Məhkəmə qərarları › İş №2(103)-1691/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1691/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1691/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh13, Cavabdeh11, Cavabdeh12, Cavabdeh5, Cavabdeh10, Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi tələbinə dair” 2(011)-5028/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeryilərinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 3950 manat, Cavabdeh2 7182 manat, Cavabdeh3 6325 manat, Cavabdeh6 10500 manat, Cavabdeh4 3591 manat, Cavabdeh7 11265 manat, Cavabdeh8 5460 manat, Cavabdeh13 2583 manat, Cavabdeh11 1470 manat, Cavabdeh12 2415 manat, Cavabdeh5 54230 manat, Cavabdeh10 6762 manat, Cavabdeh9 3675 manat pulun məcburi qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-2019-cu illər ərzində idarə etdiyi **-ZU-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobili ilə un dəyirmanlarından un alıb çörək sexlərinə vermiş və hər ayın sonunda verdiyi unların pullarını yığmışdır. Tərəflər arasında şifahi və nisyə alğı-satqı münasibətləri formalaşmışdır. Qeyd olunan qaydada iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh13, Cavabdeh11, Cavabdeh12, Cavabdeh5, Cavabdeh10 və Cavabdeh9 çörək sexlərinə mütəmadi olaraq nisyə un vermiş və ayın sonunda onlardan pullarını almışdır. 2018-ci ilin sonu-2019-cu ilin əvvəllərində cavabdehlərdə aldıqları unun pulunun verilməsində problemlər yaranmış və nəticədə cavabdehlər Cavabdeh1 3762 manat, Cavabdeh2 6840 manat, Cavabdeh3 6024 manat, Cavabdeh6 10000 manat, Cavabdeh4 3420 manat, Cavabdeh7 10729 manat, Cavabdeh8 5200 manat, Cavabdeh13 2460 manat, Cavabdeh11 1400 manat, Cavabdeh12 2300 manat, Cavabdeh5 51648 manat, Cavabdeh10 6440 manat, Cavabdeh9 3500 manat məbləğində aldıqları unun pulunu qaytarmamaqla iddiaçıya borcu yaranmış, iddiaçının dəfələrlə cavabdehlərdən satdığı unların pullarını tələb etməsinə baxmayaraq, cavabdehlər borclarını verəcəklərinə söz versələr də, bu günə kimi vədlərinə əməl etməmiş, borclarını ödəməmişlər. Cavabdeh1 02 mart 2019-cu il tarixli qəbzində İddiaçı 3762 manat borcu olduğunu təsdiq etmişdir. Cavabdeh2 01 mart 2019-cu il tarixli qəbzində İddiaçı 6840 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh3 01 mart 2019-cu il tarixli qəbzində İddiaçı 6024 manat borclu olduğunu təsdiq etmişdir. Cavabdeh4 14 iyun 2019-cu il tarixli qəbzində İddiaçı 3420 manat undan borclu qaldığını etiraf etmişdir. Cavabdeh6 İddiaçı 10000 manat aldığı una görə borclu olmasını 11 fevral 2014-cü il tarixli kredit müqaviləsi bağlamaqla təsdiqləmişdir. Cavabdehlər iddiaçının pul vəsaitini aralarında olan şifahi razılaşmaya görə vaxtında, yəni un məhsulunu aldıqları ayın sonunda qaytarmadıqlarına və həmin pul vəsaitindən əsassız istifadə edərək varlandıqlarına görə həmin məbləğlərdən Milli Bankın uçot dərəcəsinə uyğun olaraq borc məbləğindən əlavə faizlər də ödəməlidirlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 6024 (altı min iyirmi dörd) manat, Cavabdeh7 480 (dörd yüz səksən) manat, Cavabdeh9 1850 (bir min səkkiz yüz əlli) manat, Cavabdeh10 1400 (bir min dörd yüz) manat, Cavabdeh2 3840 (üç min səkkiz yüz qırx) manat, Cavabdeh12 1700 (bir min yeddi yüz) manat, Cavabdeh4 3000 (üç min) manat, Cavabdeh6 10000 (on min) manat və Cavabdeh1 3762 (üç min yeddi yüz altmış iki) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfdən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(102)-4707/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-3385/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh6 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Cavabdeh6 spellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun qeyd edilən məhkəmə qətnaməsinin mövcudluğundan xəbəri olmamış və məhkəmə iclaslarına rəsmi cağırılmamışdır. Qətnamənin mövcudluğundan digər cavabdehlərdən məlumat almış və yalnız bundan sonra qətnaməni rəsmi əldə etməkdən ötrü 01 sentyabr 2021-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Qətnaməni rəsmi qaydada əldə etdiyi tarixdən, yəni 03 dekabr 2021-ci il tarixindən apellyasiya şikayəti vermək hüququ yaranmışdır. İddiaçı ilə aralarında işgüzar münasibətlər mövcud olmuş, mütəmadi olaraq cavabdehin işlətdiyi çörək sexini unla təmin etmiş və işgüzar münasibətlər zəmnində cavabdehin ona 2014-cü ilə qədər 10000 manat borcum yaranmışdır. Həmin borcun təminatı kimi 11 fevral 2014-cü il tarixdə iddiaçı ilə kredit müqaviləsi bağlamışlar. 2016-cı ilə qədər qeyd olunan məbləği hissə-hissə olaraq iddiaçıya tam ödəmişdir. Lakin buna baxmayaraq iddiaçı ona qarşı əsassız iddia tələbi irəli sürmüşdür. Digər tərəfdən, iddiaçı ilə aralarında olan kredit müqaviləsinin müddəti bir illik olduğundan, eləcə də, həmin müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən iddiaçının cavabdehə qarşı sürdüyü iddia iddia müddətinin ötürülməsi ilə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh6 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, o, iddiaçıya olan borcunu tam ödəyib və hazırda onun iddiaçıya hər hansı borcu yoxdur. Həmçinin, iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edərək, qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsini iddia müddətini ötürməklə məhkəməyə vermişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini qəbul etmədi və məhkəmədən onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən – iddianın Cavabdeh6 qarşı təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh6 qarşı təmin edilməsi hissəsində yoxlanılır. İş materiallarından görünür ki, Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiq edilmiş 11 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh6 10000 (on min) manat məbləğində pul vəsaitini kredit vermişdir. Cavabdeh6 kredit borcunu 11 fevral 2015-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh6 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılması təmin edilmədiyi üçün onun məhkəmə iclasında iştirak etmək, iddiaya qarşı mövqeyini bildirmək, iddia müddətinin tətbiq edilməsi barədə müraciət etmək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2, 387.2.2-ci maddələrinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Cavabdeh apellyasiya şikayətində, eləcə də məhkəmə iclasında iddiaçıya olan borcunu ödədiyini iddia etsə də, buna dair hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir, bu halda isə borcun Cavabdeh6 tərəfindən ödənilməsi sübuta yetirilməmiş olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hazırkı iddia tələbinin iddia müddəti ötürülməklə verilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilini isə əsaslı sayır. Belə ki, tərəflər arasında bağlanmış 11 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən müqavilə 1 il müddətinə bağlanılmışdır, yəni Cavabdeh6 11 fevral 2015-ci il tarixə 10000 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəlik üzrə iddia müddətinin axımı 11 fevral 2015-ci il tarixdən başlansa da, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və yalnız 01 avqust 2020-ci il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (373.2-ci, 377.2-ci maddələr). Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən- iddianın Cavabdeh6a qarşı təmin edimiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia Cavabdeh6 münasibətdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(011)-5028/2020 saylı qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh6 qarşı təmin edilmiş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh6 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar