manatı isə sonradan cavabdeh və mərhum əri pensiyaları ilə ödəmişlər. Həmçinin yaşayış evi hazır vəziyyətdə olmuş, yalnız müəyyən yüngül kosmetik-tamamlama işləri görülmüşdür ki, həmin işləri də usta kimi cavabdehin digər oğlu Ülfət Abbasov aparmış, işlərin görülməsi üçün vəsaiti (700 manat) isə cavabdehin qızı vermişdir. İddiaçı mübahisəli evdə yaşamamış, təmir işləri görməmiş, nə evin alınmasına, nə də təmir işlərinə hər hansı məbləğdə vəsait sərf etməmiş, yalnız 2018-ci ildə arvadı ilə boşandığı ərəfədə təxminən 10-15 gün evdə qalmışdır, hazırda da həmin evdə ona və digər iddiaçıya aid hər hansı əşya yoxdur. Göründüyü kimi, İddiaçı1 köçürülməsini tələb etdiyi mübahisəli ev özbaşına tikilidir, həmin ev cavabdeh və mərhum əri tərəfindən əldə olunmuşdur, İddiaçı1 evin alınmasında, nə də təmirində heç bir iştirakı olmamış, hər hansı məbləğdə vəsait sərf etməmişdir. İddiaçıların təxminən 2-3 ay cavabdehlə birlikdə yaşaması, evin təmir etməsi işin halları ilə müəyyən olunmur, nə də bu halı iddiaçılar sübut edə bilməmişlər. Kollegiya hesab edir ki, İddiaçı1 2018-ci ildə təxminən 10-15 gün mübahisəli evdə qalması iddianın təmin edilməsi üçün əsas ola bilməz, onun həmin evə hər hansı hüququ yoxdur. İddiaçının tələbini təmin etmək üçün qanuni əsas yoxdur. Məhkəmə analogiya üzrə İddiaçı1 Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən cavabdehə məxsus evdə istifadə hüquqlarının olması və buna görə də ona aid hissədə iddia tələbinin təmin edilməsi barədə yalnış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1048/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - İddiaçı1 azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 126a saylı evə köçürülməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar