Məhkəmə qərarları › İş №2(103)-1663/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1663/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1663/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1, onun nümayəndəsi (vəkili) X4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı «fərdi avtomobil qarajlarının təyinatı üzrə istifadə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 tərəfindən onlara məxsus qarajlardan təyinatı üzrə istifadə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəsatətinə əsasən əsl olmayan Cavabdeh5 əsl Cavabdeh6 ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə, iş № 2(006)-3635/21) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 tərəfindən onlara məxsus qarajlardan təyinatı üzrə istifadə olunması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdehlərdən Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan və həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, H.B.Əliyev küçəsi 22 saylı binanın arxasında və Cavadxan küçəsi 36 saylı binanın həyətində yerləşən qarajların təyinatına uyğun olmayaraq avtoyuma məntəqəsi kimi istifadə olunduğunu və bunun onun sahibkarlıq fəaliyyətinə və mənfəətlərinə mənfi təsir göstərdiyini qeyd edərək və onların qanunsuz fəaliyyətlərinin dayandırılmasını xahiş etmişdir. O.Bayramovun müraciətinin hərtərəfli araşdırılması üçün aidiyyəti qurumlara sorğular verilməsi ilə əlaqədar müraciətə baxılmanın müddəti uzandığından şikayətçi İddiaçı hərəkətsizlikdə ittiham edərək, digər dövlət orqanlarına (Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)) şikayət etmişdir. O.Bayramovun ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 məxsus qarajlar mövcuddur və hazırda həmin qarajlardan avtoyuma kimi istifadə edilir. Bununla əlaqədar Nəsimi rayon MKTB-nin 33 saylı MKİS tərəfindən dəfələrlə sözügedən qarajların təyinatı üzrə istifadə edilməsi barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öz fəaliyyətlərinə davam edirlər. O.Bayramovun ərizəsi ilə əlaqədar cavabdehlər rəsmi qaydada (2 dəfə) RİH-ə dəvət olunmalarına baxmayaraq, gəlməmişlər. Beləliklə, adları qeyd olunan şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, öz qarajını 07.05.2021-ci il tarixli icarə müqaviləsinə əsasən fərdi sahibkar Tural Adığözəlovun icarəsinə vermişdir. Qarajdan avtoyuma məntəqəsi kimi istifadə olunur və bu qanunla qadağan edilməyib. İcra hakimiyyətinin hazırkı iş üzrə iddiası sahibkarlıq fəaliyyətinə mane olmaq məqsədi daşıyır. Cavabdeh1 və nümayəndəsi (vəkili) C.Cəfərov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi F.Hacıqayıbov və üçüncü şəxs O.Bayramov isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Digər cavabdehlər qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehlərin istifadəsində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 28 saylı binanın yanında və Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon H.B.Əliyev küçəsi 22 saylı binanın arxasında yerləşən 4 ədəd qaraj mövcuddur. Bu qarajlardan biri Cavabdeh1 məxsusdur. Həmin qarajdan təyinatına zidd olaraq avtoyuma məntəqəsi kimi istifadə olunur. Qanuni şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, hazırkı mülki iş üzrə 3-cü şəxs X1 rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin faktı diqqətə çatdırmış və qarajların təyinatı üzrə istifadə edilməsi üçün zəruri addımların atılmasını xahiş etmişdir. İddiaçı tərəfindən müvafiq araşdırma aparılarkən müəyyən edilmişdir ki, həqiqətən də qeyd edilən qaraj cavabdeh tərəfindən təyinatı üzrə istifadə olunmur, avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir, əldə edilmiş gəlirdən vergilər ödənilmir, əraziyə giriş-çıxış məhdudlaşır, ərazidə antisanitariya vəziyyəti hökm sürür, istifadə olunmuş su çirkləndikdən sonra yola axıdılır və s. Bununla bağlı qaraj sahibinə, yəni Cavabdeh1 müvafiq xəbərdarlıq ünvanlanmış, qarajdan təyinatı üzrə istifadə edilməsi tələb edilmiş, lakin nəticəsi olmamışdır. Ona görə də məhkəmədə hazırkı iddia qaldırılmışdır. İddiaçının tələbi cavabdeh tərəfindən ona məxsus qarajdan təyinatı üzrə istifadə edilməsi barədə qətnamə çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 aid hissədə əsaslı sayaraq təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 saylı qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə»yə əsasən qaraj – nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikilidir. Əsasnamənin 4.5-ci bəndinə əsasən duracaq və qaraj daxilində saxlanca qoyulmuş nəqliyyat vasitələrinin salonlarında istirahət edilməməli və ya yuma, təmizləmə işləri aparılmamalıdır. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Birinci instansiya məhkəməsi Cavabdeh1 mübahisəli qarajdan təyinatı üzrə istifadə etmədiyini müəyyən edərək və mübahisəli hüquq münasibətinə yuxarıda sadalanan maddi hüquq normalarını tətbiq edərək iddia tələbini ona aid hissədə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qarajın təyinatına zidd istifadəsi qüvvədə olan qanunvericiliklə qadağan olunduğundan birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 aid hissədə təmin etməkdə haqlı olmuşdur. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, o, öz qarajını 07.05.2021-ci il tarixli icarə müqaviləsinə əsasən fərdi sahibkar Tural Adığözəlovun icarəsinə vermişdir və hazırda qarajdan avtoyuma məntəqəsi kimi istifadə olunur. Qarajdan avtoyuma məntəqəsi kimi istifadə olunması isə qanunla qadağan edilməmişdir. İcra hakimiyyətinin hazırkı iş üzrə iddiası onun sahibkarlıq fəaliyyətinə mane olmaq məqsədi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, qarajın icarəyə verilməsi onun təyinatının dəyişdirilməsinə, yaxud təyinatına zidd istifadəsinə səbəb ola bilməz. Qarayın təyinatı nəqliyyat vasitəsinin durması (saxlanması) üçün nəzərdə tutulmuşdur və Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 saylı qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə»də bu birbaşa təsbit olunmuşdur. Həm də 07.05.2021-ci il tarixli icarə müqaviləsinin özündə belə qeyri-yaşayış sahəsinin avtoyuma məntəqəsi kimi deyil, qaraj kimi istifadəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh1 aid hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni Cavabdeh1 aid hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar