Məhkəmə qərarları › İş №2(103)-1658/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1658/2024

14.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1658/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər:İşə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və.s ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımov və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(004)-5370/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları qətnaməni qəbul etdi, İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də xadimə vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsinə dəyişdirilmiş və müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. 2.Cavabdeh MMC-nin icraçı direktorunun xx.xx.2023-cü il tarixli, 33/23-X nömrəli əmri ilə Cavabdeh MMC-nin bölməsinin xadiməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də onun xadimə vəzifəsinə 450 manat rəsmi və 262 manat əlbəəl aldığı əmək haqqı əmək müqaviləsində rəsmi göstərilməklə bərpa edilməsi və məcburi buraxılmış iş vaxtı üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncdə daxil olmaqla, əmək haqqının və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də xadimə vəzifəsində işləməyə başlamışdır. İddiaçı işə başlayan zaman onun müqaviləsi müddətsiz bağlanmışdır. Daha sonra onun əmək müqaviləsi müddətli əmək müqaviləsinə dəyişdirilmişdir. Əmək müqaviləsinə sonuncu dəyişikliklə əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixə qədər olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə, yəni vaxtından 3 gün əvvəl xitam verilmişdir. İddiaçının əmək haqqı müqavilə üzrə 450 manat olmuşdur. Bundan əlavə olaraq cavabdeh tərəfindən iddiaçıya əmək haqqına əlavə olaraq hər ay əlbəəl 262 manat əmək haqqı verilmişdir. İddiaçının əlbəəl aldığı əmək haqqı da rəsmi göstərilməklə işə bərpa edilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh iddiaçını həmin əmək haqqı ilə birlikdə (yəni rəsmi aldığı əmək haqqı və əlbəəl aldığı əmək haqqı da rəsmi göstərilməklə) işə bərpa etməkdən imtina etmişdir. İddiaçı işdən çıxan zaman cavabdeh tərəfindən iddiaçıya işdən çıxma əmrinin surəti və əmək kitabçası verilməmişdir. Qeyd edilən sənədlərin təqdim edilməsi barədə cavabdehə müraciət edilsə də, cavabdeh həmin sənədləri təqdim etməmişdir. Əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi barədə əmr iddiaçı tərəfindən emas.sosial.gov.az saytından əldə edilmişdir. Mediasiya prosesində cavabdeh iddiaçını işə bərpa etməyə razılıq vermişdir, əmək haqqını 450 manat əmək haqqı verməyə razı olmuşdur. Lakin iddiaçıya 262 manatəlavə pulu ödəməyə razı olmadığına görə barışıq əldə etmək mümkün olmamışdır. Hazırda iddiaçı tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. 5.Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddianın əsası xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsidir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə texniki səhvə yol verilərək, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. İddiaçının əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Elektron sistemə də əlavə etdikləri əmək müqaviləsi bildirişindən görünür ki, texniki yalnışlıq düzəldilmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixədək əmək haqqı və istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilmişdir. Həmçinin iddiaçıya medisasiya prosesində də işə bərpa olunması barədə təklif edilmiş, yəni başqa marketdə eyni vəzifə təklif edilmişdir. Lakin iddiaçı ona 450 manatdan əlavə 262 manat pul ödənilməsini tələb etmişdir. Bu səbəbdən razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçıya yalnız 450 manat rəsmi əmək haqqı ödəmiş və onun bank kartına köçürmüşdür. Cavabdeh iddiaçıya hər hansı bir əlavə əmək haqqı ödəməmişdir. Hesab edir ki, müqavilənin müddəti bitdiyinə görə cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 12 dekabr 2023-cü il tarixli, 2(004)-5370/2023 saylı qətnaməsi ilə (hakim-Vahid Hacıyev) iddia tələbi təmin edilməmişdir. 7.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də xadimə vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsinə dəyişdirilmiş və müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. 8.Cavabdeh MMC-nin icraçı direktorunun xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmri ilə Cavabdeh MMC-nin bölməsinin xadiməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə texniki səhvə yol verilmiş, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. 9.xx.xx.2023-cü il tarixdə qeyd olunan yanlışlıq düzəldilmiş və xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş və saat 09:57:23-də çap edilmişdir. Həmin bildirişdən də müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmrlə xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. 10.Məhkəmə iddianın təmin edilməməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli müqavilə əsasında çalışan işçi əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə sonuncu iş günündə xitam vermişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. 11.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri 12.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti və işçinin əmək kitabçası iddiaçıya verilməmişdir. Həmin sənədlərin verilməsi üçün cavabdehə müraciət edilsədə cavabdeh qeyd edilən sənədləri verməkdən imtina etmişdir. Həmin sənədlərin cavabdeh tərəfindən təqdim edilməsi barədə cavabdehə sorğu verilməsini birinci instansiya məhkəməsindən xahiş etsələr də, məhkəmə sorğu verməkdən imtina etmişdir. Məhkəmə iclas zamanı bildirmişdir ki həmin sənədləri istənilən zaman yaxınlaşıb özünüz işə götürəndən götürə bilərsiniz. Çünki qeyd edilən sənədləri vaxtında təqdim etsəydi əmrə düzəliş edə bilməyəcəkdi. Birinci instansiya məhkəməsi isə bilə-bilə buna şərait yaratmışdır. Məhkəmə ədalətli və qanuni araşdırma aparırdırsa cavabdehdən əmək kitabçasını, işdən azad olunma əmrinin əslini və əmr kitabından çıxarışı tələb etməli idi. Çünki həmin sənədlərin hamısında əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il olmuşdur. Məhkəmə həmin sənədləri tələb etməmiş və sadəcə olaraq Qətnamə çıxarılan gün cavabdeh tərəfindən təqdim edilmiş bildirişə istinad etmişdir.Əgər məhkəmə cavabdehə sorğu verərək həmin sənədləri almış olsaydı o zaman ədalətli araşdırma aparmış olacaqdı. Halbuki məhkəmə əmək kitabçasının verilməsini cavabdehdən tələb etsəydi əmək kitabçasından da müəyyən olnacaqdı ki, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilib. Məhkəmə yalnız cavabdeh tərəfindən yekun məhkəmə aktı çıxarılan günü təqdim edilmiş əmək müqaviləsinin xitamı bildirişinə istinad edərək cavabdehin mövqeyinə uyğun qətnamə qəbul etmişdir.Xitam əmri xx.xx.2023-cü il tarixdə saat 16:15:24-də yaradılmış və həmin tarixdə saat 16:16:07-də imzalanmışdır. Ancaq məhkəmə qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh MMC-nin icraçı direktorunun xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmri ilə Cavabdeh MMC-nin bölməsinin xadiməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə texniki səhvə yol verilmiş, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə qeyd olunan yalnışlıq düzəldilmiş və xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş və saat 09:57:23-də çap edilmişdir. Həmin bildirişdən də müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmrlə xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Cavabdeh bildirir ki əmrdə texniki səhvə yola verilmiş, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan cavabdehin qeyd etdiklərini qəbul etmişdir. Bildirir ki, əmrdə texniki səhvə yol verilməsi mümkün deyil. Çünki Əmr xx.xx.2023-cü il tarixdə yaradılmış və müqaviləyə də həmin tarixdə xitam verilmişdir. O zaman texniki səhv ola bilərdi ki əmr xx.xx.2023-cü il tarixdə və ya ondan sonra yaradılardı. Necə ola bilərki müqavilə müddəti bitməmiş əmr yaradılır və müqavilənin xitam tarixində texniki səhvlik olur. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində də qeyd edilib ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əgər müqavilənin müddəti bitməmişdirsə o zaman işə götürən niyə vaxtından əvvəl xitam əmrini hazırlamış və imzalamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilən zaman cavabdeh tərəfindən texniki səhvliklə bağlı heçnə bildirilməmişdir. Cavabdeh görmüşdür ki iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaq bundan sonra ərizə ilə müvafiq dövlət orqanına müraciət etmiş və xitam əmrinə düzəliş etmişdir. Əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilərkən iddiaçıya bildirmişdir ki artıq işə gəlməsin. İddiaçı isə həmin tarixdən işə getməmişdir. Əgər əmrdə texniki səhvlik olmuşdursa iddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində işə getməli idi. İddiaçının həmin tarixlərdə işə getməsini cavabdeh sübut etməmiş məhkəmə isə həmin halı nəzərə almamışdır. Bundan başqa iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsini sübut edən digər yazılı sübut isə bank hesabından çıxarışdır. Həmin çıxarışdan da görünür ki iddiaçıya son haqq hesab xx.xx.2023-cü il tarixdə verilmişdir. Bu da bir daha sübut edir ki əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bundan başqa prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən iddiaçıya son haqq-hesab və xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixləri üçün əmək haqqı ödənilmişdir. 16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli müqavilə əsasında çalışan işçi ilə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Sadəcə olaraq əmrdə əmək müqaviləsinin müddətinin qurtarması tarixi səhvən xx.xx.2023-cü il göstərilmişdir. Bu texniki yanlışlıq aradan qaldırılmışdır. Cavabdeh tərəfindən iddiaçının son haqq-hesabı, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixləri üçün əmək haqqı ödənilmişdir. İddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə işdə olmuşdur. İşçilərin işdə olmasının dəqiq qeydiyyatı aparılmır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi: 17.Maddə 68. 1-ci hissəsi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 18.Maddə 68. 2-ci hissəsinin “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 19.Maddə 73. 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 20.Maddə 300. 1-ci hissə.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 24.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 25.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 26.İşin məhkəmə tərəfindən araşdırılmış mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-də xadimə vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsinə dəyişdirilmiş və müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. 27.Cavabdeh MMC-nin icraçı direktorunun xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmri ilə Cavabdeh MMC-nin bölməsinin xadiməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. 28.İddiaçı qeyd edir ki, əmək münasibətlərinə düzgün xitam verilməmişdir. Əmək müqaviləsində müddət xx.xx.2023-cü ildə bitdiyi halda, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. 29.Cavabdeh bildirir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə texniki səhvə yol verilərək, əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2023-cü il əvəzinə, xx.xx.2023-cü il kimi göstərilmiş, bu yanlışlıq aradan qaldırılmışdır. 30.Kollegiya qeyd edir ki, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli müqavilə əsasında çalışan iddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. 31.Belə ki, xx.xx.2023-cü il tarixdə qeyd olunan yanlışlıq düzəldilmiş və xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş və saat 09:57:23-də çap edilmişdir. Həmin bildirişdən də müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 33/23-X nömrəli əmrlə xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. 32.Digər tərəfdən iddiaçıya son haqq-hesab və xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixləri üçün əmək haqqı ödənilmişdir. 33.Kollegiya qeyd edir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələblərinə və ƏM-nin 300-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmuşdur. Əmrin məzmunundan da aydın olur ki, müqavilənin müddəti bitdiyinə görə işəgötürən işçi ilə yeni müqavilə bağlamamış və müddəti bitmiş müqaviləyə sonuncu iş günündə xitam vermişdir. 34.Kollegiya apellyatorun xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə işdə olmaması, buna görə də, iddianın təmin edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfin qeyd etdiyi kimi, iddiaçının qeyd olunan tarixlərdə işdə olması həmin tarixlər üçün əmək haqqının ödənilməsi ilə öz təsdiqini tapır. 35.Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 36.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(004)-5370/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 38.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 39.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 40.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etd i: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(004)-5370/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar