Məhkəmə qərarları › İş №2(103)-1660/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1660/2023

28.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1660/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil Qabil oğlu, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(004)-2193/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 05 oktyabr 2018-ci il tarixdə bağlanmış (həmin tarixdə qüvvəyə minmişdir) PERSORD18- 07985 saylı əmək müqaviləsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra- cavabdeh və ya Bank) Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə işə qəbul edilmişdir.

2. X9 X6 Evgenia Gashikulina tərəfindən imzalanmış 21-1082 saylı, 10 noyabr 2021-ci il tarixli əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə 10 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” akt göstərilmişdir.

3. Cavabdeh QSC-nin əməkdaşları-İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis X5, Risklərin İdarə edilməsi üzrə icraçı direktor X4 və İnformasiya Təhlükəsizliyi üzrə menecer X7 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində İnformasiya Texnologiyaları tərəfindən Kartları üzrə Aparıcı Mütəxəssis/X2 Timur Eldaroviçə məxsus komputerin əməliyyat sisteminin sıradan çıxması ilə əlaqədar İnformasiya Təhlükəsizliyinə məlumat daxil olmuş, yoxlama aparılmış və kartlar üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixdə, saat 13:16-da Banka maxsus hard diski şifrələdiyi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxardığı, xx.xx.2021-ci il tarixdə sistem disklərini şifrələməyə cəhd etdiyi və cəhd nəticəsində komputerin əməliyyat sistemini sıradan çıxardığı aşkarlanmış, İddiaçı izahatında hard diski Bankdan kənara çıxardığını bildirmiş və müvafiq hard disk Banka geri qaytarmışdır. Hard disk Bank tərəfindən yoxlanılarkən onda olan məlumatların bank sirri, kommersiya sirri, o cümlədən müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədlər olduğu müəyyən olunmuşdur. Yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları işçi İddiaçı Eldaroviç (kartlar üzrə aparıcı mütəxəssis/texniki administrator) tərəfindən işçi ilə Cavabdeh QSC arasında bağlanmış kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəliklərin pozuntusu kimi qiymətləndirilir.

4. İddiaçı həmin akt ilə tanış olmuş, lakin imzalamaqdan imtina etmişdir.

5. xx.xx.2020-ci il tarixli Razılaşmadan müəyyən olunur ki, tərəflər arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 21-1082 saylı əmrinin ləğv edilməsi, onun Rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsinə bərpa olunması və xx.xx.2021-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 manat məbləğində pulun və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qeyd olunan əmrin çıxarılmasına əsas kimi 04 noyabr 2021-ci il tarixli "Yoxlamanın nəticələrinə dair" akt göstərilmişdir. "Yoxlamanın nəticələrinə dair" 04 noyabr 2021-ci il tarixli akta əsasən guya o, kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın, o cümlədən informasiya təhlükəsizliyi, kommersiya sirrinin, habelə bank sirrinin qorunması üzrə öhdəlikləri pozmuşdur. Onunla cavabdeh qurum arasında, yalnız əmək müqaviləsi bağlanmış, kommersiya sirri rejiminin tətbiqi barədə ayrıca olaraq hər hansı bir razılaşma bağlanmamışdır. Bu səbəbdən də hansı razılaşmanın tələblərini pozduğu və bu pozuntunun nədən ibarət olması ona aydın deyil. Bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamışdır. Belə ki, o, 07 oktyabr 2021-ci il tarixdə öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazaraq bankın İnsan Resursları Departamentinə təqdim etmiş və bu barədə öz işlədiyi Plastik Kartlar Departamentin müdir müavini Rəşid Xanməmmədova məlumat vermişdir. Bundan təxminən 5-6 gün sonra Rəşid Xanməmmədov ona zəng edərək banka məxsus hard diskin onda olubolmadığını soruşduqda, o, işlətdiyi hard diskin özündə olduğunu bildirmişdir. Bundan da 2-3 gün sonra şöbə müdiri Sevinc Əliyeva ona hard diski gətirməyini tələb etmiş, o, İnformasiya Təhlükəsizliyi Departamentinin, İnsan Resursları Departamentinin və işlədiyi Plastik Kartlar Departamentinin müdirlərinin iştirakı ilə hard diski təhvil vermişdir. Onlar ondan hard diski nəyə görə bankdan kənara çıxarmağı və iş kompüterini nəyə görə şifrələdiyi barədə izahat yazmağını tələb etmişdilər. O izahat yazaraq hard diski orada olan şəxsi məlumatlarının və öz vəsaitiylə aldığı, banka aid olmayan kompüter proqramlarının şəxsi kompüterinə köçürməyi səbəbindən apardığını, iş kompüterini isə o, işdə olmadığı müddət ərzində kompüterə başqa şəxslərin daxil olmasının qarşısını almaq üçün şifrələdiyini bildirmişdir. Həmin vaxt hard disk xüsusi proqram vasitəsi ilə yoxlanılmış və hard diksdən heç bir məlumatın silinmədiyi aşkar olunmuşdu. Bundan təxminən bir həftə sonra İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri onu yenidən çağıraraq ondan hard diskdə olan iki faylın şifrəsini soruşmuşdu. O da həmin faylların şifrəsinin hard diskdə olan mətn faylının içərisində olduğunu bildirmiş, həmin vaxt hard diskdə fayllar yoxlanılmış və fayllarla bağlı heç problemin olmadığı aşkar edilmişdir. Bundan bir müddət sonra X9 sədr müavini Andrey Zainulin onu çağıraraq hard diskdə aşkar olunan banka aid məlumatların hansı əsaslarla onda olduğunu soruşmuş, o da təxminən iki il əvvəl Plastik Kartlar Departamentinin müdiri Sevinc Əliyevanın və müdir müavini Rəşid Xanməmmədovun göstərişi ilə iş kompüterində olan əməliyyat sisteminin surətini hard diskə köçürdüyünü, məlumatların bir surətini də Rəşid Xanməmmədova verdiyini, əməliyyat sisteminin içərisində hansı məlumatların olduğunu bilmədiyini demişdir. Bundan sonra A.Zainulin həmin hard diski başqa nə zaman bankdan kənara çıxardığını soruşduqda, o işlədiyi vəzifənin xüsusiyyəti ilə əlaqdar olaraq bankomatların proqram təminatları da həmin hard diskdə olduğundan bankın işi ilə bağlı həmin hard diski hər zaman özüylə gəzdirdiyini bildirmişdir. Bundan sonra 10 noyabr 2021-ci il tarixdə işdən azad olunmağı barədə əmr ona təqdim olunmuş, həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, onunla bank arasında bağlanmış əmək müqaviləsinin 7.4-cü bəndində göstərilmişdir ki, Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz.Yuxarıda da qeyd etdiyi kimi onda olan banka məxsus hard diski tutduğu vəzifənin xüsusiyyətləri ilə əlaqdar bankın işi ilə bağlı hər zaman özüylə gəzdirmişdir. Həmin hard diskdə olan bankın müştərilərinə aid plastik kartların məlumatları yoxlanılarkən, həmin kartların bəzilərinin istifadə müddətinin çoxdan bitdiyi, aktiv olan kartlarla isə hər hansı qeyriqanuni əməliyyatların aparılmadığı müəyyən olunmuşdur. Bir daha qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, kommersiya sirri, habelə bank sirrinin qorunması üzrə öhdəliklərini pozmamış, banka aid olan kommmersiya sirri təşkil edən məlumatları hər hansı formada yaymamış, əmək fəaliyyəti nəticəsində işəgötürən hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və göstərmişdir ki, iddiaçı iddiasını əsaslandırarkən, hard diskdən heç bir məlumatın silinmədiyini və fayllarda heç bir problem olmadığına istinad etmiş və bildirmişdir ki, banka məxsus hard diski, tutduğu vəzifəsinin xüsusiyyətləri ilə əlaqədar olaraq hər zaman özü ilə gəzdirmişdir və bu səbəbdən, bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş informasiya təhlükəsizliyi, habelə bank sirrinin pozulması üzrə öhdəliklərini pozmamışdır. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilə bilməz. Etirazın əsaslandırılması üçün bir sıra məsələlərin qeyd edilməsi vacibdir. Bu məsələlərə aiddir. A) Bankda saxlanılan və Banka məxsus məlumatlar Bankın sahəsindən kənara çıxarılması qadağan edilmişdir, b) Banka məxsus informasiya aktivlərindən onun biznes məqsədlərindən kənar istifadəsinə yol verilmir, c) ümumi parolun başqa bir şəxsə bəlli olması əlaməti aşkar edilmədən parolun dəyişilməsi və bu barədə X1 üzrə İnzibatçısına məlumat verilməməsi üzrə öhdəliklərini yerinə yetirilməmişdir. Bankın işi üçün tələb olunmadığı halda elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatların Bankın sahəsindən kənara çıxarılmasının qadağan edilməsinə baxmayaraq iddiaçı tərəfindən bu qadağa pozulmuşdur. Bank qeyd edilən kommersiya sirlərinin sahibi olaraq Kommersiya sirri haqqında Qanunun 5.0.1 və 5.0.2-ci maddələrinə əsasən hüququ var ki, kommersiya sirrinin rejimini müəyyən etsin, habelə həmin sirlərdən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını müəyyən etsin və tətbiq etsin. İlk növbədə, iddiaçının kommersiya sirri rejiminin tətbiqi barədə ayrıca olaraq hər hansı razılaşma olmadığı iddiasına cavab olaraq qeyd edilməlidir ki, tərəflər arasında 09 iyul 2020-ci il tarixində Kommersiya sirri rejiminin tətbiqi barədə Razılaşma ("Razılaşma") imzalanmışdır. "Kommersiya sirri haqqında" Qanunun 10-cu maddəsi kommersiya sirri rejiminin əmək müqaviləsində və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmada müəyyən edilməsinə icazə verir. Bank da burada qeyd edilmiş hüquqlarına uyğun olaraq kommersiya sirri rejimini xx.xx.2018-ci il tarixli Əmək Müqaviləsinin ("Əmək Müqaviləsi") 7.4-cü bəndində, Razılaşmada və Davranış Kodeksində müəyyən etmişdir. Bildirilir ki, iddiaçının bank sirri, kommersiya sirri, o cümlədən müştərilərin fərdi məlumatları ilə yüklü edilmiş hard diski Bankdan kənara çıxarması həmin məlumatları cavabdehin nəzarətindən kənara çıxarması hesab olunur. Belə olduğu halda həmin məlumatların kənara çıxarılması cavabdehin həmin məlumatlar üzərindəki kommersiya sirri rejiminə əməl edilməsinə nəzarət edə bilməməsinə səbəb olur. Bu da cavabdehin Kommersiya sirri haqqında Qanunun 5-ci maddəsində qeyd edilən hüquqlarının pozulması deməkdir. Əmək Müqaviləsinin 7.4-cü bəndində isə qeyd edilmişdir ki, “Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz." Lakin iddiaçı öz iddia ərizəsində də qeyd etdiyi kimi, banka məxsus hard diski “hər zaman özü ilə gəzdirmişdir". İddiaçı bunu onunla əlaqələndirmişdir ki, bu, onun işinin xüsusiyyəti Hə əlaqədardır və buna hüququ vardır. Bununla əlaqədar qeyd edilir ki, Bank sirri və kommersiya sirri təşkil edən məlumatların hər bir halda bankda saxlanılması vacibdir. Bankın işi üçün tələb olunduğunu əsas gətirərək, işçinin müvafiq kommersiya sirri təşkil edən məlumatları özü ilə hər zaman gəzdirməsi isə aşkar surətdə kommersiya sirrinin pozuntusu sayılmalıdır. Eyni qaydada, İşçinin yalnız işinin xarakterini ümumi olaraq əsas gətirməklə müvafiq hard diski Bankdan kənara çıxarması da kommersiya sirri rejiminin, o cümlədən Əmək Müqaviləsinin 7.4-cü bəndinin pozuntusu deməkdir. Həmçinin, Davranış Kodeksinin "Müştəri gizliliyi və konfidensiallığı" bəndi işçinin evdən işlədiyi vaxt kommersiya sirlərindən istifadə qaydalarını müəyyən etmişdir. Həmin bəndə əsasən işçilər müştərilərin şəxsi və məxfi məlumatlarını qanunvericiliyə müvafiq qaydada qorumalı və istifadə etməlidir. Bütün bunlardan isə aydın görünür ki, Bank heç bir zaman iddiaçıya bu kateqoriya məlumatları, xüsusilə də bank tərəfindən mühafizə altına alınmalı olan bu cür kommersiya sirlərini şəxsi və ya kənar elektron poçt ünvanına göndərməsinə, habelə Bankın nəzarətindən kənara hər hansı bir yolla çıxarılmasına icazə verməmişdir.İddiaçı isə bütün bu qaydaları pozmuş və kommersiya sirlərini Bankın nəzarətindən kənara çıxarmışdır. Banka məxsus informasiya aktivlərindən onun biznes məqsədlərindən kənar istifadəsinə yol verilməməsinə baxmayaraq iddiaçı tərəfindən bu qadağa pozulmuşdur. İddiaçı iddia ərizəsində həmçinin qeyd etmişdir ki, hard diski özünün orda olan şəxsi məlumatlarının və özünə aid proqramların şəxsi kompüterinə köçürməsi səbəbindən aparmışdır. İlk növbədə qeyd edilir ki, iddiaçı iddia ərizəsinin əvvəlində, həmçinin izahatında hard diski özü ilə aparmasının səbəbi kimi, "özünün orda olan şəxsi məlumatlarının və özünə aid proqramların şəxsi kompüterinə köçürməsi"ni, iddia ərizəsinin başqa bir yerində isə buna səbəb kimi, "onun işinin xüsusiyyəti ilə əlaqədar zərurət olduğu"nu qeyd etmişdir və bu özlüyündə ziddiyyət yaradır. İddiaçı 05 oktyabr 2018-ci il tarixində Bankın "İnformasiya Təhlükəsizliyi" Qaydalarını imza etməklə həmin Qaydaların ikinci bəndindən irəli gələrək "Banka məxsus informasiya aktivlərindən yalnız bankın biznes məqsədləri üçün istifadə etməsi"-nə dair vəzifəni öz öhdəliyinə götürmüşdür. Həmçinin, Davranış Kodeksinin "Şəxsi biznes fəaliyyəti və digər məşğulluq" bəndi işçinin iş vaxtı ərzində fəaliyyət qaydasını müəyyən etmişdir. Həmin bəndə əsasən işçi Bank üçün iş vaxtında hər hansı özəl iş yerinə yetirməməli və Bankın elektron rabitə alətlərindən şəxsi mənfəət üçün istifadə etməməlidir. Lakin, İddiaçı öz iddia ərizəsində Banka məxsus olan hard diskdən öz şəxsi məlumatlarının saxlaması və banka aid olmayan kompüter proqramlarını şəxsi kompüterinə köçürmək məqsədi ilə istifadə etdiyini qeyd etmişdir. Beləliklə, işçinin iş vaxtı ərzində Banka məxsus olan kompüterə Banka aid olmayan proqramların yüklənməsi, daha sonra Banka məxsus hard disk vasitəsi ilə kənara daşınaraq şəxsi kompüterinə köçürməsi açıq şəkildə qeyd olunan vəzifə öhdəliklərinin pozuntusu hesab olunur.

9. İş materiallarında olan izahatda iddiaçı qeyd edir ki, “D” diskində və xarici sərt diskin içində şəxsi xarakterli məlumatlar olduğundan, onlara parol qoyulmuşdur. “C” diskində həmçinin şəxsən tərəfindən, bankomatların tam diaqnostikası üçün köçürülmüş və bank təqdim etdiyi proqramların standart dəstinə daxil olunmamış proqramlar var. Sistem faylları “C” sistem diskin xassələrini dəyişmək cəhdi zamanı avtomatik silinmişlər. Xarici daşıyıcı şəxsi məlumatların surətə aldığına görə evdə idi. Xəstəxanadan sonra məzuniyyətdə olduğundan və tutduğu vəzifəni azad etmək istəyi haqqında yazılı bildirişə görə və nəticədə bu kompüterdən gələcək məqsədlərində istifadə etmək lazım olmadığından, kompüterin nasaz olduğu haqqında məlumat verməmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 aprel 2022-ci il tarixli 2(004)-2193/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin olunmuş, Cavabdeh QSC-nin “işdən azad olunma barədə” xx.xx.2021-ci il tarixli, 21-1082 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh QSC-nin Kartlar üzrə aparıcı Mütəxəssis (Texniki Administrator) vəzifəsinə bərpa edilməsi və Cavabdeh QSC tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, ödənilmiş mediasiya xərcinin yarısı 25 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğində pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının 11 oktyabr 2021-ci il tarixdə, saat 13:16-da Banka maxsus hard diski şifrələməsi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarması işin mübahisəsiz halıdır. İddiaçı bu halı izahatında onun işi ilə əlaqədar olması ilə əsaslandırmışdır. Lakin iddiaçının qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizlin saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamış və cavabdeh tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

12. Məhkəmə hesab etmişdir ki, işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı rəqəmsal Bankçılıq və Ödəniş Kartları üzrə Aparıcı Mütəxəssis/Texniki Administrator vəzifəsində çalışdığından, onun əmək funksiyalarının icrası ilə bağlı hard disk daima onun yanında olmuş, işlədiyi müddət ərzində buna qarşı hər – hansı irad bildirilməmişdir. Qeyd olunanları cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

13. Eyni zamanda iddiaçı tərəfindən Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatlarının yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir .

14. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68.1, 68.2, 70, 71.2, 72, 76.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2 və 41.5-ci maddələrinə istinad etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə öz qətnaməsinin 9-cu səhifəsində qeyd etmişdir ki, “işçinin hard diski Bankdan kənara çıxarması, eləcə də yoxlama nəticəsində aşkar edilmiş pozuntu faktları kommersiya sirrinin yayılması kimi qiymətləndirilə bilməz”. Belə bir yanaşma irəli sürməklə məhkəmə Kommersiya sirri haqqında Qanunun kommersiya sirrinin yayılması barədə 2.0.7-ci bəndinin tələblərini pozmuşdur. Hazırkı işdə də İddiaçı kommersiya sirlərinin olduğu hard diski Bankdan kənara çıxarmış və bununla da kommersiya sirrinin rejimini riayət olunması üzrə öhdəliklərini pozmuşdur. Belə ki, iddiaçı həm Əmək Müqaviləsinin 7.4-cü bəndini, həm də əməl etməyi üzərinə götürdüyü Davranış Kodeksinin tələblərini pozmuşdur. Hazırkı iş üzrə nəzərə almaq lazımdır ki, kommersiya sirrinin sahibi Bank, kommersiya sirrinin konfidenti isə iddiaçı olmalı idi. Lakin Kommersiya sirri haqqında Qanunun 2.0.5-ci bəndindən aydın olur ki, konfident hesab oluna bilməsi üçün iddiaçı həmin sirləri qanuni əsaslarla əldə etməli idi. Hazırkı işdə isə iddiaçı kommersiya sirlərini açıq-aşkar qeyri-qanuni üsullarla, yəni kommersiya sirrinin rejimini pozmaqla əldə etmişdir. Beləliklə, hazırkı məsələdə iddiaçının həmin kommersiya sirlərinin konfidenti kimi çıxış etməsi mümkün deyil. Belə olduğu təqdirdə isə, iddiaçı nə əldə etdiyi kommersiya sirlərinin sahibi, nə də konfidenti hesab oluna bilər. İddiaçı kommersiya sirlərini qeyri-qanuni üsulla və həmin sirləri yayaraq əldə edən “başqa şəxs” hesab olunmalıdır. Bu isə o deməkdir ki, iddiaçı kommersiya sirrini yaymışdır. Məhkəmə öz qətnaməsində iddiaçının “xx.xx.2021-ci il tarixdə Banka məxsus hard diski şifrələməsini, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarmasını işin mübahisəsiz halı” olaraq qiymətləndirmiş, bununla belə, bu halları “yayılma” faktı kimi yetərli hesab etməmiş, əlavə sübutların təqdim olunmasının zəruriliyini bildirmişdir. Həmçinin məhkəmə yuxarıdakı faktları “mübahisəsiz hallar” olaraq qeyd etsə də, bunu “əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək” kimi qiymətləndirməmişdir. Nəticə etibarilə, məhkəmə Kommersiya sirri haqqında Qanunun 2-ci və xüsusilə də 2.0.7-ci bəndini düzgün tətbiq etmədiyi üçün həmin sirrin yayılmadığını qətnamədə qeyd etmişdir. Məhkəmə iddiaçının hərəkətləri nəticəsində Banka məxsus kommersiya sirlərinin yayılmadığını və buna görə də iddiaçının əmək müqaviləsinin ləğvinin Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbləri ödənmədiyi üçün əsassız olduğunu hesab etmişdir. Bu yanaşma heç bir halda qanuna müvafiq hesab edilə bilməz. Belə ki, kommersiya sirləri qeyri-maddi nemət hesab olunurlar. Şəxsin kommersiya sirləri ilə əlaqədar olaraq sahiblik etdiyi tək element həmin sirlər üzərindəki hüquqlarıdır. Kommersiya sirri üzrə bu hüquqlar yalnız kommersiya sirrinin sahibinə və müqavilə əsasında verilmiş konfidentə məxsusdur. Tərəflər arasındakı həmin müqavilə kommersiya sirrinin rejimini müəyyən edir. Bu rejimin, yəni kommersiya sirrinin rejimini müəyyən edən müqavilənin şərtlərinin pozulması birbaşa kommersiya sirrindən qanunsuz istifadə və kommersiya sirrinin sahibinin hüquqlarının pozulması hesab olunur. Hal-hazırda isə iddiaçı kommersiya sirri rejimini pozmuşdur. O, kommersiya sirlərini ehtiva edən hard diski Bankın nəzarətindən kənara çıxarmaqla Əmək Müqaviləsinin 7.4-cü bəndini və Davranış Kodeksinin tələblərini pozmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 06 iyul 2022-ci il tarixli 2(103)-4715/2022 nömrəli qətnaməsi ilə (hakimlər - Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri məlumatların yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68.1, 68.2, 70, 71.2, 72, 76.1, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2 və 41.5-ci maddələrinə istinad etmişdir.

c)Kassasiya instansiya məhkəməsində birinci icraat

21. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(102)-5664/2022 saylı qərarı ilə (hakim İ.Xəlilovun məruzəsi ilə, hakimlər M.Əhmədova və Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4715/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

23. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Bank iddiaçı ilə əmək müqaviləsi bağlayarkən müqaviləyə 7.4-cü bəndi əlavə etməklə Kommersiya sirrinin qorunması qaydaları ilə bağlı öhdəlikləri müəyyən etmişdir. Həmin məsələ ilə bağlı öhdəlik ondan ibarət olmuşdur ki, “Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz." Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə əsasən kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Ona görə işə yenidən baxılarkən məhkəmə iddiaçının kommersiya sirri ilə bağlı əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini pozub-pozmaması halını toplanmış sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməklə müəyyən etməlidir”.

Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

25. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

26. Maddə 10, bənd “D”. Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.

27. Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

28. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 72, bənd “D”. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

30. Maddə 199, bənd “E”. İşəgötürənin kommersiya sirrini yaydıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

31. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.

33. Maddə 967.2. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

34. Maddə 967.3 Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.

“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

36. Maddə 2.0.3. kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs.

37. Maddə 2.0.4. kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs.

38. Maddə 2.0.7. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır.

39. Maddə 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu

40. Maddə 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

41. Maddə 41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir.

42. Maddə 41.5. Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyriqanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

49. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

51. İşəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə əsasən “Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz."

52. Eyni zamanda xx.xx.2020-ci il tarixli Razılaşma ilə Bank ilə iddiaçı arasında kommersiya sirri rejiminin tətbiqi barədə razılıq əldə olunmuşdur.

53. Kommersiya sirrinin sahibi olan Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonuncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır.

54. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsinə dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.

55. İddiaçının xx.xx.2021-ci il tarixdə saat 13:16-da Banka maxsus hard diski şifrələməsi, xx.xx.2021-ci il tarixdə şifrələdiyi hard diski Bankdan kənara çıxarması işin mübahisəsiz halıdır.

56. Əmək Məcəlləsinin tələblərinə görə kommersiya sirrinin işçi tərəfindən yayılmasından başqa, həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

57. Göründüyü kimi yalnız kommersiya sirrinin yayılması deyil, həmçinin həmin sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud pozuntusu hesab edilir.

58. Qanunvericiliyin tələbinə əsasən isə qeyd edilən hallarda əmək vəzifələrinin kobud pozuntusu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasını təşkil edir.

59. Belə olan halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə işçi ilə olan əmək müqaviləsinə xitam verilmişdir.

60. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur, iddiaçının tələbi əsassızdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2193/2022 saylı iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh QSC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar