Məhkəmə qərarları › İş №2(103)-1665/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1665/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1665/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina № 16-da yerləşən 43 №-li mənzildən cavabdehin çıxarılma, mənzilin boşaldılaraq ona (iddiaçıya) təhvil verilməsi, onun həmin mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq mənzilin boşaldılıb ona təhvil verilənədək ayda 650 manat məbləğində kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iş üzrə üçüncü şəxslər kimi mübahisəli mənzildə yaşayan (cavabdehin bacısı) X1, (cavabdehin bacısının əri) X2, (cavabdehin bacısının övladları) X3 və X4 göstərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh arasında notarial qaydada xx.xx.2018-ci il tarixdə bağlanmış AN-1 seriyalı, ******* saylı ‘‘Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə” əsasən iddia ərizəsində göstərilən mənzili cavabdehdən satın almışdır. Qeyd edilən müqavilə əsasında mənzil üzərində iddiaçının mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Mənzili cavabdehə satmış cavabdeh iddiaçıdan xahiş etmişdir ki, mənzildə yaşayan iş üzrə üçüncü şəxslər mənzili 2 aydan sonra boşaltsınlar. İddiaçı bununla razılaşmışdır. Lakin müqavilənin bağlanmasından 2 il keçməsinə baxmayaraq cavabdeh mənzili ona təhvil vermir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehgil mənzildən çıxarılımalı, mənzilin boşaldılaraq ona təhvil verilməli və onun həmin mənzildən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulmalıdır. Bundan başqa iddia ərizəsində qeyd edilir ki, mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir, binanın istismar müddəti bitib. Həmin binanın yerləşdiyi yerdə (iş üzrə tərəf) olmayan “xxxx” MMC tərəfindən yeni bina inşa edilməlidir. Bununla əlaqədar olaraq iddiaçı ilə MMC arasında “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair” xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzil boşaldığı gündən başlayaraq yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün MMC tərəfindən iddiaçıya aylıq 650 manat kirayə haqqı ödənilməlidir. Lakin cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı həmin məbləği almaq imkanından məhrum olmuşdur. Odur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq mənzilin boşaldılıb iddiaçıya təhvil verilənədək ayda 650 manat məbləğində kirayə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ciil tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2 ay üçün, cəmi 1.300 manat məbləğində kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış və lazımi bütün hallar sübuta yetirilməmiş və buna görə də cavabdehə münasibətdə düzgün qətnamə qəbul edilməmişdir. Belə ki, iddiaçı ilə “xxxx” MMC arasında müqavilə bağlanan vaxta qədər həmin mənzildə onun bacısı aylıq 350 manat kirayə haqqı verərək yaşamışdır. Daha sonra iddiaçı mənzilin kirayə qiymətini qaldırdığı üçün cavabdehin bacısı razılaşmamış və mənzildən çıxmışdır. Bundan başqa, məsuliyyətin cavabdehin üzərinə qoyulması əsassızdır, çünki mənzil 2 il əvvəl cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 Məhkəmənin ünvanına ərizə göndərərək apellyasiya baxışı iclasının təyin edildiyi vaxt Gəncə Apellyasiya Məhkəməsi tərəfindən baxılan işdə iştirakının vacib olduğunu bildirmiş və bunu nəzərə alınaraq məhkəmə baxışı iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Nümayəndə2 vəsatətini müzakirə edərək qərara gəlmişdir ki, işin təxirə salınması üçün qeyd edilən halı təsdiq edə biləcək məhkəmə sənədləri ərizəyə əlavə edilmədiyindən vəsatət əsaslı hesab edilə bilməz, çünki Nümayəndə2 məhkəmə baxışı iclasına gəlməməsinin səbəblərinin üzrlü olmasını müəyyən etmək mümkün deyil. Nə cavabdehin özünün nə də ki, onun vəkilinin (nümayəndəsinin) apellyasiya baxışı iclasına gəlməmələrinin məhz üzrlü səbəbdən baş verməsi müəyyən edilmədiyindən, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, MPM-nin 376.2-ci maddəsinin mənasına görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçının və iş üzrə üçüncü şəxslərin də apellyasiya baxışına gəlməmələrinin səbəblərinin üzürlü səbəbdən baş verməsi müəyyən edilmədiyindən Məhkəmə yuxarıda qeyd edilən əsaslar ilə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi üçüncü şəxslərin sentyabr ayının əvvəlində mənzili tərk etdiklərini müəyyən etdiyi üçün iddia tələbinin bir hissəsini, yəni onların mənzildən çıxarılması, mənzilin boşaldılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması hissəsini təmin etməmişdir. Buna baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh isə iddianın ona münasibətdə təmin edilməsi ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirmişdir. Bu səbəbdən Məhkəmə iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı Şəhəri 3 saylı Notariat Kontoru tərəfindən reyestrdə 4Ə-171 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı olan Cavabdeh mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina № 16-da yerləşən 43 №-li mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 11-ci bəndindən göründüyü kimi, satıcı daşınmaz əmlakı xx.xx.2018-ci il tarixinədək alıcıya təhvil verməsini öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, həmin mənzil dövlət reyestrində iddiaçının xüsusi mülkiyyətində olan əmlak kimi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə (iş üzrə tərəf olmayan) “xxxx” MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı Şəhəri 9 saylı Notariat Kontoru tərəfindən reyestrdə 3M- 666 nömrə altında qeydə alınmış “Qəzalı vəziyyətdə olan binada yerləşən mənzilin sökülməsi və mənzilin mülkiyyətçisinin yeni mənzil ilə təmin edilməsinə barədə müqavilədən” görünür ki, iddiaçıya məxsus həmin mənzilin yerləşdiyi yaşayış binası təhlükəli vəziyyətdədir, binanın istismar müddəti keçmişdir. İddiaçı, ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın MMC tərəfindən sökülməsinə razılıq verir, MMC isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək və binada iddiaçıya məxsus 3 otaqlı, ümumi sahəsi 62 kv.m (faktiki sahəsi 69,55 kv.m) olan mənzilin əvəzinə birgirişli 2 saylı binada yerləşən 3 otaqdan və bir mətbəxdən ibarət, ümumi sahəsi içdən içə hesablanmaqla 87,4 kv.m olan təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürür. “xxxx” MMC–nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus mənzil xx.xx.2020-ci il tarixdə MMC-nə təhvil verilmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, mənzil alğı-satqıdan sonra iddiaçıya təhvil verilmiş və o, mənzildən çıxmışdır. MMC ilə müqavilə bağlanılan vaxta qədər onun bacısı həmin mənzildə kirayə haqqı verərək yaşamış, sonuncu müqavilə bağlandıqdan sonra isə onlar da mənzili boşaldaraq çıxmışlar. Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə bildirir ki, “xxxx” MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, iddiaçı mübahisəli mənzilin MMC tərəfindən sökülməsinə razılıq vermişdir. Mənzil MMC-yə təhvil verildiyi vaxtdan iddiaçının yeni mənzillə təmin olunmasına qədər MMC 650 manat məbləğində kirayə haqqı ödəməyi üzərinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş və MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş məlumatdan müəyyən olur ki, xx.xx.2020ci il tarixli müqavilə bağlanan zaman həmin mənzil iş üzrə üçüncü şəxs olan F.Hacıyevin və ailə üzvlərinin istifadəsində olmuş və onlar mənzili əşyaları ilə birlikdə xx.xx.2020-ci il tarixdə tərk edərək MMC-yə təhvil vermişlər. Bu səbəbdən MMC, onun tərəfindən iddiaçıya vəd olunmuş kirayə haqqını ödəməmiş və iddiaçı müqavilə bağlanılan tarixdən, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək kirayə haqqından məhrum olmuşdur. Göründüyü kimi MMC tərəfindən verilmiş qeyd olunan məktubla təsdiq olunur ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış “Alğı-satqı müqaviləsi” üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, mənzili xx.xx.2018-ci il tarixinədək alıcıya təhvil verməmişdir. Bununla da, iddiaçıya maddi zərər dəymişdir. Cavabdehin digər dəlili ondan ibarədir ki, o hazırki iş üzrə cavabdeh olmamalıdır. Çünki mənzil onun tərəfindən zəbt olunmamış, “Alğı-satqı müqaviləsi” bağlandıqdan dərhal sonra mənzili tərk etmişdir. Məhkəmə bu dəlili də əsassız hesab edir və qeyd edir ki, mənzilin əvvəlki mülkiyyətçisi olan cavabdeh digər şəxlərin tələblərindən, qanunsuz sahibliyindən azad mənzilin satılmasına görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə görə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildə üçüncü şəxslərin yaşaması ilə bağlı şifahi razılıq olsa da, onların nə vaxta qədər mənzildə yaşamalı olması, kirayə haqqının ödənilməsi ilə bağlı cavabdeh məhkəmələrə sübutlar təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı isə bildirir ki, xx.xx.2018-ci il tarixdə mənzili aldıqdan sonra üçüncü şəxslərin iki ay qalmasına icazə vermişdir. Lakin işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, onlar xx.xx.2020-ci il tarixədək mənzili tərk etməmişlər. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 2 ay üçün kirayə haqqı pulunun tutulması ilə bağlı qənaəti düzgündür. Çünki Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar