Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1684/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndələri və vəkilləri Nümayəndə və X3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X6 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1640/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X9 Cavabdeh2 MTK üçüncü şəxs kimi cəlb edilməklə Cavabdeh1 “əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 mənzilin alınması üçün ödənilmiş 64000 (altmış dörd min) manatın, təmir üçün ödənilmiş 25000 (iyirmi beş min) manatın, cəmi 89000 (səksən doqquz min) manatın tutularaq ona ödənilməsi, tələbin Cavabdeh2 MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12 nömrəli binanın 69 nömrəli mənzilinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini və Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər olduğuna görə barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1640/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 59000 manat (mənzilin alınması üçün verilən pul), 4185.1 manat (təmir xərci), 1780.31 manat (sanitar avadanlıqların dəyəri), 200 manat (balkondakı plastik şkafın dəyəri), 1300 manat (mətbəx mebelinin dəyəri), 112 manat (spotun dəyəri), 1000 manat (1 ədəd OCU kombinin dəyəri), 680 manat (mebelli arakəsmənin dəyəri), 700 manat (Gree GÜH12ACD-K3NNA1A kondisionerin dəyəri), 1200 manat (tv stendin dəyəri), 40 manat (balkondakı plafonun dəyəri), 105 manat (kommunal xərclər) ümumilikdə 70302.41 manat pulun tutulması və 1 ədəd soyuducu Samsung RB 33J3200SA/ÜT (dəyəri 1300 manat), 1 ədəd Samsung WF8590NLM9YLP paltaryuyan maşın (dəyəri 600 manat), 1 ədəd Hotpoint-Ariston FA2 841 JH BL soba (dəyəri 630 manat), 1 ədəd Hotpoint Ariston PC 631 (BK)/HA bişirmə paneli (dəyəri 360 manat), 1 ədəd Bosch DHU662BQ aspirator (dəyəri 250 manat), 1 ədəd Samsung UE43NU7090UXRU TV (dəyəri 1500 manat), krovat+tumba (dəyəri 560 manat), 1 ədəd holl üçün tumba, 1 ədəd holl üçün güzgü (dəyəri 120 manat), jurnal masası və divan (dəyəri 1500 manat), matras (dəyəri 800 manat), 1 ədəd trumo (dəyəri 70 manat), 1 ədəd puff (dəyəri 80 manat) olan əşyalar və ya onların pul əvəzinin iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apelyasiya şikayətidə qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12 nömrəli binanın 69 nömrəli mənzil iddiaçının hesabına yox, birbaşa özü tərəfindən satın alınmış, bundan başqa, Cavabdeh2 MMC-nin mülkiyyətçi Cavabdeh1 təqdim etdiyi rəsmi müqavilədə həmin mənzilin təmirli formada olması qeyd ounmuşdur, belə olan halda şirkət tərəfindən mənzil artıq təmirli təhvil verildiyindən, orada iddiaçı tərəfindən hansı məbləğdə təmir-dizayn işlərinin aparılması mübahisə doğurur, beləliklə, rayon məhkəməsi işin faktiki hallarına və tədqiq olunmuş sübutlara düzgün qiymət verməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, 12 nömrəli binanın 69 nömrəli mənzili o, öz hesabına almış, iddiaçı ilə onların arasında yaxın münasibət olmuş, iddiaçı təhsil aldığı və yaşamağa yeri olmadığı üçün cavabdeh ona hazırda sözügedən 1 otaqlı mənzildə qalmağı təklif etmişdir, belə ki, iddiaçı həmin mənzildə 6 ay müddətində - təhsilini başa çatdıranadək qalmaq niyyətində idi, lakin ona məlum olmayan səbəblərdən iddiaçı onun mənzilini boşaltmaq fikrində deyil və iki il olar ki, onun mənzilində qanunsuz yaşayır, onun öz mənzilinə köçürülməsi və iddiaçının onun mənzilindən çıxarılmasına dair Nəsimi Rayon Məhkəməsinin icraatında iş vardır, həmin iş üzrə icraat bu işlə əlaqədar olaraq dayandırılmışdır. O, həmçinin iddiaçı tərəfindən, həqiqətən də, həmin mənzildə təmir işlərinin aparılmasını təsdiq edərək bunu, yəni mənzildə əsaslı təmir işlərinin aparılmasını ona etdiyi yaxşılıqlara qarşılıq kimi edildiyini bildirdi. Bununla belə, iddiaçı tərəfindən təmirə çəkilən xərcin rayon məhkəməsi tərəfindən şişirdildiyini qeyd edərək göstərdi ki, iddiaçının tələb etdiyi və məhkəmənin qətnaməsində də sadalanan və onun mənzilində quraşdırılmış və yerləşdirilmiş bütün məişət avadanlıqları və mebellərin iddiaçıya aid olduğunu mübahisələndirmir, həmin əşyaların aparılmasına heç bir etirazı yoxdur, halhazırda da mənzildə iddiaçı yaşayır, mənzil onun sahibliyindədir, qeyd edilən əşyaların ondan tələb olunması tam əsassız və məntiqsizdir, çünki iddiaçı istədiyi vaxt həmin əşyalarını apara bilər, ona görə də şikayətinin təmin olunaraq rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Bununla yanaşı, Cavabdeh1 mənzilin pulunun özü tərəfindən ödənilməsi halında, xəstə uşağı ilə kirayədə, həm də yararsız mənzildə yaşadığı bir vəziyyətdə, yeni aldığı mənzilini iddiaçıya verməsinin, eləcə də 6 aylıq yaşamaq üçün verdiyi mənzildə iddiaçının öz zövqünə uyğun yeni planlaşdırma və əsaslı təmir etməsinin, habelə iddiaçı mənzilin onun adına keçirilməsini tələb edənədək ona qarşı hər hansı bir tələbinin olmamasının səbəblərini ağılabatan və inandırıcı şəkildə izah edə bilmədi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili T.Abbasov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda göstərdi ki, rayon məhkəməsi digər pozuntularla yanaşı, həm də iddia tələbindən kənara çıxaraq, belə bir tələb olmadığı halda mənzildə quraşdırılmış məişət əşyalarının və mebellərin də cavadehdən alınması barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, iddiaçı ilə cavabdeh tanış olub, iddiaçı əcnəbi tələbədir, cavadehin bacısı onun ingilis dili müəllimi olub, bu əsasla onların yaxın münasibətləri olub, bir müddət cavabdehlə birlikdə kirayədə birlikdə yaşayıblar, hazırkı mənzil də iddiaçının vəsaiti hesabına iddiaçı üçün alınıb, mənzilin alğı-satqısı həyata keçirilərkən iddiaçı Azərbaycanda olmayıb, cavabdehlə danışıblar ki, mənzil cabvabdehin adına sənədləşdirilsin, sonradan iddiaçının adına keçirərlər, razılıq belə olub, ilk gündən də iddiaçı həmin mənzili xüsusi dizayn əsasında ful təmir etdirib və mənzilini ən müasir məişət avadanlıqları və mebellərlə təchiz edib və mənzilində yaşamağa başlamış, xeyli müddət sonra iddiaçı mənzilin onun adına keçirilməsini tələb etdikdə, cavandeh kimlərinsə təhriki ilə mənzilin onun adına olmasından sui-istifadə edərək bundan imtina etmiş və yalnız bundan sonra iddiaçıya qarşı kirayə haqqı, mənzildən çıxarma kimi uydurma iddialar ortaya çıxmışdır. İddiaçı özü də yaxşı bilir ki, həmin mənzil ona məxsus deyil, mənzil iddiaçı üçün alınıb, pulunu da iddiaçı ödəyib, mənzilin yenidən planlaşdırılması və təmiri də iddiaçı tərəfindən və onu vəsaiti hesabına həyata keçirilib, cavabdehin rayon məhkəməsində iddiaçı tərəfindən mənzildə əsaslı təmir işlərinin aparılmasını, eləcə də mənzildə quraşdırılmış məişət avadanlıqları və mebellərin iddiaçıya aid olmasını israrla mübahisələndirdiyi halda, apellyasiya icraatı zamanı isə bu faktları təsdiq edərək, mənzildə quraşdırılmış bütün məişət avadanlıqları və mübellərin iddiaçıya aid olduğundan həmin əşyaların hamısının çıxarılaraq aparılmasına etiraz etmədiyini bildirməsi də bunu təsdiq edir. Nümayədə Nümayəndə daha sonra bildirdi ki, əslində cavabdeh və onu bu qanunsuzluğa təhrik edənlərin hərəkətlərində etibardan sui-istifadə edərək özgə əmlakını ələ keçirmə cinayətinin əlamətləri mövcuddur, məhz buna görə də onlar məhkəmədən həmçinin də bununla bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişlər, istənilən halda onlar buna nail olacaqlar ki, bu cür əməllər cəzasız qalmasın. Rayon məhkəmsinin qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmasına dair cavabdehin vəkilinin göstərdiyi xüsusatla bağlı isə iddiaçının nümayəndəsi bildirdi ki, bu dəlil tam əsassızdır, çünki onların iddia tələbləri ümumilikdə cavabdehdən 89.000 manatın tutulmasından ibarətdir ki, həmin məbləğin də 64.000 manatı mənzilin əldə olunmasına verilmiş vəsait, 25.000 manatı isə mənzilin təmirinə xəclənmiş vəsaitdir, təmir xərci kimi isə həm mənzilin təmir-dizayn işlərinə çəkilən xərclə yanaşı, həm də mənzildə quraşdırılmış bütün məişət avadanlıqları və mebellər üçün xərclənmiş vəsait nəzərdə tutulur, təmir xərci kimi tələb olunan 25.000 manat vəsait də məhz bütün bunları əhatə edir. İddiaçının digər nümayəndəsi və vəkili Ə.Əmrəliyev də eyniməzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair "xxxx" MTK ilə X8 arasında bağlanmış 19 aprel 2017-ci il tarixli müqavilənin ksero surərindən görünür ki, Nəsimi rayonu Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə Bakı şəhəri, İzzət Həmidov küçəsi, ev 16, mənzil 3-də yerləşən, yaşayış üçün təhlükəli olan 1 mərtəbəli binanın birinci mərtəbəsində 1 otaqlı mənzili olduğu yaşayış binasının söküntüsünə və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, tikiləcək yeni binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 19.5 kv.m olduğu halda, faktiki ümumi sahəsi 20.39 kv.m həddində və ondan 15%-dək sahə əlavə edilməklə uyğun mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, sifarişçi isə inşa edilmiş bu mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Cavabdeh1 ilə X2 arasında bağlanan “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin 14.02.2019-cu il tarixli beh müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m olan əmlak 60.000 manata satılır, 3400 manat məbləğində beh verilmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanan 07/02 saylı, 23 fevral 2019-cu il tarixli mənzil inşaatı müqaviləsinin ksero surətindən görünür ki, inşaatçı Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa etdiyi yaşayış binasının “A” blokunun, 11-ci mərtəbəsində yerləşən, Süleyman Rüstəm küçəsi istiqamətində, ümumi inşaat sahəsi 37.03 kv.m 1 otaqlı olan təmirli mənzil ilə təmin etməyi öhdəsinə götürür. 23.02.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23.02.2019-cu il tarixli, 07/02 saylı Mənzil inşaatı müqaviləsi Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa etdiyi yaşayış binasının “A” blokunun, 11-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 37.03 kv.m 1 otaqlı olan təmirli mənzil üzrə "xxxx" MMC-yə heç bir borcu yoxdur. "xxxx" Dizayn Studiyası MMC-nin 27.11.2019-cu il tarixli, 13/19 saylı smetanın əslindən görünür ki, mənzilin təmiri ilə bağlı X9 tərəfindən 4185.1 manat ödənilmişdir. "xxxx" Dizayn Studiyası MMC-nin 11.12.2019-cu il tarixli, 15/19 saylı smetanın əslindən görünür ki, mənzilin təmiri ilə bağlı X9 tərəfindən 4362 manat ödənilmişdir. "xxxx" MMC-nin 06.12.2019-cu il tarixli, 557578 saylı və 06.12.2019-cu il tarixli, 557579 saylı satış fakturalarının əslindən görünür ki, 1750.31 və 30 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 26 dekabr 2019-cu il tarixli, 94514 saylı hesabfakturanın əslindən görünür ki, elektrik məişət əşyalarının alınması üçün 6440 manat ödənilmişdir. Kommunal xərclərin ödənilməsinə dair 4 ədəd qəbzdən görünür ki, 105 manat X9 tərəfindən ödəniş edilmişdir (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün). Rayon məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, İzzət Həmidov küçəsi 12, mənzil 69 ünvanında yerləşən 65 min manata satmaq istədiyi evi endirim etdirərək ondan 59 min manata Cavabdeh1 alıb, lakin alınan zaman ona deyib ki, Tetiana üçün alır, öz adına alıb, sonradan onun adına keçirəcək. Tələbə olduğunu dediyi üçün endirim etmişdir, həmin zaman pula ehtiyacı var idi. Tetiana rus dillidi, o da rus dilini bilmir, bu səbəbdən Nəmidə tərcümə edirdi. "xxxx" MMC-nin MB 14/0504 saylı, 22 aprel 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki: 1) Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzilin təmir-dizaynının MTK-nın ümumi qaydada təmin etdiyi təmirdən divar kağızı, tavanda alçipandan işlənmiş bəzək işləri, döşəmədə metlax işləri, çilçıraqların keyfiyyət və dizayn baxımından fərqli işlənməsi müəyyən edilmişdir; 2) qeyd olunan mənzildə fərqli təmin-dizayn işlərinə çəkilən xərc 2595 manat təşkil edir; 3) Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsində göstərilən mebel və s. məişət avadanlıqlarının onların təyinatına xələl gətirilmədən götürülməsi mümkün sayılır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən – iddia tələbinin təmin olunan hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə iddia tələbinin təmir xərci tələbinə dair bir hissədə dəyişdirilməli, digər hissədə isə ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin düzgün həlli üçün iilkin olaraq iddia tələbinin qanuni əsası tapılmalıdır. İddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzilin onun öz vəsaiti hesabına alınması və təmir edilməsini əsas gətirərək cavabdehdən əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının hazırkı tələbi ilə bağlı öz izahatından başqa, məhkəməyə təqdim etdiyi sübutlar: - "xxxx" Dizayn Studiyası MMC-nin 27.11.2019-cu il tarixli, 13/19 saylı smetası; - "xxxx" Dizayn Studiyası MMC-nin 11.12.2019-cu il tarixli, 15/19 saylı smetası; - "xxxx" MMC-nin 06.12.2019-cu il tarixli, 557578 saylı və 06.12.2019-cu il tarixli, 557579 saylı satış fakturaları; - "xxxx" QSC-nin 26 dekabr 2019-cu il tarixli, 94514 saylı hesab-fakturası - kommunal xərclərin X9 tərəfindən ödənilməsinə dair 4 ədəd qəbz (mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları üçün); - şahid qismində dindirilən X1 ifadəsi. Cavabdeh iddiaya etirazında isə Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzili öz hesabına aldığını, həmin mənzilin Cavabdeh2 MMC tərəfindən artıq təmirli formada verildiyini, rayon məhkəməsi tərəfindən təmir-bərpa xərclərin şişiridildiyini göstərmişdir. Cavabdehin bununla bağlı öz izahatından başqa, məhkəməyə təqdim etdiyi sübutlar: - Cavabdeh1 ilə X2 arasında bağlanan “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinin 14.02.2019-cu il tarixli beh müqaviləsi; - "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanan 07/02 saylı, 23 fevral 2019-cu il tarixli mənzil inşaatı müqaviləsi; - Cavabdeh1 23.02.2019-cu il tarixli, 07/02 saylı mənzil inşaatı müqaviləsi üzrə "xxxx" MMC-yə heç bir borcunun olmamasına dair 23.02.2019-cu il tarixli maliyyə arayışı. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı izahatlarında iş üzrə cavabdehlə yaxın və güvənli münasibətinin olduğunu, bir müddət onunla birlikdə yaşadığını, əvvəl aldığı mənzilini satıb pulunu cavabdehin evində saxladığını, özü üçün yeni mənzil almaq qərarına gəldiyini, bu məqsədlə cavadehlə birlikdə hazırkı mənzilin satıcısı N.Bağırova ilə görüşərək mənzilin alğı-satqısı barədə razılığa gəldiklərini, ilkin olaraq mənzilə dair beh müqaviləsi, sonra isə alğı-satqı müqaviləsi bağlandığını, həmin vaxt burada olmadığından mənzilin cavabdehin adına rəsmiləşdiriləcəyi, sonra isə onun adına keçiriləcəyi barədə razılaşdıqlarını, mənzilin dəyərinin bütünlüklə onun vəsaiti hesabına ödənildiyini, ilk gündən də mənzil onun sahibliyi və istifadəsində olduğunu, mənzili öz zövqünə uyğun yenidən dizayn və təmir etdirdiyini, mənzilin bütün məişət və mebel avadanlıqlarının onu tərəfindən alnaraq mənzilə yerləşdirildiyini, mənzilin təmiri başa çatdıqdan sonra isə həmin mənzildə bugünədək də özünün yaşadığını, bir müddət öncə mənzilin addan-ada keçirilməsini təklif etdikdə cavabdehin gözlənilmədən bundan imtina etdiyini və bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçının istinad etdiyi həmin halların bir hissəsi (ilk gündən mənzilin onun sahibliyi və istifadəsində olması, mənzilin onun tərəfindən öz zövqünə uyğun dizayn-təmir olunması, mənzildəki bütün məişət avadanlıqları və mebellərin onun tərəfindən alınması, ilk gündən mənzildə onun yaşaması, mənzilin kommunal xərclərin onun tərəfindən ödənilməsi) mübahisəsiz olaraq, digər hissəsi isə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, şahid N.Bağırova rayon məhkəməsində verdiyi ifadəsində mübahisəli mənzilin alğı-satqısı zamanı iddiaçının cavabdehlə birlikdə orada iştirak etdiyini və cavabdehin də mənzilin məhz iddiaçı üçün (iddiaçıya) alındığını bildirdiyini göstərmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi smetalar və fakturalar onun həmin mənzildə təmir-bərpa işləri ilə məşğul olduğunu, kommunal xərclərin ödənilməsinə dair (7 ay üçün) qəbzlər isə onun orada yaşadığını təsdiqləyir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh xəstə olan uşağı ilə birlikdə kafi şəraiti olmayan mənzildə kirayədə yaşayır. Cavabdeh sözügedən təmirli, yeni mənzili özü tərəfindən satın alınmasına baxmayaraq, hansı səbəbdən kirayədə yaşadığını, mənzili isə iddiaçıya yaşaması üşün verməsini, onun mənzilində müvvəqəti yaşayan iddiaçının mənzili yenidən dizayn edərək tam yeni üslubda əsaslı təmir etməsini, mənzilin bütün məişət avadanlıqıları və mebelinin iddaçı tərəfindən alınaraq quraşdırılmasını məntiqi və ağılabatan şəkildə əsaslandıra – izah edə bilməmişdir. Eyni zamanda cavabdeh həmin mənzilin öz vəsati hesabına (bacısının ərindən aldığı pulla) aldığını bildirsə də, iddiaya qarşı etirazının əsası kimi bu hala dair məhkəməyə özünün ümumi sözlərdən ibarət, mücərrəd və konkret olmayan izahatından başqa hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə görə etirazının əsası kimi istinad etdiyi həmin halı sübut etmə yükü məhz cavabdehin üzərinə düşür. Belə olan halda müəyyən olur ki, birinci instansiya məhkəməsi iddianı mübahisəli mənzilin dəyəri ilə bağlı hissəsində təmin etməklə işin faktiki halları baxımından düzgün nəticəyə gəlmiş, həmin hissədə qətnamə qanuni və əsaslıdır, bu səbəbdən də məhkəmə kollegiyası rayon məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır, cavabdehin bu halla bağlı apellyasiya şikayətinin dəlili isə açıq-aşkar əsassızdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1684/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadına əsasən kompleks məhkəmə-tikinti və məkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. "xxxx" MMC-nin 22 aprel 2021-ci il tarixli təmir-dizayn xərclərinin qiymətləndirilməsi barədə hesabat ilə Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzilin təmir-dizaynının MTK-nın ümumi qaydada təmin etdiyi təmirdən divar kağızı, tavanda alçipandan işlənmiş bəzək işləri, döşəmədə metlax işləri, çilçıraqların keyfiyyət və dizayn baxımından fərqli işlənməsi; həmin mənzilində qeyd olunan təmir-dizayn işlərinə 2595 manat xərc çəkilməsi və Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsində göstərilən mebel və s. məişət avadanlıqlarının onların təyinatına xələl gətirilmədən götürülməsi mümkün olması müəyyən olunmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzilin təmir-dizaynına çəkilmiş xərclərin ekspert rəyi ilə 2595 manat olduğu müəyyən edildiyindən, rayon məhkəməsinin qətnaməsi cavabdehdən konkret olaraq təmir xərclərinə görə tutulmalı olan məbləğ hissəsində ekspert rəyinə uyğun dəyişdirilməlidir. Bundan başqa, kollegiya bildirir ki, iddiaçı iddia ərizəsində “təmir xərcləri” adı altında mübahisəli mənzildə aparılan təmir-bərpa işləri və quraşdırılmış mebel və s. məişət avadanlıqlarını nəzərdə tutaraq onlar üçün cavabdehdən ümumilikdə 25000 manat tələb etmişdir. Hazırkı halda 22 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən sözügedən mənzildə quraşdırılan mebel və s. məişət avadanlıqlarının onların təyinatına xələl gətirilmədən götürülməsi mümkündür. Apellyasiya icraatı zamanı cavabdeh bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində inşa edilən 12 nömrəli binada yerləşən 69 nömrəli mənzildə iddiaçının yaşamasını, mənzildəki bütün əşyaların (məişət avadanlıqlarının və mebellərin) hamısının iddiaçı tərəfindən gətirilib-quraşdırılmasını mübahislənədirmir və onların iddiaçı tərəfindən mənzildən aparılmasına hər hansı şəkildə etiraz etmir. Eyni zamanda müəyyən olunmuşdur ki, məhzil hal-hazırda da iddiaçının faktiki sahibliyi və istifadəsindədir, eləcə də iddiaçının təmir xərci kimi tələb etdiyi bütün əşyaların çıxarılaraq (qoparılaraq) aparılması mümkündür, buna cavabdehin hər hansı razılığı və iradəsi tələb olunmur, bu məsələ yalnız iddiaçının öz iradəsindən asılıdır. Belə olan halda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “təmir xərci” kimi ifadə olunan hissəsində həmin mənzildə quraşdırılmış məişət avadanlıqlarına və mebelə çəkilən xərclərin cavabdehdən tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin konkret təmirbərpa xərclərinə tutulmalı olan pul məbləği hissəsində dəyişdirilərək 2595 manat müəyyən edilməli, iddia tələbinin “təmir xərci” kimi ifadə olunan və əslində mənzildə quraşdırılmış məişət avandlıqları və mebellərə aid hissəsində isə ləğv edilərək iddia həmin hissədə təmin edilməməli, cavabdehdən ümumilikdə 61595 manat (59000 + 2595 = 61595) alınaraq iddiaçıya verilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1640/2020 saylı, 05 iyun 2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmir-bərpa xərclərinə tutulmalı olan pul məbləği hissəsində dəyişdirilərək təmir xərci kimi 2595 manat müəyyən edilsin, iddia tələbinin “təmir xərci” kimi ifadə olunan və mənzildə quraşdırılmış məişət avandlıqları və mebellərə aid hissəsində isə ləğv edilsin, iddia həmin hissədə təmin edilməsin. Cavabdeh1 ümumilikdə 61595 manat (59000 + 2595 = 61595) (altmış bir min beş yüz doxsan beş) alınaraq iddiaçı X7 verilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat iddiaçı X5 alınaraq bank hesabı "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1684/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1684/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver