Məhkəmə qərarları › İş №2(103)-1666/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1666/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1666/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun və iki azyaşlı övladları – 19.05.2016-cı il təvəllüdlü Cəsur və 09.09.2017-ci il təvəllüdlü Uğurun məcburi köçkün kimi qeydiyyatda olduqları və ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi göstərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 28.08.2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan iki övladları var. İddiaçı ilə cavabdehin münasibətləri əvvəllər yaxşı olsa da, sonradan, cavabdehin valideynlərinin müdaxiləsi nəticəsində münasibətləri gərginləşmişdir. Buna baxmayaraq nikah pozulmamışdır. İddiaçı məcburiyyət qarşısında qalaraq, 2020-ci ilin yanvar ayında mübahisəli mənzili tərk etmiş və uşaqları ilə birlikdə kirayədə qalır. İddiaçının yaşamağa yeri olmadığından və o, Zəngilan rayonundan məcburi köçkün kimi mübahisəli mənzildə qeydiyyatda olduğundan hesab edir ki, o, uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.09.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi iş üzrə mühüm əhəmiyyəti olan faktiki halları araşdırmadan, maddi və prosessual hüquq normalarını pozaraq, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının köçmək istədiyi mənzildə hazırda cavabdehin valideynləri yaşayır. İddiaçının və uşaqların mənzilə köçüb yaşaması mümkün deyil. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı heç vaxt mübahisəli mənzildə yaşamamışdır. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İddiaçı əlavə olaraq bildirdi ki, əri olan cavabdeh əvvəllər hərbçi olduğu üçün onlar bir müddət öz evlərində, yəni mübahisəli mənzildə, daha sonra Xudat və Sumqayıt şəhərlərində yaşamışlar. Xudat və Sumqayıtda yaşadıqları yaşayış sahələrini kirayəyə götürmüşlər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 28.08.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 056766 nömrəli “Nikah haqqında şəhadətnamənin” surətindən görünür ki, iddiaçı ilə cavabdeh 28.08.2015-ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan “Doğum haqqında şəhadətnamələrin” surətlərindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahdan 2 övladları var: 19.05.2016-cı il təvəllüdlü Cəsur və 09.09.2017-ci il təvəllüdlü Uğur. İşdə olan sənədlərdən görünür ki, cavabdeh əvvəllər hərbiçi olmuş və Dövlət Sərhəd Xidmətinin 2005 nömrəli Hərbi hissə komandirinin 15.05.2020-ci il tarixli, 091 nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar 14.04.2020-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı, Zəngilan rayonunun Cahangirbəyli kəndində qeydiyyatdadır. Hazırda isə həm iddiaçı, həm cavabdeh mübahisəli mənzildə qeydiyyatdadırlar. Həmin mənzil xüsusi mülkiyyətdə olan əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmayıb. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən işin halı kimi müəyyən olunur ki, tərəflər 28.08.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların nikahdan 2 övladları olsa da, hazırda münasibətləri pozulmuş və onlar ayrılmışlar. Cavabdeh əvvəllər hərbçi olduğu üçün onlar bir müddət mübahisəli mənzildə yaşamış, sonra isə Xudat və Sumqayıt şəhərlərində kirayədə yaşamışlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 107-cı maddəsinə görə, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Məcəllənin 70-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının uşaqları ilə birlikdə cavabdehlə eyni şərtlər ilə mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən yararlanmaq hüququ var. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar iddiaçının uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsinə mane olan hallar deyil. Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimnaov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar