Məhkəmə qərarları › İş №2(103)-1679/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1679/2022

17.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1679/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5830/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş ərizə üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5830/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5830/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadında göstərilən çatışmazlıqların aradan qaldırıldığı üçün işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, həmin ərizəni qeyd olunan qərardaddan verilən şikayət kimi qiymətləndirən birinci instansiya məhkəməsi 29 dekabr 2021-ci il tarixli qərardadla onu təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Adı çəkilən Məcəllənin 398-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüquqları vardır. Beləliklə, prosessual qanunvericiliyə görə qərardaddan şikayət vermiş şəxsin tələbləri aşağıdakılardan birinə dair məhkəməyə ünvanlanmış xahişi özündə əks etdirməlidir – qərardadı tamamilə və ya qismən ləğv etməklə yeni qərardadın çıxarılması, yaxud qərardadın dəyişdirilməsi. İddiaçı ərizəsinin məzmunundan görünür ki, iddiaçı işə mahiyyətə üzrə baxılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin tələblərinə cavab verməyən həmin ərizəni şikayət kimi qiymətləndirərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 364-cü maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və qanunun mənasına görə, məhz müəyyən olunmuş tələblərə cavab verən şikayət həmin Məcəllənin 269.3-cü maddəsində göstərilən əsaslar olduqda apellyasiya instansiyası məhkəməsinə göndərilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ərizəsi qərardadlardan verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı ərizəsi üzrə apellyasiya qeyrimümkün hesab edilməli və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364 və 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5830/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadından verilən, şikayət kimi qiymətləndirilən ərizəsi üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar