Məhkəmə qərarları › İş №2(103)-1697/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1697/2025

24.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1697/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X11 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3249491Vəkil, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər X4, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)-3506/2024 nömrəli qətnaməsindən cavabdeh X3 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 020815 nömrəli, 11 avqust 1993-cü il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 20 iyul 1993-cü il tarixli, 131/47 saylı sərancamı ilə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, 12 saylı evin 45 saylı mənzili İddiaçı verilmiş, ailə tərkibi kimi qızı N.T.Musazadə qeyd edilmişdir

2. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 02 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 37 saylı, 17 aprel 2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzildə qeydiyyatdadır və mənzil sahibidir. Göstərilən mənzildə Ağdam rayonundan məcburi köçkün ailəsi məskunlaşmışdır: X9, onun həyat yoldaşı X6, övladları Cavabdeh2, Cavabdeh3, gəlni X12.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9, X6, Cavabdeh3, X12, Cavabdeh2 və Cavabdeh4 və onların azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia dəqiqləşdirilmişdir)

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 saylı evin 1 otaqlı sahəsi 16,59 kv.metr olan 45 saylı mənzili ona 2 nəfər ailə tərkibi ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 20 iyul 1993-ci il tarixli 131/47 saylı sərancamı ilə verilmiş və bu sərəncam əsasında ona 020815 saylı, 11 avqust 1993-cü il tarixli order verilmişdir. Bundan sonra onun adına həmin mənzil üçün şəxsi hesab vərəqəsi açılmış və o, bu mənzilə pasport qeydiyyatına düşmüşdür. Qarabağ işğal olunan zaman cavabdeh ailəsi ilə birlikdə Ağdam rayonundan Bakı şəhərinə köçərək, çətin və ağır bir məcburi köçkün həyatı yaşadıqları vaxtda onun mənzilində məskunlaşdılar. Məhz doğma yurd-yuvanın itirilməsinin necə ağır olduğunu bildiyinə görə və Qarabağ torpaqları erməni işğalçıları tərəfindən işgal olunan zamanı Ağdam rayonundan Bakı şəhərinə pənah gətirən məcburi köçkün ailəsinə hər bir Azərbaycanlı ailəsi kimi qucaq açaraq öz mənzilində müvəqqəti olaraq məskunlaşmasına heç bir iradı olmamışdır. Qarabağ torpaqları erməni işğalçılarından azad olunmayınca Ağdam rayonundan məcburi köçkün düşmüş cavabdehlərin ailəsini narahat etmədi. Qarabağ torpaqları erməni işğalçılarından azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev dəfələrlə öz çıxışlarında Qarabağa “Böyük Qayıdışın” yaxın zamanlarda başlayacağını bildirmişdir. Bu yaxınlarda da Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi cənab Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirmişdir ki, hazırda Qarabağ ərazisində yerləşən bütün rayonlarda çox böyük quruculuq işləri gedir və yaxın zamanlarda Qarabağın bütün rayonlarında məcburi köçkün ailələrinin məskunlaşdırılması gözlənilir. Bu xəbərdən sonra cavabdehlərlə əlaqə saxladılar ki, onlar nə vaxt onun mənzilini boşalda bilərlər. Cavabdehlər isə şifahi olaraq bildirdilər ki, onların doğma torpaqlarına qayıtmaq fikirləri yoxdur və bu mənzildə daimi yaşamaq niyyətindədirlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qaldı

5. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası aşağıdakı faktlara əsasən təmin edilməyərək rədd olunmalıdır. Belə ki, may 1993-cü il tarixində Ermənistanın ordusunun Ağdam rayonu Maqsudlu kəndinin işğalı nəticəsindən köçkün düşmüş, 19 may 1993-cü il tarixdən ailəsi ilə birlikdə gedəcək yeri olmadığından, SSRİ dövlətinin dağılması və Ermənistanın Azərbaycana qarşı başladığı müharibə səbəbindən yarımçıq qalmış, tikintisi başa çatdırılmayan, yalnız beton işləri görülmüş, qapısı, pəncərəsi olmayan və içəri təmir işləri görülməmiş, yaşayış şəraiti olmayan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən, dövlətə məxsus, istismara yararsız olan bina 12, mənzil 45 yerləşdilər. Aylarla həmin mənzilin pəncərə və qapısına klyonka və müxtəlif parça tutmaqla yaşamışlar. Bu illər ərzində həmin mənzili öz hesablarına böyük vəsait yatırmaq hesabına təmir aparılmış, istismara yararlı, şəraitli yaşayış yerinə çevrilmiş, tərəflərindən axırıncı dəfə yaşayış şəraitinin yaradılmasına, qurulmasına, təmirinə və s. 25000 manatdan artıq pul xərclənmişdir. Hal-hazırda qeyd edilən məskunlaşdıqları faktiki olaraq yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 12 saylı evin 1 otaqlı 16,59 kv.m olan 45 saylı mənzildə 3 ailəsi: o, həyat yoldaşı X7, oğlanları X10, Cavabdeh2, ailələri və üç azyaşlı uşaqları ilə, cəmi 9 nəfər istifadə edirlər. Məhkəmənin diqqətinə çatdırmışlar ki, heç kəsin qapısını, pəncərəsini sındırıb və ya zorla kiminsə mənzilinə girməmişlər ki, onları da oradan zorla çıxarsınlar. Həmin dövrdə dövlətə məxsus, tikintisi yarımçıq qalmış binanın mənzilinə daxil olmuşlar və orada qeyd edilən kimi yaşayamaq üçün şəraiti qurmuşlar, indidə hesab edirlər ki, onların yandırılan evlərini, mülklərini, təhlükəsizliyini qorumayan, qorunmaq və məskunlaşdırmaq vəzifə öhdəliyi və xidməti vəzifə borcu olan dövlətə və hökümətə məxsus binalara girməkləri düzgün olmuşdur. Hesab edirlər ki, mübahisəli mənzil hələ də aşağıdakı əsaslara görə dövlətin balansındadır. May 1993-cü il tarixindən ailənin bütün üzvləri Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən faktiki məskunlaşdıqları bu yaşayış yeri üzrə qeydiyyat alınmış, məcburi köçkün statusu və vəsiqələri və qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq müvafiq imtiyazlarla təmin olunmuş və bu statusa uyğun olaraq həmin vaxtdan işıq, qaz, su, komunal və digər xərclər ödənilir. Məhkəmədən aldıqları bildirişdən və Xətai rayonu, M.Hadi küçəsi, ev 91, mənzil 56-da yaşayan İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən məlum olmuşdur ki, məskunlaşdıqları faktiki olaraq may 1993-cü il tarixdən yaşadıqları D.Bünyadzadə küçəsi 12 saylı evin 1 otaqlı 16,59 kv.m olan 45 saylı mənzil Bakı şəhəri, Yasamal rayon icra Hakimiyyəti Başçısının 20 iyul 1993-cü il tarixli 131/47 saylı sərəncamı ilə xanıma verilmiş və bu sərəncam əsasında ona 020815 saylı, 11 avqust 1993-cü il tarixli order verilmiş, faktiki olaraq yaşamadıqları həmin mənzil üçün şəxsi hesab vərəqəsi açılmış və pasport qeydiyyatına alınmışdır. 1993cü ilin may, iyun, iyul aylarında minlərlə insanların öldürüldüyü, girov götürüldüyü, yandırılan şəhər, qəsəbə, kəndlərin; on minlərlə ailələr məcburi köçkün-qaçqın vəziyyətində Bakıya pənah gətirdiyi vaxtı, bu şəhərlərin və digər yaşayış məntəqələrinin, torpaqların qorunmasına, məskunlaşdırılmasına köməklik göstərməli olan, sərişdəsiz, torpaqlarıımızın işğalına şərait yaradan bir çox rayon icra hakimiyyəti və digər dövlət qurumların vəzifəli məmurları fürsətdən istifadə edərək, evləri yandırılan, erməni işğalı nəticəsində didərgin düşmüş məcburi köçkün ailələrin yerləşdikləri - məskunlaşdıqları istifadəyə yararsız, tikintisi yarımçıq qalmış, dövlətin balansında olan binalara əsassız və qanunsuz olaraq sərəncam və orderlər paylanmış, faktiki olaraq orada yaşamayan insanlara şəxsi hesab vərəqəsi açılmış və pasport qeydiyyatına alınmışlar. Onlar, nə yaşadıqları yerə qayıtmamışlar, nə də həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilməmişlər. Bundan əlavə onlara dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri də verilməyib. Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərin doğma yerlərə köçürülməsi ilə bağlı dövlət proqramı hazırlanmış, siyahı tərtib edilmiş, növbəli köçürmələr başlamışdır, onların da ailəsi siyahıya götürülmüş, hal-hazırda növbələrini gözləyirlər. Prezidentin səlahiyyətli nümayəndəsi Emin Hüseynovun, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət komitəsni rəhbərlərinin qəbulunda dəfələrlə olmuş, axırıncı dəfə məhkəmədən iddia ərizəsi ilə bağli bildirişi aldıqdan sonra onları evlə təmin olunmağı barədə tərəfindən yenidən müraciət edilmiş, qəbz işə baxan məhkəməyə təqdim olunmuşdur. Qanunvericiliyin normalararına uyğun olaraq məcburi köçkünlər mülkiyyətin növündən və kimliyindən asılı olmayaraq məskunlaşdıqları yerləri, yaşayış yeri ilə təmin edildiyi andan 5 gün müddətində təhvil verməlidir. Onlar da yaşayış yeri ilə təmin olunduqları təqdirdə, 5 gün müddətində mənzili mülkiyyətçiyə təhvil verəcək və həmin mülkiyyətçidə öz növbəsində ən azı axırıncı dəfə onların mənzilinin yaşayış şəraitinin yaradılmasına, qurulmasına, təmirinə və s. sərf etdikləri və xərclədikləri 25000 manat dəyərində pulu onların hesabına ödəməlidir. Hesab edir ki, müharibənin ən ağır dövründə dövlətə məxsus, tikintisi yarımçıq qalmış məcburi köçkünlərin məskunlaşdıqları dövlətə məxsus binanın mənzillərinə verilmiş sənədlər, sərəncam, order verilməsi, pasport qeydiyyatına alınması, o cümlədən, İddiaçı təqdim etdyi sənədlərin həqiqiliyi ciddi şübhə doğurduğundan, dövlət arxivindən həmin sənədlərin arxiv çıxarışları məhkəməyə təqdim olunmalıdr. Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, departasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı müəyyən edildiyindən, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəməyə çağrılmalı və baxılan mübahisəli iş ilə bağlı münasibəti öyrənilməlidir. İşə baxan məhkəmə onların mənzildən çıxarılma barədə qətnamə qəbul etdiyi halda, qətnaməsində mülkiyyətçidən dövlət tərəfindən tanınan məskunlaşdığı mübahisəli mənzildən yaşayış yerindən istifadə hüququnu itirməklərinin kompensasiyası əvəzi olaraq ən azı 14000 manat və tikintisi yarımçıq qalmış binanın qeyd edilən mənzilin istismara yararlı hala salınmasına, qurulmasına, təmirinə və normal yaşayış şəraitinin yaradılmasına çəkilən xərc 25000 manat dəyərində pulu alınıb onların xeyrinə ödənilməsi də münasibət bildirməlidir. Bununla yanaşı, Zərifə xanım Əsədovanın mübahisəli mənzilə tam mülkiyyət hüququ (sərəncam vermək hüququ) yoxdur və mənzil hələ də dövlətin balansındadır. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam Hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət qeydiyyatına alındıqdan sonra (yəni özəlləşdirdikdən) yaranması müəyyən edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)- 3506/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdehlər X9, X6, Cavabdeh3, X12, Cavabdeh2 və Cavabdeh4, onların azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzildən çıxarılmaları və sözü gedən mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edlmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzilin iddiaçıya məxsus olmaqla həmin əmlak barəsində istifadə, sahiblik hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlər Ağdam rayonundan olan məcburi köçkünlər olmaqla həmin mənzildə 1993-cü ilin may ayından məcburi köçkün kimi yaşayırlar. Onların həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab edir ki, iddiaçı, həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi Ağdam rayonuna da şamil edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 azyaşlı övladlarının olması da, (cavabdehin etiraf edici izahatı ilə) müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehlərin azyaşlı övladları ilə birgə çıxarılması tələb edildiyindən məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək, cavabdehlər X9, X6, Cavabdeh3, X12, Cavabdeh2 və Cavabdeh4, onların azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 12 saylı evin 45 saylı mənzildən çıxarılmalıdırlar və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 228-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi, Prezident fərmanını, Sərəncamını belə nəzərə almayıb. Bundan başqa mənzildə məskunlaşdırğımızdan sonra, iddiaçının adına mənzilə orderin verilməsinin qanuniliyi araşdırılmamışdır. Birinci instansiya məhkəməsi, tərəflər arasındakı qarşllqılı münasibətləri iddiama münasibətdə araşdırmayıb ki, nəticədə də Аzərbаycаn Respublikаsının MPM-nin 14.2-ci, 88-ci və 217ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən bir qətnamə qəbul edilib. Birinci instansiya məhkəməsi iddianın əsaaslarını tamamilə araşdırma aparmamışdır və iddiaçıya iddiasına subyektiv hüquq əsası verən orderin bizim, mənzilə yerləşdiyimizdən xeyli müddət sonra verilməsini araşdırmamış və həmin faktlara hüquqi qiymnətin verilməsi təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin tanıdığı, iddia tərəfin mənzilim dediyi mənzilə subyektiv hüququnun olmasına əsası verən faktın qanuni əsaslı olması işin halları ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin iddia üzrə müəyyənetdiyi hallar, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Birinci inistansiya məhkəməsinin iddianın əsaslarını tamamilə araşdırmamışdır və iddiaçıya iddiasına subyektiv hüquq əsası verən sərəncamın və əsasında icra əmri “order”in bizim mənzilə yerləşdiyimizdən xeyli müddət sonra verilməsini araşdırmamış və həmin aktlara hüquqi qiymətin verilməsi təmin olunmamamışdır. Birinci instansiya məhkəməsinin tanıdığı, iddia tərəfin mənzilim dediyi mənzilə subyektiv hüququnun olmasına əsası verən faktın qanuni əsaslı olması işin halları öz təsdiqni tapmır. Eləcədə iddia üzrə müəyyən etdiyi hallar,tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yəni daşınmaz əmlaka mülkiyyət hüqııqu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranmış hesab olunur və mülkiyyət hüququ yalnız bu hüquq dövlət reyestrində qeydə alındıqdan sonra tam qüvvəyə minir, bu qanunvericilik tərəfindən tanmır və dövlət tərəfindən tanınması və qorunması üçün əsas şərtdir. Qeydiyyatdan sonra çıxarış (daşınmaz əmlakın dövlət reyestrindən arayış) verilir ki, bu da şəxsin həmin əmlaka sahib olduğunuzu təsdiq edən yeganə hüquqi sənəddir. Daşınmaz əmlakla bağlı hər hansı bir əməliyyat (alğı-salqı, bağışlama, miras , o cümlədən mənzildən çıxarılma dair iddia qaldırlması vəs.) aparılması üçün mülkiyyət hüququnun yaranması üçün yeganə yol dövlət qeydiyyatından keçməkdir, "vaxtilə alınmış mənzilə verilmiş order" yaşayış sahəsinə köçməyə əsas verən sənəd idi. Lakin, bu order öz-özlüyündə mülkiyyət hüququnu təsdiq etmir. O, sadəcə olaraq həmin mənzildə yaşamaq və qeydiyyatda olmaq hüququ verirdi. İddiaçı tərəfindən qeyd edilən mənzili özəlləşdirilməyib, ona dair tam sərəncam vermək (satmaq, bağışlamaq, girov qoymaq, mənzildən çıxarılmaya dair iddia qaldırmaq vəs.) mülkiyyət hüququna malik deyil. Yəni, order sahibinin mülkiyyət hüququ yoxdur, sadəcə istifadə hüququ var. Mülkiyyət hüququ dövlətə məxsus olanıq qalır. Beləki, Sovet dövründə və sonra mənzillərin əksəriyyəti dövlət mülkiyyətində idi. Order, insanalara sadəcə olaraq həmin mənzildən istifadə etmək, yəni orada yaşamaq hüququ verirdi. Mülkiyyət hüququnun əsas əlamətlərindən biri olan sərəncam vermək hüququ order vasitəsilə keçmirdi. Bu hüquq yalnız mənzilin özəlləşdirilməsi ilə mümkün olur. Azərbaycanda "Mənzil Fondundan istifadə qaydaları haqqında" Azərbaycan Respublikası Qanununa və digər miivafıq qanunvericilik aktlarına əsasən, vaxtilə orderlə verilmiş mənzilin üzərində tam mülkiyyət hüququ qazanmaq üçün həmin mənzilin özəlləşdirilməsi zəruridir. Özəlləşdirmə prosesi tamamlandıqdan və mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra, sizə çıxarış verilir. Yalnız bu çıxarışa malik olduqdan sonra ZərifəƏsədovaya mənzilə dair tam sərəncam vermək hüquqi əldə etmiş olar. Xülasə, vaxtilə alınmış mənzilə verilmiş order, özəlləşdirilmədiyi qeydiyyatdan keçirilib çıxarışla təsdiq elənmədiyi təqdirdə, mənzilə dair tam sərəncam vermək hüququnu, yəni mülkiyyət hüququ vermir. Mülkiyyət hüququnu əldə etmək üçün mənzil mütləq şəkildə özəlləşdirilməli və dövlət qeydiyyatına alınmalıdır. İcra hakimiyyətinin sərəncamı və orderlə verilən yaşayış sahələri o dövrdə də əsasən dövlət mənzil fondundan idi. Məhkəmə işə baxarkən qanunvericiliyin tələblərinə əsaslanır. Mülki Məcəllənin və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinə görə, mülkiyyət hüququnun yeganə sübutu dövlət reyestrindən çıxarışdır. Order bu sənədlərin sırasında deyil. Order təkbaşına mülkiyyət hüququnu təsdiq edən bir sənəd deyil və məhkəmədə mülkiyyət hüququnun təsdiqi olmadan iddia qaldırıla bilinməz. İddiaçı mənzildən çıxarılmamızı tələb etmək üçün subyektiv hüququ yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3249491Vəkil məhkəmə iclasında apelyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Cavabdeh X9 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Digər cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

17. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

18. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanı: «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin normaları digər qanunvericilik aktları ilə müqayisəli şəkildə təhlil olunaraq düzgün və əsaslı nəticəyə gəlinmişdir.

22. İşin hallarından görünür ki, cavabdehlərin həmin mənzildə müvəqqəti məskunlaşması iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozur.

23. Apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, iddiasına subyektiv hüquq əsası verən orderin onların mənzilə yerləşdirilməsindən xeyli müddət sonra verilmişdir, mənzili öz hesablarına böyük vəsait yatırmaq hesabına təmir aparmışlar.

24. Məhkəmə kollegiyası bu dəlillərə münasibətdə qeyd edir ki, qeyd olunan xüsusatlar şəxsin özünə məxsus olan mənzil üzərində hüquqlarından məhrum edilməsi və ya hüquqlarının həyata keçirilməməsi üçün əsas deyildir.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)- 3506/2024 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)- 3506/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar