Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-168/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası; Birləşdirilmiş iş üzrə ilkin iddia üzrə iddiaçılar Cavabdeh və X5 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş (Açar sözlər: «mənzilin təhvil verilməsi; alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi; pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, birləşdirilmiş iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X1, birləşdirilmiş iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5, onun nümayəndəsi X6, mənzildən çıxarılma tələbi üzrə Cavabdeh, birləşdirilmiş iş üzrə ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh və X5 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2938/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2310/2022 saylı, 05 oktyabr 2022ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar Cavabdeh və X7 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 27 iyun 2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 115, M17 saylı binada yerləşən 4 saylı mənzil 161 000(yüz altmış bir) manata alıcı İddiaçı satmışdır.
2. Bakı şəhəri Nərimanov rayonu X10 küçəsi 74 saylı evin 79 saylı mənzili (yeni qaydalarla: AZ 1110, Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 115, M17, m4) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı mənzilin təhvil verilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh üzərinə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsindəki 115 nömrəli, M17, 4 nömrəli mənzili boşaldaraq iddiaçıya təhvil vermək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiada göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsindəki 115 nömrəli, M17 4 nömrəli mənzili 27 iyun 2020-ci il tarixdə cavabdehdən 161000 manata almışdır. Mənzil iddiaçıya təhvil verilib və iddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnu qeydə aldırmışdır. Cavabdehə özünə yeni mənzil tapana qədər, xahişi nəzərə alınaraq, 6 ay əşyalarının mənzildə saxlanması üçün vaxt verilsə də, hələ də həmin mənzildən əşyalarını çıxarmamışdır. Cavabdehin hərəkəti qanunsuzdur, həm müqavilə şərtlərinə, həm qanuna görə iddiaçının mülkiyyəti hüququna müdaxilədir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2938/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 115, M17 saylı binada yerləşən 4 saylı mənzilin İddiaçı təhvil verilməsinin Cavabdeh üzərinə vəzifə kimi qoyulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Məmmədova X2 Fuad Asəf oğlu ilə alqı-satqı müqaviləsi bağlamış və müqaviləyə əsasən ödəniş etmişdir. Alqı-satqı müqaviləsi ilə sübut olunur ki, İddiaçı mənzilə görə heç bir borcu yoxdur. Yəni, müqavilə üzrə öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzil ona təhvil verilməmişdir.
Birləşdirilmiş mülki iş üzrə:
7. İddiaçılar Cavabdeh və X7 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə və İddiaçı qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 iyun 2020-cü il tarixdə Cavabdeh ilə, İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli və reyestrdə 1S-1793 nömrəsi ilə qeyd olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı adına olan xx.xx.2020-ci il tarixli ********** nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İlkin iddiada göstərilir ki, X7 ilə Cavabdeh 20 noyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olublar. Birgə nikahlarından 2009-cu il təvəllüdlü Ayla adlı qız övladları vardır. Cavabdeh illər əvvəl Sədərək ticarət mərkəzində biznes fəaliyyəti ilə məşğul olmuş, daha sonra işləri yaxşı getmədiyindən, həmin işi buraxıb, müxtəlif şirkətlərdə işləmişdir. Hazırda yaşadıqları evi Leyla Şirinovanın atası Paşa Şirinov 2020-ci il tarixdə öz vəsaiti ilə alıb, Cavabdeh adına rəsmiləşdirmişdir. Belə ki, X3 başqa övladı yoxdur. Paşa Şirinov illərdir min bir əziyyətlə, gecə-gündüz çalışıb, yığdığı pullarla ev almışdır ki, qızı və ailəsi şəhərin mərkəzində, rahat şəraitdə yaşasınlar. Evi kürəkəninin adına almasında məqsəd o olmuşdur ki, bir kişi olaraq, Fuad yaşadıqları evdə sıxılmasın, özünü həyat yoldaşının evində qalan kimi hiss etməsin. Təxminən bir neçə həftə əvvəl Nəsimi rayon İcra Şöbəsindən onlara məlumat gəlmişdir ki, Cavabdeh və bütün ailə üzvləri yaşadıqları evi boşaltmalıdırlar. Belə ki, evin yeni sahibi İddiaçı adlı şəxs belə tələb edir. Əvvəl heç nə başa düşməyən ev sahibləri, daha sonra müəyyən sənədlərlə tanış olduqdan sonra, əmin olublar ki, yaşadıqları ev, necəsə başqa bir şəxsin mülkiyyətinə keçmişdir. Dərhal Cavabdeh nə baş verdiyini soruşduqda, o, bildirmişdir ki, «2020-ci il tarixdə özünə iş qurmaq üçün pul axtarmış, xeyli müddətdir ki, tanıdığı Elyar adlı şəxslə görüşlərinin birində təsadüfən Elyarın kimin üçünsə pul tapdığının şahidi olmuş, Elyardan ona da pul tapmaqda köməklik etməsini xahiş etmişdir. Elyar da, həmin gün onu Natiq adlı şəxslə tanış etmişdir. Söhbət zamanı Natiq ona bildirmişdir ki, Samir adlı tanışı böyük məbləğdə pulları aylıq 2,5 %-lə borc olaraq verir. Minimal məbləğ yetmiş, yaxud səksən min ABŞ dollarıdır. Cavabdeh məbləğin çox olduğunu bildirmiş, yekun nəticə olaraq, 65000 ABŞ dolları ilə razılaşmışlar. Razılaşdıqdan bir-neçə gün sonra, X12 küçəsinə Samirlə tanışlıq üçün dəvət etmiş, onlar orada görüşüb, bir qədər söhbət etdikdən sonra, Fuada bildirmişlər ki, istədiyi məbləğ ona veriləcək, amma girov əmlak tələb olunur. Həmçinin həmin əmlakı girov qoymaq üçün həyat yoldaşı da imza çəkməlidir. Cavabdeh onlarla razılaşıb və həqiqəti həyat yoldaşı Leyla Şirinovadan gizlədib ki, guya adına şirkət açır, gedib notariat kontorunda imza çəkməlidir. O da, Cavabdehla birlikdə notariat kontoruna getmiş və orada hazır sənədə imza çəkmişdir. Leyla Şirinova həmin sənədin mahiyyətini və məzmununu bilməmişdir. Həyat yoldaşına inandığı üçün, onda şübhə yaranmamışdır. Cavabdeh bildirdiyinə görə, onlar notariat kontorundan çıxdıqdan bir-neçə saat sonra, Natiq adlı şəxs ona zəng edib, Fuadı yenidən notariat ofisinə çağırmışdır. Fuad ora gedəndə, hansısa sənədə imza çəkmiş, orada ona bildirmişlər ki, ev neytralda, girov kimi qalacaq, pul qaytarılandan sonra neytraldan çıxacaq. Sonra Fuada 65.000 ABŞ dolları pul verilmiş, həmin puldan 6.000 ABŞ dolları vasitəçi kimi Natiqə ödənmişdir. Cavabdeh 1 il müddətində faiz olaraq Samir adlı şəxsə hər ay 2.750 manat, sonuncu ödənişdə isə 3.000 manat pul ödəmişdir. Daha sonra maddi çətinlikləri yarandığından faizləri ödəyə bilməmişdir. Sonda Nəsimi Rayon İcra Şöbəsinə dəvət olunanda bilmişdir ki, notariat kontorunda girov deyil, alğı-satqı müqaviləsinə imza çəkdirərək, həqiqətdə dəyəri qat-qat yuxarı olan mənzili bilərəkdən aşağı qiymətə alğı-satqı müqaviləsi adı altında rəsmiləşdirərək, dələduzluq yolu ilə ələ keçiriblər. Hazırda həmin şəxslər Cavabdeh zənglərinə cavab vermirlər, bilərəkdən yayınırlar». Göründüyü kimi, Cavabdeh guya evi girov qoyacağı adı altında, əslində alğı-satqı müqaviləsinə imza çəkdirərək, onu aldatmışlar. Nəticə etibarı ilə özü və ailəsi çox əlverişsiz vəziyyətə düşmüşdür. Cavabdeh notariat kontorunda imza çəkərkən, ona dedikləri kimi evi neytrala qoyduğunu düşünmüşdür. Ona görə də, imza atdığı sənədin danışdıqları kimi rəsmiləşdirməyə aidiyyəti olmayan bir sənəd olmasından xəbərsiz olmuşdur. Hətta notariat kontorunda da, nə Cavabdeh, nədə ki, həyat yoldaşı Leyla Şirinovaya nəyə imza atdığı izah olunmamışdı. Cavabdeh və Leyla Şirinova konkret olaraq, əvvəlcədən hazırlanmış sənədlərə imza atmağa gətirilmişdilər. Halbuki, imza çəkdikləri sənədlərin mətni və mahiyyəti onlara notariat kontorunda oxunub, izah edilməli idi. Notariat haqqında Qanunun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Göründüyü kimi, notarius Elmar Əliyev qanunun tələbini kobud surətdə pozaraq, 27 iyun 2020-ci il tarixdə aparılan notariat hərəkəti ilə bağlı Cavabdeh və Leyla Şirinovaya hüquq və vəzifələrini izah etməmiş, aparılmış notariat hərəkətinin nəticələri barədə onları xəbərdar etməmişdir. Müqavilə iradə ifadəsidir, Cavabdeh və Leyla Şirinova notariat kontoruna gedərkən tamamilə başqa sənədə imza çəkmək niyəti ilə getdikləri halda aldadılaraq, tamamilə başqa bir müqaviləyə və sənədə imza çəkmişlər. Ona görə də, 27 iyun 2020-cü il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli və reyestrdə 1S-1793 nömrəsi ilə qeyd olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanuna zidd və kobud pozuntularla bağlandığından etibarsız hesab edilməlidir.
9. İddiaçı Məmmədova X2 Fuad Asəf oğluna qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu ziyana görə 19.200 manat, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 148 manat olmaqla, cəmi 19.348 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddiada göstərilir ki, cavabdehdən mübahisəli mənzili 27 iyun 2020ci il tarixdə 161.000 manata almışdır. Cavabdehə özünə yeni mənzil tapana qədər, xahişi nəzərə alınaraq, bir neçə ay əşyalarının orada saxlanması üçün vaxt verilsə də, hələ də həmin mənzildən əşyalarını çıxarmayıb. Cavabdehin hərəkəti qanunsuzdur, həm müqavilə şərtlərinə, həm qanuna görə onun mülkiyyət hüquqlarına müdaxilədir. Cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə etməsinə maneçilik törətməklə, ona maddi ziyan vurur. Artıq iki ildir ki, mənzilindən istifadə edə, ondan faydalana bilmir. Ərizəyə əlavə etdiyi Fortuna-N şirkəti tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli arayışdan da göründüyü kimi, mübahisəli mənzillə analoji mənzillərin 1 aylıq kirayə haqqı 800 manat təşkil edir. Belə olduğu halda, cavabdeh ötən iki il ərzində ona 19.200 manat ziyan vurmuş olub.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2310/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmiş və ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ilk iddia üzrə iddiaçı, istərsə də qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə ilk iddiaya münasibətdə qeyd edir ki, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş hallar mövcud deyil. Müqavilə tərəfləri sərbəst iradə ifadələrinə uyğun olaraq alğı-satqı müqaviləsi bağlamışlar, müqavilə notarial qaydada bağlanmış, müqavilə bağlanmamışdan öncə notarius notariat hərəkətlərinin aparılması qaydalarına riayət etmişdir. Tərəflər məhz alqı-satqı müqaviləsi bağladıqlarını bilmişlər, bu barədə məlumatlandırılmışlar və bağladıqları müqavilənin mahiyyətini dərk etmişlər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2938/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilir ki, 2020-ci il tarixdə maddi sıxıntısı olduğu üçün faizə pul axtarmışdır. Elyar adlı Goranboy sakininin vastəsilə Natiq adlı şəxslə tanış olmuşdur. Natiq ona bildirmişdir ki, faizə pul tapa bilər. Bunun üçün ona da faiz verməlidir. O, məcburiyyət qarşısında qalıb razı olmuşdur. Natiq onu faizə pul verən Samir adlı şəxslə tanış etmişdir. Samir ona faizə 65000 ABŞ dolları pul verəcəyini bildirmişdir. Ona həmçinin bildirmişlər ki, veriləcək pulun əvəzində hər hansı bir əmlak göstərməlidir. Cavabdeh, yalnız qaynatasının onlar üçün, cavabdehin adına aldığı mənzilin olduğunu bildirmişdir. Onlar narahat olmamağı bildirərək, mənzilin “neytrala” qoyulacağını bildirmişlər və evin sənədlərini istəmişlər. Cavabdeh onlara evin sənədlərini göstərdikdən sonra, razılaşmışlar və 14 saylı notariat kontoruna getmişlər. Cavabdeh həyat yoldaşının da imzası tələb olunduğu üçün məcburiyyət qarşısında qalıb, ona yalan danışmış ki, guya adına şirkət açır və imzası tələb olunur. Həyat yoldaşı bilsəydi ki, evə dair hər hansı sənədləşmə gedir, heç vaxt imza atmazdı. Beləliklə, notariat kontorunda ona və həyat yoldaşına heç bir söz demədən, müəyyən sənədlərə imza çəkdirmişlər. Həyat yoldaşını notariat kontorundan yola saldıqdan sonra, ona 65000 ABŞ dolları vermişlər. O, həmin puldan 6000 ABŞ dollarını Natiq adlı maklerə, 2300 manatını isə onu Natiqlə tanış edən Elyar adlı şəxsə vermişdir. Həmin puldan 15 ay müddətində hər ay, 2750 manat, 16-cı ayda 3000 manat pul ödəmişdir. Sonra müəyyən problemlər olduğu üçün, ödənişlər edə bilməmişdir. Üzərindən bir müddət keçəndən sonra, icra məmurları onu Nəsimi rayon İcra Şöbəsinə dəvət etdikdə, bilmişdir ki, İddiaçı adlı şəxs onu məhkəməyə verib, evindən çıxmağını tələb edir. Hansı ki, İddiaçı həqiqətdə ona heç bir məbləğdə pul verməyib, aralarında heç bir müqavilə imzalanmamışdır. Nəticədə əslində baş verməmiş alqı-satqı müqaviləsinə görə, bir ailə evsiz qalmışdır. Cavabdeh bir şəbəkəyə rast gəlmişdir, hansı ki, insanın maddi çətinliyindən istifadə edib, guya faizə pul verib, əmlakını bir-neçə dəfə aşağı qiymətə əldə edirlər. Məhkəmə əslində alqı-satqı olunmamış evə dair onun üçün öhdəlik müəyyən etmişdir, hansı ki, real dəyərindən qat-qat aşağı qiymətə evini dəyərləndirib, onu aldatmışlar. Məhkəmə qanunun tələbini pozub, onun iştirakı olmadan mülki işə baxıb, ədalətsiz qərar qəbul etmişdir.
15. Birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2310/2022 saylı, 05 oktyabr 2022- ci il tarixli qətnaməsindən iddiaçılar Cavabdeh və X5 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən - ilkin iddianın təmin edilmədiyi hissədə ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
16. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə qanunun tələbini pozaraq, işi birtərəfli qaydada araşdırmış, Cavabdeh və Leyla Şirinovanın iddiaları üzrə heç bir araşdırma aparmadan, qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı, guya aldığı mənzilin otaqlarının faktiki sayı, təmirinin vəziyyəti, otaqların yerləşmə vəziyyəti, otaqların daxili interyeri, hamam və mətbəxin təmiri və s. barədə dəfələrlə verilən suallara hakimin qarşısında cavab verə bilməmişdir. Əvvəl yadından çıxardığını, daha sonra isə həmin mənzilin qızı və kürəkəni tərəfindən alındığını, formal olaraq onun adına alındığını bildirmişdir. Məhkəmə iclasında, xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabat təqdim edilmişdir. Həmin hesabatda mübahisəli mənzilin hazırki dövrə dəyərinin 260450 (iki yüz altmış min dörd yüz əlli) manat, 2020-ci ilin iyun ayına bazar dəyəri 252000 (iki yüz əlli iki min) manat təşkil etməsi qeyd edilmişdir. Sözügedən alqısatqı müqaviləsində isə mənzilin dəyəri 161000 (yüz altmış bir min) manat göstərilmişdir. Məhkəmə qətnaməsində “məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır” cümləsini qeyd etsə də, hansısa səbəbdən yuxarıda qeyd edilənlərə heç bir hüquqi qiymət verməmiş. Nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsini düzgün tətbiq etməyərək, ilkin iddia üzrə iddiaçıların hüquqlarını pozmuşdur. Belə ki, qanuna əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış əqd yalan əqd hesab olunduğu halda, məhkəmə bu xüsusatı da, nəzərə almamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsi də düzgün tətbiq edilməmişdir. Belə ki, Cavabdeh iradəsini ifadə etmədiyi, yalnız görünüş üçün bağlanmış əqdə düzgün qiymət verməmişdir. Cavabdeh imzaladığı müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış müqavilə olmuşdur. Məhkəmə prosesində kifayət qədər əsas müəyyən olunmuşdur. İddiaçı guya aldığı mənzili heç cür təsvir edə bilməməsi, mənzilin real dəyərindən qat-qat aşağı qiymətə satılması, Nərimanov Rayon Məhkəməsinə iddianın təxminən 1 ilə yaxın vaxt keçdikdən sonra verilməsi və s. Məhkəmə isə mühüm əhəmiyyət kəsb edən bu faktiki halları aydınlaşdırmamış, nəticədə ədalətsiz qərar qəbul etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
18. Məhkəmə iclasında X7, onun nümayəndəsi X9, Cavabdeh və X5 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
19. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını və qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 20.Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisi xx.xx.2023-cü il tarixə saat 10:50 təyin edilmiş məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamələrin ləğv edilməsi üçün əsas ola bilməz.
24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
26. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2938/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilən tam hissəsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2310/2022 saylı, 05 oktyabr 2022- ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan isə görünür ki, bu şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilkin iddia tələblərinin təmin edilmədiyi hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsi qətnamələrinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
27. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Əvvəla, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2938/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi üzrə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2310/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi üzrə isə ilkin iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
29. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2938/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi üzrə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2310/2022 saylı, 05 oktyabr 2022- ci il tarixli qətnaməsi üzrə isə ilkin iddianın faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmırdı.
30. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
32. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
33. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
34. Bu mənada Cavabdeh və Leyla Şirinovanın da alqı-satqı müqaviləsini etibarsızlığını irəli sürmələri üçün onların mülki dövriyyə subyektləri kimi vicdanlı hərəkət etmələri və hüquqdan sui-istifadəyə yol verməmələri tələb olunurdu. Apellyasiya şikayətində məhkəmənin heç bir araşdırma aparmadan qanunsuz qərar qəbul etdiyini göstərsələr də hansı halların və necə araşdırılmalı olduğunu açıqlamırlar. Belə ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları iddiaçılar sübut etməli və məhkəməyə mötəbər sübut təqdim etmək onların vəzifəsi olmuşdur. Lakin onlar məhkəməyə heç bir sübut təqdim etmədilər. Cavabdeh Elyar adlı tanışının vasitəsilə, Natiq adlı şəxslə tanış olduğunu, sonuncunun vasitəsilə isə Samir adlı şəxsdən “faizlə” borc məqsədilə 65000 ABŞ dolları aldığını, 6000 ABŞ dollarını Natiq adlı maklerə, 2300 manatını isə onu Natiqlə tanış edən Elyar adlı şəxsə verdiyini, həmin puldan 15 ay müddətində hər ay, 2750 manat, 16-cı ayda 3000 manat pul ödədiyini, sonra müəyyən problemlər olduğu üçün, ödənişlər edə bilmədiyini göstərsə də bu hallar sübuta yetirlməlidir. Yəni, iddiaçılar bəyan etdikləri bu halların sübut etmək yükünü daşıyırlar. Adını çəkdiyi şəxsləri şahid qismində dindirilmələri üçün nə birinci instansiya məhkəməsinə təqdim etmişlər, nədə dəfələrlə təklif edilməsinə baxmayaraq onların apellyasiya baxışında dindirilmələri üçün şəxsiyyəti və olduğu yer barədə məlumat təqdim etmədilər. Mümkün olan bütün şərait yaradılmasına baxmayaraq iddiaçılar apellyasiya baxışındada məhkəməyə hansısa bir sübut təqdim etmədilər. Bu cür vəziyyətdə məhkəmələrin iddiaçıların əvəzinə sübut toplamaq və təqdim etmək kimi vəzifəsi də yarana bilməzdi.
35. Apellyasiya baxışı zamanı da İddiaçı və nümayəndəsi olan qızı Sevil Kərimova iddiaçılara yaxud hansısa şəxsə faizi ödənilməklə borc pul vermədiklərini, mənzil almaq üçün bir neçə maklerə müraciət etdiklərini, Lalə adlı maklerin məsləhəti ilə təklif edilən qiymətə sözügedən mənzili bəyəndikləri üçün alqı-satqı müqaviləsi əsasında aldıqlarını, alqı-satqı müqaviləsi bağlanarkən iddiaçıların bir neçə ay mənzildə qalmalarına icazə vermələri xahiş edildiyi üçün buna razılaşdıqlarını, bir neçə ay sonra 2-ci Qarabağ müharibəsi başladığı və xalası oğlu şəhid olduğu üçün bir müddət başlarının qarışdığını, sonradan evdən çıxmalarını tələb etsələrdə də iddiaçılar buna əhəmiyyət vermədikləri üçün 2021-ci ilin may ayında məcbur qalıb məhkəməyə müraciət etdiklərini təsdiq etdilər. Şikayətdə göstərildiyi kimi, İddiaçı mənzilin şəraiti barədə ətraflı məlumatının olmaması da iddianın əsaslı olduğuna dəlalət etmir. Buna baxmayaraq, İddiaçı birinci instansiya məhkəməsində də(bax.i.v.105-106) əmlakçı Lalə xanım vasitəsilə evi tapdığını, qızı ilə mənzilə baxıb bəyəndiyini, mənzilin qızı üçün alındığı, Cavabdeh qapını açıb mənzili göstərdiyini, təmirli və bir balkonu olduğu barədə izahat vermişdir. Göründüyü kimi, cavabdeh tərəfin iddiaçıların uzun müddət mənzili təhvil verməmələrinin səbəbi və mənzilin şəraiti barədə izahatları inandırıcı və ağlabatan olmaqla iddianın və şikayətin bu barədə dəlillərini təkzib etmiş olur.
36. Bundan əlavə, iddiaçıların təqdim etdiyi xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” Hesabatda mübahisəli mənzilin 2020-ci ilin iyun ayına bazar dəyəri 252000 (iki yüz əlli iki min) manat təşkil etməsinin qeyd edilməsi də iddianın və apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət etmir. Əvvəla, mübahisəli mənzilin ümumi sahəsi 124 kv. m olduğundan bu hesabatda müəyyən edilmiş qiymətin mötəbərliliyi şübhə doğurur. İkincisi, əgər mənzilin 2020-ci ilin iyun ayına bazar dəyəri 252000 (iki yüz əlli iki min) manat idisə, onda iddiaçılar etibarsız əqd hesab etsə də sözügedən alqı-satqı müqaviləsində mənzilin dəyərinin 161000 (yüz altmış bir min) manat deyil, elə real bazar dəyəri hesab etdikləri qiyməti, o cümlədən 252000 (iki yüz əlli iki min) manat göstərilməsinə hər hansı bir maneə yox idi. Yəni, bu cür dəlil ağlabatan mühakiməyə əsaslanmalı və yarana biləcək sualların cavabı da ciddi arqumentlərlə əsaslandırılmalı idi. Birdəki, mülki dövriyyədə əmlakın tez satılması məqsədilə real bazar dəyərindən aşağı qiymətə təklif edilməsi və daha ucuz qiymətə özgəninkiləşdirilməsi təcrübəsi mövcuddur. Eyni zamanda işdə olan alqı-satqı müqaviləsinə dair notariat işində alıcı İddiaçı tərəfindən 161000 (yüz altmış bir min) manatın təhvil verdiyi bankın mədaxil orderi ilə təsdiq olunur. Demək ki, Cavabdeh tərəfdən 65000(altmış beş min) ABŞ dolları aldığı dəlili də təkzib olunur.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında göstərildi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. ...Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. 38.İddiaçılar şikayətində məhkəmənin Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrini düzgün tətbiq etməyərək hüquqlarını pozduğunu, yəni, qanuna əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış əqd yalan əqd hesab olunduğu halda, məhkəmənin bu xüsusatı da, nəzərə almadığını, eləcə Mülki Məcəllənin 340.1-ci maddəsinin də düzgün tətbiq edilmədiyini, Cavabdeh iradəsini ifadə etmədiyi, yalnız görünüş üçün bağlanmış əqdə düzgün qiymət vermədiyini, çünki, Cavabdeh imzaladığı müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış müqavilə olduğunu göstərir. Göründüyü kimi, iddiaçılar alqı-satqı müqaviləsini həm uydurma, həm də yalan əqd hesab edir. Əvvəla, satılan mənzilin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun. İddiaçılar iddia edir ki, alqı-satqı iradə ifadəsinə uyğun olmayıb, başqa sözlə iradə ifadəsi zədəli vəziyyətdə baş verib. Səbəb kimi, iddia ərizəsində və şikayətindəkiləri göstərir. Buna görə də alqı-satqını qanunvericiliyə zidd hesab edir. Şikayətdə göstərilən dəlillərin bir qisminə yuxarıdakı paraqraflarda münasibət bildirildi. Cavabdeh mülkiyyətində olan mənzili alqı-satqı müqaviləsi əsasında satması və arvadı Leyla Şirinovanın da notariat ofisinə əri tərəfindən mənzilin satılmasına etiraz etməməsi fakt olaraq işin mübahisəsiz halıdır. Mübahisəli hal həmin mənzilin satılmasına iddiaçıların həqiqətən razı olub-olmaması, yəni bunun onların iradəsi zədələnmədən həyata keçirilib-keçirilməməsi ilə bağlıdır.
39. Ancaq həqiqətən də mənzilin satılmasında Cavabdeh həqiqi iradə ifadəsi olmasaydı yaxud yalnız ipoteka(girov) qoymaq olsaydı, arvadının razılığı isə satılmağa deyil yalnız ipoteka qoymaq olsaydı ərizədə yalnız bunu göstərmək olardı yaxud bu cür də göstərilməli idi. Əksinə Cavabdeh və arvadı Leyla Şirinova mənzilin alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdiriləcəyini də bilirdi və buna iradə ifadələri də olmuşdur. Ancaq sonradan bu cür əqdin bağlanması üçün iradə ifadəsinin olmadığını və ya zədəli olduğunu bəyan etmə özü inandırıcı və ağlabatan olmalıdır. Çünki, həqiqətən iddiaçının və arvadının bu əqd bağlanarkən iradə ifadələrinin zədəli olması təsdiq olunmur.
40. Əslində, iddiaçılar cavabdehlə yaxud üçüncü şəxslərlə aralarında yaranmış hansı real münasibətlərin nəticəsi olaraq bu əqdi bağladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilmir yaxud da çatdırmaq istəmir. Belə ki, iddianın və şikayətin məzmunundan bəlli olur ki, iddiaçı üçüncü şəxslərdən aldığı borcun təminatı kimi əqd bağladığını bəyan edir. Bu ziddiyyətli mövqe də mübahisələndirilən əqdin etibarsız olmadığına dəlalət edir. Çünki, iddiaçının bu cür iradə ifadəsi və niyyəti vahid və həqiqi olmuşdur. Bu cür iddianın təmin edilməsi üçün isə əsas olmalıdır. Apellyasiya baxışı zamanı iddiaçı tərəfə qarşı tərəfə mənzil satmayıb borc pul almışlarsa, həmin məbləği digər tərəfə dərhal qaytara biləcəklərinin mümkün olub-olmaması dəfələrlə təklif edilsə də onlar məbləğin yalnız bir hissəsini dərhal, qalan hissəsinin isə sonradan qaytara biləcəklərini bildirdilər. Bu faktın özü də hüquqdan başqasına ziyan vurmaqla suiistifadə edildiyinə dəlalət edir. Çünki, iddiaçı tərəf rəsmi qaydada özgəninkiləşdirdikləri mənzili geri istəyir, ancaq aldıqları pulu tam olaraq geri qaytarmaq istəmirlər. Əlbətdə ki, bu mövqe də açıq-aşkar vicdanlılıq prinsipinə zidddir. Ona görə də mülki dövriyyənin azad və sərbəst iştirakçıları kimi iradəsi zədələnmədən bağladıqları əqdləri sonradan mübahisələndirmə zamanı qanuni əsas olmadan etibarsız sayılması mülki dövriyyəni iflic vəziyyətə salar.
41. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340.2-cı maddəsi nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. İstər alqı-satqı, istərsə də özgəninkiləşdirmə ilə bağlı digər əqd bağlanarkən bir insani hiss olaraq insan buna heyfislənə, yaxud bazar dəyərindən aşağı satıldığına görə peşman ola bilər, lakin bu cür hiss onun sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd sayılır.
42. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi e-2(006)-2310/2022 saylı mülki iş üzrə prosessual hüquq normalarının pozulmasına da yol verilməmişdir. Əlbətdə, iddiaçı hesab edə bilər ki, birinci instansiya məhkəməsi mübahsiəni həll edərkən sübutları tam və hərtərəfli tədqiq etməyərək araşdırmamış, onları obyektiv qiymətləndirməmiş, alqı-satqı müqaviləsinin onun könüllü iradə ifadəsi əsasında bağlandığı nəticəsinə gəlməkdə səhvə yol vermiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizələrlə əsaslandırmışdır. Ancaq iddiaçılar bu hissədə də haqlı olmamışdır. Çünki, məhkəmə gəldiyi nəticəni tədqiq etdiyi sübutlarla əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi də e-2(005)-2938/2021 saylı mülki iş üzrə prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Həmin iş üzrə cavabdeh olan Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirildiyini bildirsə də, əslində onun məhkəmə iclasından xəbəri olmuş, teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə almağı xahiş etmiş, lakin hansısa üzrlü səbəbi göstərməmişdir. Ona görə də bu cür dəlillərdən istifadə edilməsi də şikayətin dəlillərinin əsaslı olduğunu təsdiq etmir.
43. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçılar üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür birləşdirilmiş iş üzrə ilk iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
44. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnamələri mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2938/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi və birləşdirilmiş mülki iş üzrə ilkin iddia üzrə iddiaçılar Cavabdeh və X7 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2310/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən birgə verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırki mülki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2938/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2310/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.