Məhkəmə qərarları › İş №2(103)-1665/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1665/2024

27.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1665/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1665/2024 (Açar sözlər: kompensasiya verməklə yaşayış və istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1603/2023 saylı, 03 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 27 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 1 iş üzrə İddiaçı xüsusi mülkiyyətindədir.

2. İddiaçı iş üzrə Cavabdeh1 ilə xx.xx.1991-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.1994-cü il tarixdə Cavabdeh2 dünyaya gəlmiş və cavabdehlər müvafiq olaraq bu tarixlərdən mübahisəli mənzildə məskunlaşmaqla, istifadə hüquqları yaranmışdır. Sonradan xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında nikah münasibətlərinə son qoyulmuşdur.

3. İddiaçı bu səbəbdən mülkiyyət hüquqlarını maneəsiz həyata keçirmək, eləcə də cavabdehlərin də hüquqlarının təmin olunması üçün müvafiq qaydada kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən əmlaka istifadə hüquqlarının itirilmiş hesab olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47-ci mənzildən istifadə hüququna 11.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi, həmçinin 50 manat mediasiya və 50 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47-ci mənzildən istifadə hüququna 28.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1991-ci ildə rəsmiləşən nikahla X2 ilə ailə qurmuşdur. Ailə qurduqları gündən iddiaçının atası X4 məxsus ünvan 1 ünvanında yaşamışlar. xx.xx.2013-cü il tarixdə iddiaçının atası X8 vəfat etmişdir. Bundan sonra Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84 V saylı evin 47-ci mənzili vərəsəlik əsasında İddiaçı adına keçirilmiş, onun daşınmaz əmlak hüquqları xx.xx.2014-cü il tarixli, ******* nömrəli dövlət reyestr qeydiyyatı ilə təsdiq edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı ilə X2 arasında olan nikah pozulmuşdur. Lakin tərəflər arasında nikahın pozulmasına baxmayaraq bu günədək həmin mənzildə Cavabdeh1, Cavabdeh2 və iddiaçının anası X1 Vaqif Əşrəf oğlu ilə birlikdə yaşayırlar. Əlavə olaraq qeyd edir ki, iddiaçının birgə nikahından X9, Cavabdeh2 və X10 dünyaya gəlib. Fidan Fətəliyeva və Kamal Fətəliyev ailə quraraq mənzili tərk etmişlər. İddiaçının hazırda cavabdehlərlə eyni mənzildə yaşaması mümkünsüzdür. Mənzildə yaşayan X2 və Cavabdeh2 iddiaçı tərəfindən mənzilə heç vaxt istifadə hüququ verilməmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1603/2023 saylı, 03 noyabr 2023-cü ilə tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbi təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzildən istifadə hüquqlarına 28000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilindən çıxarılmaları, İddiaçı 28000 manat kompensasiya məbləğinin alınıb Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 228.1 və 228.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 220.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmış və sonuncunun ünvan 1 ünvanında yerləşən əmlaka istifadə hüququ müvafiq olaraq bu tarixdən etibarən yaranmışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verən zaman Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən istinad etməli olduğu halda buna məhəl qoymamış, qərarı Mülki Məcəllənin 228.2-ci maddəsinə istinadən qəbul etmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olacağı halda faktiki olaraq mülkiyyət hüquqlarından məhrum olunacağını və həmçinin, iddiaçı tərəfindən təklif edilən 28.000 manat məbləğin mövcud iqtisadi durumu əsas götürüldükdə, sadəcə müvəqqəti yaşayış hüquqlarının təminatı qismində çıxış edəcəyini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, hazırda mübahisələndirilən tələblə bağlı zəruri olaraq qeyd olunmalıdır ki, müvafiq əmlak tərəflər arasında mövcud olmuş birgə nikah dövründə əldə olunmuşdur. Bu səbəbdən aidiyyatı mənzil satılmaqla, əldə olunan qazancdan onların mənzil hüquqları təmin olunmalıdır. Mübahisə mülkiyyət hüqunun mübahisələndirilməsi ilə əlaqədar olmasa da, cavabdehlərin mənzildən istifadə hüququnun saxlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdeh tərəfindən qeyd olunan əmlakın birgə nikah dövründə əldə olunduğundan istifadə hüququnun saxlanması arqumenti əsassızdır. Belə ki, müvafiq mülkiyyət hüquqları ona vərəsəlik qaydasında keçmişdir. Lakin bununla belə məhkəməyə ərizə təqdim edilərək bildirmişdir ki, hazırda cavabdehlərə 40.000 manat həcmində kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsinə razıdır.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

15. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə 13. İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi

24. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

25. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Cavabdeh tərəfindən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamənin qanuniliyi və əsaslılığı bütünlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını, apellyasiya baxışı zamanı təqdim edilmiş ərizəni və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

34. Belə ki iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44-05101-093051 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır.

35. 85 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 69 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilində Cavabdeh1, Cavabdeh2 qeydiyyatdadırlar.

36. AZ İ seriyalı, 441946 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə 02 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadın “Məmmədova” soyadını götürmüşdür.

37. V İİİ ЖГ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X2 qeyd edilmişdir.

38. “X13 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli, YDQM-004-070/2023 nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilinin bazar dəyəri 165.950 manat aylıq kirayə haqqı 620 manatdır.

39. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir və cavabdehin də apellyasiya şikayətinin dəlillərindən biri məhz onun istifadə hüququnun saxlanması ilə bağlı olmuşdur.

40. Bununla bağlı ilk növbədə hazırki mübahisəyə hansı hüquq normasının tətbiq olunmasını müəyyənləşdirmək işin düzgün həlli üçün ən mühüm məsələlərdəndir. Belə ki, işin hallarından da göründüyü kimi İddiaçı iş üzrə Cavabdeh1 ilə xx.xx.1991-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.1994-cü il tarixdə Cavabdeh2 dünyaya gəlmiş və cavabdehlər müvafiq olaraq bu tarixlərdən mübahisəli mənzildə məskunlaşmaqla (yaşamaqla), istifadə hüquqları yaranmışdır.

41. Ona görə də hazırki iddia üzrə mübahisəyə köhnə Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir.

42. Belə ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) müddəaları tətbiq olunmalıdır.

43. Növbəti olaraq kollegiya cavabdehin mübahisəli əmlakın birgə nikah dövründə əldə olunmasına münasibətdə istifadə hüquqlarının saxlanması və bu mümkün olmadıqda isə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilin satılaraq, cavabdehlərin mənzil hüquqlarının adekvat qaydada təmin olunması tələbinə nəzərən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

44. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

45. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

46. “R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Eyni zamanda bu maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.

47. Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər.

48. Belə ki, Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır.

49. Bu zaman yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında həmçinin vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

50. Qanunvericinin göstərişlərinə hüquqi qiymət verərkən, apellyasiya şikayətində göstərilən tələblə vəhdətdə təhlil olunaraq qeyd olunmalıdır ki, cavabdeh tərəfindən göstərilən mülkiyyətin hüquqi olaraq “Birgə nikah dövründə əldə olunması ilə əlaqədar istifadə hüquqlarının saxlanılması” tamamilə əsassızdır. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, cavabdehlərin artıq mövcud olan əmlak Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilə istifadə hüquqlarının yaranması anı müvafiq olaraq, iddiaçı ilə nikah bağlanan dövrdən sonra olmuş və mübahisəli əmlak iddiaçıya vərəsəlik yolu ilə keçmişdir. O cümlədən qeyd olunmalıdır ki, tərəflər arasında artıq heç bir ailə münasibəti mövcud olmadığından, iddiaçının evində cavabdehlərin saxlanması onun hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

51. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçı öz əmlakı üzərində mülkiyyət hüquqlarını sərbəst formada həyata keçirməklə bağlı tələbinə dair iddia irəli sürməkdə haqlıdır.

52. Həmçinin qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür.

53. Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyildir. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir... Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2 maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyünü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər.

54. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir.

55. Bu baxımdan iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

56. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, iş materiallarında olan rəylərə görə, mübahisəsi gedən mənzilin bazar dəyəri 165950 manat, bir aylıq kirayə haqqı dəyəri isə 620 manat təşkil edir.

57. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya baxışı zamanı iddiaçı cavabdehə təklif etdiyi kompensasiyanın məbləği olan 28.000 manat məbləği artıraraq onların istifadə hüququna 40.000 manat müqabilində xitam verilməsini istəmişdir.

58. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”.

59. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdehlər təqribən 5 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə mənzilin ümumi bazar qiyməti nəzərə alındığında ağlabatan məbləğ kimi qəbul edilə bilər.

60. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona məxsus mənzillə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlı olduğundan və apellyasiya baxışı zamanı bunun müqabilində təklif etdiyi 40.000 manat məbləğində kompensasiya məbləği işin hallarına müvafiq olaraq ədalətli olduğundan, apellyasiya şikayəti kompensasiyanın məbləği hissəsində qismən təmin edilməli və ödəniləcək məbləğin miqdarı artırılaraq 40.000 manat müəyyən edilməklə cavabdehlərin mübahisəli mənzildəki istifadə hüquqlarına xitam verilməlidir.

62. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

63. Buna görə kollegiya hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1603/2023 saylı iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi ödəniləcək kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. İddiaçı Kamran oğlundan Cavabdeh1 və Cavabdeh2 birlikdə 40.000 (qırx min) manat kompensasiya ödənilməklə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 84V saylı evin 47 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin və onlar mənzildən çıxarılsınlar. İddiaçı Kamran oğlundan 40.000 (qırx min) manat kompensasiya məbləğinin alınıb, Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları eyni vaxtda icra olunsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar