Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1668/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nizami Rayon Məhkəməsinin 2(007)-3280/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Fizuli qızı və X3 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı “ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş və İddiaçı adından hazırlanmış 31 oktyabr 2008-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-3280/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Starə Əliyeva) ilə mülki iş üzrə icraata xitam verilmişdir.
3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nizami Rayon Məhkəməsinə göndərilməlidir.
7. Belə ki, mülki iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş və İddiaçı adından hazırlanmış 31 oktyabr 2008-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon məhkəməsi qeyd etmişdir ki, ərizə deyil, həmin ərizə əsasında Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 №li sərəncamı ilə təsdiq edilmiş 007018 saylı order müstəqil qaydada mübahisələndirilə bilər, qeyd edilən order isə məhkəmə qaydasında mübahisələndirilmişdir.
8. Belə ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5268/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar Maraqlı şəxs, X2 və X4 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı X3, İddiaçı və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla orderin etibarsız hesab edilməsi barədə iddiaları mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının 36-cı bəndində mübahisələndirilən ərizəyə hüquqi qiymət verilmişdir. Belə ki, həmin qərarın 36-cı bəndində qeyd edilir ki, “cavabdeh tərəfindən mübahisələndirilən order verilərkən həmin orderdə adları qeyd olunan şəxslər, o cümlədən iddiaçıların müvafiq əri və ataları və hazırki iş üzrə üçüncü şəxs olan İddiaçı mənzilə aid orderin X1 adına tərtib olunmasına notarial qaydada təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. Notarial qaydada təsdiq olunmuş həmin ərizənin mötəbərliyini şübhə altına alan hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır”. Beləliklə, rayon məhkəməsi inzibati məhkəmə qərarının preyudisiallığına istinad edərək, Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının əsaslandırıcı hissəsində “orderin etibarsızlığı” tələbi ilə bağlı olan inzibati iş üzrə məhkəmənin əsaslandırdığı sübut qismində ərizəyə hüquqi qiymət verildiyindən, mülki iş üzrə icraata, hazırkı ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam vermişdir.
9. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
10. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Pro(sessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
11. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən qərardan göründüyü kimi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
12. Hazırkı halda rayon məhkəməsi hesab etmişdir ki, istinad etdiyi inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1643/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının 36-cı bəndində mübahisələndirilən ərizəyə hüquqi qiymət verilmişdir. Belə ki, həmin qərarın 36-cı bəndində qeyd edilir ki, “cavabdeh tərəfindən mübahisələndirilən order verilərkən həmin orderdə adları qeyd olunan şəxslər, o cümlədən iddiaçıların müvafiq əri və ataları və hazırkı iş üzrə üçüncü şəxs olan İddiaçı mənzilə aid orderin X1 adına tərtib olunmasına notarial qaydada təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. Notarial qaydada təsdiq olunmuş həmin ərizənin mötəbərliyini şübhə altına alan hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır”.
13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda mübahisləndirdiyi (notarial qaydada təsdiq olunmuş) ərizənin etibarsızılığına mahiyyəti üzrə məhkəmələrdə heç vaxt baxılmamışdır. Rayon məhkəməsinin istinad etdiyi inzibati icraat qaydasında verilən iddiada isə tələb yalnız “orderin etibarsız hesab edilməsi” olmuş, lakin həmin tələbə də mahiyyəti üzrə baxılmamışdır.
14. İddiaçı hazırda Bakı şəhəri 15 saylı Notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş və özünün adından hazırlanmış 31 oktyabr 2008-ci il tarixli ərizənin etibarsız olması barədə tələb irəli sürərək, həmin ərizənin həqiqiliyini mübahisələndirmiş, imza nümunələri təqdim etmişdir. İddiaçının mübahisələndirdiyi həmin ərizə ona ayrılmış mənzilin başqa şəxsin adına orderin verilməsi və müvafiq olaraq da həmin mənzilin sonrakı mərhələdə mülkiyyətə verilməsinin əsasını təşkil edir. Başqa sözlə, iddiaçıya ayrılmış mənzilin hüquqi taleyinın həlli, məhz iddiaçının mübahisələndirdiyi ərizənin onun iradə ifadəsi olubolmamasından birbaşa asılıdır. Demək ki, iddiaçının mübahisələndirdiyi ərizə MM-in 324.1-ci maddənin tələbləri baxımından birtərəfli əqddir, MM-in 337-339-cu maddələrinə əsasən isə əqdlər, o cümlədən də birtərəfli əqdlər mübahisələndirilə bilər.
15. Rayon məhkəməsi isə iddiaçının istinad etdiyi həmin halı, yəni mübahisələndirdiyi ərizənin onun iradəsinə uyğun olub-olmaması barədə araşdırma aparmaq əvəzinə, “orderin etibarsız hesab edilməsi” barədə, başqa şəxsin tələbi üzrə, həm də mümkünsüz sayılmış yuxarıda qeyd edilən inzibati iş üzrə məhkəmə aktının preyudisiallığına istinad edərək, iddia ərizəsi üzrə icraata xitam vermişdir. Rayon məhkəməsi qeyd olunan qəradadında ümumi qaydada MPM-in 261-ci maddəsinə istinad etmiş, lakin MPM-in istinad etdiyi 261-ci maddəsində nəzərdə tutulmuş 9 (doqquz) fərqli əsasdan hansına əsaslanmasını göstərməmişdir. Yalnız iddiaçının vəkilinin şikayətinə baxarkən xx.xx.2024-cü il tarixli qərardadında şikayətin dəlillərinə əsasən ilkin qərardadındakı bu səhvini qismən aradan qaldırmış və xx.xx.2023-cü il tarixli qərardadında MPM-in 261.0.1-ci maddəsini rəhbər tutduğunu qeyd etmişdir.
16. Halbuki rayon məhkəməsinin mübahisələndirilən qərardadının məzmununda daha çox iş üzrə başqa məhkəmə aktının möcudluğuna, eləcə də MPM-in 82.3-cü maddəsi və onunla bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarına istinad olunmuşdur. Bu baxımdan da rayon məhkəməsinin qərardadı qeyri-müəyyən və ziddiyyətli olmuşdur. Rayon məhkəməsi nəzərə almamışdır ki, onun istinad etdiyi məhkəmə aktı hazırkı iş üzrə preyudisial olmuş olsaydı belə, bu, hazırkı iddia tələbi üzrə icraata xitam verilməsi üçün yox, iddianın təmin edilməməsi üçün əsas ola bilərdi. Rayon məhkəməsi sonrakı qərardadında icraata xitam verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.1-ci maddəsini əsas tutduğunu qeyd etsə də, elə həmin qərardadında yenə də MPM-in 82.3-cü maddəsinə istinad etmişdir.
17. Beləliklə də, artıq yuxarıda qeyd olunduğu kimi, rayon məhkəməsi hazırkı mülki iş üzrə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməkdə haqlı olmamış, nəticədə prosessual hüquq normasının tələblərini pozmuşdur.
18. Yuxarıda qeyd edilənlərə əsasən, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nizami Rayon Məhkəməsinə göndərilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-3280/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.