Məhkəmə qərarları › İş №2(103)-166/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-166/2025

19.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-166/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ərrac vasitəsilə satın alınan daşınmaz əmlakın ipoteka dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: daşınmaz əmlakın ipoteka dövlət qeydiyyatının ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı hərrac vasitəsilə satın alınan daşınmaz əmlakın ipoteka dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(006)-4369/2023 nömrəli qətnaməsindən cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 08 oktyabr 2010-cu il tarixli Bakı şəhəri 9 saylı dövlət notariat kontru tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 9 saylı dövlət notariat kontorunun dövlət notariusu X2 «Nolariat haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış mənzilinin açıq hərracda satılması barədə fiziki və hüququ şəxslərin və 23 noyabr 2009-cu il tarixli Bakı şəhəri Nizami rayon məhkəmə tərəfindən verilmiş qətnaməsinə icra vərəqəsinə və 16 sentyabr 2010-cu il tarixli X4 Nəticələri haqqında 71/01 №-li protokoluna əsasən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyət hüququnun Ağstafa rayonu, Eynallı kəndində qeydiyyatda olan xx xxxxx 1992-ci ildə doğulmuş İddiaçı (ş/v AZE № ********. Ağstafa RPŞ tərəfindən 02 sentyabr 2008-cı ildə verilmiş) məxsus olmasını təsdiq etmiş, həmin əmlak dörd otaqdan ibarətdir, əvvəl 03 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının DƏDRX Bakı şəhəri İdarəsi tərəfindən verilmiş 172 kitab, 18136 vərəq, **********07-05101-093008 reyestr nömrəsi ********* qeydiyyat nömrəsi çıxarışa əsasən X6 məxsus olmuş və İddiaçı tərəfindən 21420 manata alınmışdır.

2. X4 nəticələri haqqında 71/01 saylı 16 sentyabr 2010-cu il tarixli prtokolunun surətindən görünür ki, Bakı, şəhəri, məhkəməsinin 2(007)-1357/2009 saylı 23 noyabr 2009-cu il tarixli icra vərəqəsinin və Nizami rayon İcra Şöbəsinin xx/xx-6160 salı, 04 iyun 2010-cu il tarixli sifariş məktubunun icrasına əsasən 33600.00 manat dəyərində olan X6 məxsus olmuş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilini İddiaçı tərəfindən 21420 manata alınmışdır.

3. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 sentyabr 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, X6 məxsus olmuş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilini İddiaçı tərəfindən 21420 manata alınmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, e-2-2(113)-1116/2024 nömrəli qətnaməsinə əsasən ləğv prosesində olan Cavabdeh2 ASC-nin "xxxx" MMC-yə qarşı Nizami Rayon Məhkəməsinin 2009-cu il 23 noyabr tarixli 2(007)-1357/2009 nömrəli qətnaməsinə əsasən tələbin yönəldildiyi ipoteka predmeti olan mülkiyyət hüququ üzrə X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən 73,63 m2 ümumi sahəsi olan 4 otaqlı 1 saylı binanın 36 nömrəli mənzilinin satılmasına dair cavabdeh tərəfindən tərtib olunmuş 2010-ci il 16 sentyabr tarixli 71/01 nömrəli hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 iyul 2024-cü il tarixli, 2-2(103)-603/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, e-2-2(113)-1116/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-2(102)-569/2024 nömrəli qətnaməsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 iyul 2024-cü il tarixli, 2-2(103)-603/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən imzalanmış 71/01 saylı 16 sentyabr 2010-cu il tarixli hərracın baş tutmasına dair yekun protokola və 16 sentyabr 2010-cu il tarixli müqaviləyə əsasən onun mülkiyyətinə keçmiş Bakı şəhəri ünvan 3 ünvanında yerləşən mənzilin dövlət qeydiyyat orqanı tərəfindən ipoteka dövlət qeydiyyatının ləğv edilməsi üçün cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə ipoteka dövlət qeydiyyatının ləğvinə əsas olacaq ərizənin verilməsi öhdəliyini qoyulması, hüquqi yardım göstərilməsinə görə 500 manat, etibarnamə verilməsinə görə 17,25 manat və dövlət rüsumunun ödənilməsinə görə 100 manat, cəmi 617,25 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1357/2009 saylı 23 noyabr 2009-cu il tarixli icra vərəqəsinin və Nizami rayon İcra Şöbəsinin xx/xx-6160 saylı 04 iyun 2010-cu il tarixli sifariş məktubunun icrasına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2010-cu il tarixində keçirilən açıq hərracda Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil dəyəri tam ödənilməklə İddiaçı tərəfindən satın alınmışdır. Hərrac protokulu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən hərrac baş tutmuş hesab edilib. Müqavilə şərtlərinə əsasən dəyəri tam ödənildikdən sonra əmlak satıcı tərəfindən alıcının mülkiyyətinə verilir. Satıcı qismində Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, alıcı kimi isə İddiaçı çıxış edib. 08 oktyabr 2010-cu il tarixində Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin açıq hərracda İddiaçı tərəfindən alınmasının təsdiq edilməsi ilə bağlı şəhadətnamə verilib. Bundan sonra mənzil ilə bağlı proseslərin yekunlaşdığı düşünərək alıcı hər hansı hərəkətin icrasına ehtiyac görməmişdi. 22 iyun 2023-cü il tarixində İddiaçı etibarnamə ilə nümayəndəsi X9 ləğv olunma prosesində olan Dəmir bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin yüklülükdən azad edilməsi üçün müraciət etmişdir. Əmanətlərin Sığortalanması Fondunun 04 iyul 2023 tarixində ərizəyə verdiyi cavabda göstərilir ki, alıcı Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1357/2009 saylı 23 noyabr 2009-cu il tarixli qiyabi qətnaməsinin öhdəliklərini icra etmədiyinə görə mənzilin girovdan azad edilməsi məqsədə müvafiq hesab edilməsini, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun İddiaçı tərəfindən satın alınmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin yüklülükdən azad edilməsi üçün müraciətə imtinası əsassız və qanunsuzdur. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən onun iddia tələbi tam qanuni və əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(006)- 4369/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, "xxxx" MMC tərəfindən imzalanmış 71/01 saylı xx.xx.2010-cu il tarixli hərracın baş tutmasına dair yekun protokola və xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətinə keçmiş Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin dövlət qeydiyyat orqanı tərəfindən ipoteka dövlət qeydiyyatının ləğv edilməsi üçün cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə ipoteka dövlət qeydiyyatının ləğvinə əsas olacaq ərizənin verilməsi öhdəliyinin qoyulması qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə X4 nəticələri haqqında 71/01 saylı 16 sentyabr 2010-cu il tarixli protokoluna əsasən X6 məxsus olmuş Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilini İddiaçı tərəfindən 21420 manata alınmışdır. Baş tutmuş hərracda haqqı ödəniş çeki ilə müəyyən ediləcək çəkildə tam ödənilən mənzilin hərrac protokoluna, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, 9 saylı notariat kontoru tərəfindən verilən şəhadətnaməyə əsasən İddiaçı məxsusluğu təsdiqlənmişdir. Belə ki, 71/01 saylı 16 sentyabr 2010-cu il tarixli hərrac protokoluna və 16 sentyabr 2010-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətinə keçmiş və o, öz əmlakı ilə digər şəxsin hər hansı bir öhdəliyin icrası üçün məsuliyyət daşıya bilməz. Cavabdehin istinad etdiyi kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra olunmaması ipoteka predmeti olmuş əmlakın yüklülükdən azad olunmaması üçün əsas ola bilməz. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 269, 319-cu, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 11,15, 42-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apelyasiya şikayəti verərək ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, mübahisə predmeti olan mənzilin hərrac vasitəsi ilə realizə edilməsi üçün "xxxx" MMC-yə sifariş verilməsi və hərracın baş tutulmaqla əmlakın satışının həyata keçirilməsindən iddiaçı bankın məlumatı olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla keçirilmiş hərracdan məlumatı yalnız cavabdeh bankın İddiaçı LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 22 iyun 2023-cü il tarixli ərizəsindən sonra olmuşdur. Həmin ərizə ilə İddiaçı tərəfindən qeyd edilən əmlakın girovdan azad olunması xahiş edilmişdir. Yalnız bundan sonra cavabdeh Bank tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, hərrac “İpoteka haqqında Qanunun “ tələblərinə zidd olaraq keçirilmiş, alıcı tərəfindən ipoteka saxlayana ödəniş tam həyata keçirilməmişdir. Ona görə də cavabdeh Bankınləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Belə ki,“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Göründüyü kimi, əsas öhdəlik üzrə borc məbləği tam olaraq ödənilmədiyindən, mübahisə edilən ipoteka predmetinin yüklülükdən azad olunması zərurəti aradan qalxmamışdır. Əsas öhdəliyə xitam verilmədiyindən ipoteka predmetinin girovdan azad olunması mümkün deyil. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərərk onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.

16. İddaçı (onun nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyii üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139-1.1.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol və mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir;. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

18. Notariat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 64. Açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirili.r

19. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız iddianın təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

23. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin predmetini təşkil edən hallara münasibətdə düzgün araşdırma və hüquqi qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görmür

24. Məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri yanlız formal mülahizələrə əsaslanmışdır.

23. Apellyasiya şikayətinin əsasını təşkil edən dəlillər eyni zamanda ləğv prosesində olan Cavabdeh2 ASC-nin "xxxx" MMC-yə qarşı Nizami Rayon Məhkəməsinin 2009-cu il 23 noyabr tarixli 2(007)-1357/2009 nömrəli qətnaməsinə əsasən tələbin yönəldildiyi ipoteka predmeti olan mülkiyyət hüququ üzrə X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən 73,63 m2 ümumi sahəsi olan 4 otaqlı 1 saylı binanın 36 nömrəli mənzilinin satılmasına dair cavabdeh tərəfindən tərtib olunmuş 2010-ci il 16 sentyabr tarixli 71/01 nömrəli hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi barədə iddiasının da dəlillərini təşkil etmiş, həmin iddia Bakı Kommersiya Məhkəməsinin 3 aprel 2024-cü il tarixli, e-2-2(113)-1116/2024 nömrəli qətnaməsinə əsasən rədd edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmayaraq qətnamə qanuni qüvvəyə minmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hərracın nəticələri barədə tərtib edilmiş 71/01 saylı protokol, əmlakın alqı-satqısına dair 16 sentyabr 2010-cu il tarixli müqavilə, eləcə də 9 saylı notariat kontoru tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əsasında qeyd olunan mənzil tam şəkildə İddiaçı mülkiyyətinə keçmiş, əmlaka görə ödəniş tam və qanunvericiliyə uyğun şəkildə aparılmışdır. Buna görə də bu əmlakla bağlı iddiaçı üçüncü şəxslərin öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Eyni zamanda, cavabdehin istinad etdiyi kredit müqaviləsinə əsasən borc öhdəliyinin tam icra edilməməsi, artıq hərrac yolu ilə satılmış və qanuni əsaslarla yeni sahibinə keçmiş əmlakın yüklülükdən azad edilməməsi üçün hüquqi əsas yarada bilməz.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(006)- 4369/2023 nömrəli qətnaməsindən cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(006)- 4369/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar