Məhkəmə qərarları › İş №2(103)-1670/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1670/2022

17.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1670/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma ilə əlaqədar əmək haqqının tutulması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(001)-5748/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səmdar Cəmiyyətindən (05.02.2021-05.05.2021) müddət üçün əmək haqqı olaraq 3000 manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Qapalı Səmdar Cəmiyyəti (keçmiş MMC) tərəfindən (05.10.2020 - 05.05.2021) müddət üçün rəsmi əmək haqqından əlavə qeyri-rəsmi əmək haqqı olaraq 3500 (üç min beş yüz) manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Qapalı Səmdar Cəmiyyəti (keçmiş MMC) tərəfindən verilmiş «əmək müqaviləsinə xitam verilmə barədə» 03.05.2021-ci il tarixli əmrin ləğv edilməsi və İddiaçı «Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis» vəzifəsinə (işə) bərpa olunması, Cavabdeh Qapalı Səmdar Cəmiyyəti (keçmiş MMC) tərəfindən verilmiş 03.05.2021-ci il tarixdən etibarən işə bərpa olunan tarixə kimi işburaxmaya görə əmək haqqının ödənilməsi; Cavabdeh Qapalı Səmdar Cəmiyyətindən (keçmiş MMC) 03.05.2021-ci il tarixdən etibarən işə bərpa olunan tarixə kimi işburaxmaya görə əmək haqqı məbləğinin gecikdirilmiş hər günü üçün 1% tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun savabdeh Cavabdeh Qapalı Səmdar Cəmiyyətindən (keçmiş MMC) tutularaq iddiaçıya ödənilməsi; İddiaçı dəymiş 30.000 (otuz min) manat məbləğində maddi və 30.000 (otuz min) manat mənəvi ziyanın Cavabdeh Qapalı Səmdar Cəmiyyətindən (keçmiş MMC) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh QSC (keçmiş MMC) arasında 03.02.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin aşağıda göstərilən 1.2-ci bəndinə görə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə təyin olunmuşdur. 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 1100 manat məbləğində müəyyən edilmişdir. 4.2-ci bəndinə əsasən əmək haqqı ayda bir dəfə növbəti ayın 05-nə qədər ödənilməlidir. Bununla yanaşı, Cəmiyyətin direktoru X8 onu işə qəbul edərkən rəsmi əmək haqqından əlavə qeyri-rəsmi əmək haqqının (bundan sonra əlavə adlandırılacaqdır) ödəniləcəyini də vəd vermişdir. Bu məbləğ 500 (beş yüz) manat təşkil edidir. 03.02.2020 - 05.02.2021 müddət ərzində əmək müqaviləsində göstərilən rəsmi əmək haqqı (əmək haqqı kartı vasitəsi ilə) və 03.02.2020 - 05.10.2020 müddət ərzində vəd edilən qeyri-rəsmi əlavə (nağd) ona QSC tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Lakin son 3 ay (05.02.2021 - 05.05.2021) ərzində (hələ də davam edir) əmək haqqı və son 7 ay (05.10.2020 - 05.05.2021) ərzində (hələ də davam edir) əlavə ona QSC tərəfindən ödənilməmişdir. Bununla bağlı onun Cəmiyyətin direktoru X8 və onu müvəqqəti əvəz edən qardaşı X10 ilə bir neçə dəfə söhbət etməsinə baxmayaraq, qeyd edilən vəsaitin ödənilməsindən imtina edilmişdir. Bununla da, onun bir işçi olaraq qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur və pozulmaqda davam edir. Eyni zamanda bildirir ki, cəmiyyət tərəfindən onun bir işçi olaraq məzuniyyət (03.02.2020 - 03.02.2021) hüquqları pozulmuşdur. Belə ki, bir neçə dəfə məzuniyyətə (32 gün) çıxmaq arzusunda olduğunu direktora və digər rəhbər işçilərə (baş mühasib və HR) bildirsə də, onlar buna razılıq verməmişlər. Qeyd edir ki, Cavabdeh Qapalı Səmdar Cəmiyyəti (keçmiş MMC) vergidən yayınmaq üçün işçilərlə bağladıqları əmək müqavilələrində işçilərin əmək haqqı məbləğlərini azaldaraq minimal şəkildə göstərmişdir. İşçiləri razı salmaq üçün isə nəğd şəkildə əlavələr verilməkdə davam edilir. Bunları təsdiq edən telefon danışıqlarına dair səsyazmalar və WhatsApp yazışmaları mövcuddur. İddiaçının ünvanladığı şikayətə cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən **********3 saylı 16.06.2021- ci il tarixli məktubla bildirilmişdir ki. «Encom Construction QSC tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Sizinlə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallardan əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə uyğun olaraq xitam verilmiş və son haqq-hesabınız ödənilməmişdir. X2 QSC tərəfindən təqdim olunmuş sənədlərdən müəssisə tərəfindən əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq Sizə sonuncu iş günü son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməmişdir və bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bildiririk ki, Encom Construction QSC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 11.06.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, son haqq-hesabınızın ödənilməsi ilə bağlı Encom Construction QSC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir». Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(001)-5748/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 2021-ci ilin fevral, mart, aprel ayları üçün əmək qanunvericiliyinə uyğun qaydada hesablanmış əmək haqqı məbləğinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 03.05.2021-ci il tarixli, A04/07 nömrəli əmrinin ləğv edilməsi, 03.05.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə bərpa edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, 02 may 2021-ci il tarixindən 17 may 2021-ci il tarixinədək kəskin piolistit diaqnozu qoyulmaqla, ambulator rejimdə müalicədə olan İddiaçı əmək müqaviləsinə üzrsüz səbəbdən işə gəlməməsi ilə əlaqədar onun bülletendə olduğu dövrdə, yəni 03.05.2021-ci il tarixində xitam verilməsi barədə Cavabdeh QSC 03.05.2021ci il tarixli, A04/07 saylı əmri əsassız olmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual pozuntulara yol vermiş, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarilə iddianın təmin edilməyən hissəsində qanunsuz və əsassız qətnamə çıxarmışdır. Həmçinin, qətnamədən narazı qalan Cavabdeh QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilə rəsmiləşdiirlmiş əmək müqaviləsinə 03.05.2021-ci il tarixli əmrlə xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq sənədləri qəbul etməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Salyan rayonu, C.Cabbarlı küçəsi, ev 85, mənzil 44 ünvanı İddiaçı şəxsiyyətini təsdiq edən sənədlərə əsasən yaşayış yeri olaraq qeydiyyata alındığı yerdir. Belə ki, o, həmin ünvanı öz faktiki yaşayış və qeydiyyat ünvanı olaraq cavabdehə bildirmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmazdan öncə eyni tələb və predmet üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, ərizə qeydə alınmış, lakin iddiaçı ərazi aidiyyəti qaydalarını pozduğuna görə işə mahiyyəti üzrə baxılmamışdır. Həmin iddia ərizəsində də iddiaçı yenə öz ünvanı olaraq Salyan rayonu, C.Cabbarlı küçəsi, ev 85, mənzil 44 ünvanını göstərmişdir. İddiaçı bu məhkəməyə və digər dövlət qurumlarına müraciət ünvanlayarkən bu ünvandan istifadə etmişdir. İddiaçı xitam əmrinin surətinin ona göndərildiyini bildiyi üçün qəbul etməkdən imtina etmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün kifayətdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi, iddiaçının apellyasiya şikayətinə etiraz etdiyini bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanan 02 fevral 2020ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 03 fevral 2020-ci il tarixindən Cavabdeh QSC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 1100 Azərbaycan manatı məbləğində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən vergilər və ödənişlər daxil olmaqla əmək haqqı ödənilir. İş materiallarında olan Abşeron rayon poliklinikası tərəfindən verilən Seriya SN 00007 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “kəskin pielosistit” diaqnozu ilə ambulator müalicə almış və 26 aprel 2021-ci il tarixindən 28 aprel 2021-ci il tarixinədək, 29 aprel 2021-ci il tarixindən 01 may 2021-ci il tarixinədək, 02 may 2021-ci il tarixindən 17 may 2021-ci il tarixinədək işdən azad edilmişdir. Onun işə çıxma tarixi 18 may 2021-ci il olaraq müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən **********3 saylı 16.06.2021- ci il tarixli məktubundan görünür ki, Cavabdeh QSC tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, İddiaçı ilə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallardan əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə uyğun olaraq xitam verilmiş və son haqq-hesabı ödənilməmişdir. X2 QSC tərəfindən təqdim olunmuş sənədlərdən müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq ona sonuncu iş günü son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməmişdir və bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, Cavabdeh QSC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 11.06.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin son haqqhesabın ödənilməsi ilə bağlı Encom Construction QSC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir». İş materiallarında olan 31 mart 2021-ci il tarixində Cavabdeh QSC-nin direktoru Akif Əsədov, direktor müavini Amil Cabbarov, lahiyə rəhbəri Rasim Məhərrəmov, kadrlar üzrə mütəxəssis Aydan Ağazadə və qeydiyyatçı Gültəkin Vəliyeva tərəfindən tərtib edilən və imzalanan aktdan görünür ki, İddiaçı 01 mart 2021-ci il tarixindən 31 mart 2021-ci il tarixinədək üzürsüz səbəbdən işə gəlməmişdir. 22 aprel 2021-ci il tarixində Cavabdeh QSC-nin kadrlar üzrə mütəxəssisi Aydan Ağazadə, karguzar Günel Abbasova və qeydiyyatçı Gültəkin Vəliyeva tərəfindən tərtib edilən aktdan görünür ki, cəmiyyətin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifəsində çalışan İddiaçı 22 aprel 2021-ci il tarixində şirkətin ofisinə gəlmiş, 21 aprel 2021-ci il tarixli EN18/21 saylı məktubda tələb olunan üzürsüz səbəbdən işə gəlməməsinin səbəbinə dair yazılı izahat verməkdən imtina etmişdir. 30 aprel 2021-ci il tarixində Cavabdeh QSC-nin direktoru Akif Əsədov, direktor müavini Amil Cabbarov, lahiyə rəhbəri Rasim Məhərrəmov, kadrlar üzrə mütəxəssis Aydan Ağazadə və qeydiyyatçı Gültəkin Vəliyeva tərəfindən tərtib edilən və imzalanan aktdan görünür ki, İddiaçı 01 aprel 2021-ci il tarixindən 05 aprel 2021-ci il tarixinədək, 10 aprel 2021-ci il tarixindən 23 aprel 2021-ci il tarixinədək, 25 aprel 2021-ci il tarixindən 30 aprel 2021-ci il tarixinədək üzürsüz səbəbdən işə gəlməmişdir. 03 may 2021-ci il tarixində Cavabdeh QSC-nin direktoru Akif Əsədov, direktor müavini Amil Cabbarov, lahiyə rəhbəri Rasim Məhərrəmov, kadrlar üzrə mütəxəssis Aydan Ağazadə və qeydiyyatçı Gültəkin Vəliyeva tərəfindən tərtib edilən və imzalanan aktdan görünür ki, İddiaçı 01 may 2021-ci il tarixindən 03 may 2021-ci il tarixinədək, üzürsüz səbəbdən işə gəlməmişdir. Cavabdeh QSC-nin direktoru Akif Əsədov tərəfindən verilən 03 may 2021-ci il tarixli əmrdən görünür ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyən İddiaçı ilə 03 fevaral 2020-ci il tarixində bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən 03 may 2021-ci il tarixindən ləğv edilməsi, işçinin son iş gününün 03 may 2021-ci il olaraq hesab edilməsi, 01 mart 2021-ci il tarixindənn 05 aprel 2021-ci il tarixinədək, 10 aprel 2021-ci il tarxindən 23 aprel 2021-ci il tarixinədək, 25 aprel 2021-ci il tarixindən 03 may 2021-ci il tarixlərini əhatə edən dövr üçün işçiyə əmək haqqı ödənişinin icra edilməməsi, cəmiyyətin kadrlar üzrə mütəxəssisinə və baş mühasibinə qanunvericilikdə və cəmiyyətin daxili qaydaları ilə bu əmrin icrası üçün tələb olunan müvafiq tədbirlərin yerinə yetirilməsi əmr edilmişdir. Cavabdeh QSC-nin direktoru Akif Əsədov tərəfindən İddiaçı 21 aprel 2021-ci il tarixli, EN-18/21 saylı məktub göndərilməklə , ondan 10 aprel 2021-ci il tarixindən 21 aprel 2021ci il tarixinədək olan dövr ərzində Əmək Məcəlləsinin 72.1-ci maddəsini kobud şəkildə pozaraq, heç bir üzürlü səbəb olmadan 03 fevral 2020-ci il tarixində Cavabdeh QSC ilə arasında bağlanmış əmək müqaviləsində müəyyən edilmiş tam iş günü saatlarına riayət etməyərək, iş yerində işə çıxmadığından, ondan 23 aprel 2021-ci il tarixində şirkətə gələrək işə çıxmamasının səbəbləri barəsində məlumat verməsi tələb edilmişdir. Cavabdeh QSC-nin direktoru Akif Əsədov tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 03 fevral 2020-ci il tarixli əmək müqviləsinə xitam verilməsi barədə əmr göndərilmişdir. Həmçinin məhkəmə əmrinin bir nüsxəsi sonuncuya çatdırılması üçün Salyan Rayon Bələdiyyəsinə təqdim edilmişdir. “Atlas Express” poçt xidməti tərəfindən verilən xəbərnamədən görünür ki, Cavabdeh QSC tərəfindən göndərilən sənədlər şəxsin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Salyan Rayon Bələdiyyəsi tərəfindən Cavabdeh QSC-nin direktoru Akif Əsədova ünvanlanan 08 iyun 2021-ci il tarixli məktubdan görünür ki, QSC-nin 03 may 2021-ci il tarixli, EN-25/21 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, ünvan 3 ünvanına baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı hazırda həmin ünvanda yaşamır. Ona görə də çatdırılması üçün bələdiyyəyə təqdim edilən sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat zamani şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, iddiaçını tanıyır. Çünki iş yoldaşı olmuşlar. 2021-ci ilin fevral ayından 2021-ci ilin aprel ayına kimi işlədiyi müddətdə onların işə davamiyyətini heç kim yoxlamamışdır. Ümumiyyətlə, belə bir prosedur mövcud olmamışdır. Hazırda 5 aydır ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləmir. Aprel ayında cəmiyyətdən işdən çıxmışdır. Müəssisə ona da maaş verməmişdir. Bu səbəbdən də işə getməkdən imtina etmişdir. Hazırda onun əmək müqaviləsinə xitam verilib-verilməməsindən məlumatı yoxdur. Fəhlə-montajçı olmuşdur. Kamran isə orda mühəndis vəzifəsində çalışmışdır. Kamran gündəlik tabelə və təhlükəsizlik qaydaları haqqında təlimatlandırılma ilə bağlı jurnala işçilərə imza etdirirdi. Mart ayı ərzində Kamranın özü işdə olmuş və jurnallara şəxsən özü işçilərə imza etdirmişdir. Ümumiyyətlə Kamran aprel ayının 1-nə kimi işdə olmuşdur. Fevral ayında isə Kamranın işdə olub-olmaması onun yadında deyil. Aprel ayının 1-dən isə özü işdən çıxdığından sonrakı proseslərdən məlumatsızdır. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Kamran heç vaxt onun yerinə hər hansı tabelə imza etməmişdir. İşçilər tabelləri hər zaman özləri imza etmişlər. Həmçinin ifadəsinin sonunda bildirmişdir ki, ona və məsələyə dair mövqeyinə heç bir kənar təsir olmamışdır. Öz ifadəsini özü sərbəst şəkildə vermişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən müvafiq əmr işçiyə 03 may 2021-ci il tarixdə Salyan Rayon Bələdiyyəsinə təqdim etmə barədə vəzifə həvalə edilməklə göndərilmiş, lakin işçi həmin ünvanda yaşamadığından məktub geri qaytarılmışdır. İşçinin yaşadığı yer barədə işçiyə məlumat verməməsi onun hüquqdan sui-istifadəsidir. Bu səbəbdən iddiaçı 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə iddia verdiyindən iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsi geniş təfsir oluna bilməz. Belə ki, qanun konkret olaraq işçinin hüququnun pozulduğunu aşkar etdiyi günü ona müvafiq əmrin verildiyi vaxtla şərtləndirmişdir. İşçiyə isə hal-hazıradək müvafiq əmr rəsmi qaydada təqdim edilməmişdir. Hazırki mübahisədə isə hüquqdan sui-istifadədən söhbət gedə bilməz, belə ki, iddia ərizəsi 06.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu isə fərdi əmək mübahisəsinin yarandığı müddətdən hüquqdan sui-istifadə etməyə əsas verən dərəcədə uzaq müddət hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk olaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı apellyasiya şikayətində işə baxmış məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, bu pozuntuiların nədən ibarət olmasını göstərməmiş, yalnış müxtəlif məcəllələrin maddələrini sadalamaqla kifayətlənmişdir. Bununla yanaşı, iddiaçı qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində işin mahiyyəti üzrə məhkəmənin gəldiyi nəticəni mübahisələndirməmiş, şikayətin dəlili kimi yalnız iddiaçı tərəfindən bir aylıq iddia müddətinin ötürülməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasına istinad etmişdir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı aşağıdakıları qeyd edir: İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 03 fevral 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə işə götürən (cavabdeh) tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən tərəfindən işçiyə 05.02.2021-ci il tarixdən işdən azad edildiyi günədək əmək haqqı, o cümlədən son haqq-hesab məbləği ödənilməmişdir. İşçi əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmi qaydada əldə etməmişdir. İşəgötürən əmri işçinin qeydiyyatda olduğu ünvana göndərmiş, lakin həmin ünvanda faktiki olmaması səbəbindən zərf işçiyə təqdim edilməmişdir. Eyni zamanda poçt zərfini təqdim etmək üçün Salyan Rayon Bələdiyyəsinə ünvanlanmış məktub da, işçinin həmin ünvanda yaşamaması səbəbindən 08.06.2021-ci il tarixdə icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməsi, bununla da əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ötürməsi ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 03.05.2021-ci il tarixli, A04/07 nömrəli əmri onun tərəfindən işçiyə təqdim edilməsi üçün poçt vasitəsilə göndərilsə də, ona rəsmi qaydada təqdim edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının göstərdiyi kimi, əmrin surətinin poçt vasitəsilə iddiaçıya göndərilməsi, lakin onun həmin ünvanda olmaması səbəbindən ona verilməsinin mümkün olmaması (həmin məktubun 08.06.2021-ci il tarixdə yerli bələdiyyə orqanı tərəfindən iddiaçının ünvanına çatdırıla bilmədiyi müəyyən edilir) tarixi işdən azad edilmə barədə əmrin ona rəsmi çatdırıldığı gün kimi nəzərə alınsa belə, yenə də iddia müddətinin ötürülməsi müəyyən edilmir. Belə ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 06.07.2021-ci il tarixdə, yəni əmrin surətinin ona təqdim edilməsinin mümkün olmadığı gündən (08.06.2021) 28 gün sonra müraciət etmişdir. Göründüyü kimi, bu halda da iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə nəzərdə tutulan iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmişdir. İddiaçı 03.05.2021-ci il tarixdən etibarən işə bərpa olunan tarixə kimi işburaxmaya görə əmək haqqı məbləğinin gecikdirilmiş hər günü üçün 1% tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan əmək qanunvericiliyinin normalarından göründüyü kimi (ƏM 172, 290 və 300-cü maddələri), əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi zamanı hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi o zaman mümkündür ki, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Bu hal fərdi əmək mübahisəsi yaratmışsa, işçi işəgötürəndən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini deyil, onun qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin əvəzini tələb edə bilər. Maddi və mənəvi zərərin tutulması, habelə qeyri-rəsmi əmək haqqının ödənilməsi ilə barədə iddia tələbinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı məhkəməyə bu cür ziyan çəkməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçıya ödənilməmiş 3000 manat əmək haqqının cavabdehdən onun xeyrinə tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 05.02.2021-03.05.2021-ci il ərzində iddiaçı ayrı-ayrı tarixlərdə xəstəliyi ilə əlaqədar iş yerində olmadığını bildirdiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddianı qismən təmin edib, bu müddət ərzində tərəflər arasında rəsmi əmək müqaviləsinin qüvvədə olmasını nəzərə alaraq cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun əmək haqqının hesablanıb iddiaçıya ödənilməsini qət etmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə doğru nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi : İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(001)-5748/2021 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar