Məhkəmə qərarları › İş №2(103)-1692/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1692/2021

04.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1692/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X5 oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1110/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 15, 6 saylı mənzilin açıq hərracda satılaraq, satışdan əldə olunmuş məbləğin paylarına mütənasib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 15 saylı evin 6 saylı mənzili AR X6 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən mənzilin 1/3 hissəsi iddiaçının, 2/3 hissəsi isə Cavabdeh olmaqla paylara bölünmüşdür. Mənzil ümumilikdə 128.7 kv.m sahədən ibarət üç otaqlı mənzildir. İddiaçı tam mənzili cavabdehin keçmiş həyat yoldaşı X2 Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən 256000 manat pul ödəyərək almışdır. Lakin sonradan məlum olmuşdur ki, həmin mənzilə Cavabdeh 2/3 hissədə pay hüququ vardır. Mənzilin paylara mütənasib satılıb bölünməsində cavabdehlə hüç cür razılığa gəlmək mümkün olmamışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 1769/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Ondan sonra iddiaçı cavabdehə payının alması ilə bağlı təklif göndərmişdir. Lakin cavabdehlə razılaşma əldə etmək mümkün olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1110/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 15, 6 saylı mənzil açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait İddiaçı və Cavabdeh paylarına mütənasib bölünməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1110/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Yasamal rayon Məhkəməsinin 2(004)-1110/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi qanunsuz və əsasız olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra “MPM” adlanır) 138-ci maddəsinin müddəalarına zidd olaraq iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmişdir. Bunun nəticəsində hazırki iş üzrə cavabdeh məhkəmədə öz hüquqularını müdafiə etmək hüququndan qanunsuz məhrum edilmişdir. Cavabdeh Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən yalnız xx.xx.2020-ci il tarixdə xəbər tutub məhkəməyə gələrək həmin qətnaməni əldə etmişdir. Bu səbəbdən və MPM-nin 360-cı maddəsinə əsasən Cavabdeh Yasamal rayon Məhkəməsinin 2(004)-1110/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən xx.xx.2020-ci il tarixindən etibarən apellyasiya şikayəti vermək hüququ var. MPM-nin 240.1.1-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməmiş tərəf MPM ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə işə qiyabi icraatda baxılmasına yol verilmir. Eyni zamanda, MPM-nin 134-cü maddəsi ilə nəzərdə tutulmuş tərəfə məhkəmə sənədlərini rəsmi qaydada vermilməsi qaydası pozulmuşdur. Bu prosessual pozuntular nəticəsində cavabdehin MPM-nin 2-ci və digər maddələrində təsbit olunmuş hüquqları ciddi surətdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlanır) 220.4.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Yasamal rayon Məhkəməsi sözü gedən qətnaməsində MM-nin 220.6.-cı maddəsinə istinad etsə də, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığını əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X5 oğlu apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məkəməsinin iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 15, 6 saylı mənzil tərəflərin paylı mülkiyyətindədir, tərəflər iddiaçıya məxsus payın bölünməsi barədə öz aralarında razılığa gəlməmiş, məhkəmə qərarına əsasən payların naturada ayrılması mümkün olmamış, iddiaçının ona məxsus payın cavabdehə alınmasına dair təklif göndərilmiş, həmin təklif cavabdeh tərəfindən cavabsız qalmışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-1769/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair iddiası təmin olunmamışdır. Həmçinin, iş materiallarından (47 və 48-ci səhifəsində) görünür ki, İddiaçı tərəfindən ona məxsus payın alınması Cavabdeh təklif olunmuş, həmin təklif ünvan 1 mənzil 27 ünvana göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin vəkili və nümayəndəsi cavabdehin yuxarıda qeyd edilən ünvanda yaşamadığını bildirsə də, hansı ünvanda yaşaması barədə də məlumat verə bilməyərək, cavabdehin kirayədə yaşadığını göstərmişdir.Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən ona məxsus payın alınmasının Cavabdeh təklif olunması barədə məktubun çatdırılmadığı barədə dəlillərini təsdiq edəcək sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 15, 6 saylı mənzil açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait İddiaçı və Cavabdeh paylarına mütənasib bölünməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 1110/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar