Məhkəmə qərarları › İş №2(103)-1687/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1687/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1687/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı, uydurma əqd) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 Ağaməmməd oğlunun, Cavabdeh5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 14 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cəmi 59248,4 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 cəmi 6451 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Hər iki qətnamə qanuni qüvvəyə minərək, icraya yönəldilmişdir.

4. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 1, 100 saylı mənzil üzərində Cavabdeh5 mülkiyyət hüququ 19 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və o, həmin mənzili 13 oktyabr 2020-ci il tarixli müqavilə ilə oğlu Cavabdeh1 bağışlamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 5 otaqlı 100 nömrəli mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 həmin mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh5 mülkiyyətinə qaytarılmış mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh5 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh5 iddiaçıya 80000 manatadək borcu yaranmış, və o, müxtəlif üsul və vasitələrdən istifadə edərək həmin borc məbləğini ödəməkdən yayınmışdır. Cavabdeh məhkəmə aktlarının icrasına maneə törədən uydurma əqd bağlamış və iddiaçının əmlak hüquqlarının pozulmasına növbəti cəhd edilmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)- 6934/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 337.3, 340, 340.2, 389.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, hazırkı iş üzrə əqdin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsasın olması məhkəmə tərəfindən aşkarlanmamışdır. Belə ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh5 borcunu ödəməkdən yayınmaq məqsədilə 19 sentyabr 2020-ci ildə dövlət reyestrində öz adına daşınmaz əmlakı qeydiyyatdan keçirdikdən dərhal sonra, yəni 13 oktyabr 2021-ci ildə daşınmaz əmlakı oğlu Cavabdeh1 adına keçirmişdir. Burada yeganə məqsəd ona olan borclarını ödəməkdən yayınmaq üçün öz adında əmlakın olmaması görüntüsünü yaratmaq niyyətidir. Cavabdeh5 2011-ci ildən özünə məxsus olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzil yalnız 9 (doqquz) il sonra, yəni xx.xx.2020-ci il tarixdə öz adına dövlət qeydiyyatına aldırmış, əmlaka dair müvafiq çıxarış aldıqdan sonra Cavabdeh5 icra orqanlarını (eyni zamanda onu bir tələbkar olaraq) aldadaraq tez-tələsik xx.xx.2020-ci il tarixdə Cavabdeh1 bağışlamışdır. Lakin hazırkı işə baxan birinci instansiya məhkəməsi mülki qanunvericiliyin şərtlərini pozaraq mübahisəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını əsas götürmüş, məhkəmə iclasında sübuta yetirilən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan qanunsuz və əsassız yekun akt qəbul etmişdir. Həmçinin, işə baxan birinci instansiya məhkəməsi işin müvafiq mübahisəsiz hallarını, o cümlədən bağışlama müqaviləsinə qədərki vəziyyəti, tərəflərin qarşılıqlı münasibətlərini, cavabdehin (borclunun) tələbkar (iddiaçı) qarşısında çoxsaylı öhdəliklərini, onların icrası prosesinə maneələrin törədildiyini, habelə Avropa Məhkəməsinin məhkəmə qətnaməsinin icra olunması ilə bağlı formalaşdırdığı təcrübəni ümumiyyətlə nəzərə almamışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)-2148/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)- 6934/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4434/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(103)-2148/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.

15. Cavabdeh5 apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 6.1.5. Müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

18. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

19. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

26. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

27. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmalı və iddia qismən təmin edilməklə cavabdehlər arasında mübahisəli mənzilə dair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh5 həmin mənzilə dair hüquqları Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılmalıdır.

35. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya məhkəməsi işin faktiki hallarının Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaması qənaətinə gəlsə də, iddiaçının gətirdiyi dəlilləri və həmin dəlillərə dair təqdim etdiyi sübutları maddi hüquq normasına uyğun araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Müqavilə azadlığı prinsipinə istinad edilərək iddianın rədd edilməsi də əsaslı hesab oluna bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, əqdin tərəfi kimi çıxış edən şəxslərin bu əqd üzrə onlar üçün hüquqi nəticələrin yaranmayacağına razılaşmaları uydurma əqdin əlamətlərindən biridir. Belə əqd, razılaşan tərəflərin deyil, üçüncü şəxslərin hüquq və mənafelərinə təsir edir.

37. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

38. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

41. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.

42. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

43. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

44. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

45. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

46. Hazırki işdə İddiaçı Müzəffər oğlu Cavabdeh5 məhkəmə qətnaməsinə əsasən ona icra olunmamış pul öhdəliklərinin olmasını və cavabdehin həmin öhdəliklərin icrasından boyun qaçırmaq məqsədi ilə mülkiyyətində olan daşınmaz əmlakı formal olaraq doğma oğluna bağışlamasını iddia etmişdir.

47. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunundan aydın olur ki, əqdin tərəfi kimi çıxış edən şəxslərin bu əqd üzrə onlar üçün hüquqi nəticələrin yaranmayacağına razılaşmaları uydurma əqdin əlamətlərindən biridir. Belə əqd, razılaşan tərəflərin deyil, üçüncü şəxslərin hüquq və mənafelərinə təsir edir. Müqavilə azadlığı prinsipi belə əqdlərə tətbiq ediləcəyi təqdirdə, uydurma əqdlər institutunun mahiyyəti aradan qalxır və hər hansı əqd bu əsasla əhəmiyyətsiz əqd kimi tanına bilməz. Belə ki, əqdin tərəfləri razılaşdıqları üçün onun əhəmiyyətsizliyini təsbit etməyəcək, üçüncü şəxslərin iddiaları isə bu prinsipə istinad edilməklə təmin olunmayacaqdır.

48. İşdən görünür ki, mübahisəli daşınmaz əmlak üzərində Cavabdeh5 hüquqlarının tanınması məqsədi ilə onunla mənzilin yerləşdiyi binanı inşa etmiş "xxxx" MMC və digər şəxslər arasında məhkəmə mübahisələri olmuş, son nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onun həmin mənzil üzərində mülkiyyət hüququ 19 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan çox qısa müddət (24 gün) sonra cavabdeh həmin mənzili oğluna bağışlamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin iddiaçının qarşısında uzun müddət ərzində icra olunmamış borc öhdəliklərinin olması onun üçün aşkar olmuşdur. Lakin cavabdehin mənzil üzərində məhkəmə qaydasında hüquqlarının tanınmasını tələb etdiyi və nail olduğu halda, qısa müddətdən sonra, məhkəmə aktı ilə üzərinə qoyulan öhdəliklərini icra etmədən göstərilən əmlak hesabına oğlunu zənginləşdirməsi zərurəti cavabdeh tərəfindən əsaslandırılmamışdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icrasının məcburiliyi Konstitusiya ilə müəyyən olunmuşdur. Həmin vəzifənin icrasına mane olan hərəkətlər əsaslandırılmalıdır. Cavabdeh5 məhkəmə qətnamələrinin icrası istiqamətində könüllü olaraq hər hansı hərəkətləri etməsi müəyyən olunmur. Eyni zamanda mübahisəli daşınmaz əmlak olmadıqda da, onun mülkiyyətində icra sənədlərinin icrasını təmin edilməsini imkan verən başqa əmlakların mövcudluğuna dair sübutlar məhkəmələrə təqdim olunmamışdır. Əksinə, iş materiallarında olan cavabdehin müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət ərizələrində onun barəsində qəbul edilən məhkəmə aktlarının qanunsuz olması, tələb olunan pul vəsaitini iddiaçıdan almaması, onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olması göstərilməklə, faktiki olaraq məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları mübahisələndirilmişdir.

50. Həmçinin nəzərə alınmalıdır ki, bağışlama müqaviləsinin digər tərəfi iddiaçı qarşısında öhdəlik daşıyan borclunun doğma oğludur. Belə olan halda, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı müqavilə əsasında hədiyyəni qəbul edən cavabdehə keçsə də, hədiyyə verənin ondan sərbəst istifadə etmək və sahiblik etmək imkanları istisna olunmur.

51. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının qanuni mənafelərinin müdafiə edilməsi məqsədi ilə qeyd olunan əqdin əhəmiyyətsiz olduğunun məhkəmə qaydasında təsbit edilməsini tələb etməklə bağlı subyektiv hüquqları mövcuddur.

52. Beləliklə, qeyd edilənlər əsasında Kollegiya belə qənaətə gəlir ki, cavabdehlər arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsi uydurma əqddir və əhəmiyyətsizdir. Ona görə də etibarsız hesab olunmalı və Cavabdeh5 mübahisəli mənzilə dair hüquqları Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılmalıdır.

53. İddia tələbinin vəkil xərcinin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı vəkil xərci ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, tələbini həmin hissədə dəqiqləşdirməmişdir.

54. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya nəzərə alır ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya, 15 manatı cavabdehlərə aid edilməlidir.

56. İddia tələbinin qalan hissələri (Cavabdeh5 mülkiyyətinə qaytarılmış mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh5 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi) üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli ayrıca qərardadla xitam verilmişdir.

57. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

58. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh5 və Cavabdeh1 arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh5 ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqları Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan 15 manatı İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar