Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-169/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tikilmiş hasarın sökülməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "tikilmiş hasarın sökülməsi və sair") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı tikilmiş hasarın sökülməsi və cavabdeh tərəfindən əkilmiş ağacların evin arxasından götürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, qonşusu, yəni cavabdeh ağacları onun yaşayış evinin arxasına elə əkmişdir ki, evin arxasına keçmək və ya evin arxasına suvaq vurmaq mümkün deyildir. Y. Həsənov əkmiş olduğu ağacları daimi sulayır və həmin su ona məxsus evin altına dolur. Ağacların kökləri evin divarları altına dolmaqla evin gələcəkdə çatlayıb uçma təhlükəsini yaratmışdır. Qonşusu ailə üzvlərini daimi rütubət içində yaşamağa məcbur etmişdir. Ailəsinin yeganə mülkiyyətində olan yaşayış evinə qonşusu Cavabdeh tərəfindən zərər yetirilməsi haqqında bir neçə dəfə onun özünə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Anar Rzayev) ilə iddia ərizəsi təmin edilməmiş, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatın İddiaçı aid edilməsi, geri qalan 10 manatın isə iddiaçıya geri qaytarılması, iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri 95 manatın tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi (hesab: "xxxx" ASC-nin 1 saylı Xətai filialı, kod:200071 VOEN (bank) **********, müxbir hesab:AZ37NABZ********************, svvift: AİİBAZ2X, kadastr və yerquluşu layihətədqiqat Mərkəzi MMC VOEN:**********, hesab N: AZ23AİİB********************) qərara alınmışdır.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, göstərmişdir ki, məhkəmə qeyd olunan mülki iş üzrə ekspertiza təyin etmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilmiş sahə Zabrat-İstiŞtillik kombinatına ayrılmış sahənin Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşdiyi, vahid elektron kadastr bazasında göstərilən sahənin qeydiyyatı barədə məlumat olmadığından və sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən araşdırılmasının mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki, sahənin qeydiyyatı barədə məlumat olmadığından və sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən iddiaçının faktiki göstərdiyi mübahisəli torpaq sahəsinin hazırda kimin mülkiyyətində olmasının araşdırılması mümkün olmamışdır. Vahid elektron kadastr bazasında göstərilən sahənin qeydiyyatı barədə məlumat olmadığından və sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır, bu səbəbədən iddia ərizəsi rədd edilməlidir.
6. Halbuki məhkəmə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, onun həmin torpaq sahəsinə sahiblik hüququnu qanunla nəzərdə tutulmuş qaydada əldə etdiyini nəzərə alıb, pozulmuş mülkiyyətçi hüquqlarını bərpa etməmişdir. Avropa məhkəməsinin 1 saylı Protokolun 1-cimaddəsinin pozuntusuna dair İatridis Yunanıstana qarşı iş üzrə 25 mart 1999-cu il tarixli Qərar, № 31107/96, § 54), Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103 presedent qərarlarında qeyd edilir ki, Məhkəmə “mülkiyyət” anlayışının müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmadığını və milli qanunvericilikdəki formal təsnifatdan asılı olmadığını, maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqların və maraqların da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalı olduğunu, “mövcud mülkiyyətlə” məhdudlaşmadığını və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakını da əhatə edə bildiyini, “Gözlənti”nin isə mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanuni” olduğunu nəzərə almamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
9. Zabrat bələdiyyəsi tərəfindən verilən şəhadətnamənin surətindən görünür ki, Zabrat qəsəbəsi, Sidqi Rufulla küçəsi ünvanda 300 kv.m torpaq sahəsində 81 kv.m tikiti sahəsi olan fəri-yaşayış sahəsi Nümayəndə istifadəsindədir.
10. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün müvafiq olaraq torpaq sahəsi ayrılmışdır.
11. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 6 saylı, xx.xx.1992-ci il tarixli protokoldan çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamına əsasən təsərrüfatın yaşayış sahəsinin əvvəlcədən ayrılmış sərhəd daxilində boş olan yerdə qeyd olunan şəxslərə şəxsi mənzil tikdirmək üçün hər birinə 600 kv. m torpaq sahəsinin ayrılması xahiş edilmişdir.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilmiş sahə Zabrat-İsti-Ştillik kombinatına ayrılmış sahənin Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahənin qeydiyyatı barədə məlumat olmadığından və sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən araşdırılması mümkün olmamışdır. Vahid elektron kadastr bazasında göstərilən sahənin qeydiyyatı barədə məlumat olmadığından və sahəyə dair yerləşmə cizgisi təqdim edilmədiyindən araşdırılması mümkün olmamışdır. Göstərilən torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2791/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında: 1. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarına yaxın hissədə Cavabdeh tərəfindən 40 sm enində və 30 metr uzunluğunda hasarın tikilib-tikilməməsi, cavabdeh tərəfindən həmin ərazidə iddiaçının evinin arxa divarına söykənən ağacların əkilib-əkilməməsinin müəyyən edilməsi; 2. Həmçinin həmin hasarın və ağacların mövcudluğu iddiaçının mənzilinin divarının dayanıqlılığına (özülünün zəifləməsi, nəmlənərək aşınması, çökməsi, uçması və s.) təsir edə bilməsi; 3. Qeyd edilən sahədə cavabdeh tərəfindən inşa edilən hasarın və iddiaçının evinin arxa divarına söykənən ağacların iddiaçının mülkiyyətindən tam istifadəsinə mane olub-olmamasının müəyyən edilməsi, 4. Qeyd edilən ağacların suvarılması nəticəsində iddiaçının evinə ziyan vurulub-vurulmamasının müəyən edilməsi sualları qoyulmuşdur.
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4468 nömrəli ekspert rəyinə görə, 1-ci sual üzrə: İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarına yaxın hissədə Cavabdeh tərəfindən 40 sm enində və 30 metr uzunluğunda hasarın tikilmədiyi, həmin ərazidə iddiaçının evinin arxa divarına söykənən ağacların əkilmədiyi müəyyən edilmişdir. 2-ci, 3-cü və 4-cü suallar üzrə: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarına yaxın hissədə Cavabdeh tərəfindən 40 sm enində və 30 metr uzunluğunda hasarın tikilmədiyi, həmin ərazidə iddiaçının evinin arxa divarına söykənən ağacların əkilmədiyini nəzərə alaraq, bu suallar üzrə tədqiqat aparılmadı. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
15. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. İddiaçının tələbinin əsasını o təşkil edir ki, cavabdeh ağacları onun yaşayış evinin arxasına elə əkmişdir ki, evin arxasına keçmək və ya evin arxasına suvaq vurmaq mümkün deyildir. Y. Həsənov əkmiş olduğu ağacları daimi sulayır və həmin su ona məxsus evin altına dolur. Ağacların kökləri evin divarları altına dolmaqla evin gələcəkdə çatlayıb uçma təhlükəsini yaratmışdır. Qonşusu ailə üzvlərini daimi rütubət içində yaşamağa məcbur etmişdir. Ailəsinin yeganə mülkiyyətində olan yaşayış evinə qonşusu Cavabdeh tərəfindən zərər yetirilməsi haqqında bir neçə dəfə onun özünə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır.
18. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Belə olan halda iddiaçının hazırkı tələbinin maddi əsasını Mülki Məcəllənin 157.4 və 157.8, eləcə də 164.1-ci maddələri təşkil edir. Rayon məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinin yoxlanması üçün müvafiq ekspertiza keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4468 nömrəli ekspert rəyinə görə, 1-ci sual üzrə: İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarına yaxın hissədə Cavabdeh tərəfindən 40 sm enində və 30 metr uzunluğunda hasarın tikilmədiyi, həmin ərazidə iddiaçının evinin arxa divarına söykənən ağacların əkilmədiyi müəyyən edilmişdir. 2-ci, 3-cü və 4-cü suallar üzrə: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarına yaxın hissədə Cavabdeh tərəfindən 40 sm enində və 30 metr uzunluğunda hasarın tikilmədiyi, həmin ərazidə iddiaçının evinin arxa divarına söykənən ağacların əkilmədiyini nəzərə alaraq, bu suallar üzrə tədqiqat aparılmadı. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Kollegiya qeyd edir ki, aparılmış araşdırmalarla iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, əksinə ekspert rəyi ilə, iddiaçının yaşayış evinin arxa divarına yaxın hissədə cavabdeh tərəfindən 40 sm enində və 30 metr uzunluğunda hasarın tikilmədiyi, həmin ərazidə iddiaçının evinin arxa divarına söykənən ağacların əkilmədiyi müəyyən edildiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
20. Beləliklə, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
21. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçıdan tutulmalıdır.
23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov