Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1697/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2(011)-8044/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 2238,60 manat pulun və ödənilmiş 42,40 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2(011)- 8044/2021 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia rədd olunmuş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı tərəflər razılığa gələrək, məhkəməyə barışıq sazişi və barışıq sazişinin təsdiq olunması barədə ərizə təqdim etmiş, ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, sədrlik edənin hakimin məruzəsini, tərəflərin izahatlarını və 01 mart 2022-ci il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 01 mart 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə görə;
1. Cavabdeh öz üzərinə götürür ki, 2238,60 manat icarə haqqının və 42,40 manat dövlət rüsumunun 1200 (bir min iki yüz) manat hissəsini 15 mart 2022-ci il tarixədək birdəfəlik ödəyir.
2. Cavabdeh bu sazişin 1-ci bəndində göstərilən məbləği ödəyəcəyi təqdirdə İddiaçı MMC iddianın yerdə qalan hissəsindən imtina edir. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:
1. Cavabdeh öz üzərinə götürür ki, 2238,60 manat icarə haqqının və 42,40 manat dövlət rüsumunun 1200 (bir min iki yüz) manat hissəsini 15 mart 2022-ci il tarixədək birdəfəlik ödəyir.
2. Cavabdeh bu sazişin 1-ci bəndində göstərilən məbləği ödəyəcəyi təqdirdə İddiaçı MMC iddianın yerdə qalan hissəsindən imtina edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2(011)- 8044/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.