Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1669/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma, məcburi köçkünlərin məskunlaşması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və Qaradağ rayon İcra Hakimiyyəti cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e- 2(002)-3140/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2024-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, X5 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 saylı mənzili İddiaçı satmışdır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1, 44 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 37-ci Lökbatan küçəsi, giriş 9, M2, m2) İddiaçı mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Laçın rayonunun Mirik kəndindən məcburi köçkün X8 - övladı Cavabdeh, gəlini X6 və nəvəsi X7 ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən 24 saylı evin 20 nömrəli mənzili üzrə müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış və onlar məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Həmin ünvanda yerləşən sahəsi 52.49 kv.metr olan 24 saylı evin 20 nömrəli mənzilin Cavabdeh mülkiyyətində olduğu və sonradan özgəninkiləşdirildiyi aşkar olunmuşdur. Ailə üzvlərindən - X2 mülkiyyətində ünvan 1 ünvanında 0.06004 ha torpaq sahəsində yerləşən 192 kv.metr olan fərdi yaşayış evi var. X8 tək şəxs olaraq ünvan 2 ünvanı üzrə ilkin sorğusu aparılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 saylı mənzildən çıxarılması və mülkiyyətçinin mülkiyyət hüquqlarının tam bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 saylı mənzili X1 alqı-satqı müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə almışdır. Həmin əmlaka dair İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən ********** saylı xx.xx.2024-cü il tarixli çıxarış vərəqəsi almışdır. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1, mənzil 44-ü alanda Cavabdeh həmin mənzildə yaşayırmış. Evi satan X5 evi satan zaman bildirib ki, mənzildə yaşayan Cavabdeh alqı-satqıdan sonra mənzildən çıxacaq. Lakin mənzilin alqı-satqısından sonra iddiaçı dəfələrlə cavabdehə mənzili boşaltmağı bildirsə də, cavabdeh buna əhəmiyyət verməmiş və bu günə qədər əmlakdan öz istədiyi kimi istifadə etmişdir. İddiaçının mülkiyyət hüququ pozulmuşdur və xx.xx.2024-cü il tarixdən bu günə qədər öz mülkiyyətində olan əmlakdan istifadə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(002)- 3140/2024 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 37-ci Lökbatan küçəsi, giriş 9, M2, m2) saylı mənzildən çıxarılması qət edilmişdir.
7. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir. Cavabdeh isə heç bir qanuni əsas olmadan (məcburi köçkün qismində) müvafiq mənzildə məskunlaşmaqla, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də, iddiaçının cavabdehə qarşı olan tələbi əsaslı olmaqla cavabdeh mənzildən çıxarılmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 33-cü maddəsinə, Mülki Məcəllənin 152, 157.1, 157.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına, “Broniovski Polşaya qarşı” iş üzrə qərarına, «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarına, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»-nın 4-cü, 5-ci bəndlərinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qətnamənin icrasının onun ailəsinin uyğun yaşayış sahəsi ilə təmin olunduqdan sonra icrası barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil, ona görə ki, məhkəmə onun qaçqın statuslu olduğunu nəzərə almadan onun Bakı şəhəri, Qaradağ r-nu, Lökbatan qəs, 2-ci massiv, keçid 1, ev 1-də yerləşən 44 saylı (yeni qaydalarla, ünvan 3 ünvandakı yaşayış sahəsindən çıxarılmağını qət etmişdir. Bununla da hökümətin müvafiq qərarının ziddinə hərəkət etmişdir. Cavabdehin başqa yaşayı sahəsi ilə təmin olunmadığı halda, yuxarıda göstərilən ünvandakı mənzildən çıxarılmağı qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və Qaradağ rayon İcra Hakimiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı ilə evin əvvəlki sahibinin yaxın münasibətləri var. Evin əvvəlki sahibi alqı-satqıdan sonra iddiaçıya cavabdehə vaxt verdiyini, evdən çıxacağını bildirib. Cavabdeh isə müddəti hər dəfə uzadaraq evdən çıxmır. İddiaçı evin əvvəli sahibinə cavabdehin evdən çıxmamağı ilə bağlı yaranmış halı bildirib, əvvəlki mülkiyyətçi cavabdehlə də danışıb. Əvvəlki mülkiyyətçi iddiaçıya bildirmişdir ki, cavabdeh ona evdən çıxacağını desə də, hazırda fikrindən daşınıb. Bu səbəblə məhkəmədə iddia qaldırmışlar. Cavabdeh əvvəlki mülkiyyətçinin tanışının tanışı olub. Əvvəlki mülkiyyətçi Rusiya Federasiyasında yaşadığı üçün ev boş olmuşdur. Bu səbəblə müvvəqqəti olaraq yaşaması üçün cavabdehin oraya köçməsinə razılıq vermişdir. Cavabehin başqa yaşayış yeri var. Bundan başqa oğluna məxsus ev də var. Buna baxmayaraq cavabdeh vəziyyətdən suiistifadə edir. Hazırda da Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində əsassız iddia qaldırmaqla vaxt qazanmağa çalışır.
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin nümayənlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.
16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
18. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanunu: Maddə 5. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”: Bənd 4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçının nümayandəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İşdən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1, ev 1, 44 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 37-ci Lökbatan küçəsi, giriş 9, M2, m2) mülkiyyətçisi iddiaçıdır.
25. İddiaçının bildirdiyinə görə mənzilin əvvəlki mülkiyyətçisi mənzil boş olduğu üçün cavabdehin əvəzsiz istifadəsinə vermiş, cavabdeh isə mənzil satıldıqdan sonra onu boşaldacağını bildirmiş, lakin sonra bunu etməmişdir.
26. Cavabdeh apellyasiya şikayətində bildirir ki, onun mənzildən çıxarılması hökümətin müvafiq qərarına ziddir, onun başqa yaşayış sahəsi ilə təmin olunmadığı halda mənzildən çıxarılmağı qanunsuzdur.
27. Apellyasiya icraatı zamanı hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə sorğu ünvanlanmış, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Laçın rayonunun Mirik kəndindən məcburi köçkün X8 - övladı Cavabdeh (cavabdeh), gəlini X6 və nəvəsi X7 ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən 24 saylı evin 20 nömrəli mənzili üzrə müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış, mənzil Cavabdeh mülkiyyətində olmuş, sonradan özgəninkiləşdirilmiş, ailə üzvlərindən - X2 mülkiyyətində ünvan 1 ünvanında 0.06004 ha torpaq sahəsində yerləşən 192 kv.metr olan fərdi yaşayış evi var. X8 tək şəxs olaraq ünvan 2 ünvanı üzrə ilkin sorğusu aparılmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Laçın rayonunun Mirik kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurduna köçürülməsi başlanan zamanı, sözügedən ailənin də ailə üzvləri ilə birgə köçürülməsi həyata keçiriləcək.
28. Göründüyü kimi, cavabdeh məcburi köçkün olduqdan sonra iddiaçının mülkiyyətində olan mənzildə məskunlaşmamış, onun ailə üzvünün mülkiyyətində olmuş mənzildə yaşamışdır, sonradan həmin mənzili özgəninkiləşdirmişdir. Bu hal da onu təsdiq edir ki, iddiaçının mülkiyyətində olan mənzil əvvəlki mülkiyyətçi tərəfindən cavabdehin müvəqqəti olaraq əvəzsiz istifadəsinə verilmişdir.
29. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
30. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin əvvəlki mülkiyyətçinin hüquqları mənzil satıldıqdan sonra hazırki iş üzrə iddiaçıya keçdiyindən, kirayə müddəti müəyyənləşdirilmədiyi halda onun əvəzsiz istifadəyə verilmiş mənzili istənilən vaxt cavabdehdən tələb etmək hüququ olduğundan, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzilində yaşamağa davam etməsi iddiaçının öz əmlakı üzərində sahiblikdən və istifadədən məhrum olmasına, bununla da mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından iddiaçının iddia tələbi təmin olunmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(002)- 3140/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: