Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-169/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Bakı şəhər İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş (Açar sözlər: «mənzilin təhvil verilməsi, dəymiş mənəvi ziyanın ödənilməsi) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2679/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 135 saylı, 01 aprel 2015-ci il tarixli sərəncamına əsasən, İddiaçı 1 nəfər ailə tərkibi ilə, Cavabdeh MTK-nın, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv.m, yaşayış sahəsi 55,9 kv.m olan 3 otaqlı 122 saylı mənzil verilmişdir. 2.(satıcı) "xxxx" MTK ilə (alıcı) İddiaçı arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, 142 nömrəli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 40-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,00 kv.metrdən ibarət olan, 3 otaqlı, 122 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10/897 saylı 11 mart 2015-ci il tarixli sərəncamına əsasən İddiaçı vermişdir.
3. İddiaçı verilmiş 29 oktyabr 2020-ci il tarixli, **********54- 05301-093209 reyestrli nömrəli texniki pasportda İddiaçı verilmiş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, bina 124, mənzil 122 (yeni qaydalarla: AZ1002, ünvan 1 ünvanında yerləşən binanın mərtəbəliyi 16/texniki mərtəbə qeyd olunmuşdur.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda göstərilib ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122, 124, mənzil 122, (Yeni qaydalarla: AZ1002, ünvan 1 tam payda xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 03 fevral 2015-ci il tarixli məktubda və ona əlavə edilmiş 28 yanvar 2015-ci il tarixli rəydə qeyd olunub ki, təqdim olunmuş layihə tapşırığında 1-ci mərtəbə iki səviyyəli qeyri-yaşayış, 2+17-ci mərtəbələr yaşayış sahəsi kimi qeyd olunduğu üçün düzəliş edilməlidir.
6. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilib ki, İddiaçı ünvan 4 ünvanında yerləşən əmlaka müəyyən düzəlişlər aparmaqla yeni texniki pasportun verilməsi barədə ərizəsinə baxılmışdır, belə ki, binanın istismara icazə aktına görə birinci mərtəbəsi iki səviyyəli 16 (+texniki) mərtəbəlidir. Sözügedən mənzil də binanın texniki mərtəbəsində yerləşir.
7. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 19 noyabr 2021-ci il tarixli məktubunda İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2442-ci məhəllədə yerləşən Cavabdeh MTK-ya məxsus 6 saylı yaşayış binasının istismara hazırlığı barədə rəyi ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı arasında mənzilin mərtəbəliyi hissəsində yaranmış ziddiyyət barədə məlumatın verilməsinə dair xx.xx.2021- ci il tarixli 076 nömrəli müraciətinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2442-ci məhəllədə Cavabdeh MTK-ya məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-ci il tarixli 270 nömrəli istismara icazə sənədinə əsasən istismarına icazə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 529 nömrəli Fərmanın 1-ci hissəsinə uyğun olaraq tikinti obyektinin istismarına icazə verdiyi gündən 3 gün müddətində həmin icazənin və Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və qurumlara göndərilməsini təmin edir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanında 6 saylı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, 96 kv.metrdən ibarət olan, 122 saylı mənzilin iddiaçıya təhvil verilməsi və 1000 manat dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiada göstərilir ki, yaşayış binası istismara icazə veriləndən sonra, İddiaçı məxsus mənzilin yerləşdiyi binanın mərtəbəliyi “16/texniki mərtəbə”-dir və yerləşdiyi mərtəbə isə “texniki mərtəbə“-dir. Sözügedən mənzilə dair verilmiş sənədlərin qanunamüvafiq qaydada icra olunub-olunmadığını müəyyən etmək üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və cavab məktubu ilə bildirilmişdir ki, yuxarıda qeyd olunan sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, binanın istismara qəbul aktında, sözügedən mərtəbə texniki mərtəbə kimi göstərilib. Göründüyü kimi, Cavabdeh MTK mənzilin yaşayış binasının 17-ci mərtəbəsini texniki mərtəbə kimi rəsmiləşdirərək, iddiaçıya 122 saylı mənzili 17-ci mərtəbədə deyil, texniki mərtəbədə vermişdir. Beləliklə, müqavilə öhdəliklərini icra etməmişdir. Qeyd edilən hal istismar aktının tikinti obyektinin əsas texniki göstəricilərində də öz əksini tapmışdır. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 4-cü bəndinə əsasən, “Binanın mərtəbəliyi miiəyyənləşdirilərkən yuxarı mərtəbənin üstündə yerləşən texniki mərtəbə nəzərə alınmır”.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2679/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi qənaətində göstərib ki, İddiaçı tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 01 aprel 2015-ci il tarixli, 135 saylı sərəncamı əsasında hazırkı Cavabdeh MTK-nın Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrinin kəsişməsində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən 122 saylı mənzil ona verilmiş, bundan sonra cavabdehlə onun arasında həmin sərəncam əsasında müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 40-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 122 saylı mənzili ona təhvil verməli olsa da, cavabdeh bunu etməmiş, ona 17-ci mərtəbədə deyil, texniki mərtəbədə yerləşən mənzili təhvil vermişdir, bundan əlavə sərəncamda sözügedən mənzilin ona 6 saylı binada verilməsi nəzərdə tutulsa da, texniki pasport və çıxarışda 6 saylı bina deyil, 124 saylı bina göstərilmişdir. Buna görə də, iddiaçı məhz qeyd etdiyi ünvanda yerləşən 6 saylı binada 17- ci mərtəbədə yerləşən 122 saylı mənzilin ona təhvil verilməsini xahiş edir. Bununla bağlı, iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mənzilin texniki pasportunda mənzilin binanın 17-ci mərtəbəsində deyil, 16+texniki mərtəbəsində yerləşdiyini göstərsə də, nəzərə alınmalıdır ki, tərəflər arasında 07 aprel 2015-ci il tarixli, 142 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən hüquqmüəyyənedici rəsmi sənəd olan çıxarış verilmişdir, hansı ki, qeyd olunan çıxarışda iddiaçıya verilmiş mənzilin 17-ci mərtəbədə yerləşdiyi öz əksini tapır. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış 07 aprel 2015ci il tarixli müqavilə və DƏDRX tərəfindən verilmiş çıxarış hüquqi qüvvəsini saxlayır. Əmlaka dair dövlət reyestrindən çıxarış verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsində təsbit olunduğu kimi hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılmışdır. Ona görə, nə qədər ki, qeyd olunan hüquqmüəyyənedici rəsmi sənədlər mübahisələndirilməmişdir, qüvvədədir, cavabdeh isə müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir, onun bu öhdəliyindən yayınmasına dair sübutlar məhkəmə tədqiqi ilə müəyyən edilməmişdir, belə qənaətə gəlinməsi üçün əsaslar, buna dair sübutlar mövcud deyildir, əksinə, işin mübahisəsiz halıdır ki, iddiaçı müqavilənin bağlanmasından sonra müqavilənin predmeti olan mənzili istifadəsinə, mülkiyyətinə qəbul edərək orada yaşayır. Belə olan halda, iddiaçının tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, bununla bağlı sübutlarını, cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, mənəvi ziyanla bağlı iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın tam təmin edilməsini xahiş edərək şikayətində göstərib ki, Cavabdeh MTK mənzilin yaşayış binasının 17-ci mərtəbəsini texniki mərtəbə kimi rəsmiləşdirərək onlara 122 saylı mənzili 17-ci mərtəbədə deyil, texniki mərtəbədə vermişdir. Beləliklə, müqavilə öhdəliklərini icra etməmişdir. Bu hal istismar aktının tikinti obyektinin əsas texniki göstəricilərində də öz əksini tapmışdır. Cavabdeh layihə üzrə mərtəbənin texniki olduğunu bilərək iddiaçıya 17-ci mərtəbənin adı ilə təhvil vermişdir. Reyestrdən çıxarış və texniki pasport əldə edilkdən sonra bu hal aşkar olundu. Müqavilə şərtlərinə görə cavabdeh 17-ci mərtəbədə mənzil təhvil verməli idi. Bundan əlavə, 07 aprel 2015-ci il tarixli, 142 saylı müqaviləyə əsasən, cavabdeh yuxarıda göstərilən 6 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 96 kv.m-dən ibarət mənzili iddiaçıya təhvil verməlidir, lakin yuxarıda qeyd olunan çıxarışda və texniki pasportda mənzilin sahəsi 90 kv.m, o cümlədən, mənzilin yerləşdiyi bina haqqında məlumatda mərtəbəliyi 16 (+texniki) mərtəbə qeyd edilmişdir. Onun yaşadığı mərtəbənin üstündədə bir mərtəbə mövcuddur və orada da yaşayış var.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri məhkəmə iclaslarında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən, işə həmin şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
16. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmırdı.
25. Mülki iş apellyasiya icraatında olarkən iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2712/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərardadı ilə hazırki mülki işin icraatı İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli texniki pasportunda mülkiyyətində olan mənzilin yerləşdiyi mərtəbə haqqında qeydin faktiki olaraq “17-ci mərtəbə” kimi qeyd olunması və yeni texniki pasportun verilməsinin cavabdehə öhdəlik qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-6480/2022 saylı inzibati iş həll edilənədək dayandırılmışdır.
26. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-6480/2022 nömrəli qərarı ilə yuxarıda qeyd edilən inzibati iş üzrə iddia tələbi rədd edilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2-1(103)-327/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərardadında göstərib ki, iddiaçının mənzilinə dair mülkiyyət hüququnun reyestrdə qeydiyyatı ilə bağlı çıxarış mövcuddur. Həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə görə iddiaçının mülkiyyət hüququnu müəyyən edən və dövlət tərəfindən tanınan hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə iddiaçıya məxsus daşınmaz əmlak barədə məlumatların düzgün qeyd olunduğu mübahisəsizdir. İddiaçı həmin hüquqi sənədə əsasən istənilən an mülkiyyətində olan əmlakla bağlı istənilən əqdi bağlamaq iqtidarındadır, yəni həmin sənəddəki məlumatlar düzgündür. Buna baxmayaraq, mənzilə dair verilmiş texniki pasportda mənzil barədə məlumat kimi həmin mənzilin 16-cı texniki mərtəbədə yerləşdiyi qeyd olunur. Bu barədə texniki sənəd hesab olunan texniki pasportda hər hansı düzəlişin aparılmasını arzu edən iddiaçı tələbinə münasibətdə hüquqi marağının nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Nəzərə alınmalıdır ki, texniki pasportda müvafiq düzəlişin aparılması iddiaçının adı çəkilən mənzil üzərində hər hansı hüququnun müəyyən edilməsinə gətirib çıxarmır. Yəni, texniki pasport texniki sənəd olduğu üçün əmlakla bağlı texniki göstəriciləri özündə əks etdirir və onda hansısa məlumatların düzəlişinin aparılması nəticə etibarilə iddiaçıya hər hansı məsələ ilə bağlı hüquq qazandırmır. İddiaçı onun mənzilinə dair verilmiş reyestrdən çıxarışa uyğun olaraq tərtib olunmuş texniki pasportda düzəliş aparılaraq, mənzilin mərtəbəsinin 16/texniki mərtəbə deyil, 17-ci mərtəbədə yerləşdiyini qeyd olunduğu yeni texniki pasportun verilməsini tələb etsə də, bu barədə tələb irəli sürməkdə hüquqi marağının nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Bununla yanaşı, “İnzibati icraat haqqında” Qanunun tələbinə görə iddiaçı inzibati orqan tərəfindən xeyrinə arzuladığı inzibati aktın qəbul olunmasını tələb edə bilər. Lakin iddiaçının ona verilməsini tələb etdiyi sənəd-texniki pasportdur, yəni inzibati akt deyildir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1596/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2-1(103)-327/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
29. Yuxarıda qeyd olunan məhkəmə aktlarına və işin faktiki hallarına əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, əslində iddiaçının istəyi və məqsədi mülkiyyətində olan və artıq uzun müddət yaşadığı mənzilin texniki pasportunda mənzilin yerləşdiyi mərtəbə haqqında qeydin faktiki olaraq 17-ci mərtəbə kimi qeyd olunmasına və yeni texniki pasportun verilməsinə nail olmaq olmuşdur. Əgər belə olmasaydı, iddiaçı inzibati məhkəmə icraatı qaydasında yuxarıda qeyd olunan qaydada tələb irəli sürməzdi. Düzdü, inzibati məhkəmə icraatı qaydasındada hazırki iddianın və icraatın predmetinə aid olmayan səbəblərdən nail olmaq istədiyi məqsədinə çata bilməmişdir. Ancaq, bu da, o demək deyil ki, iddiaçı hazırki iddianın təmin ediləcəyi təqdirdə həqiqi istəyinə çata bilər. Çünki, qeyd olunduğu kimi, iddiaçı uzun müddətdir mülkiyyətində olan mənzildə yaşayır və bundan məmnun olmadığı təsdiq olunmur. Yalnız, mənzilin texniki pasportunda mərtəbəliyi barədə göstərilən qeydlərdən yaxud məlumatdan narazıdır.
30. Lakin iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi mərtəbənin 17-ci mərtəbə olması daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdada açıq-aşkar göstərilib və bunu görməmək və bilməmək mümkünsüzdür. Eyni zamanda, mübahisəli mənzilin faktiki olaraq texniki mərtəbədə yerləşmədiyi də işin mübahisəsiz halıdır. Ən azından iddiaçı da şikayətində onun yaşadığı mərtəbənin üstündədə əlavə bir mərtəbənin, oradada yaşayışın olduğunu bəyan edir. Demək ki, cavabdeh MTK nə mənzilin yaşayış binasının 17-ci mərtəbəsini texniki mərtəbə kimi rəsmiləşdirməmiş(bu ümumiyyətlə MTK-nın səlahiyyətinə aid olmadığından istəsə belə bunu edə bilməzdi), nədə 122 saylı mənzil(yeni qaydalarla 2 nömrəli mənzili) texniki mərtəbədə deyil, elə məhz faktiki olaraq da 17-ci mərtəbədə yerləşir. Bu cür vəziyyətdə cavabdeh MTK müqavilə üzrə daha hansı öhdəliklərini yerinə yetirməli idi ki, iddiaçı da bundan “razı” qalsın. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də iddiaçı tərəf bu cür iddia irəli sürərkən buna cavab verməyə hazır olmalı idi.
31. Şikayətin növbəti dəlili ilə bağlı qeyd olunur ki, müqaviləyə əsasən, cavabdeh ümumi sahəsi 96 kv.m-dən ibarət mənzili iddiaçıya təhvil vermək öhdəliyi götürsə də çıxarışda və texniki pasportda mənzilin sahəsinin 90 kv.m qeyd olunması da iddianın və şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, mənzilin texniki pasportunun otaqların təyinatı adlanan bölməsində(bax.i.v.17) mənzilin balkonunun sahəsi 5,5 kv. metr olsada, 0.3 azalma əmsalı tətbiq edilərək 1,7 kv. metr kimi, lociyanın sahəsi 4.8 kv. metr olsa da, 0.5 azalma əmsalı tətbiq olunaraq 2.4 kv.metr kimi qeyd olunmuşdur. Deməli, mənzilin sahəsinin 90 kv.m qeyd olunmasının səbəbi Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndinin tələblərinə uyğun hesablanması ilə əlaqədar olmuşdur. Ona görə də şikayətin bu dəlili də özü-özlüyündə əsassız hesab edilir.
32. Mübahisəli mənzilin yerləşdiyi binanın sərəncamda və müqavilədə göstərilən nömrəsi ilə, çıxarışda göstərilən nömrəsinin fərqli olması da şikayətin əsaslı olduğuna dəlalət etmir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı uzun müdətdir ona təhvil verilən mənzildə yaşayır və mənzilin yerləşdiyi binanın nömrəsinin fərqli olmasını da heç vaxt mübahisələndirməmişdir. Ən azından iddiaçı həmin ərazidə 6 saylı binanın və onun 17-ci mərtəbəsində yaşadığı mənzillə eyni ölçüdə mənzilin olmasına dair məhkəməyə də heç bir sübut təqdim etməmişdir. Hətta, olmuş olsaydı belə iddiaçı uzun müddət fərqli binada və mənzildə yaşamasının və bu halı indiyədək mübahisələndirməməsinin səbəblərini ciddi arqumentlərlə məhkəmənin diqqətinə çatdırmalı idi, ancaq çatdırmır yaxud çatdıra bilmir. Demək ki, əsl məqsədi yaşadığı binanın yaxud mənzilin dəyişdirilməsinə nail olmaqla bağlı deyildir.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
34. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2679/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2679/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.