Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1690/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(006)- 5107/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsinə dair 02 fevral 2024-cü il tarixli, 11072724 nömrəli müqaviləyə əsasən “Code Academy” təhsil alana təhsilin təşkilini, təhsil alan isə təhsil haqqını “Code Academy”yə ödəməyi öhdəsinə götürür. Tədris proqramı, təhsil haqqı, ödənişin həyata keçirilmə qaydası, müddəti müqavilə və onun ayrılmaz tərkib hissəsi olan razılaşma protokolu ilə müəyyən edilir (1.1-1.2). Tədris proqramı çərçivəsində dərsdənkənar işlənilməsi üçün verilmiş bütün tapşırıqları tamamlayaraq “Code Academy”yə təhvil vermək təhsil alanın vəzifələrindən biridir (2.4.2). Təhsil alan tədris müddətinin başlamasına 5 iş günündən az qaldıqda və ya tədris müddəti başladıqdan sonra təhsil almaqdan imtina edərsə və ya hər hansı səbəbdən tədrisdə iştirak etməzsə, təhsil haqqının ödənilmiş hissəsi geri qaytarılmır. Təhsil alan tədris müddəti başladıqdan sonra təhsil almaqdan imtina edərsə və ya hər hansı səbəbdən tədris proqramında iştirak etməzsə, həmin tarixədək qeydiyyatda olduğu qrupa tədris olunan dərs saatının dəyərini ödəməlidir (3.4-3.5).
2. Code Academy ilə təhsil alan arasında bağlanmış 02 fevral 2024-cü il tarixli, 11072724 nömrəli müqavilə üzrə razılaşma protokolundan görünür ki, İddiaçı ilə bağlanmış müqavilə üzrə Qrafik dizayn və vizual kommunikasiyalar dərslərinin başlama tarixi 06 aprel 2024-cü il müəyyən edilmiş, tədris proqramının qiyməti 5280 manat olsa da, 20 % ailə endirimi tətbiq edilərək 4224 manat təşkil etmiş, ilkin ödəniş tarixinin 02 fevral 2024-cü, son ödəniş tarixinin 02 noyabr 2024-cü il olması razılaşdırılmaqla, 10 ay ərzində 9 ay hər ay 422 manat, sonuncu ay isə 426 manat ödəniş edilməsi müəyyənləşdirilmişdir.
3. 02 fevral 2024, 02 mart 2024 və 02 aprel 2024-cü il tarixli qəbzlərdən görünür ki, “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə İddiaçı tərəfindən “Code Academy” adlı hesaba 500 manat, 425 manat və 440 manat olmaqla, cəmi 1365 manat məbləğində pul köçürülmüşdür.
4. Cavabdeh MMC-də keçirilmiş sorğuya əsasən Şahin Əliyev tərəfindən tədris edilən proqramla bağlı tələbələrin fikirlərini əks etdirən cədvəldən görünür ki, “Elektron ünvan ” hesabı ilə 04 may 2024-cü il tarixli sorğuda iştirak edən tələbə müəllimlə bağlı bütün bəndlər üzrə əsasən aşağı qiymətlər (1, 2, 3, 1) verərək, «“Code Academy”ni başqalarına tövsiyə edərsinizmi?» sualına “xeyr” cavabı vermiş, səbəbi kimi dərsin keyfiyyətinin aşağı olmasını, dərsin “record” edilməməsi və tələbələrlə bölüşülməməsinin tələbələrin dərsi qavramasında çətinlik yaratmasını, müəllim tərəfindən “özünüz "xxxx"dan araşdırma aparmalısınız” deyilməsini, 6 ay müddətində bitə biləcək proqramın 10 ay müddətinə uzadılmasının məqsədinin əlavə gəlir gətirməkdən ibarət olmasını, müqavilənin ödənişlə bağlı bəndlərinin qanuna zidd olmasını qeyd etmiş, ödənişin geri qaytarılmaması barədə bənd müqavilədə olmasaydı, bir çox tələbənin proqramı yarımçıq qoyacağını əlavə etmişdir. Həmin tarixdə sorğuda iştirak edən digər tələbələr isə yüksək qiymətlər vermiş, dərsdən və müəllimdən narazılıq edən başqa bir tələbə olmamışdır. 29 iyun.2024-cü il tarixli sorğunun da nəticəsi müsbət olmuşdur.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış 10 iyun 2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı 03 iyun 2024-cü il tarixli müraciətində “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” dizayn proqramı öyrənmək məqsədilə Cavabdeh MMC ilə 02 fevral 2024-cü il tarixli, 11072724 nömrəli müqavilə bağladığını, ümumilikdə 1365 manat ödəniş etdiyini, lakin keçirilən dərslərin keyfiyyətsiz olduğunu, məsələ ilə bağlı dəfələrlə MMC-yə müraciət etsə də, hər dəfə yalnız dərslərin video yazısının aparılmamasına münasibət bildirilərək, tələbinin təmin edilmədiyini qeyd etmişdir. Həmçinin, 22 may2024-cü il tarixində müqavilənin 3.4-cü bəndi əsas gətirilərək vəsaitin qaytarılmayacağı barədə ona məlumat verildiyini bildirərək, istehlakçı hüquqlarının qorunmasında köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh MMC tərəfindən vətəndaşla bağlanılmış xidmət müqaviləsinə baxış keçirilən zaman müqavilənin 3.4-cü və 3.5-ci bəndlərində istehlakçıların hüquqlarının pozulması faktı aşkar edilmişdir. Qanunvericilik normalarını nəzərə alaraq, Cavabdeh MMC-nin fəaliyyətinin müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş müqavilənin nüsxəsinin, həmçinin, qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatın 5 iş günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunması xahiş edilmişdir. Əlavə olaraq, istehlakçı hüquqlarının pozulmasına görə təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları bildirilmişdir.
6. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış 21 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC 17 noyabr 2020-ci il tarixli İN/L- 437/2020 saylı əlavə təhsil müəssisələri fəaliyyətini həyata keçirməyə icazə verən Xüsusi Lisenziyaya malikdir. “Akademiya” İnformasiya Kommunikasiyaları Texnologiyaları tədrisi sahəsində kifayət qədər peşəkarlaşmış müəssisədir və məzunları həm ölkə daxilində, həm də ölkə xaricində nüfuzlu şirkətlərdə yüksək vəzifədə çalışırlar. Bu sahədə müxtəlif özəl və dövlət müəssisələri ilə əməkdaşlıq da bunu təsdiq edir. Belə ki, "xxxx" ASC-nin İT heyətinin formalaşdırılması, Elm və Təhsil Nazirliyi ilə yüksək texniki peşə ixtisas artımı üzrə fəaliyyətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə beynəlxalq standartlara uyğun yüksək texniki bacarıqlara malik işçi potensialının hazırlığı, Müdafiə Nazirliyi əməkdaşlarının beynəlxalq standartlara cavab verən biliklərə sahib olması üçün müxtəlif iri miqyaslı layihələr həyata keçirilir. İddiaçı Cavabdeh MMC-yə yaxınlaşaraq “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” tədrisi üzrə müraciət etmiş və onunla 02 fevral 2024-cü il tarixli, 11072724 nömrəli “Təhsil xidmətlərinin göstərilməsi”nə dair müqavilə bağlanmışdır. Tələbə İddiaçı müəllim tərəfindən dərslərin "xxxx"dan öyrənməsinin tövsiyə edilməsi, dərslərin videoyazısının aparılmaması və bunu tədrisin keyfiyyəti ilə əlaqələndirmişdir. Dərslərin əlavə platformalardan araşdırılaraq öyrənilməsinin tövsiyə edilməsi məsələsinə gəlincə təkcə “Akademiya”da deyil, dünyanın istənilən universitet, akademiya və ya tədris verən digər müəssisələrində dərs zamanı verilənlərdən əlavə araşdırmaların edilməsi (research), həm nəzəri, həm də praktiki biliklərini təkmilləşdirilməsi məqsədilə müxtəlif tədris materialları, onlayn tədris platformaları tövsiyə edilir. Bu isə tələbənin həmin tədris sahəsi üzrə daha çox mənbədən öyrənməsinə xidmət edir. Tədrisin sonunda tələbələr tərəfindən final layihəsi hazırlanaraq jüri qarşısında təqdim olunur və həmin təqdimat həm müəllim tərəfindən tədris zamanı öyrədilən biliklərə, həm də tələbənin tədris boyunca müxtəlif mənbələrdən etdiyi araşdırmalara əsaslanır. Bu barədə dəfələrlə tələbəyə dolğun məlumat verilsə də, tələbə İddiaçı vaxtının olmadığını əsas gətirərək bundan imtina etmişdir. Dərslərin videoqeydiyyatının aparılmaması iddiasına gəlincə isə müəssisə tərəfindən tələbəyə videoqeydiyyatın aparılacağı ilə bağlı hər hansı məlumat verilməmiş və müqavilədə də bununla bağlı heç bir öhdəlik nəzərdə tutulmamışdır. Keyfiyyət göstəricilərinə gəlincə isə keyfiyyət dedikdə müəllimin sahəyə bağlı biliyinin olması, dərs saatlarından düzgün istifadə etməsi, tədris proqramının zənginliyi, müəllimin tapşırıqları yoxlaması, sualları cavablandırması, tələbəyə dəstək göstərməsi və s. başa düşülür. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müqaviləyə baxış keçirilən zaman müxtəlif pozuntular qeydə alınmışdır. Qeyd edilmişdir ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan dispozitiv hallarla bağlı Akademiya tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Belə ki, müqavilənin icrasına vaxtında başlanılmış, heç bir ləngimə olmamış, müqavilə şərtlərindən kənara çıxılmamış və heç bir qüsura yol verilməmişdir. Tədrisin keyfiyyətinin ölçülməsi məqsədilə mütəmadi olaraq tələbələr arasında məmuniyyət sorğuları keçirilir və analiz edilir. İddiaçı da iştirak etdiyi məmuniyyət sorğusunda digər 10 tələbə tədrisdən və müəllimdən məmnun olduğunu bildirsə də, o, eyni mövzular üzrə narazılığını bildirmiş və həmin məsələlərlə bağlı müəssisə tərəfindən onunla görüş keçirilərək lazımi izahatlar verilmişdir. Tələbənin məmnunluğu müəssisənin ali məqsədlərindən biridir və buna görə də tələbəyə tədrisi ilə bağlı mümkün hər cür dəstək təklif edilsə də, tələbə qəbul etməmişdir. Bütün bunlar nəzərə alınmaqla, tələbə İddiaçı bu qaydada davranışı obyektiv xarakter daşımır və heç bir əsası yoxdur. 02 fevral 2024-cü il tarixli, 11072724 nömrəli “Təhsil xidmətlərinin göstərilməsi”nə dair müqavilənin 3.4-cü və 3.5-ci maddəsində nəzərdə tutulmuş standart şərtlərə gəlincə isə, hər bir tələbə ilə müqavilə görüş zamanı müqavilənin oxunması üçün şərait yaradılır və xüsusilə həmin maddələrin üstü rənglənərək tələbənin nəzərinə çatdırılır. Bunu tələbə İddiaçı da müqaviləsindən görmək mümkündür. Tələbə müqavilə şərtləri ilə razılaşdığı təqdirdə imzalayır və tədrisə qoşulur. Bununla belə göstərilən maddələrə müvafiq düzəlişlər olunaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir.
7. Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə nümunəsindən görünür ki, müqavilənin 3.4 və 3.5-ci bəndlərinin əvvəlinə “tədrisin keyfiyyəti ilə bağlı heç bir qüsur yoxdursa” ifadəsi əlavə edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş İddiaçı ünvanlanmış 26 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC ilə bağlı müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı həmin MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda 02 fevral 2024-cü il tarixində onunla “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” tədrisi üzrə müqavilə bağlanıldığını, tədris prosesi ərzində müəllim tərəfindən dərslərin əlavə mənbələrdən araşdırılaraq öyrənilməsinin tövsiyə edilməsi və dərs zamanı verilənlərdən əlavə araşdırmaların edilməsi, həm nəzəri, həm də praktiki biliklərin təkmilləşdirilməsi məqsədi daşıdığı, bu isə tələbənin həmin tədris sahəs üzrə daha çox mənbədən biliklərə yiyələnməsinə xidmət etdiyi bildirilmişdir. Həmçinin, tədrisin sonunda tələbələr tərəfindən final layihəsi hazırlanaraq münsiflər qarşısında təqdim olunduğu, həmin təqdimaınt həm müəllim tərəfindən tədris zamanı öyrədilən biliklərə, həm də tələbənin tədris boyunca müxtəlif mənbələrdən etdiyi araşdırmalara əsaslandığı qeyd edilmişdir. Həmçinin, dərslərin videoqeydiyyatının aparılması barədə müqavilədə hər hansı bir öhdəliyin nəzərdə tutulmadığı qeyd edilmiş və bütün bu qeyd edilənlər barədə ona ətraflı məlumat verildiyi bildirilmişdir. Eyni zamanda, məktubda müəllimin sahə ilə bağlı kifayət qədər biliyinin olduğu, dərs saatlarının səmərəli istifadə edildiyi, tədris proqramının zəngin olduğu, müəllim tərəfindən tapşırıqların yoxlanıldığı və sualların cavablandırıldığı, tələbəyə lazımi dəstəyin göstərildiyi vurğulanmışdır. Həmçinin, Cavabdeh MMC tərəfindən xidmət müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişikliklər edilmiş və nüsxəsi Dövlət Xidmətinə təqdim olunmuşdur. Müraciəti ilə əlaqədar Dövlət Xidmətinin əməkdaşı tərəfindən İddiaçı ilə saxlanılan telefon əlaqəsi zamanı o, MMC-nin mövqeyi ilə razılaşmadığını bildirmiş və razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldıra bilməsi ona izah edilmişdir. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həm qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olması qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil keyfiyyətinin aşağı olması səbəbindən Cavabdeh MMC-yə ödədiyi 1365 manat məbləğdən qoşulduğu dərslərin haqqı 422 manat çıxılmaqla, MMC tərəfindən 943 manat məbləğin tam şəkildə geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” dizayn proqramını öyrənmək məqsədilə İddiaçı ilə Cavabdeh MMC (Code Academy) arasında 02 fevral 2024-cü il tarixdə 11072724 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin ümumi dəyəri 4224 manat müəyyən edilmiş və aylıq ödəmə cədvəli tərtib edilmişdir. Dərslərin başlama tarixi 06 aprel 2024-cü il, ilk ödəniş tarixi 02 fevral 2024-cü il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikasında kompüter elmlərinin tədrisi sahəsində yüksək keyfiyyətə malik kurslardan ən qabaqcılı olduğunu iddia edən Cavabdeh MMC vasitəsilə İddiaçı qarşıya qoyduğu məqsədə rahatlıqla çatacağına ümid etdiyi üçün tərəddüd etmədən ödənişin müqavilə şərtlərinə uyğun olaraq 02 fevral 2024-cü il tarixindən etibarən həyata keçirilməsinə razılıq vermiş və ilk ay 500 manat, növbəti iki ayda isə müvafiq olaraq 425 və 440 manat, ümumilikdə 1365 manat ödəniş etmişdir. Lakin İddiaçı dərslər başlayarkən dərslərin çox keyfiyyətsiz keçirildiyinin fərqinə varmış, müəllim tələbələrə dərsləri "xxxx"dan öyrənməyi tövsiyə etmişdir. Dərslərin video yazısı (recordu) həyata keçirilməmişdir. İddiaçı bir şeyi anlamır ki, dərsləri "xxxx" vasitəsi ilə öyrəcənəkdisə, nə üçün 4224 manatlıq bir kursa qeydiyyatdan keçməli idi?! Bundan başqa, iddiaçı həftə içi işlədiyi üçün, onun oturub saatlarla digər vasitələrlə “Qrafik dizayn” proqramını öyrənməyə vaxtı olmamış və işlədiyi üçün başqa mənbələrdən axtarış etmək əvəzinə, yuxarıda adıçəkilən kurs vasitəsilə proqramı mənimsəməyi qarşısına məqsəd qoymuşdur. Dərslərin keyfiyyətsiz keçirilməsi ilə yanaşı, dərsi tədris edən müəllimin adı Cavabdeh MMC-nin rəsmi internet səhifəsində “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” dizayn proqramını tədris edən müəllimlərin siyahısında iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlanan tarixədək mövcud deyildi. Lakin iddiaçının şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Cavabdeh MMCyə müraciət ünvanlandıqdan sonra müəllimin adı kursu tədris edən müəllimlərin siyahısına əlavə edilmişdir. Lakin bununla belə, müəllimin əmək fəaliyyəti haqqında məlumatı oxuyarkən anlaşılır ki, o, heç vaxt tədris sahəsində çalışmamış, müəllim kimi fəaliyyət göstərməmişdir. Bu da onun dərsi tələbəyə düzgün çatdırmasına mane olan başlıca amillərdən biridir. Sahə üzrə Azərbaycanın ən yaxşısı olduğunu iddia edən Cavabdeh MMC-nin tədris keyfiyyəti olduqca aşağıdır. İddiaçı dəfələrlə irad bildirməsinə baxmayaraq, heç bir nəticə əldə etmədiyindən, qoşulduğu dərslər üçün nəzərdə tutulan məbləğ çıxılmaqla, ödədiyi məbləğin geri qaytarılmasını tələb edərək kursdan ayrılacağını bildirmişdir. İddiaçı sınaq dərsinə qoşulmaq təklif edilməmişdi və dərsin keyfiyyətinin bu cür olduğunu görsəydi, o Cavabdeh MMC ilə qəti şəkildə müqavilə bağlamazdı. İddiaçıya həftə içi başqa müəllimin tədris etdiyi dərslərə qoşulması təklif edilmiş, lakin həftə içi çalışdığı üçün o, bunun mümkün olmayacağını bildirmişdir. O, dərslərin keyfiyyətsiz olduğunu dəfələrlə şifahi və yazılı formada vurğulasa da, hər dəfə ancaq recordun yazılmaması iradına münasibət bildirilir və “biz sizə dərslər record ediləcək deməmişik” kimi cavablar verilir, onun işlətmədiyi cümlələr (guya mən demişəm ki, şənbə və bazar günləri gəlmək artıq məndə alınmır) ona istinad edilirdi. İddiaçı demədiyi sözlərin ona istinad edilməsi ilə bağlı da Cavabdeh MMC-yə iradını bildirmişdir. Cavabdeh MMC-nin əməkdaşları tərəfindən real problemlərə toxunulmaq əvəzinə, iddiaçının ödədiyi məbləğin geri qaytarılmaması üçün bəhanələr axtarılırdı. Son dəfə 22 may 2024-cü il tarixində e-mail vasitəsilə ödədiyi məbləğin geri qaytarılmayacağı iddiaçıya bildirilmişdir. Əsas kimi müqavilənin 3.4-cü (Təhsil alan tədris müddətinin başlamasına 5 iş günündən az qaldıqda və ya tədris müddəti başladıqdan sonra təhsil almaqdan imtina edərsə və ya hər hansı səbəbdən tədrisdə iştirak etməzsə, təhsil haqqının ödənilmiş hissəsi geri qaytarılmır) bəndinə istinad edirdilər. Ona “dərs keyfiyyətsiz olsa idi, digər tələbələr də ayrılmaq istəyərdi” deyə bildirdilər. Digər tələbələrin bu cür keyfiyyətsiz təhsilə nə üçün davam etdikləri aydındır. Müqaviləyə ödənişin geri qaytarılmayacağı ilə bağlı bənd salınmasa idi, iddiaçı əmindir ki, kursdakı tələbələrin çoxu tədrisi yarımçıq buraxardılar. Cavabdeh MMC-nin əməkdaşları müqaviləyə qeyd edilən bəndi yazsalar da, həmin bəndin qanunazidd olduğundan məlumatsızdırlar. Çünki iddiaçının kursdan ayrılma səbəbi cavabdeh MMC-nin göstərdiyi xidmətin keyfiyyətinin aşağı olması ilə əlaqədardır. İnsanları bu cür aldadaraq qazanc əldə edəcəklərini və cəmiyyətdə “kursu bütün tələbələrimiz sona qədər davam etdirir” kimi rəy formalaşdıracaqlarını zənn edirlər. Cavabdeh MMC tərəfindən ödənişin qaytarılmasından imtina edildiyi üçün iddiaçı 30 may 2024-cü il tarixində "xxxx" MMC-nin 54 saylı poçt şöbəsi vasitəsilə Cavabdeh MMC tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlamış, bunun nəticəsi ilə bağlı dəfələrlə Xidmətə müraciət etsə də, cavab məktubu yalnız 23 sentyabr 2024-cü il tarixində göndərilmişdir. İddiaçıya ünvanlanmış məktubunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh MMC ilə bağlı heç bir tədbir görməmiş, vəzifəsini icra etməkdən boyun qaçırmış, pozulmuş hüquqların bərpası istiqamətində heç bir addım atmayaraq onu yalnız MMC tərəfindən Xidmətə ünvanlanmış məktubun məzmunu ilə tanış etməklə kifayətlənmişdir. Halbuki, məktubunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti özü etiraf etmişdir ki, Cavabdeh MMC tərəfindən xidmət müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişikliklər edilmiş və nüsxəsi Xidmətə təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən xidmət müqaviləsinə dəyişiklik edilməsi MMC tərəfindən tələbələrə təqdim edilən daha əvvəlki müqavilə formasının qanunvericiliyə zidd olaraq tərtib edildiyinə əsas verir. Bu da öz növbəsində iddiaçının hüquqlarının pozulduğunu təsdiq edir.
11. İddiaya etirazın əsasını o təşkil etmişdir ki, Cavabdeh MMC 17 noyabr 2020-ci il tarixli İN/L-437/2020 saylı əlavə təhsil müəssisələri fəaliyyətini həyata keçirməyə icazə verən xüsusi lisenziyaya malikdir. “Akademiya” İnformasiya Kommunikasiyaları Texnologiyaları tədrisi sahəsində kifayət qədər peşəkarlaşmış müəssisədir. Yarandığı gündən indiyədək 10.000 nəfərdən çox tələbəni həmin sahədə yetişdirərək əmək bazarına buraxan Akademiyanın məzunları həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif nüfuzlu şirkətlərdə yüksək vəzifələrdə çalışırlar. İddiaçı Cavabdeh MMC-yə yaxınlaşaraq “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” tədrisi üzrə müraciət etmiş və onunla 11072724 nömrəli 02 fevral 2024-cü il tarixli müqavilə bağlanılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “müəllim tələbələrə dərsləri "xxxx"dan öyrənməyi tövsiyə edir. Dərslərin video yazısı həyata keçirilmir. "xxxx" vasitəsi ilə öyrəcənəkdimsə, nə üçün 4224 manatlıq bir kursa qeydiyyatdan keçməli idim?!”. Buna cavab olaraq bildirilmişdir ki, dərslərin əlavə platformalardan araşdırılaraq öyrənilməsinin tövsiyə edilməsi təkcə “Akademiya”da deyil, dünyanın istənilən universitet, akademiya və ya tədris verən digər müəssisələrində dərs zamanı verilənlərdən əlavə araşdırmaların edilməsi, həm nəzəri, həm də praktiki biliklərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tədris materialları, onlayn tədris platformaları tövsiyə edilir. Bu isə tələbənin həmin tədris sahəsi üzrə daha çox mənbədən öyrənməsinə xidmət edir. Tədrisin sonunda tələbələr tərəfindən final layihəsi hazırlanaraq jüri qarşısında təqdim olunur və həmin təqdimat həm müəllim tərəfindən tədris zamanı öyrədilən biliklərə, həm də tələbənin tədris boyunca müxtəlif mənbələrdən etdiyi araşdırmalara əsaslanır. Bu barədə dəfələrlə tələbəyə dolğun məlumat verilsə də, tələbə İddiaçı vaxtının olmadığını əsas gətirərək bundan imtina etmişdir. Dərslərin videoqeydiyyatının aparılmaması iddiasına gəlincə isə müəssisə tərəfindən tələbəyə videoqeydiyyatın aparılacağı ilə bağlı hər hansı məlumat verilməmiş və müqavilədə də bununla bağlı heç bir öhdəlik nəzərdə tutulmamışdır. İddiaçı növbəti iddiasında bildirir: “Müəllimin əmək fəaliyyəti haqqında məlumatı oxuyarkən anlaşılır ki, o, heç vaxt tədris sahəsində çalışmamış, müəllim kimi fəaliyyət göstərməmişdir. Bu da onun dərsi tələbəyə düzgün çatdırmasına mane olan başlıca amillərdən biridir. Sahə üzrə Azərbaycanın ən yaxşısı olduğunu iddia edən Cavabdeh MMC-nin tədris keyfiyyəti olduqca aşağıdır”. İddiaçının müəllimi olmuş Şahin Əliyev peşəkar dizaynerdir. Belə ki, o, 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “dizayn” ixtisasını bitirmişdir. Qrafik dizayner olaraq birçox dizayn studiyalarında çalışmış, “Volkswagen”, “Mcdonalds” “North West” “Bravo”, “Socar”, “Azercell”, “X4”, “Norm” kimi yerli və xarici brendlərin reklamlarının hazırlanmasında iştirak etmişdir. Bundan əlavə o, müəllifi olduğu “Red Jolbors” və “Felis” kimi reklam kampaniyaları üzrə mükafat qazanmışdır. Metodikaya gəlincə isə hər bir müəllim Akademiya tərəfindən işə qəbul edildikdən sonra onlara Akademik departamentin Proqram rəhbərləri tərəfindən təlimlər keçirilir. Təlimlər zamanı, həmçinin, hər tədris üzrə vahid tədris proqramı, sillabuslar təqdim olunur. Hər bir müəllim auditoriyada tədrisini vahid proqram və sillabus üzrə qurur və buna proqram rəhbəri tərəfindən ciddi nəzarət olunur. Akademiyanın keyfiyyət göstəricilərinə gəlincə isə keyfiyyət dedikdə müəllimin sahəyə bağlı texniki biliklərinin yüksək olması, professional hazırlanmış tədris kurrikulumu, yüksən keyfiyyətli texniki avadanlıqla təminat başa düşülür. Müəllimin keyfiyyət göstəricilərinə gəlincə isə bura müəllimin texniki bilik və bacarıqlarınıtələbələrə ötürmə qabiliyyəti, dərs saatlarından effektiv istifadə, tələbələrə verilmiş tapşırıqların yoxlanılması və müvafiq rəylərin verilməsi, şəffaf və ədalətli qiymətləndirmənin təmini kimi nüanslar başa düşülür. “Code Academy”nin hazırda İT tədrisi sektorunda fərqlənməsinin səbəbi də tədris keyfiyyəti və xidmətə verdiyi dəyərdir. Bu sahədə illərə dayanıqlı müxtəlif özəl müəssisələr və dövlət qurumları ilə əməkdaşlıq da bunu təsdiq edir. Belə ki, "xxxx" ASCnin İT heyətinin formalaşdırılması, Elm və Təhsil Nazirliyi ilə yüksək texniki peşə ixtisas artımı üzrə fəaliyyətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə beynəlxalq standartlara uyğun yüksək texniki bacarıqlara malik işçi potensialının hazırlığı, Müdafiə Nazirliyi əməkdaşlarının beynəlxalq standartlara cavab verən biliklərə sahib olması üçün müxtəlif irimiqyaslı layihələr həyata keçirilir. Növbəti iddiada belə qeyd olunur: “Mənə “dərs keyfiyyətsiz olsa idi, digər tələbələr də ayrılmaq istəyərdi” deyə bildirdilər. Digər tələbələrin bu cür keyfiyyətsiz təhsilə nə üçün davam etdikləri aydındır. Müqaviləyə ödənişin qaytarılmayacağı ilə bağlı bənd salınmasa idi, əminəm ki, kursdakı tələbələrin çoxu tədrisi yarımçıq buraxardılar.” Ümumiyyətlə, İddiaçı tədrisin ilk dərslərindən narazılıqlarını ifadə etmişdir və bununla bağlı olaraq onunla bir neçə dəfə görüş keçirilmişdir. Görüş zamanı onun narazılıqları dinlənilmiş və araşdırılmışdır. İddiaçı narazılıqlarını qeyd edərkən bütün qrup adından danışmış və qrupda hər kəsin narazı olduğunu bildirmişdir. Araşdırma zamanı Tələbə münasibətləri departamenti tərəfindən qrupda bir neçə kateqoriya üzrə anket sorğusu keçirilmiş, bundan əlavə şifahi olaraq da tələbələrdən tədrisin gedişatı barədə rəylər alınmışdır. Məlumat üçün qeyd edilmişdir ki, “Code Academy” tədris müddəti boyunca mütəmadi olaraq anket sorğuları təşkil edir və anket sorğularının nəticələrinə uyğun olaraq addımlar atır. Lakin İddiaçı başqa digər bütün tələbələr həm yazılı, həm də şifahi olaraq tədrisin gedişatından razılıqlarını ifadə etmiş, nəticələr barədə iddiaçı ilə növbəti görüş keçirilmiş, iddialarının əsassız olduğu bildirilmiş, buna baxmayaraq, məmnuniyyət üçün ona başqa tədris qrupuna keçmək təklif olunmuş, lakin o, bu təklifi də qəbul etməmişdir. Müqavilənin 3.4-cü və 3.5-ci maddəsində nəzərdə tutulmuş standart şərtlərə gəlincə isə, hər bir tələbə ilə müqavilə görüşü zamanı müqavilənin oxunması üçün şərait yaradılır və xüsusilə həmin maddələrin üstü rənglənərək tələbənin nəzərinə çatdırılır. Bunu tələbə İddiaçı da müqaviləsindən görmək mümkündür. Tələbə müqavilə şərtləri ilə razılaşdığı təqdirdə imzalayır və tədrisə qoşulur. İddiaçı növbəti addım olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdikdən sonra Xidmət tərəfindən bununla əlaqədar “Code Academy”yə məktub ünvanlanmış, həmçinin müqavilənin 3.4-cü və 3.5-ci maddələrinə müvafiq düzəlişlər tələb edilmişdir. Məktub “Code Academy” tərəfindən ətraflı şəkildə cavablandırılmışdır və müqaviləyə dəyişiklik üzrə tələb yerinə yetirilmişdir. İddiaçı öz ərizəsində bildirmişdir ki, “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh MMC ilə bağlı heç bir tədbir görməmiş, vəzifəsini icra etməkdən boyun qaçırmış, pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir addım atmayaraq İddiaçı yalnız ünvanlanmış məktubun məzmunu ilə tanış etmişdir”. Bununla əlaqədar olaraq bildirilmişdir ki, “Code Academy” artıq 9 ildir fəaliyyət göstərir və bu dönəm ərzində ilk dəfədir ki, tədrisin “keyfiyyətsiz” olması iddia edilərək aidiyyəti üzrə dövlət qurumuna və məhkəməyə müraciət olunur. İndiyədək heç bir tələbə ilə heç vaxt belə bir mübahisələri olmamışdır. Məhz bu baxımdan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh MMC-yə haqlı olaraq xəbərdarlıq etmiş, cərimə sanksiyası tətbiq etməmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(006)- 5107/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
13. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ona müvafiq sahə üzrə təhsil verilməsini cavabdehə həvalə etmiş və qarşılığında müəyyən məbləğdə haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə münasibətləri davam etdiyi dövrdə (bir neçə dərsdə iştirak etdikdən sonra) iddiaçının təhsilin keyfiyyətini mübahisələndirərək, dərslərdə iştirak etməkdən imtina etməsi və pulunun geri qaytarılmasını tələb etməsi, cavabdehin isə müvafiq araşdırma apararaq təhsilin keyfiyyətində, müəllimin dərsi tədris etməsində heç bir problem, habelə digər tələbələrin belə şikayətlərinin olmamasını müəyyən etməsi, habelə aralarında bağlanmış müqaviləyə istinadən ödənilmiş pulu geri qaytarmaması mübahisəsizdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz iddiasının və etirazının əsaslandığı halları sübut etmək vəzifəsi daşıyır. Bu baxımdan, iddia üzrə iddiaçının tələbləri də, cavabdehin etirazları da sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddianın və ya etirazın əsasında duran faktlar onu irəli sürən iddiaçı və ya cavabdeh tərəfindən sübut olunmadıqda məhkəmə həmin halı mövcud olmayan kimi rədd edir. Bu baxımdan hazırkı işdə təhsilin keyfiyyətini mübahisələndirən iddiaçı iddiasının əsasını təşkil edən bu halı sübut etmək vəzifəsi daşısa da, cavabdeh MMC-də keçirilən dərslərin keyfiyyətsiz olması barədə dəlilini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı bu dəlilini “dərslərin elektron vasitə ilə qeydə alınmadığına görə qavranılmasında çətinlik çəkilməsi” iddiasına cavab olaraq dərsi tədris edən müəllimin ona «"xxxx"dan araşdırma aparın» deməsi ilə əsaslandırır və bildirir ki, işlədiyinə görə, onun əlavə araşdırma aparmağa vaxtı yoxdur və əgər özü araşdırma aparsaydı, kursa bu qədər pul verməzdi. Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4.2-ci bəndində tədris proqramı çərçivəsində dərsdənkənar işlənilməsi üçün verilmiş bütün tapşırıqları tamamlayaraq təhvil verməyin təhsil alanın vəzifələrindən biri kimi müəyyən edilməsi artıq müqavilə bağlanan zaman iddiaçının dərsdənkənar tapşırıqlar olacağı barədə xəbərdar olması mənasına gəlir. Buna görə də iddiaçının işlədiyinə görə araşdırma aparmağa vaxtı olmaması barədə dəlil məhkəmə tərəfindən əsassız sayılır. Çünki dərsdənkənar tapşırıqların olacağı tərəflər arasında bağlanmış müqavilədən bəlli olur. Hətta nəzərə alınmalıdır ki, bu, dərsdənkənar tapşırıq belə deyildir, bu, sadəcə iddiaçının dərslərin qeydiyyata alınaraq sonradan yenidən təkrar məqsədli istifadə edilməsi, bununla dərslərin yaxşı qavranılacağı düşüncəsinə müəllim tərəfindən verilmiş bir cavabdır. Bu da o deməkdir ki, iddiaçı dərs keçirilib qurtarandan sonra yenidən məhz həmin dərsi dinləmək (və ya izləmək) imkanına sahib olmaq istəyini ifadə etməklə əslində keçirilən dərsin keyfiyyətsiz olduğunu yox, yenidən həmin dərsi dinləməklə (və ya izləməklə) daha yaxşı qavrayacağını etiraf etmiş olur. Əks halda, dərsin qeydiyyata alınaraq sonradan yenidən dinləmək (və ya izləmək) imkanı əvəzinə iddiaçı elə ilk dərsdən müəlliminin dəyişdirilməsini, müqaviləyə xitam verilməsini və s.-ni tələb etmiş olardı. Bu istəklə iddiaçı, həm də işlədiyinə görə araşdırmağa vaxtı olmaması barədə fikrini də təkzib etmiş olur, çünki iştirak etdiyi dərsi yenidən dinləmək (və ya izləmək) istəməsi onun əlavə vaxtı olduğunu göstərir. İddiaçı "xxxx" platformasından baxacaq olsaydı, cavabdeh MMC-yə pul ödəmədən də bunu edə biləcəyini bildirsə də, göründüyü kimi, o, müəllim tərəfindən ona dərs keçilmədiyini iddia etmir, əksinə müəllimin ona keçdiyi dərsi təkrar izləmək və ya dinləmək əvəzinə başqa mənbədən də yararlanmalı olduğunu bildirdiyini qeyd edir. Nəzərə alınmalıdır ki, həmin platforma heç bir əlavə ödəniş tələb olunmayan, əlçatan, yəni hər kəsin telefon və ya kompüter vasitəsilə çata biləcəyi və bir çox sahələr üzrə öyrədici videoların olduğu bir platformadır. Göstərilənlərə əsasən, müəllimin bu tövsiyəsi onun keçdiyi dərsin keyfiyyətinin aşağı olmasını göstərmir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının müraciətinə cavablarında haqlı olaraq hər dəfə vurğulamışdır ki, dərslərin qeydiyyata alınması kimi bir öhdəlik tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Deməli, cavabdeh MMC-də işləyən müəllimin iddiaçının həmin tələbinə alternativ kimi etdiyi tövsiyə də məcburi olmamış, sadəcə ona kömək etmək məzmununda olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddiasının əsasını təşkil edən təhsilin keyfiyyətsiz olması barədə dəlil onun tərəfindən sübuta yetirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhz bu əsasla iddiaçının iştirak etmədiyi dərslərin pulunu geri tələb etməsi də əsassızdır, çünki o, bu iddiasını sübut etməmişdir. Müqavilə şərtlərində dərs başlayandan sonra tələbə imtina etdiyi təqdirdə, ödənilmiş pulun geri qaytarılmaması barədə bəndin olması isə məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə iddiaçının hüququnu pozan hal hesab edilmir. Çünki iddiaçı bu tələbini fors-major hallar (qarşısıalınmaz qüvvənin təsiri, şəraitin əhəmiyyətli dəyişməsi nəticəsində baş vermiş hallar) kimi qiymətləndirilə bilən hallarla əsaslandırsaydı, onun iddiasının təmin edilməsi (bütünlüklə araşdırma aparıldıqdan sonra) ehtimalı istisna edilmir. Elə cavabdehin nümayəndəsi də təhsilin keyfiyyəti ilə bağlı mübahisə olmasaydı, fors-major bir hal olsaydı, ödənişi geri qaytara biləcəklərini bildirmiş, hətta cədvəl uyğun gəlmədikdə və ya tələbə xarici ölkəyə köçdükdə belə bir hal yaşadıqlarını və heç bir problem olmadan ödənişini geri qaytardıqlarını vurğulamışdır. Yəni məhkəmə vurğulayır ki, iddiaçının tələbinin təmin edilməməsinin səbəbi müqavilədə istinad olunan bəndin mövcudluğu deyil, onun iddiasını əsaslandırdığı halı – təhsilin keyfiyyətsiz olduğunu sübuta yetirməməsidir. Buna görə də müvafiq orqan tərəfindən həmin bəndin hüquqları pozan hal kimi qiymətləndirilməsi hazırkı iş üzrə məhkəmə üçün heç bir əhəmiyyət kəsb etmir. Cavabdeh MMC-nin keçməyə davam etdiyi dərslərdə iddiaçının iştirak etməməsi onun öz şəxsi mülahizəsi olmuş, yəni cavabdehin bunda təqsiri müəyyən edilməmiş, buna görə də iddiaçı müqaviləni ləğv edən anadək icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlı olmamışdır. Məhkəmə, həmçinin, iddiaçının müəllimin adının əvvəllər cavabdehin rəsmi səhifəsində olmamasını, şikayətdən sonra əlavə edilməsini mübahisələndirməsini də əsassız hesab edir. Məhkəmə hesab edir ki, bu məsələ texniki məsələdir və müəllimin yaxşı olmaması, həmin sahə üzrə ixtisaslaşmaması və s. digər mübahisələndirilən halların mövcudluğuna dəlalət etmir. İddiaçı, həmçinin, eyni qrupda olan başqa şəxslərin də ödəniş geri qaytarılacağı təqdirdə davam etməyəcəyini, onların da müəllimi və onun tədris üsulunu bəyənmədiyini bildirsə də, bu halı da sübuta yetirməmiş, cavabdeh isə bu dəlili təkzib edən sorğu və anket nəticələrini məhkəməyə təqdim etmişdir. İddiaçının həmin sənədlərin sübut kimi qəbul olunmaması barədə dəlilinə münasibətdə isə qeyd edilir ki, sənədlərin mötəbərliyini şübhə altına alacaq heç bir hal məhkəmə tərəfindən müəyyən edilməmiş, çünki iddiaçının yazdığı sorğu nəticəsi də olduğu kimi, təhrif edilmədən məhkəməyə təqdim edilmişdir. İddiaçının 4 aylıq proqramın 10 aya tədris edilməsini, bununla da cavabdehin əlavə gəlir əldə etməsini mübahisələndirməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin təklif etdiyi ofertanı olduğu kimi aksept etməsi ilə iddiaçı bütün bu şərtlərə razılığını, bu şərtlərin onun da iradə ifadəsi olduğunu nümayiş etdirmişdir. Müddət və qiymət barədə şərtlərin sonradan dəyişdirilməməsi, əvvəldən belə olmasını müəyyən edən məhkəmə iddiaçının sonradan bu şərtləri mübahisələndirməsinə baxmayaraq, bu barədə tutarlı əsasları təqdim etməməsini də nəzərə alır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324, 385, 386, 390, 404, 405, 408, 421, 423, 424, 777, 778, 779, 783, 784, 786-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətlərinin dəlillərinə görə keçirilən bütün məhkəmə iclasları zamanı onun tərəfindən təqdim edilmiş onlarla sübut hakim tərəfindən qiymətləndirilməmiş, hətta cavabdeh tərəfindən təqdim edilən kağız parçaları-imzasız, möhürsüz sənədlər belə onun haqlı olduğunu sübut etdiyi halda, məhkəmə tərəfindən həmin sənədlərə hüquqi qiymət verilməmişdir. İlk hazırlıq iclası zamanı tərəflərin təqdim etdiyi sübutlardan sonra hakim cavabdehə “Bir halda ki iddiaçı sizə bu qədər ödəniş edib və xidmətdən razı qalmayıb və nüfuzlu şirkət olduğunuzu bildirirsiniz, iddiaçının ödənişini qaytarın” demiş, cavabdehin nümayəndəsi “Qaytarsaq, vəkil xərci və rüsum istisna olmaqla, əsas məbləği qaytara bilərik” demiş, lakin cavabdehin təqsiri səbəbindən əlavə xərclər çəkdiyi üçün vəkili bu təkliflə razılaşmamışdır. Lakin sonra nə baş vermişdir ki, cavabdeh tərəfindən sonrakı iclaslarda heç bir mötəbər sübut təqdim edilmədiyi halda, hakim tərəfindən cavabdehin haqlı olduğu qənaətinə gəlinmişdir. Bildirir ki, müəllim tələbələrə “Dərsləri "xxxx"dan öyrənməlisiniz.” deyirdi. Dərsləri "xxxx" vasitəsi ilə öyrəcənəkdisə, nə üçün 4224 manatlıq bir kursa qeydiyyatdan keçməli idi. Bundan başqa, həftə içi işlədiyi üçün, onun oturub saatlarla digər vasitələrlə “Qrafik dizayn” proqramını öyrənməyə vaxtım yoxdur. İşlədiyi üçün başqa mənbələrdən axtarış etmək əvəzinə, yuxarıda adı çəkilən kurs vasitəsilə proqramı onun səməyi qarşıma məqsəd qoymuşdu. Dərslərin digər mənbələrdən öyrənilməli olduğunu eyni zamanda Cavabdeh MMC özü mənə ünvanladığı e-maildə etiraf etmişdir. Lakin nə müqavilədə, nə də kursa yazılmazdan əvvəl keçirilmiş konsultasiyada mənə bu cür məlumat verilmişdir. Dərslərin keyfiyyətsiz keçirilməsi ilə yanaşı, qeyd edir ki, bizə dərsi tədris edən müəllimin (Şahin Əliyev) adıCavabdeh MMC-nin rəsmi internet səhifəsində “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” dizayn proqramını tədris edən müəllimlərin siyahısında tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlanan tarixədək mövcud deyildi (sübut məhkəməyə təqdim edilmişdir). Lakin şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə müraciət ünvanlandıqdan sonra müəllimin adı kursu tədris edən müəllimlərin siyahısına əlavə edilmişdir. Məhkəmə tərəfindən hesab edilmişdir ki, bu texniki məsələdir. Eyni zamanda məhkəmə prosesində Cavabdeh MMC-nin nümayəndəsi elə bir öhdəlikləri olmadığını qeyd etmişdir. Əgər texniki məsələ idisə və ya cavabdehin elə bir öhdəliyi yox idisə, nə üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətimdən dərhal sonra müəllimin adı siyahıya əlavə edilmişdir. Digər tərəfdən müəllimin əmək fəaliyyəti haqqında məlumatı oxuyarkən anlaşılır ki, o, heç vaxt tədris sahəsində çalışmamış, müəllim kimi fəaliyyət göstərməmişdir. Bu da onun dərsi tələbəyə düzgün çatdırmasına mane olan başlıca amillərdən biridir. Qətnamədə hakim tərəfindən bu hissəyə ümumiyyətlə toxunulmamışdır. Halbuki hər iclasda nümayəndəsi bunu vurğulamış, məhkəməyə Cavabdeh MMC-nin rəsmi internet səhifəsindən götürülmüş sənəd təqdim edilmişdir. Qeyd edir ki, bundan başqa, ona sınaq dərsinə qoşulmaq təklif edilməmişdi. Əgər qoşulsaydı, dərsin keyfiyyətinin aşağı olduğunu görər, Cavabdeh MMC ilə qəti şəkildə müqavilə bağlamazdır. Cavabdeh tərəfindən təqdim edilmiş “2022-2024 anket nəticələri” barəsindəki kağız parçasından da aydın olur ki, tələbələr Cavabdeh MMC-nin texniki resurslarından şikayətçidirlər. Yəqin ki, bu səbəbdən tələbəyə dərsi başqa mənbələrdən öyrənməyi tövsiyə edirlər. Lakin məhkəmə tərəfindən bu hissəyə də toxunulmamışdır. Hakim yuxarıda qeyd etdiyi anket nəticələrinə münasibət bildirməmək və “Youtube pulsuz mənbədir, bu qədər ödəniş edən adam həmin mənbədən istifadə edəcəkdisə, onda Cavabdeh MMC nə iş görür?” sualını verməmək bir tərəfə, cavabdehin nümayəndəsinin məhkəmədə “Universitetlər də o qədər pul alır, başqa mənbələrdən araşdırma tələb edirlər” deməsinə dəstək olmuş, hətta “4000-dən də çox alan universitetlər var” demişdir. Lakin nümayəndəsi tərəfindən bildirilmişdir ki, bir universitetdə 2 semestrdə ən azı 10 fənn olsa və illik təhsil haqqı 4000 manat olsa, bu bir fənn üçün sadəcə 400 manat edir. Cavabdeh MMC isə 10 aylıq kurs üçün 4224 manat ödəniş alır. Eyni zamanda bildirir ki, Cavabdeh MMC universitet deyil, sadəcə bir kurs mərkəzidir. Nümayəndəsinin bütün sübutlarına laqeyd yanaşan hakim, bu hissədə də qeyri-adi mövqe sərgiləməmişdir. Nümayəndəsi həmin kursun qiymətini müxtəlif mənbələrdən araşdırdığını, kursun müddətinin hər yerdə 4 ay, ödənişinin isə fərdi müəllimlə hazırlaşdıqda 100-150, kursda isə 200-250 manat olduğunu bildirmişdir. Onun hələ kurs başlamazdan əvvəl kursun dəyərinin 1/4-dən çox hissəsini ödəməyi özü sübut edirdi ki, məqsədi kursu mənimsəmək olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi onun oxumaq istəyim olmadığını bildirmişdir. Qeyd edir ki, onun oxumaqla bağlı heç bir zaman problemi olmamışdır. Belə ki, Azərbaycan Respublikasında mühəndislik (bakalavr) sahəsində təhsil aldıqdan sonra, İtaliya Respublikasının iki nüfuzlu universitetində iqtisadiyyat və hüquq üzrə bakalavr və magistr pillələri üzrə təqaüdlə təhsil almışdır. Eyni zamanda bildirir ki, hələ kursa yazılmamışdan əvvəl onunla konsultasiya keçən nümayəndə ona dərsi başqa mənbələrdən öyrənməli olduğu bildirməmiş, əksinə onu yüksək keyfiyyətli təhsillə təmin edəcəklərini qeyd etmişdir. Qətnamənin 40-cı bəndi isə tamamilə cəfəngiyyatdır. Hakim müqaviləni oxumuş, lakin yenə öz mülahizəsinə əsasən şərh etmişdir. Müqavilənin fors-major bəndində, ödənişin qaytarılması ilə bağlı heç bir bənd mövcud deyil. Bu hissədə də hakim üçün təqdim edilən sübutlar deyil, bütün iclas boyu “nüfuzlu şirkət” olduqlarını qeyd edən, bunu sübut edə biləcək bir dənə də olsun dəlil gətirə bilməyən cavabdehin nümayəndəsinin dediyi sözlər əsas götürülmüşdür. Bildirim ki, Cavabdeh MMC tərəfindən qeyri-bərabər şərtlərlə müqavilə bağlanması barədə şikayət ərizəsi Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti tərəfindən qiymətləndirilmiş, iki səhifəlik məktubla Cavabdeh MMC-yə irad bildirildikdən sonra, MMC tələbələrlə bağladığı müqavilə şablonuna düzəliş etmişdir. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin məktubundan aydın olur ki, Xidmət cavabdeh tərəfindən tələbələrinin hüquqlarının pozulduğunu əsas gətirərək, müqavilə formasına düzəliş edilməsini tələb etmiş, qanunvericilikdə bu cür hallara görə cərimə nəzərdə tutulduğunu bildirmişdir. Lakin hakim sadə mətni düzgün anlamamış, qətnamənin 30-cu bəndində guya Cavabdeh MMC-nin tövsiyəyə istinadən öz şablon müqavilə nümunələrində həmin bəndlərə dəyişiklik etdiklərini qeyd etmişdir. Bildirmək istəyir ki, bu bir tövsiyə deyil, tələb idi. Birinci instansiya məhkəməsinin hakimi qətnaməni onun tərəfindən deyilməmiş sözləri ona istinad edərək çıxarmışdır. Belə ki, qətnamənin 35-ci bəndində qeyd edilib ki, “Belə ki, iddiaçı bu dəlilini “dərslərin elektron vasitə ilə qeydə alımadığına görə qavranılmasında çətinlik çəkilməsi” iddiasına cavab olaraq dərsi tədris edən müəllimin ona "xxxx"dan araşdırma aparın” deməsi ilə əsaslandırır”. Eyni zamanda qətnamənin 37-ci bəndində qeyd edilib ki, “Hətta nəzərə alınmalıdır ki, bu dərsdənkənar tapşırıqlar belə deyildir, bu, sadəcə iddiaçının dərslərin qeydiyyata alınaraq sonradan yenidən təkrar məqsədli istifadə edilməsi, bununla dərslərin yaxşı qavranılacağı düşüncəsinə müəllim tərəfindən verilmiş bir cavabdır.” Hakim qətnamədə haradan uydurduğu bəlli olmayan bu istinadlarından elə anlaşılır ki, müəllimlə aralarında olan söhbət zamanı hakim özü də orada iştirak edib. Bildirmək istəyir ki, heç bir məhkəmə iclasında onun tərəfindən belə bir ifadə işlədilməmişdir. Bütün iclaslara başdan sona qədər baxıla bilər. Ümumiyyətlə məhkəmə proseslərində o məsələyə toxunulmamışdır. Müddəti 10 ay və qiyməti 4224 manat olan bir təlimdə müəllim yalnız ona deyil, bütün tələbələrə “Dərsi Youtube vasitəsilə öyrənin” demiş, Cavabdeh MMC mənə ünvanladığı e-maildə “tələbələrin dərsi başqa mənbələrdən araşdırmalı” olduğunu qeyd etmişdir. Dərslərin video qeydiyyatının aparılmaması iradınımən Cavabdeh MMC-nin əməkdaşlarına bildimişəm. Çünki bu məsələnin həlli müəllimin deyil, cavabdehin səlahiyyətindədir. Müəllimlə onların arasında məhkəmənin istinad etdiyi söhbət (dərslərin elektron vasitə ilə qeydə alımadığına görə qavranılmasında çətinlik çəkməyim səbəbindən müəllimin "xxxx" platformasından istifadə etməyimi tövsiyə etməsi) ümumiyyətlə baş tutmayıb. Hakim çıxardığı qətnaməni əsaslandırmaq üçün yalan məlumatlara istinad etmişdir. Qətnamənin 37-ci bəndində eyni zamanda o da qeyd edilmişdir ki, “...iddiaçı elə ilk dərsdən müəllimin dəyişdirilməsini, müqaviləyə xitam verilməsini və s. tələb etmiş olardı.” Bildirmək istəyir ki, onun digər dərslərə qoşulmağı o demək deyildi ki, o şikayət etməmişdir. O elə ilk dərslərdən Cavabdeh MMC-yə iradımı bildirmişdir. Dərslərin keyfiyyətsiz olduğunu dəfələrlə şifahi və yazılı formada vurğulamışdım. Lakin ödəniş etdiyi üçün Cavabdeh MMC tərəfindən məsələnin həlli istiqamətində addım atılana qədər digər dərslərə məcburiyyət qarşısında qoşulmalı olurdu. Qətnamənin 36-cı bəndində qeyd edilmişdir ki, “Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4.2-ci bəndində tədris proqramı çərçivəsində dərsdənkənar işlənilməsi üçün verilmiş bütün tapşırıqları tamamlayaraq təhvil verməyin təhsil alanın vəzifələrindən biri kimi müəyyən edilməsi artıq müqavilə bağlanan zaman iddiaçının dərsdənkənar tapşırıqlar olacağı barədə xəbərdar olması mənasına gəlir. Buna görə də iddiaçının işlədiyinə görə araşdırma aparmağa vaxtı olmaması barədə dəlil məhkəmə tərəfindən əsassız sayılır. Çünki dərsdənkənar tapşırıqların olacağı tərəflər arasında bağlanmış müqavilədən bəlli olur.” Bütün iclas boyu susmaq, ya da cavabdehin vəkilliyini etmək əvəzinə, hakim bu hissənin nə anlama gəldiyini nümayəndəsindən, ya da cavabdehin nümayəndəsindən soruşsaydı, məsələnin onun anladığı kimi deyil, fərqli olduğunu tərəflər ona izah edərdilər. Hakim də qətnaməni öz mülahizəsinə uyğun olaraq çıxarmaq məcburiyyətində qalmazdı. Dərsdənkənar tapşırıq, dərsdə öyrəndiklərinin daha yaxşı mənimsənilməsini və ona uyğun ev tapşırıqlarının hazırlanmasını bildirir. "xxxx" platformasından əlavə araşdırmalar aparmağı deyil. Dərsdə keçirilənlərin qeydiyyatını aparmağıma baxmayaraq, ev tapşırıqları işləyərkən məlum olurdu ki, dərsdə müəllim tərəfindən izah edilənlər ev tapşırıqlarını həll etməyə kifayət etmir. Bu da keyfiyyətin aşağı olduğunu sübut edir. Bundan başqa, qətnaməni oxuyarkən məlum olur ki, hakim iş üzrə təqdim edilən sübutları qiymətləndirmək əvəzinə, qətnamənin əsaslandırılmış, dolğun görünməsi üçün Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş etirazın və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış, içərisində qeyd edilən məlumatların həqiqiliyini əks etdirən bir dənə də olsun sübut təqdim edilməmiş, söz yığınından ibarət olan mətnini dəfələrlə başdan sona qədər köçürmüşdür. Tərəflərə qarşı neytral mövqedən çıxış etmək əvəzinə, cavabdehin mövqeyindən çıxış edən, ona “vəkillik” edən hakimin eyni mətni dəfələrlə köçürməsinin əsas səbəbi cavabdeh tərəfindən təqdim olunan sənədlər içərisində heç bir mötəbər dəlilin olmamasına əsaslanır. Hətta cavabdeh tərəfindən təqdim edilmiş tələbə rəylərinin (həmin rəylərdə 11 nəfərdən sadəcə 1 nəfər Cavabdeh MMC-nin keyfiyyətini, 1 nəfər isə təhsil səviyyəsini bəyəndiyini bildirmişdir) cavabdehin deyil, onun xeyrinə olduğunu bildirən vəkilnümayəndəsi tərəfindən rəylər oxunarkən hakim tərəfindən onun sözü kəsilmişdir. Heç bir irəliləyiş olmadığını gördüyüm üçün son dərsi yarımçıq buraxıb dərsi tərk etməyimə və nümayəndəm tərəfindən həmin günün kamera görüntülərinin tələb edilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən davamiyyət cədvəli olaraq təqdim edilmiş və mənim həmin dərsdə iştirak etdiyimi göstərən möhürsüz-imzasız, kimin hazırladığı bəlli olmayan sənədi hakim sübut kimi qəbul etdiyini və köməkçisinə protokola salınmasını bildirmişdir. Nümayəndəsi tərəfindən buna etiraz edilmişdir. Bütün iclaslarda cavabdehin nümayəndəsi yalnız “Biz nüfuzlu şirkətik. Cavabdeh bir brenddir.” demiş, lakin dediyi sözlərə heç bir sübut təqdim edə bilməmişdir. Vəkilinin keçirilən bütün iclaslarda “Keyfiyyətli təhsil verdiyinizi və minlərlə tələbəniz olduğunu iddia edisinizsə, tələbələrdən neçə nəfərin diplom aldığı barədə rəsmi sənəd təqdim edin” tələbinə Məhkəmə tərəfindən məhəl qoyulmamış, yalnız ikinci hazırlıq iclası bitdikdən sonra cavabdehə “Tərəf həmin sənədi istəyir, siz də çalışın gətirin” deyilmiş, cavabdeh isə həmin sübutu təqdim edəcəyi təqdirdə təhsil müəssisənin keyfiyyətinin hansı səviyyədə olduğunun üzə çıxacağından ehtiyat etdiyi üçün “Şirkətə deyərəm, amma sənədi verməsələr belə, gəlib baxış iclasında yenə eyni sözləri deyəcəyəm” kimi cümlələr işlətmişdir. Təbii ki, cavabdeh baxış iclasında həmin sübutu təqdim etməmiş, nə üçün təqdim etmədiyi heç hakimin marağında belə olmamış, cavabdehdən bunun səbəbi soruşulmamışdır. Həmin sənədin əvəzinə cavabdehin məhkəməyə sübut kimi təqdim etdiyi yeganə möhürlü-imzalı sənəd saxtalaşdırılmış rəqəmlərdən ibarətdir, məlumatlar düzgün əks etdirilməmişdir. Belə ki, tələbə saylarını illər üzrə cəmləyərkən, yekunda 35 tələbə az qeyd edildiyi diqqətdən qaçmır. Cavabdehin bu cür saxtalaşdırılmış məlumatı nə üçün hazırlıq deyil, baxış iclasında təqdim etməsinin səbəbi məlumdur. Həmin sənəd belə onun haqlı olduğunu göstərsə də, hakim elementar riyazi hesablama tələb edən həmin sənədə laqeyd yanaşmış, sənədlə tanış olmağa zaman ayırmamış, sənəddə qeyd olunan rəqəmlərdəki uyğunsuzluğun səbəbini araşdırmaqda maraqlı olmamışdır. Sübutların saxtalaşdırılması məhkəməni yanıltmağa xidmət edib. İllər üzrə tələbələrinin sayının çox, lakin cəmdə 35 nəfər az göstərilməsi nəticəsində ilk baxışdan elə anlaşılır ki, guya kursu müvəfəqiyyətlə bitirən tələbələrin sayı çox olub. Yuxarıda istinad olunanlardan da göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmış, işin ədalətli həlli baxmından əhəmiyyətli olan sübutlar qiymətləndirilməmiş, hakim qətnamənin bir çox hissəsində sübutları öz mülahizəsinə uyğun açıqlamışdır. Yalnız onun deyil, eyni zamanda cavabdehin təqdim etdiyi imzasız, möhürsüz, məlumatları saxtalaşdırılmış sübutlar da mənim haqlı olduğumu göstərdiyi halda, hakim tərəfindən təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verilməmiş, məhkəmə tərəfindən yalnız cavabdehin mənafeyindən çıxış edilmiş və cavabdehin nümayədəsinin sözlə ifadə etdikləri əsasında qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə tərəfindən onun hüquqları pozulmuş, proses zamanı onun tərəfindən deyilməmiş sözlər ona aid edilmiş və düzgün olmayan qətnamə qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.1-ci və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh məhkəməni yanıltmış, baxış iclası zamanı içərisindəki məlumatlar saxtalaşdırılmış sənəd təqdim etmişdir. Hüquqi şəxsin hüquqi şəxsi təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi tərəfindən sənədlərin saxtalaşdırılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət hesab edilir və məsələ ilə əlaqədar tərəfindən aidiyyəti üzrə tədbir görüləcəkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: - peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; - vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, keçirilən bütün məhkəmə iclasları zamanı onun tərəfindən təqdim edilmiş onlarla sübut hakim tərəfindən qiymətləndirilməmiş, hətta cavabdeh tərəfindən təqdim edilən kağızlar - imzasız, möhürsüz sənədlər belə onun haqlı olduğunu sübut etdiyi halda, məhkəmə tərəfindən həmin sənədlərə hüquqi qiymət verilməmişdir.
24. Məhkəmə kollegiyası tərəfindən şikayətin bu dəlili iş materialları ilə birlikdə araşdırılsa da təsdiqini tapmamışdır, birinci instansiya məhkəməsi tərəfindən ətraflı və düzgün araşdırma aparılmış, hər 2 tərəfin təqdim etdiyi sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq qiymətləndirilmişdir.
25. Şikayəti digər dəlili ondan ibarətdir ki, qətnamədə və məhkəmə iclas protokolunda iddiaçının işlətmədiyi ifadələr qeyd olunmuşdur.
26. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, AR MPM-nin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. İş materiallarında da göründüyü kimi iddiaçı və ya onun nümayəndəsi protokolla tanış olmamış və ona qeydlər verməmişdr.
27. Apellyasiya şikayətinin digər dəlilləri iddianın əsaslandırılması ilə eyniyyət təşkil edir, bu dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət veridiyindən məhkəmə kollegiyası bü xüsusatlarla bağlı əlavə araşdırma və qiymətləndirmə aparmağa zərurət görmür.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(006)- 5107/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(006)- 5107/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.