Məhkəmə qərarları › İş №2(103)-1661/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1661/2023

14.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1661/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: İşə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(005)-1503/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı 01 sentyabr 2003-cü il tarixdə Aşağı Ağcakənd qəsəbə orta məktəbinə ixtisası üzrə müəllim, 22 aprel 2010-cu il tarixdə Aşağı Ağcakənd qəsəbə tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 14 sentyabr 2012-ci il tarixdə Bayan kənd ümumi orta məktəbinə Biologiya müəllimi vəzifəsinə təyin edilmişdir.

2. 01 fevral 2017-ci il tarixdə iddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsi müvvəqəti olaraq həvalə edilmişdir. 20 dekabr 2017-ci il tarixdə Təhsil Nazirliyinin əmri ilə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor təyin edilmişdir.

3. xx.xx.2021-ci il tarixli Təhsil Nazirliyinin İnsan Resursları tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının sədri Səmayə Şabanovaya göndərilmiş təqdimatdan görünür ki, Mərkəzi İcra hakimiyyətləri orqanları rəhbərlərinin vətəndaşların qəbulu qrafikinə uyğun olaraq xx.xx.2021-ci il tarixində X3 Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktorunun hüquqazidd əməllərə yol verməsi barədə şikayət xarakterli müraciətində qaldırılan məsələlərin yerində araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən yoxlama keçirilmişdir. Yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmamazlıları nəzərə alaraq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edildiyini və bu barədə münasibət bildirilməsi xahiş olunmuşdur.

4. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin və Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində aparılmış yoxlama nəticəsində aşkar olunmuş nöqsan və çatışmamazlıqlar qeyd olunmuşdur”.

5. ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli 01 nömrəli iclas protokolundan edilmiş çıxarışdan görünür ki, Əhmədova Sədaqət Məmmədəli qızının sədrliyi ilə keçirilmiş iclasda Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli xx-xx-1507/10 nömrəli məktubu nəzərə alınaraq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqəsədəmüvafiq hesab edilmişdir.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş K-1400 nömrəli xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” əmrdən görünür ki, Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilələri üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə ləğv edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağı barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə bərpa olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, çoxillik əmək fəaliyyəti zamanı kollektivin nüfuzunu qazanmış, intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri qüsursuz yerinə yetirmiş, heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən xəbərdarlıq, irad tutma, töhmət almamışdır. Məzuniyyətdə olduğu dövrdə yoxlama keçirilmiş, həmin yoxlamanın nəticəsi olaraq, tərtib olunmuş akt həmin gün deyil, başqa bir vaxtda iddiaçı tərəfindən tələsik imzalanmışdır. Aktda göstərilmişdir ki, sonuncu verilmiş 3-4 əmr əmək kitabında yoxdur. Bununla əlaqədar həmin əmrlər hazır olmuş, əmr kitabının arasında olmuşdur. Sadəcə praktikada belə bir hal olur ki, əmrlər müəyyən texniki dəyişiklik ola biləcəyi ehtimalına görə kitaba bir neçə gün ərzində köçürülür. Sonra göstərilmişdir ki, pedoqoji şuranın protokol kitabına sonuncu 1 iclasın protokolu daxil edilməmişdir. Əslində həmin protokol da hazır olmuş, protokol kitabının arasında vərəqdə olmuş, sadəcə kitaba köçürülməmişdir. Daha sonra göstərilmişdir ki, dərs dinləmələr olmamışdır. Bununla əlaqədar ölkədə olan mövcud pandemiya şəraiti ilə əlaqədar ümumi təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesi distant (məsafədən) formada təşkil olunmuş, 08 fevral 2021-ci il tarixdən isə növbəli iş rejiminə keçirilmişdir. Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması çətinlik yaratdığından dərs dinləmələr olmamışdır. Çünki, pandemiya şəraiti olmuş, otaqlar böyük olmadığından hərkəsi biryerə yığmaq və eyni zamanda şagirdlər arasında sosial məsafə yaratmağa çalışmaq çətinlik törətmişdir. Həmçinin göstərilmişdir ki, texniki işçi X2 dərs vaxtı işdə olmamışdır. Bununla əlaqədar bildirir ki, texniki heyətə dair tələblər barədə Nazirlər Kabinetinin qərarında göstərilmişdir ki, texniki heyət üçün növbəli iş rejimi tətbiq olunur və onların iş vaxtının əsasən tədris və təlimtərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir. Cavabdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllədə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(005)- 1503/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 noyabr 2021-ci il tarixli K-1400 saylı əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor vəzifəsinə bərpa olunması qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblərlə uzlaşdırılması zamanı uyğunzuluqlar aşkar olunmuşdur. Belə ki, göründüyü kimi iddiaçının işlədiyi Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində yoxlama 12 iyul 2021-ci il tarixdə aparılmışdır. Daha sonra 29 oktyabr 2021-ci il tarixdə xx-xx-1507/10 nömrəli təqdimatla Təhsil Nazirliyinin İnsan Resursları tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Sonuncunun xx.xx.2021-ci il tarixli, 01 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş təqdimat üzrə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədə müvafiq hesab edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrinin düzgün icra edibetməməsinin müəyyən olunması zəruridir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. Qeyd olunan halların müəyyən edilməsi zamanı işə götürən tərəfindən yol verilən pozuntuları xx.xx.2021-ci il tarixdə aşkar etməsinə baxmayaraq, işçi barəsində müvafiq inzibati tənbeh xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Odur ki, hazırda işəgötürən tərəfindən qanunvericliyin imperativ normalarının pozulmaqla işçiyə inzibati tənbeh tətbiqinə yol verildiyi müəyyən olunmuşdur.

12. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.1, 68.2, 71.2, 80, 80.2, 186.1, 186.2, 187.1,187.2, 311-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1. 112.1.3, 124.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apelyasiya instansiya məhkəməsindəki icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin hansı əsasla ləğv edilməsini əsaslandırmamış, yalnız Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, müddəti tətbiq etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı tərəfindən yol verilən pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barədə müvafiq inzibati tənbeh xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Odur ki, işəgötürən tərəfindən qanunvericiliyin imperativ normaları pozulmaqla işçiyə inzibati tənbeh tətbiq olunmuşdur. Bununla da, məhkəmə prosessual pozuntuya yol vermişdir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin iş materiallarından göründüyü kimi, mübahisə tərəfi müddətin tətbiqi ilə bağlı ərizə verməmiş və müddəti mübahisələndirməmişdir. İşə baxan məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş yoxlama aktında sadalanan nöqsanların əsaslı olub-olmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması, mübahisələdirilən əmrin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olub-olmaması və s. kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara və cavabdehin izahatına və təqdim olunan sənədlərə münasibət bildirməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)- 4613/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin normaları pozulmaqla işçi barəsində intizam tənbehinin tətbiqinə yol verildiyi üçün birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

17. Həmçinin, apellyasiya instasiyası məhkəməsi bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. c) Kassasiya instansiya məhkəməsindəki icraat

18. Cavabdeh (vəkil Nümayəndə) apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vererək qətnamənin ləğv edilməsi, işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

19. Cavabdeh kassasiya şikayətinin onunla əsaslandırmışdır ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin iş materiallarından göründüyü kimi, araşdırılması tələb olunan halları, habelə araşdırmanın nəticəsində əldə olunan sənədlərin müvafiq aidiyyatı şöbələrdə araşdırılmasının zəruriliyini nəzərə almadan məhkəmə ƏM-nin 187.2-ci maddəsini tətbiq etmişdir. Bildiririk ki, işə baxan məhkəmən müddəti tətbiq edərkən ƏM-nin 187.3- cü maddəsinin tələbinə əhəmiyyət verməmişdir.

20. Həmçinin, cavabdeh MPM-in 88-ci maddəsini rəhbər tutaraq bildirmişdir ki, iş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi yalnız, ƏM-nin 187.2-ci maddəsində nəzərdə tutulan müddətin tətbiqi ilə kifayətlənmiş və təqdim olunan sübutlara əhəmiyyət verməmişdir.

21. Kassasiya şikayətini əsaslandıran zaman cavabdeh qeyd etmişdir ki, işə baxan məhkəmə qərar qəbul edərkən maddi hüquq normasına (Əmək Məcəlləsinin 187.3cü maddəsinə) əhəmiyyət verməmiş, ona görə də, iş üzrə səhv nəticəyə gələrək qanunsuz qərar qəbul etmişdir

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2022-ci il tarixli 2(102)-5185/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4613/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Proses iştirakçılarının izahatı:

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Hazırki apelyasiya baxışının hədləri:

25. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, qətnamə tam yoxlanilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

26. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

27. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

28. Maddə 70 (ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

29. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun.

30. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

31. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, apelyasiya şikayətinin dəlillərini əlaqəli yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilən hüquqi mövqeyi nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

39. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində nöqsan və çatışmamazlıqları müəyyən edilərək həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Bundan sonra Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatına təqdimatla müraciət edilərək göstərilən nöqsan və çatışmamazlıqlara əsasən Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 01 nömrəli iclasında Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə qərar qəbul edilmişdir.

40. Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə verilmiş xx.xx.2021-ci il tarixli, K1400 nömrəli «Yoxlamanın nəticələrinə dair» əmrlə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmişdir. Bununla razılaşmayan iddiaçı əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir.

41. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən işçinin fəaliyyətində yol verilən pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barəsində müvafiq intizam təndehi tədbiri 4 aydan artıq müddət sonra xx.xx.2021-ci il tarixdə icra olunmuş, bununla da intizam tənbehi verilməsi barədə əmək qanunvericiliyi ilə müəyyən olunmuş (Əmək Məcəlləsi 187.2) bir aylıq müddət ötürüldüyündən, iddiaçının işdən azad olunması barədə işəgötürənin əmri qanunsuz olduğundan, ləğv olunmalıdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti əsaslı hesab etmir və hesab edir ki, işə baxan məhkəmə maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol vermişdir.

43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsi əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

44. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

45. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun.

46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.

47. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

48. Həmin Məcəllənin 80-cı Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalara dair maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

49. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

50. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.

51. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər.

52. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

53. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

54. Həmin Məcəllənin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

55. Qeyd edilən maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, işəgötürənlə işçi arasında yaranan əmək münasibətlərini həmin normaların tələblərinə uyğun olaraq tənzimlənməsini müəyyən etmişdir. Hazırki işin materialları ilə müəyyən olunur ki, Təhsil Nazirliyi əməkdaşları tərəfindən iddiaçının işlədiyi Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində xx.xx.2021-ci il tarixdə yoxlama aparılmış və yoxlama nəticəsində akt tərtib olunmuş, hazırki iş üzrə iddiaçı aktla tanış olaraq imzalamış və aktda aşkar olunmuş nöqsanlar barədə onun izahatı alınmışdır İddiaçı yazdığı izahatda aktda qeyd edilən nöqsanları etiraf etmişdir. Bundan sonra Təhsil Nazirliyinin İnsan Resursları şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdimatla həmkarlar təşkilatına müraciət olunmuş, təqdimat həmkarlar təşkilatında müzakirə olunmuş və Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmiş və bundan sonra Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir.

56. Qeyd edilənlərdən aydın olur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən əmək qanunvericiliyinin yuxarıda qeyd edilən imperativ göstərişləri tam şəkildə yerinə yetirilmişdir.

57. Kollegiya qeyd edir ki, iddiaçının peşə fəaliyyətinin yoxlanılması xx.xx.2021-ci il tarixdə aparılmış və işəgötürənə intizam tənbehi xx.xx.2021-ci il tarixdə verilmişdir.

58. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələblərinə istinad edərək, işəgötürən tərəfindən intizam tənbehinin verilməsi üçün bir aylıq müddətin ötürülməsi qənaətinə gəlsə də, həmin maddənin 3-cü bəndinin tələbini nəzərə almamışdır. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi hazırki iş üzrə işəgötürən tərəfindən intizam tənbehi tətbiq edilməsi üçün son tarix xx.xx.2022-ci il olmuşdur. Bu halda isə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən olunmur. Lakin işə baxan birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin göstərilən tələblərini nəzərə almamışdır. Bu səbəbdən də iş üzrə rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmamışdır.

59. Məhkəmə kollegiyası iddiaçının iddia tələbində yoxlama aktında aşkar olunmuş nöqsanlarla razılaşmaması barədə dəlillərini müzakirə edib, həmin dəlilləri əsaslı hesab etmir. Bu səbəbdən də yuxarıda qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən etmir.

60. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(005)- 1503/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar