Məhkəmə qərarları › İş №2(103)-1682/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1682/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1682/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6239/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çıxarılacaq qətnamənin cavabdehin həmin mənzilə qeydiyyatının ləğv edilməsi üçün əsas olmaqla, Cavabdeh, İddiaçı Qdrət oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində yerləşən 55 saylı evin 4 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6239/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və iddiaçıya Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ərizə inzibati orqana qarşı inzibati mübahisə ilə deyil, cavabdeh fiziki şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə bağlıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6239/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iddiaları yaşayış sahəsinə istifadə hüququnun ititrilməsi ilə bağlıdır. İnzibati orqana qarşı heç bir tələbi yoxdur. Cavabdeh indi orada yaşamır. Əvvəllər yaşayıblar. Gəlini olub, evə qeydiyyata düşüb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsi və vəkilinin izahatından məlum olur ki, cavabdeh mübahisəli mənzildə faktiki yaşamır və mənzildə istifadə hüququ da yaranmamışdır. Demək iddiaçının məqsədi cavabdehin mübahisəli mənzildə qeydiyyatına xitam verilməsinə nail olmaqdır. Buna görə də iddiaçının inzibati orqana müraciəti əsasında cavabdehin qeydiyyatına xitam verilə bilər. Əgər inzibati orqan bu müraciətdən imtina edərsə, iddiaçının tədəbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı və şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi həmin orqanın üzərinə qoyula bilər. İkincisi, iddiaçı bir tərəfdən cavabdehin mübahisəli mənzildə faktiki yaşamadığını və mənzilə istifadə hüququ da yaranmadığını bəyan edir, digər tərəfdən isə cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edir. Bu mövqe ziddiyyətlidir. Çünki, iddiaçı özü üçün aydınlaşdırmalıdır ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcuddurmu(yaranmışdırmı), mövcud deyilsə ərizəsində göstərdiyi ilə bağlı ilk növbədə inzibati orqana müraciət etməlidir. Ona görə də iddiaçı bu məsələlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında verilən şərhi nəzərə almalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6239/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6239/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar